
Karakasda poeziya həftəsi
- 13 Aprel 2025
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Azərbaycan-Venesuela diplomatik münasibətlərinin 30 ili
Bu ilin may ayında ölkələrimiz arasında diplomatik münasibətlərin 30 ili tamam olur. Ötən müddətdə sosial-siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz genişləndiyi kimi, xalqlarımız arasında mədəni münasibətlərin canlandırılıması və inkişafı istiqamətində də müəyyən işlər görülüb.
2022-ci ildə Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri, millət vəkili Tamam Cəfərova 2-7 noyabr 2024-cü il tarixlərində Karakasda rəsmi səfərdə olub, Venesulea Bolivar Respublikası Milli Assambleyasının sədrinin müavini Amerika Valentina Peres Davila ilə birlikdə “Faşizm, neofaşizm və bənzər anlayışlara qarşı dünya parlament forumu”nda iştirak edib.
Keçən il Venesuelanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə çağdaş Venesuela ədəbiyyatının tanınmış nümayəndəsi, Venesuela Sosialist Yazıçılarının Milli Şəbəkəsinin rəhbəri Anna Maria Palomares Azərbaycanın qonağı olmuş, Bakıda nəşr olunan şeirlər kitabının təqdimat mərasimində iştirak etmiş, Tərcümə Mərkəzi və Azərbaycan Dillər Universitetində görüşlər keçirmişdi. Eyni zamanda, ötən ilin noyabr ayında Karakasda keçirilən I Beynəlxalq Poeziya Festivalına ispandilli ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan təmsilçisi də dəvət olunmuşdu.
Diplomatik münasibətlərimizin 30 illiyi ilə əlaqədar həm Baklda, həm də Karakasda bir sıra ədəbi-mədəni tədbirlər planlaşdırılıb. Hazırda görkəmli Venesuela yazıçısı Migel Otero Silvanın romanı Azərbaycan dilində, Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı isə ispan dilində çapa hazırlanır, həmçinin Venesuela şairi Xorxe Rodrigesin poetik toplusunun tərcüməsi üzərində iş gedir. May ayında Bakıda təşkil olunacaq tədbirlər çərçivəsində müəllifin iştirakı ilə həmin kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.
Novator.az ötən ilin noyabr ayında Karakasda keçirilən I Beynəlxalq Poeziya Festivalında iştirak etmiş Mahir N. Qarayevin səfər təəssütlarını təqdim edir.
KARAKASDA POEZİYA HƏFTƏSİ
…Xəbər mənim üçün gözlənilməz oldu. Məzuniyyətimin son günlərini Lissabonda keçirmişdim. On günlük gəzintidən sonra noyabrın 3-də axşam çağı Bakıya qayıdıb, yorğun-arğın evə təzəcə girmişdim ki, telefonuma mesaj gəldi: siz filan münasibətlə filan tədbirdə iştirak etmək üçün filan qurumlar tərəfindən Karakasda keçirilən I Beynəlxalq Poeziya Festivalına dəvətlisiniz, təcili şəkildə pasportunuzu filan ünvana göndərməyiniz xahiş olunur.
Hər şey çox sürətlə baş verdi: noyabrın 11-də mən artıq əlimdə bilet və vizalı pasportum Bakıdan İstanbula, ordan da Karakasa uçdum. Okeanın o tayına adlamağım ilk dəfə idi: başımı qatmaqdan ötrü rahat uçaqda nə az, nə çox – düz on üç saat qırx dəqiqə ərzində iki kitab oxumalı və çox xoşladığım “Böyük Getsbi” filminə növbəti dəfə baxmalı oldum. Hələ arada vaxt tapıb tərcüməçi Aysel xanımdan ispan dilində bir neçə zəruri söz və cümlə də öyrəndim.
Karakasın hava limanında sözün həqiqi mənasında çox isti qarşılandıq. “İsti” sözü təkcə bizi qarşılayan və qısa vaxtda səmimi dostlara çevriləcək gənclərə aid deyil, daha çox havaya görə idi – üst geyimlərimizi bir-bir soyunub qısaqol köynəkdə qaldıq, bu da kifayət eləmədi, sənədlərimizi alıb, bizi kondisionerli sərin otağa apardılar və sənədlər gələnə qədər buz kimi suya qonaq elədilər.
