Azər Qaraçənli
Beş il əvvəl məqaləsində Məhəmməd peyğəmbər haqqında işlətdiyi bir sözə görə Azərbaycanda və İranda ölümünə fitva verilmiş yazıçı Rafiq Tağını xatırlayıram: birinin başqasının ölümünə hökm verməyə haqqı çatmadığını bir qırağa qoyaq, Azərbaycanda ölüm hökmünün ləğv olunduğunu, bizim ölkəmizdə adamların, dövlətin öldürməyə ixtiyarı çatmadığını bir qırağa qoyaq, bir ölkədən kiminsə başqa bir ölkədə kimisə öldürməyə çağırmasının böyük bir diplomatik qalmaqal demək olduğunu bir qırağa qoyaq, peyğəmbər haqqında dediyi sözə görə adamı öldürməyin nə qədər böyük günah olduğunu bir qırağa qoyaq… Hamısını, hamısını bir qırağa qoyaq, hesab eləyək ki, insanın ölüm hökmü çıxarmağa haqqı çatır, Azərbaycanda da ölüm hökmü ləğv olunmayıb, bizim ölkəmizdə hər kəsin, dövlətin də, adamların da öldürməyə ixtiyarı var, bir ölkədən başqa bir ölkəyə ölüm hökmü elan eləmək də olar, adamı peyğəmbər haqqında dediyi sözə görə də öldürmək olar, hesab eləyək ki, bunların hamısı həm mənəvi, həm də hüquqi cəhətdən yolveriləndi, hesab eləyək ki, bunun hamısını eləmək olar, onda hökmü beləmi çıxararlar: qəzetə baxıb görürsən ki, bəli, peyğəmbər haqqında pis yazılıb, elan eləyirsən ki, öldürülsün.
Bəs araşdırma? Bəs aydınlaşdırma? Bəs bir öyrənmək lazım deyil ki, bu adam niyə belə yazıb, doğrudanmı belə yazıb, bəlkə kiminsə onunla düşmənçiliyi var, yazıb onun adından qoyub, bəlkə yazıb, sonradan peşman olub, bəlkə bilməyib nə yazdığını, bilsə, peşman olacaq, üzr istəyəcək, bəlkə yazanda həmin vaxt tutması tutubmuş, özündə deyilmiş, yaxud başı divara dəyibmiş, beyni silkələnibmiş, anlaqlı olmayıb yazanda… Yaxşı, bu boyda hökm çıxarılır, hesab eləyək ki, ixtiyarı var bu hökmü çıxaranların belə hökm çıxarmağa, amma hökmü belə çıxararlarmı? Bəs araşdırmaq, qarşı tərəfi dinləmək, günahlandırdığın adamdan bir soruşmaq lazım deyil ki, a bala, sən niyə belə yazmısan, bunu sənmi yazmısan, bilirsənmi nə yazmısan?..
Rafiq Tağının yazısı çıxandan bir neçə gün sonra Bakıda bəzi dindarların, İranda bəzi din xadimlərinin çıxardığı hökmləri xatırlayıram: “Başı boynunun arxasından kəsilsin”, “Əli çatan hər kəs onu öldürsün”, “Mürtəddi…”. Bu hökmlər heç bir araşdırma aparmadan, heç nəyi aydınlaşdırmadan, məqaləni çap eləyən qəzetin redaksiyasını, məqalənin müəllifini dinləmədən, dinləməyə heç cəhd göstərmədən, dinləmək belə istəmədən çıxarılıb. Belə hökm çıxararlarmı? Yenə deyirəm, hesab eləyək ki, insanların, eləcə də dindarların, din xadimlərinin, hamının, hər kəsin ölüm hökmü çıxarmağa haqqı var, hesab eləyək ki, peyğəmbər haqqında işlədilən pis sözə görə də ölüm cəzası verilə bilər, onda hökmü beləmi çıxararlar? Belə hökm çıxararlarmı? Araşdırmasız-filansız, emosiyayla, hirs-hikkəylə, günahkar saydığının günahkar olub-olmadığını aydınlaşdırmamış, təkcə günahlandıranları dinləməklə, ittiham olunanın, ittiham elədiyinin özünü eşitməmiş, fikrini bilməmiş…
Hökm verən hökmən ədalətli olmalıdı. Ədalət – hökmün mayasıdı, əxlaqıdı, ədalət hökmün bəraətidi, ədalət hökmün başlanğıcı və sonudu, ədalət hökmün hər şeyidi. Bəs sizin ədalətiniz hanı? Siz heç bir dinlədinizmi ölümünə fitva verdiyiniz adamı, onun vəziyyəti, ailə vəziyyəti, mənəvi vəziyyəti, psixoloji vəziyyəti, ictimai vəziyyəti, sosial vəziyyəti, niyyəti, məqsədi, fikri-zikriylə maraqlandınızmı? Onun barəsində düşündüyünüzün doğru-düzgün olub-olmadığını yoxladınızmı, yoxsa elə oxudunuz, yazanı günahkar saydınız, onu günahkar sayanlara da inandınız, hökm verdiniz, hökmünüzün də ədalətli olduğuna şübhə eləmədiniz? Bəs qarşı tərəf? Bəs ittiham olunan? Onu dinləmək, onun arqumentini bilmək lazım deyilmi? Bəlkə peşman olub? Peşman olmayıbsa niyə peşman olmayıb, bunu bilmək lazım deyilmi? Onun nə yazdığını özünün bilib-bilmədiyini öyrənmək lazım deyilmi? Bəs ədalət tərəzisi? Tərəzinin bir gözündən basmaqla ədalət qurmaq olarmı?
