Azər Qaraçənli
Ey Xətai[1], qəm yemə, hər sözündə Yaradana şükür elə, çünki hər işdə həmişə sənin köməyinə çatan odu:
Ey Xətai, ğəm yemə, hər sözdə şükr et xaliqə,
Çün sana hər işdə daim Həqdürür fəryadrəs[2].
Şah İsmayıl Xətainin əsərlərində bu ruhda, şükranlıq bildirən misralara tez-tez rast gəlmək olur. Bir gəraylısında deyir:
Şeyx Xətai, nədir halın?
Haqqa şükr et, qaldır əlin,
Qeybətdən kəsə gör dilin,
Hər qula yeysən dedilər[3].
Bir varsağısında deyir:
İki can idik, birləşdik,
Məhəbbət qapısın açdıq,
Şükür, didara irişdik,
Dədəm, xoş gəldin, xoş gəldin![4]
Başqa varsağısında deyir:
Bayquş kimi nə bəklərsən viranı,
Şükür olsun səni bizə verəni,
Sultan Xətainin işi, yörəni,
Mehman canlar, bizə səfa gəldiniz![5]
Bir qəzəlində deyir, Xətai, həmişə Allaha şükür elə, əlimdən gedən səbrim-qərarım gəldi, xoş oldu[6]:
Xətai, şükr qıl Allaha daim,
Gedən səbrü qərarım gəldi, xoşdur[7].
Bir ayrı qəzəlində yenə deyir Tanrının qüdrətinə şükür elə, Tanrısını tanımayan xəta əhlidi, yanlış yolda olandı:
Xətai, şükr qıl Həq qüdrətinə
Ki, Həqqin bilməyən əhli-xətadır[8].
Deyir, şükür sənə, Allah, əcəb gözəl dincliyimiz var, dost qəmindən içimiz də, çölümüz də dolğunlaşıb:
Xudayə şükr, əcəb rahətü səfamiz var,
Pür оldu dust ğəmindən dərunü zahirimiz[9].
Deyir cana minnətdi nə gəlsə, qəm yemərəm, şükür eləyərəm; canı verib, başı qoyub xəstə olmuşam:
Canə minnətdir nə gəlsə, ğəm yemən, şükr eylərəm,
Canı verdim, başı qoydum, olmuşam bimar bir[10].
Deyir qəmindən gözlərim ulduz kimi işıldayır, şükür ki, Ay kimi parıldayan bir sevgiliyə yetdim:
Ğəmindən gözlərim kövkəb kimidir,
Şükür kim, bir məhi-tabanə yetdim[11].
Deyir şaha (Tanrıya) həsrətim son həddə çatmışdı, vallah; şükür ki, indi qapına (dərgahına) gəldim:
Şaha müştaq idim ğayətdə, billah,
Şükr kim, asitanə şimdi gəldim![12]
Deyir könlümə eşq gəldi, canımın mülkünə hökm elədi, şükür, sultan öz taxtına yenidən belə qayıtdı:
Eşq gəldi könlümə, hökm etdi canım mülkinə,
Şükr kim, öz təxtinə uş gəldi sultan yenlədən[13].
Deyir, ey can, sənin gözəl üzünün sevgisini, şükür Allaha, könül taxtında sultan tapdım:
Sənin mehri-cəmalın, şükrlillah,
Könül təxtində sultan buldum, ey can[14].
Deyir, ey könül, məhrumiyyətinə şükür elə ki, Tanrı sənə rəhm eləsin. Deyir əslində küfrlə iman əzəldən yoldaş olub, həmqərin olub (bir-birinə yaxınlaşmış, yanaşmış iki ulduza “həmqərin” deyirlər):
Qəhrinə şükr eyləgil kim, Həq sana rəhm eyləyə,
Həmqərin оlmuş əzəldən küfrü din iman ilə[15].
Deyir canını şükürə həsr elə, nəfsini yenib Kəbənin daşına döyənəcən başınla oyna:
Canını şükranə ver, başun ilə çоx оynagil,
Ta yenüb nəfsini çalgil Kəbəteynin tasinə[16].