Havanın bizdəki qədər sərin olmayacağını qabaqcadan bilirdik, amma ağlımıza gəlməzdi ki, burda Bakının avqust ayına, Karib dənizinin sahilində birbaşa çimərlik mövsümünə düşə bilərik. Hətta bizdən çimərlik paltarı gətirib-gətirmədiyimizi də soruşdular, “yox” cavabını eşidəndə təəssüfləndilər də. Heç demə, proqramın asudə vaxt bölümündə çimərlik də nəzərdə tutulubmuş. Və eşidəndə ki, bizdə də dəniz var, Bakı Xəzər dənizinin sahilində yerləşir – indicə təəssüflənənlər bu dəfə bərk təəccübləndilər. Onda başa düşdüm ki, haqqımızda məlumatları çox azdır.
Zənnim məni aldatmamışdı, sonrakı görüşlərimizdə məcbur olacaqdım ki, ədəbiyyatdan daha artıq, həmkarlarımın ən adi suallarını cavablandırım, çünki bir çoxunun təsəvvüründə Azərbaycan uzaq, əlçatmaz, ekzotik bir məkan idi. Elə bu səbəbdən, ilk görüşdəncə festival iştirakçılarının diqqət mərkəzinə düşdük və bu maraq son günəcən üzərimizdən çəkilmədi.
Argentinadan, Kubadan, Uruqvaydan, Kolumbiyadan, Çilidən, Ekvadordan, Paraqvaydan, Salvadordan, Hondurasdan, Meksikadan, Boliviyadan, Perudan, Kosta-Rikadan dəvət edilən şairlərin, çeşidli kitab sovqatıyla gələn naşirlərin böyük əksəriyyəti bir-birini tanıyırdı, o cümlədən bir-birinin ölkəsi haqqında məlumatlı idi. Coğrafi mənada hamısı Latın Amerikasının ispandilli ölkələrinin təmsilçisi idi, hətta Avropada yerləşən İspaniya da kənarda qalmışdı və kənardan gələn, eyni zamanda, ispandilli olmayan yalnız biz idik.
Və bizi tanışlıq üçün hava limanından birbaşa qonaqların yığışdığı salona gətirdilər. Tədbirin rəsmi açılışı hələ iki gündən sonra olacaqdı – tam iki günümüz vardı ki, yaxından tanış olaq, aramızda ünsiyyət qurub isinişək, birlikdə şəhər gəzintisinə çıxaq, nahar və şam yeməyində bir masa arxasında əyləşək, bir sözlə, qaynayıb-qarışaq. Həm bir-birimizlə, həm şəhərlə, həm də yerli camaatla.
Şəhərdə istiqanlı, gülərüz adamlar bizi son dərəcə qonaqpərvər ruhda, əsl bayram ovqatında qarşılayırdı. Təşkilatçılıq yüksək səviyyədə idi: televiziyalar bir həftə öncədən poeziya festivalı və kitab yarmarkası barədə geniş məlumat vermiş, hər yerə afişalar vurulmuşdu. Avtobuslarımız yavaş sürətlə küçələrə çıxan kimi biz bu bayramı ovqatını canlı şəkildə izləyirdik: səkilərdəki, yol kənarlarındakı sadə insanların, Braziliya karnavallarındakı kimi, çılğın, rəngarəng rəqsləri göz oxşayır, könül açırdı. Baxa-baxa fikirləşirdim ki, deyəsən, bizim yalandan adımız çıxıb, şeirsevən xalq, əslində, belə olar, kitab yarmarkasını bayrama çevirən, şair gəlişinə bu qədər sevinən, qonaqları bu dərəcədə həssaslıqla qarşılayan sadə venesuelalılar, həqiqətən, hörmətəlayiqdilər.