“Biz ədalət tərəzisi nazil elədik ki, insanlar bir-biriylə ədalətlə rəftar eləsinlər” deyir Tanrı. “Quran”da deyir. “Göyü O ucaltdı, tərəzini O qoydu!” deyilir “Quran”da. Ədalət o vaxt da tərəzini düz tutmağı tələb eləyirdi, indi də tələb eləyir, çünki ədalətin yolu budu, ədalətin başqa yolu yoxdu. Allahın qanunu belədi. “Sən Allahın qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!” – “Quran”da deyilir bu. Sən iki tərəf olan yerdə tərəzinin gözünə ancaq bir tərəfi qoysan ədalətli ola bilməzsən. O vaxt da beləydi, indi də belədi. Həmişə belə olacaq. Axı təkcə bir tərəfin fikrini əsas götürən, tərəzinin gözünə başqa tərəfin fikrini qoymayan hakim necə ədalətli ola bilər? Mən hələ onu demirəm ki, ümumiyyətlə insan hakim ola bilərmi? Bunu bir qırağa qoyuram. Lap hesab eləyək ki, ola bilər. Hesab eləyək ki, insana başqaları haqqında istədiyi hökmü, ölüm hökmünü də çıxarmaq haqqı verilib. Onda insan hökmü beləmi çıxarar? Bütün Yer kürəsi yığışıb sizə insanlar haqqında hökm çıxarmaq səlahiyyəti versə, hökmü ancaq bir tərəfi dinləməklə çıxaracaqsızmı? Budumu sizin ədalətiniz? Hansı din, hansı məzhəb, hansı qanun, hansı tanrı – qədim yunan tanrılarımı, Musanın, İsanın, Məhəmmədin tanrısımı, atəşpərəstin, bütpərəstin tanrısımı qoyub bu ədaləti? Bu ədaləti, daha doğrusu, bunun ədalət olduğunu hardan öyrənmisiz? Bəlkə vicdanınız deyir bu ədalətdi? Hansı vicdan buna ədalət deyər?
Bir gün Davud peyğəmbərin yanına iki adam gəlib deyir ki, bizdən birimiz o birinin haqqını tapdayıb, gəlmişik bu məsələni həll eləyəsən, bizim aramızda ədalətlə hökm verəsən, haqsızlıq eləmə, bizə düz yol göstər. Onlardan biri deyir bu mənim din qardaşımdı, onun doxsan doqquz dişi qoyunu, mənimsə bircə dişi qoyunum var. Deyir bu adam dildən də pərgardı, ona görə də məni mübahisədə udub, indi tələb eləyir ki, o bircə dişi qoyununu mənə verməlisən.
Bu sözləri eşidən Davud peyğəmbər, Davud padşah o biri adama ağzını açmağa macal vermir, deyir o sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəyirsə, deməli, sənə zülm eləyir. Gələn adamlar bunu eşidəndə bir-birinə baxıb, gülüb, gedirlər.