Deyir düşmənin qınağından çox əziyyət çəksəm də, şükür, işim dostların xeyrinə olub:
Gərçi düşmən tənəsindən çоx cəfa çəkdim, vəli
Şükr kim, işim bekami-dustan оlmuşdurur[17].
Deyir üzümü qaşlarına tutub çox şükür səcdəsi eləyirəm, Şeyx Sənan tək məni zünnara göndərmək gərəkdi (zünnar – xristianların nəfsi boğmaq üçün altdan bədənlərinə bağladığı sərt qurşaqdı; zünnara göndərmək – zahidliyə göndərmək deməkdi):
Qaşların mehrabinə çоx səcdeyi-şükr eylərəm,
Şeyx Sənan tək məni zünnarə göndərmək gərək[18].
Xətainin bu iki qəzəlinisə bütövlükdə şükür qəzəli saymaq olar:
Birinci qəzəl[19]
Yüzün görəndə, ey sənəm, Allahə şükr edim,
Sürtüm yüzümni tоprağə, dərgahə şükr edim.
(Üzünü görəndə, ey sənəm, Allaha şükür eləyim.
Sürtüm üzümü tоprağa, dərgaha şükür eləyim.)
Gərçi yüzündən ayrıyam, amma xəyalına
Hicran şəbində gögə baxub mahə şükr edim.
(Üzündən ayrı olsam da, xəyalınla ayrılıq gecəsində
göyə baxıb Aya şükür eləyim.)
Gər rindəmü məlamətiyü aşiqəm, vəli
Bağrım yaxanda zahidi-gümrahə şükr edim.
(Hərçənd ki, rindəm, məzəmmət əhliyəm, aşiqəm,
Bağrım yananda azğın zahidə şükür eləyim.
“Rind” sözünün “zirək”, “qorxmaz”, “çoxbilmiş” kimi
mənaları da var. Burda o, daha çox “kefcil, hər şeyi danan,
heç nəyi vecinə almayan, ibadətə laqeyd adam” mənasında işlənir.)
Ruzi-əzəldə gördü səni bir nəzər gözüm,
Ömrümcə baxuban о nəzərgahə şükr edim.
(Dünya yaranan gün gözüm bir anda səni gördü.
Ömrüm boyu səni gördüyüm o yerə baxıb şükür eləyim.)
Bəndə Xətai düşmüş idi yardan irağ,
Yetdim çü asitani-şahənşahə, şükr edim[20].
(Yardan uzaq olalı Xətainin əl-qolu bağlanmışdı, bəndə düşmüşdü.
İndi ki şahlar şahının astanasına, yəni Tanrının dərgahına çatmışam, şükür eləyim.)
İkinci qəzəl
Gecə-gündüz istəkim dildar yarım bulmuşam,
Canü dil qurtuldu ğəmdən, ğəmgüsarım bulmuşam.
Gögdə istərdim mən оl mahimni, buldum yerdə uş,
Həmdulillah kim, könüldə intizarım bulmuşam.
Heç qərarım yоx idi, səbrim tükənmişdi, vəli
Bər qərarəm kim, ənisi-ruzigarım bulmuşam.
Bəxtvarəm bəxt əlindən, şadmanəm, dil fərəh,
Çünki mən canü könüldən ixtiyarım bulmuşam.
Var ikən könlüm açıldı, sərbüləndəm, nişə kim,
Sərv bоylu, qönçə ləbli gülüzarım bulmuşam.
Zülməti-hicran yenə firuz bоldu, getdi ğəm,
Taleyim bürcündə mahi-tabdarım bulmuşam.
Ey Xətai, şükr qıl Həq verdüginə ruzü şəb,
Süni-sane, qüdrəti-pərvərdigarım bulmuşam[21].
(Ey Xətai, Haqq verdiyinə gecə-gündüz şükür elə,
Yaradanın əsərini, Pərvərdigarımın qüdrətini tapmışam.)