14 noyabr. Poeziya festivalı və kitab yarmarkasının rəsmi açılış günü. Gül-çicəklə bəzədilmiş böyük salonda iynə atsan, yerə düşməz. Bir-birini əvəzləyən rəsmi çıxışlar qətiyyən yorucu deyil, çünki natiqlərin üzündən tərcüməyə ehtiyac duyulmayan səmimiyyət və təbəssüm yağır, üstəlik, rəhbər şəxslər də, müvafiq nazirlər də, fəxri qonaq qismində dəvət edilən yaşlı ziyalılar da çox qısa və duzlu-məzəli danışırlar. Bu vaxt Venesuelanın çox hörrmətli şairlərindən biri, dünən tanış olduğum Manuel Pinto qələbəlikdə məni görən kimi dərhal üstümə şığıyır, telefonu çıxarıb tərcüməçiyə nəsə oxuyur, nəyisə izah eləyir. Arada Ramiz Rövşənin adını eşidirəm. Məlum olur ki, Pinto bizim rusdilli şairimiz Nigar Həsənzadə ilə çoxdan tanışdır, mən adda bir adamın burda olduğunu gecə Nigar xanıma xəbər verib, Nigar xanım da məni bəs deyincə tərifləyib, əminlik üçün onu da vurğulayıb ki, mən Pintonun çox sevdiyi Ramiz Rövşənlə dostam…
Necə deyərlər: nə yoğurdum, nə yapdım… bu da dilini bilmədiyin “yad” Venesuelada sənə “doğmaca” reklam! Heç demə, biz bura gələndən Manuel Pinto həmkarlarına Ramiz Rövşəndən danışır, bizi bizdən xəbərsiz təbliğ edirmiş.
Proqram üzrə hər gün tədbirin sonunda altı şair bir saat ərzində çıxış etməli, daha doğrusu, şeirini səsləndirməliydi. Mənim çıxışım elə açılış gününə salınmışdı. Bizdən, yəni məndən və Pintodan başqa, ilk şeir axşamında daha dörd nəfər şeir oxuyacaqdı: Kolumbiyadan Fernando Rendon, Venesueladan xanım Belen Oxeda, Argentinadan Karlos Aldazabal, bir də Meksikadan İvan Qruz Osorio.
Axşam saat 6-da salonda boş yer yoxdu, yer tapmayanlar divara söykənib ayaq üstdə dinləyirlər. Hər şair dörd şeir oxumalıdır. Növbə mənə çatanda zala qeyri-adi sükutun çökdüyünü dərhal hiss edirəm. Səbəb də budur ki, moderator xanım istisna olaraq şeirlərin Azərbaycanca səslənəcəyini, sonra tərcüməçiyə söz veriləcəyini elan edib. Formata görə, şairlər giriş sözü demədən, birbaşa şeirlərini səsləndirməliydi, bizsə aparıcını öncədən xəbərdar etmədən öz aramızda ssenarini dəyişmişdik. Belə ki, mən sözümə öz şeirimlə deyil, Lorkanın dillər əzbəri olan bir beyti ilə başlayır və şair haqqında beş cümləlik qısaca bir fikir söyləyirəm:
“Öləndə siz məni çay qırağında
Gitaramla qoşa basdırarsınıız…
Belə demişdi Lorka. Belə vəsiyyət etmişdi ispandilli poeziyanın 38 yaşlı şairi. Amma Lorka ölmədi. Onu ölməyə qoymadılar. Onu öldürdülər…”
Birinci sırada hazır dayanmış Aysel xanım dərhal tərcümə edir… Deyəsən, istədiyimiz gözlədiyimizdən də effektli alınır: zalda çılğın alqışlar qopur. Təbii ki, mənə görə yox, Lorkaya görə…
Qısa bir haşiyə çıxmalıyam: bu neçə gündə müşahidə eləmişdim ki, qısaca ömrü bizim Müşfiqimiz kimi qəfildən qırılan, nakam taleyi ilə yaddaşlarda həzin, kövrək xatirəyə çevrilmiş Lorka bütün bu ispandilli ölkələrin ən sevimli şairi, onlar üçün əsl poeziyanın simvoludur. Həmkarlarımın mənə məhz Lorkanın tərcüməçisi kimi böyük sayğı duyduqlarının fərqindəydim. Bu sayğının digər səbəbi, nə qədər qəribə də görünsə, bizim ruscanı bilməyimizlə bağlı idi. İspandilli ədəbiyyatı rus dilində oxumağımız onlara heyrətamiz fakt kimi görünürdü. Söhbət zamanı rus tərcümə məktəbinin mükəmməlliyindən danışmışdım, ispandilli ədəbiyyatı ən çox rus dilindən çevirdiyimizi bildirmişdim. Lorkanı isə ispancadan sətri tərcümə əsasında, eyni zamanda, həm rus, həm də türk dilinə tərcümələrdən yararlanmaqla çevirdiyimi biləndə, heyrətlərini ifadə etməyə söz tapmırdılar. Maraq o dərəcədə güclü idi ki, şəhər gəzintisində meksikalı naşir Aysel xanıma dinclik vermədi, Lorkanın vurğunu və xiridarı olan bu gənc lorkaşünas məni şairin yaradıcılığından, ən çox da “Tamarit divanı”ndan, sözün həqiqi mənasında, imtahana çəkdi. Yaxşı ki, Valyexo və Kevedo ilə yanaşı, özümlə “Tamarit divanı” kitabının tərcüməsini də aparmışdım. Bir xeyli müddət baxdı, yoxladı, araşdırdı, az qala, misra-misra, bənd-bənd tutuşdurdu və baş barmağının işarəsilə, deyəsən, imtahandan mənə beş yazıb, yaxamdan əl çəkdi.
Qoy şeir oxyacağımı gözləyən dinləyicilər salonda bir az da gözləməkdə olsunlar, mənsə fürsət düşmüşkən bir haşiyə də çıxım.
Kolumbiyadan təşrif buyurmuş naşirlərə deyəndə ki, az qala, bütün əsərlərini çevirdiyimiz və dəfələrlə nəşr etdiyimiz Markesi bizdə öz yazıçılarımızdan çox oxuyurlar, yaxud görəndə ki, Perudan gəlmiş xanım ona hədiyyə etdiyim Sesar Valyexonun soneti çap olunmuş şəkilli səhifələrin surətini çıxarıb, nüsxələri həmkarlarına hansı həvəslə paylayır, yaxud meksikalı cavan “müəllim” dilimdən eşidəndə ki, Xuan Rulfonun “Pedro Paramo” romanı Azərbaycanda iki dəfə nəşr olunub, eləcə də Borxesin, Varqas Lyosanın, Mario Benedettinin, bu cür neçə-neçə ispandilli yazarın əsərləri bizim oxucuya çoxdan tanışdır… – təəssüf hissi keçirirdim ki, bütün bu adi faktlar barədə cüzi məlumatları belə yoxdur. Öz ədəbiyyatımızı başqa ölkələrdə tanıda bilməməyimiz bir dərddisə, dilimizə çevirdiyimiz müxtəlif xalqların ədəbiyyatı barədə onlara adicə informasiya çatdırmamağımız əsla dərd-filan deyil, sadəcə, hazırkı internet əsrində səhlənkarlıq, başısoyuqluq, bir sözlə, oz işimizə, zəhmətimizə laqeydlikdir. Buna başqa ad verə bilmirəm…
…Hə, deməli Aysel xanım Lorkanın hədiyyəsi olan alqışlar altında yerinə əyləşir. Mən üç qısa şeirimi səsləndirəndən sonra növbə yenə Aysel xanımındır, amma o yerindən qalxmır. Hətta çaşqın moderator da ona him-cimlə işarə edir. Salonda yenə maraq dolu qeyri-adi sükut… Və bu zaman argentinalı şair Karlos Aldazabal şəstlə ayağa qalxır, moderatorun təəccüb dolu baxışları altında mənim şeirimi ispanca səsləndirir… Salonda yenə sürəkli alqışlar, çaşqın moderator üçün isə xoş bir sürpriz.
Biz bu sürprizi üçlükdə düşünmüşdük. Şeirləri Aysel xanımın sətri tərcüməsi əsasında onun İspaniyada yaşayan şair tanışı çevirmişdi. Tərcümələri yarım saat əvvəl hər ehtimala qarşı Karlosa göstərəndə, şux zarafatları ilə hamının dostuna çevrilmiş bu argentinalı şair bir-iki xırda düzəliş etmişdi və birdən ağlıma gəlmişdi ki, qoy şeirləri ispanca elə özü səsləndirsin. Beləcə, üçlükdə razılaşdıq ki, aparıcı üçün sürpriz edək. Bu ideya qəfildən yarandı, görüşdən yarım saat öncə. Amma heç birimiz təsəvvür etməzdik ki, yarım saatdan sonra bizim bu balaca sürprizimiz necə yerinə düşəcək və salonu bu qədər canlandıracaq.
Bircə onu əlavə etmək qalır ki, aparıcı bu tədbirin əsas təşkilatçılarından biri və Venesuelada hamının sevimlisi olan Anna Maria Palomares idi…
Bir saatlıq görüş saat yeddidə başa çatanda o da ağlıma gəlməzdi ki, bayırda daha bir saat həm dinləyicilərin, həm də həmkarlarımın çoxsaylı suallarına cavab verməli olacam. Sadə oxucuların, eləcə də festivala dəvət olunmuş ziyalıların şeirə bu dərəcədə həssas yanaşdığını görmək, az qala, hər sözə, hər fikrə münasibətlərini öz dillərindən eşitmək, əlbəttə ki, xoş idi. Üstəlik, Honduras Milli Kitabxanasının direktoru Armando Maldonado məni apreldə öz ölkələrində keçiriləcək oxşar festivala dəvət edir, koordinatlarımı artıq tədbirin təşkilat komitəsinə göndərdiyini və razılıq aldığını israrla bildirir…
Növbəti gün həmin saatda daha altı şair çıxış edəcəkdi. Çox təəssüf ki, mən onların şeir axşamında dinləyici ola bilmədim. Amma bu məndən asılı deyildi. Unutdum deyəm ki, bizim görüşlərimiz barədə yerli kanallarda informasiyalar gedir, süjetlər göstərilirdi. Özümüz izləyə bilməsək də, xəbər tuturduq. Nahardan sonra ayrı-ayrı dörd telejurnalistə müsahibə verməli oldum. Növbəti gün daha beş jurnalist – biri qəzetdən, biri saytdan, biri televiziyadan, ikisi də radiodan. Beləcə, dostların növbəti şeir axşamını da buraxmalı oldum. Nədənsə ən böyük diqqət bizə yönəlmişdi, həm də bu dəfə jurnalistlərin sualları təkcə poeziyadan olmurdu. Belə də demək olar: suallar həm də poeziyadan olurdu.
Mən bir yana, ilk günlər kubalıların kubalı, salvadorluların salvadorlu, uruqvaylıların uruqvaylı bildiyi Aysel xanım əməlli-başlı yorulmuşdu. Yaxşı ki, venesuelalı şairə xanım Belen Oxeda vaxtaşırı köməyə çatırdı. Bu qadın sovetlər dönəmində Moskvada altı il musiqi təhsili almışdı və rus dilini bilməsi hərdən qanımızın arasına girirdi.
Yeri gəlmişkən, venesuelalıların rus ədəbiyyatına, xüsusən rus poeziyasına marağı hədsizdir. Kolumbiyadan gəlmiş çox istedadlı xanım Regina Sepulveda Boqotada nəşr edilən bir sıra poetik almanaxlarla yanaşı, müasirlərinin Marina Svetayevaya ithaf etlikləri şeirərdən ibarət nəfis toplunu nümayiş etdirirdi. Kitabın tərtibatına söz ola bilməzdi, xanımın nigaranlığı yalnız Svetayeva soyadının ilk hərfi sarıdan imiş… Belə ki, kolumbiyalılar rusların Ц hərfini iki hərflə – Ts şəklində yazmağa məcbur idilər və məndən bunun səhv olub-olmadığını soruşurdu. Mən də onu düz yazdıqlarına əmin edib toxtaqlıq verdim. Elə sevindi ki, hətta kitabı mənə bağışlamaq istədi, amma götürmədim, onu dünyada ən çox sevdiyi şairdən (özü belə demişdi) ayırmaq istəmədim. Heç demə, mənim bu jestim həssas qadını əməlli-başlı təsirləndirib. Ertəsi gün otelin foyesində yaxınlaşıb Emili Dikinsonun kitabını hədiyyə etdi və mənə paxıllıq etdiyini, Svetayevaya qısqandığını bildirdi. Düzü, bir şey anlamayıb təəccübləndim. Belen Oxeda yenə qanımın arasına girib səbəbini belə izah elədi: demək istəyir ki, siz onun sevimli şairini öz dilində, rusca oxuya bilirsiniz…
Mahir N. Qarayev