Onlar gedəndən sonra birdən Davud başa düşür ki, Tanrı onun ədalətini sınayırmış. Dərhal dizi üstə düşüb tövbə eləyir, Allahdan bağışlanmasını istəyir. Tanrı “Quran”da bildirir: “Biz bunu ona bağışladıq”. Yəni Tanrı deyir ki, Davudun o biri adamı dinləmədən onu zülmkar adlandırması səhv idi. Amma Davud səhvini başa düşdüyünə görə Tanrı onu bağışlayır. Doxsan doqquz qoyunu olan adam bircə qoyunu olan adamdan o bircə qoyunu almaq istəyir, Davud buna pis baxır, amma günaha yol verir. Nədə günaha yol verir? İttiham olunan adamı dinləməməkdə, məsələni araşdırmadan qərar çıxarmaqda. Tanrı demir ki, doxsan doqquz qoyunu olanın kiminsə bircə qoyununu əlindən alması düzdü. Xeyr. Tanrı deyir ki, sən niyə hökmü məsələni araşdırmadan çıxarırsan? Tanrı deyir ki, lap doxsan doqquz qoyunu olan adam kiminsə bircə qoyununu əlindən almaq istəyəndə də sən o dəqiqə onu günahkar çıxartmamalısan, işi araşdırmalısan, baxıb görməlisən bu nə məsələdi, niyə belə eləyir, sonra qərar verməlisən. Tanrı demək istəyir ki, ədalətin, hökm çıxarmağın qaydası var, onu pozmaq olmaz, yoxsa ədalətli ola bilməzsən. “Ya Davud! Biz səni yer üzündə xəlifə elədik. Ona görə də insanlar arasında ədalətlə hökm elə, nəfsin istəyinə uyma, yoxsa o səni Allah yolundan sapdırar”. Belə deyir Tanrı öz bəndəsinə – Davud adlı bəndəsinə, tarixə ən ədalətli padşahlardan biri kimi düşmüş bəndəsinə deyir bunu.
Elədisə, adamlar niyə araşdırmamış hökm çıxarırlar, niyə araşdırmasız verilən hökmlərə inanırlar? Belə hökmlər hətta doğrudusa da ədalətsizdi. Çünki o hökmlər ədalətsiz yolla çıxarılıb. Ola bilsin, Davud peyğəmbər düz deyir, doxsan doqquz qoyunu olanın başqasının bir qoyununu əlindən almaq istəməsi zülmkarlıqdı, amma Davud bu qənaətə ədalətli yolla gəlmədiyinə görə Tanrı onun hökmünü bəyənmir. Ona görə də Davud peyğəmbər tövbə eləyir, günahı olmasaydı, niyə tövbə eləyirdi? Tanrı bağışlayır, yəni səhv var ki, bağışlayır, olmasaydı nəyi bağışlayardı?
Rafiq Tağıya Məhəmməd peyğəmbər haqqında yazdığı sözə görə çıxarılan ölüm hökmlərini, bir də məhkəmədə çıxarılan həbs hökmünü xatırlayıram. Bu hökmlərin hamısı ədalətsiz yolla verilib, çünki birində (fitvalarda) onu dinləyən olmayıb, o birində (məhkəmədə) onu dinləyən olsa da, dedikləri nəzərə alınmayıb, yəni yalandan, xalaxətrin qalmasın dinlənib.
Bundan beş il sonra, məhbusluqdan çıxandan dörd il sonra gecə vaxtı naməlum adamın bıçaqladığı Rafiq Tağının, aldığı altı-yeddi bıçaq zərbəsindən birincisini boynunun ardından alan, dörd gün sonra xəstəxanada keçinən Rafiq Tağının ağrılarını təsəvvür eləməyə çalışıram, onun xəstəxanada çəkilmiş şəkillərini, videolarını gözümün qabağına gətirirəm… Belə işmi olar? Belə ədalətmi olar, belə ədalətsizlikmi olar? Hakim olmaq haqqını insana kim verib? Hökm çıxarmağa haqqı çatdığını düşünən adam ədalətsiz hökmlər çıxarmağı hardan, hansı dindən, hansı məzhəbdən, hansı qanundan öyrənib?
Səhvinizi başa düşün, insanlar. Günah elədiyinizi başa düşün. Sizin hökm verməyə haqqınız çatmır. Sizin araşdırmamış hökm verməyə heç haqqınız çatmır. Ədalətin yolu budu. Allahın qanunu belədi. Siz Allahın qanununda heç vaxt bir dəyişiklik görə bilməzsiniz.
9 dekabr 2011-ci il