“Nəsihətnamə”sində Xətai deyir, yeri, eşqi özünə peşə elə, bəsdi gələcəyin fikrini çəkdin, uzağı düşünüb narahat oldun, bu anı xoş gör, ey can, Haqqa şükür elə, fikirdən ayrıl, get özgə fikir elə:
Yeri, eşqi özünə pişə eylə,
Yetər uzaği fikr əndişə eylə.
Bu dəmi xoş gör, ey can, Həqqə şükr et,
Bu fikrin tərkin et, var, özgə fikr et[22].
Şah İsmayıl Xətai “Dəhnamə” poemasını Tanrının adıyla başlayır, Tanrının birliyindən, insana verdiyi nemətlərdən danışır, Tanrıdan bağışlanmağını diləyir, Məhəmməd peyğəmbəri mədh eləyir, İmam Əlini tərifləyir. Şair poemasını başlayanda deyir, ey dil, hər işini mərhəmətli, rəhmli olan tək, uca Allahın adıyla başla. Əhdə bəli dedinsə, ona vəfalı ol ki, hər işin yüksəlsin, kamala çatsın. Böyük, uca Tanrıya şükür elə:
Ba ismi-ilahü fərdi-yəzdan,
Rəhmanü rəhimü heyyi-sübhan
Hər karını, ey dil, ibtida qıl.
Çün əhdə bəli dedin, vəfa qıl,
Ta hər bir işin yetə kəmalə.
Şükr eylə cəlili-zülcəlalə[23].
Tanrının insana verdiyi nemətlərdən danışanda Xətai adamlara müraciətlə deyir nemətə saymazyana yanaşsan, şükür eləməsən, dəqiq bil ki, yolunu azmısan, Haqq nemətinin haqqını unutmusan:
Gər qılmaz isən bu nemətə şükr,
Vər etməz isən bu nemətə fikr,
Bəs bil ki, yəqin zəlalət etdin,
Həq nemətünün həqin unutdin[24].
Tanrıdan bağışlanma diləyəndə şair Yaradana deyir hər qüdrətinə min diqqətim, hər nemətinə min şükürüm var:
Hər qüdrətə var hezar fikrim,
Hər nemətə var hezar şükrim[25].
İmam Əlini tərifləyəndə deyir sənin könlün rəhmətlə dalğalanan qüdrət dənizi (okeanı) oldu, bu yazığı (yəni Xətaini) öz rəhmətindən ayırma, öz nemətinin şüküründən uzaq eləmə:
Könlün sənin оldu bəhri-qüdrət,
Оl bəhr ki, оldum övci rəhmət.
Ayırma həqiri rəhmətindən,
Dur eyləmə şükri-nemətindən[26].
Xətai deyir mötəkifin (özünü başqalarından təcrid eləyib xəlvətə çəkilən zahidin) könlündə tutduğu da, sufilərin dilindəki şükürü də, hakimlərin qəzavət eləyəndə adını çəkdiyi də Allah, Məhəmməd, Əlidi:
Həm mötəkifin könüldə fikri,
Həm sufilərin dilində şükri,
Həm qazilərin qəzadə zikri
Allahü Məhəmmədü Əlidir[27].
“Dəhnamə”də Aşiqlə Məşuqənin uğurlu bir eşq dastanını yaradan şair poemasında deyir, ey yorğun Xətai (“xəstə” farsca yorğun deməkdi; “xəstə Xətai” də “yorğun Xətai” mənasını verir), şükür eləyən ol ki, ayrılıq sevgiylə aradan qalxdı, vüsala döndü:
Ey xəstə Xətai, şakir ol kim,
Mehrilə vüsalə döndü hicran[28].
“Dəhnamə”nin qəhrəmanı Aşiq Allaha belə şükür eləyir:
Meyl eylədi yar, həmdülillah,
Dil tapdı qərar, həmdülillah.
Demiş ki, vüsalə qabil оldu,
Оl sevgi nigar, həmdülillah!
Mərhəm edəsi cigərdə dağə,
Оl lalə üzar, həmdülillah!
Qılsun eşigimdə demiş оl sərv
Yaşımni nisar, həmdülillah!
Hər ləhzədə səd hezar bər Həq,
Hər gündə hezar həmdülillah!
Nəsx оlmağı bilmişəm mühəqqəq
Dildən bu ğübar, həmdülillah!
Vəslinə həbibinin Xətai
Ümmid dutar, həmdülillah![29]
“Dəhnamə”də bu kimi şükürlər də var:
Bu sözə hezar şükr (min şükür) qıldım,
Varmağa yоlumni fikr qıldım[30].
***
Allaha şükür qılub yer öpdüm,
Bulmağa Səbanı yola qopdum[31].
***
Əltafi-xudayə (Tanrının lütflərinə) şükr qıldım,
Bu şeiri o dəmdə fikr qıldım[32].
***
Gəh ruzi-fəraqi fikr edirdim,
Gəh vəsl güninə şükr edirdim[33].
***
Qıldı məni-xəstəni məlamət,
Başuma qоpardı yüz qiyamət.
Qətl eyləməginə fikr qıldım,
Qurtulmağa sağ şükr qıldım[34].
_________
[1] Şah İsmayıl Xətai (1486-1524) – şair, sərkərdə, Səfəvi təriqətinin başçısı, Səfəvilər dövlətinin qurucusu və ilk şahı
[2] Şah İsmayıl Xətai “Əsərləri”. Tərtib eləyənlər: Əliyar Səfərli, Xəlil Yusifli. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 112. Qeyd: İqtibasları gətirəndə onları bu nəşrlə (Bax: Şah İsmayıl Xətai “Əsərləri”. 2 cilddə. Tərtib, müqəddimə, lüğət və izahlar Əzizağa Məmmədovundu. “Azərnəşr” – Azərbaycan Dövlət Nəşriyyatı. I cild 1975-ci, II cild 1976-cı ildə işıq üzü görüb) tutuşdurmuşam və bu nəşrə söykənib bəzi xırda redaktələr aparmışam – A.Q.
[3] Şah İsmayıl Xətai “Əsərləri”. Tərtib eləyənlər: Əliyar Səfərli, Xəlil Yusifli. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 350
[4] Orda, səh. 353
[5] Səh. 352
[6] Şah İsmayıl Xətainin əsərlərindən bəzi parçaları sadələşdirib nəsrlə də vermişəm. Həmin parçaları nəsrə çevirməkdə mənə şair, tərcüməçi Atilla Maralanlı kömək eləyib – A.Q.
[7] Səh. 87
[8] Səh. 51
[9] Səh. 110
[10] Səh. 102
[11] Səh. 138
[12] Səh. 144
[13] Səh. 153
[14] Səh. 155
[15] Səh. 178
[16] Səh. 181
[17] Səh. 61
[18] Səh. 115
[19] Bu qəzəlin nəsrlə sadələşdirilmiş variantını şair, tərcüməçi Atilla Maralanlı mənim xahişimlə hazırlayıb – A.Q.
[20] Səh. 149
[21] Səh. 141
[22] Səh. 228
[23] Səh. 235
[24] Səh. 236-237
[25] Səh. 237
[26] Səh. 240
[27] Səh. 243
[28] Səh. 316
[29] Səh. 309
[30] Səh. 253
[31] Səh. 261
[32] Səh. 309
[33] Səh. 320-321
[34] Səh. 279
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri:
- “Quran”da şükür
- Peyğəmbərin şükürü
- Peyğəmbərləri heyran eləyən şükürlər
- Qəzalinin şükürü
- Xaqaninin şükürü
- Nizaminin şükürü
- Tusinin şükürü
- Xətainin şükürü
- Füzulinin şükürü
- Bakıxanovun şükürü
- Atalar sözlərində, deyimlərdə şükür
- Əsatirlərdə, əfsanələrdə şükür
- Nağıllarda şükür
- “Kitabi-Dədə Qorqud”da şükür
- Bayatılarda şükür