Azər Qaraçənli
“Biz həmişə özümüzdən yüksək adama baxıb eləcə üzdən gördüyümüzü düşünə-düşünə özümüzü bədbəxt sayırıq. Bu, doğru deyil. Bundan vaz keçməliyik, özümüzdən aşağı olanlara baxmalıyıq. Adamlar arasında bizdən fəqir, bizdən bədbəxt olanlara çox rast gələ bilərik. Ona görə də şikayət deyil, şükür və şadlıq eləməliyik”. Abbasqulu ağa Bakıxanov Qüdsi[1] “Təhzibi-əxlaq” (“Əxlaqın təmizlənməsi”) əsərində belə yazır[2].
Abbasqulu ağa deyir insafla baxsan görərsən sənə üz verən müsibətdən daha pisi var: “Sənin üçün çox pis keçən gün, ola bilər, azı yüz min nəfər üçün bundan da pis keçir. Onlar sənin yerində olsaydılar, özlərini xoşbəxt sanardılar”[3].
Abbasqulu ağa “Nəsihətlər”ində də oxşar fikir söyləyir. Deyir: “Kasıblıqdan, biçarəlikdən şikayətlənmə, səndən də kasıb, səndən də biçarə olanlar var. Onlar sənin vəziyyətində olsaydılar, çox sevinərdilər”[4].
Abbasqulu ağa “Təhzibi-əxlaq” əsərində yazır insan düşünməlidi: o, doğrudanmı bədbəxtdi? Abbasqulu ağa deyir əslində dünyada həqiqi bədbəxtlik yoxdu, bu adi bir təsadüfdü. Deyir həqiqi bədbəxtlik odu adam müsibətə tab gətirməyib təsəlli yolu tapa bilməsin[5].
Abbasqulu ağa deyir vəziyyətimiz, ovqatımız arzu-diləyimizə uyğun gəlməyəndə buna bədbəxtlik kimi baxırıq. Belədisə, onda bu bədbəxtliyə kimin – özümüzün, ya başqasının səbəb olduğunu araşdırmalıyıq. Abbasqulu ağa yazır: “Bizə üz verən hər cür müsibətin iki səbəbi ola bilər. Ya özümüz buna səbəbik, ya başqası səbəb olub. Özümüz səbəb olmuşuqsa, başqalarından deyil, özümüzdən şikayət eləməliyik”[6].
Abbasqulu ağa deyir dünyanın quruluşu elədi çalışmasan iş düzəlməz, insan çalışmalıdı: “Şumlanıb əkilməyən yerdən taxıl bitməz. Çalışmasan buğda təmizlənməz, ondan nə un çıxar, nə də çörək. …Maraqlıdı ki, bəzi adamlar işləməyə-işləməyə deyirlər Allah istəsə verər. Daha bilmirlər ki, Allah hər kəsə hər nemətin imkanlarını verməklə o nemətin özünü də verib. Ancaq insan çalışmadığından o neməti əldən buraxıb. İşləməyə-işləməyə, çalışmaya-çalışmaya Allahdan nemət gözləmək özünü sərgərdanlıq zəncirinə bağlamaq deməkdi; çünki layiq olmayan adama bəxşiş vermək – günahı bağışlamaq kimidi”[7].
Abbasqulu ağa yazır “Quran”da buyrulduğu kimi insanın öhdəsinə düşən çalışmaqdı, bunun nə nəticə verəcəyisə Allahın hikmətinə bağlıdı. Abbasqulu ağa deyir: “Rahatlıq istəyən adam gərək öhdəsinə düşən işi sahmana salmağa çalışsın, bundan sonra işlərinin nəticəsini Allahın hikmətinə buraxsın və adama möhnətdən, ovqatın pozulmağından savayı bir şey gətirməyən intizardan, iztirabdan saqınsın”[8].
Abbasqulu ağa yazır başımıza gələn bədbəxt hadisəyə (bədbəxtliyimizə) özümüz səbəb deyiliksə, onda ola bilsin, onun nəticəsi xeyirdi[9]. Abbasqulu ağa düzəlməyən işlərin, insanın başına gələn bədbəxt hadisələrin xeyirə ola biləcəyinə inananlardandı. O yazır: “Çox vaxt böyük bir xeyirdən ötrü insana kiçik zərər toxunur və bu zərərin ona məsləhət olub-olmadığını heç özü də bilmir. Çox vaxt pis sayılan işlərdən yaxşılıq doğur. Yoxsa Məkkədə bütpərəstlər arasından, Azər nəslindən bütləri qıran bir adam – Nəccar Azərin oğlu İbrahim peyğəmbər necə çıxa bilərdi?!”[10]
Abbasqulu ağa inanır ki, insan işin əsl mahiyyətini bilmir, Tanrı işlərin mahiyyətini örtülü saxlayıb, ona görə hələ bilmək olmaz nə xeyirə, nə ziyanadı. Abbasqulu ağa “Həddən artıq səy göstərən öz zərərinə işləyər” məsəlini çəkib yazır ki, bu məsəldə deyildiyi kimi biz çox vaxt zərərimizə olan işdən yapışırıq, elə bir işdən ki, əslində onun baş tutmamağı bizim xeyrimizədi[11].
Abbasqulu ağa Bakıxanov Qüdsinin “Səlamətliyin qədri” adlı mənzum hekayətini də oxuyaq:
Səlamətliyin qədri
Səbəbsiz həkimi vurdu bir hakim,
Həkimsə eylədi şükrilə təzim.
Soruşdum: “Təşəkkür yersiz olarmı?”
Söylədi: “Bundan çox yaxşılıq varmı?
Ki, bu güc, bu idrak sahibi əlan,
Verə də bilərkən qətlimə fərman.
Vurmaqla göstərdi mənə iltifat,
Deməli, o mənə bəxş etdi həyat”.
Döz, Qüdsi, üz versə nə cürə zillət,
Çünki var ondan da betər əziyyət[12].
____________
[1] Abbasqulu Ağa Bakıxanov Qüdsi (1794-1846) – şair, yazıçı, mütəfəkkir, tərcüməçi
[2] Abbasquluağa Bakıxanov Qüdsi “Seçilmiş əsərləri”. Tərtib, fars dilindən tərcümə, müqəddimə, qeyd və şərhlər Məmmədağa Sultanovundu. Bakı, “Yazıçı” nəşriyyatı, 1984-cü il. Səh. 29
[3] Orda, səh. 30
[4] Səh. 73
[5] Səh. 30
[6] Səh. 30
[7] Səh. 41
[8] Səh. 31
[9] Səh. 30
[10] Səh. 30
[11] Səh. 61
[12] Səh. 229
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri: