
Humanist canavar
- 02 Mart 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
İnsan tarixi keçmişini vərəqlədikcə gah sevinir, gah da kədərlənir. Bəzən düşünür ki, kaş o gözəl keçmişimi qaytara bilsəm. Təbii ki, bu bir xəyaldır, arzudur. İnsan yaxşı dərk edir ki, o, yaşadığı cəmiyyətə yox, doğulduğu təbiətə bənzəyir. İllər keçir, zaman dəyişir, müdriklərin açmadığı çox sirlər insanı düşünməyə vadar edir. İnsan yaxşı dərk edir ki, yaşadığımız bu dünyaya münasibətlərimiz müxtəlifdir. Bir insan sənə pislik edə bilir, amma bu, həyata pis baxmalısan mənasına gəlmir. Hər kəsin həm güclü, həm də zəif tərəfi vardır. Şəxsən mən dünyanın ən qədim xalqlarından olan Azərbaycanımın tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr edirəm. Bu xalq əvəzolunmaz dahiləri ilə fəxr edir.
Bir gün Axundov kitabxanasına gedirdim, Yazıçılar Birliyinin yanında bir nəfərlə qarşılaşdım. Bu şux, həm də çox zövqlü geyimli oğlan umiversitetin şərqşünaslıq fakültəsinin məzunu Adil müəllim idi. Adil müəllim “Qaz-21” markalı maşınına söykənmiş vəziyyətdə gülər üzlə mən tərəfə əyildi:
– Qardaş, nə xoş təsadüf, burada xeyir ola?
Kitabxanaya gəldiyimi dedim. O da xaricdən təzə gəldiyini və Yazıçılar Birliyində işə başladığını dedi. Təbrik etdim və bir neçə sual verdim. Hiss olunurdu ki, həyatından çox razıdır. Sözün doğrusu, buna çox sevinmişdim. Yazıçılıq fəaliyyətinə aid bir neçə sual verdim. Gülümsündü:
– Arabir olur, hekayə janrını çox sevirəm.
– İnşallah sizin hekayələri oxumaq bizə də nəsib olar.
Söhbətlərimizin birində hiss etdim ki, elmi işlə məşğul olmaq istəyir. O zaman mən Yaxın Şərq dilləri kafedrasında işləyirdim.
Adil müəllimlə görüşlərimizin birində onun barəsində düşündüklərimi demək məcburiyyətində qaldım.
– Qardaş, – dedim, – sən fars dilini mükəmməl bilən hazır mütəxəssisən, bizm kafedranın müdiri professor Rəhim Sultanova müraciət etsən inşallah yaxşı cavab alarsan.
O, məni səbirlə dinlədikdən sonra gülümsünərək söylədi:
– İndi başa düşdüm ki, sən mənim üçün çox dəyərli dostsan. Allah səndən razı olsun!
Xatirimdədir, biz Adil müəllimlə bir müddət görüşə bilmədik. Bir gün işə gəldikdə Adili Rəhim müəllimin kabinetində gördüm.
– Qardaş, nə xoş təsadüf, sən hara, bura hara?
Həmişəki təbəssüm, həmişəki gülüş:
– Mən artıq sizin kollektivin üzvüyəm.
Bu xəbərə çox sevindim. Mən də müdrik kadr siyasətinə görə Rəhim müəllimə təşəkkürümü bildirdim. Rəhim müəllim məni təpədən dırnağa süzərək bildirdi:
– Deməli, siz tanışsınız.
– Bəli, Rəhim müəllim, bu iş sizin çox uğurlu atdığınız addımdır. Adil müəllim inşallah sizin etimadınızı doğruldacaq. Mən də çox sevindim. Kadr məsələsi çox vacib məsələlərdən biridir. Adilə gəldikdə tələbəmiz olub, yaxşı tanıyram. Fakültəmizin kollektivi çox yaxşı insanlardır. Böyük-kiçik yeri həmişə görünürdü. Bir sözlə, hamı öz işi ilə məşğul olurdu.Adil müəllimə gəldikdə tam məsuliyyətlə deyə bilərəm ki, o, hər kəslə öz dilində danışmağı sevən adamdır.
Bir gün fakültədə şahmat oynayırdıq, xatirini çox istədiyimiz dostlardan biri Adil müəllimə dönərək:
– Qardaş, – dedi, – hamı yaxşı bilir ki, sənin yaxşı qələmin var, arada hekayə də yazırsan, bu, doğrudurmu?
Başqalarından fərqli olaraq Adil müəllim belə vəziyyətdən çox ustalıqla çıxırdı.
– Bəli, düz eşitmisən. Yazmaq mənim hobbimdir.
Kollektivimiz onu ciddi adam kimi tanısa da, yumorlarına da söz ola bilməzdi. Hamının gözü Adil müəllimin ağzında idi.
– Həəə, dostlarım, bir gün tələbə ikən rayonumuza getmək qərarına gəldim. Qış ayı idi, hər tərəf qarla örtülmüşdü, soyuq hiss olunmurdu, avtobusa bilet alıb kəndimizə getdim. İnsan oğlu doğub böyüdüyü kəndi, obanı görəndə özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Valideyinlərin kövrək hisslərlə, nəmli gözlərlə onu doyunca öpüb oxşamaları, sual atəşinə tutmaları… bu nə gözəl dəqiqələrdir, İlahi!..
Mən bu görüş səhnəsini bütün dostlarıma arzu edirəm. Bu görüş indi də mənimlə yaşayır, mənimlə nəfəs alır, məni gəncliyimə qaytarır, gah kövrəldir, gah sevinc göz yaşlarına bürüyür. Qəlbimdə yaşatdığım o ulu çinarlar mənim gözümdə yenə təravətli, yenə də əzəmətlidir, diqqət etdim ki, valideyinlərimin bir gözü gülür, bir gözü kədərlə doludur. Bu hərəkət ilk baxışdan diqqətimi çəkmişdi. Məcburiyyət qarşısında qalaraq nə baş verdiyini soruşdum. Anam hər şeyi olduğu kimi anlatdı. Bu hadisə bütün kənd camaatını ağlatmışdı.
Hadisə belə cərəyan edib. Qonşu kənddən bir hamilə qadın atasıgilə gedirmiş. Qar çox yağdığından yol-iz tamamilə itmişdi. Bu hamilə qadın başını aşağ sallayaraq çox çətinliklə yoluna davam edirdi, birdən qulağına canavar səsi gəldi. Hamilə qadını qorxudan tər basdı. Ətrafa göz gəzdirdi, çox uzaqdakı kəddən başqa heç bir şey görünmürdü. Yoluna davam etməkdən başqa ağlına bir şey gəlmədi.
Kəndə getməkdə məqsədi anasının nəzarətində olmaq idi. Doğumun vaxtına da az qalmışdı. Təəssüf ki, bu çarəsiz hamilə qadın canavarların hücumuna məruz qalır. Qarşı kənddən at arabasında ot gətirən bu qadının kəndlisi çox dəhşətli səhnə ilə qarşılaşır. Canavar sürüsü qadını parçalamışdı. Lakin oradan bir az aralı qanına qəltan olunmuş bir qurdun yanında körpənin çığlıq çəkib ağladığını görür, adamı qan-tər basır, qulaqları tutulur, dünyanı tor görür. Birdən kəndli yuxudan ayılmış kimi olur. Vaxt itirmədən paltosunu çıxardıb qurd tərəfə gedir və uşağı paltoya büküb arabanın yanına qayıdır. Uşağı xilas edən qurd isə çox çətinliklə uzandığı yerdən qalxaraq yavaş-yavaş qurd sürüsünün arxasınca getməyə başlayır. Kəndli qadının parça-parça olmuş meydini arabaya yığır, uşağı da köynəyinə bələdikdən sonra paltosuna büküb kəndə üz tutur.
Kənd camaatına xəbər çatan kimi hamı yas yerinə toplaşır. Hadisənin təfərrüatını eşidən camaatı dəhşət bürüyür. Qurdun uşağı qurtarması hər kəsi düşünməyə vadar edir. Bir müdrik qeyd edir ki, vəhşi təbiətdə belə heyvanların nəsildən nəslə ötürdükləri vərdişlər var.
Bozqurdlar evcil heyvanlardan adətən qoyunlara, mallara və atlara tələ qurur, quzulu qoyunlara isə əsla hücum etmir. Ümumiyyətlə balası yanında olan heç bir heyvana yaxın durmur. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bundan yarısını özü yeyər. O biri yarsını varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurda aparar.
Dostlar, adını çəkməyəcəyəm, bir tələbə dostum söhbət əsnasında mənə dedi ki, eşitmişəm hekayə yazırsan, ver biz də oxuyaq. Mən də dedim ki, sən ağıllı, savadlı oğlansan, elə səninlə məsləhətləşmək istəyirdim. Bir hekayə yazmışam, amma ad məsələsində çətinlik çəkirəm. Bəlkə sən bu işdə mənə köməklik edəsən.
Tələbə yoldaşım özündən razı şəkildə qollarını açıb gərnəşərək “Bu çox asan bir işdir” dedi. Dostumun bu cavabından çox sevinmişdim. Tələbə yoldaşım ovunu əldə etmiş qızılquş kimi qanadlarını təkrar açaraq:
– Bir məsləhətim var, – dedi. – Sən bir qonaqlıq təşkil et, gedək başımızı açaq.
Mən həmin gün dostumun arzusunu yerinə yetirdim. Biz iki dost yaxşı bir restoranda oturub başımızı açdıq, yeriniz məlum!
Dostum mənə baxıb gülümsünərək:
– Qardaş, – dedi, – sən indi yazdığın hekayəni tələsmədən danış, mən hekayənin adını tapacam.
Biz yeyib içə-içə mən hekayəni danışırdım. Dostum da arada “Davam et” deyib kababdan yeyib araqdan vururdu. Sözün doğrusu, mən də ondan geri qalmırdım. Bir sözlə, belə davam etsək hekayə yaddan çıxacaq. Birdən dostum gülümsünərək: “Dayan, qardaş, hekayənin adını tapmışam” dedi. Sevincimdən özümə yer tapmırdım.
– De, qardaş, ürəyimizi üzmə!..
O, dərindən nəfəs aldı:
– Qardaş, hekayənin məzmununa görə adını “Humanist canavar” qoysaq daha inandırıcı olar.
Sevincimin həddi-hüdudu yox idi. Çox içməyimə baxmayaraq elə bil yuxudan ayılmışdım. Dostumu bir neçə dəfə öpdüm, təşəkkürümi bildirdim.
Bu söhbətdən bir neçə il keçmişdi. Mən pəncərənin qabağında durub quş sürüsü kimi cıvıldaşa-cıvıldaşa keçən tələbələri seyr edirdim. Tələbə yoldaşım gülərək mənə yaxınlaşdı:
– Xeyir ola, gözümə birtəhər dəyirsən, dostum, – dedi.
– Yaxşıyam, qardaş!
Mən tələbələri seyr edə-edə öz tələbəlik illərimi xatırlayırdım. Bax gör neçə illər keçib. Artıq saçımız-saqqalımız ağarıb. Keçmiş tələbə yoldaşımın keyfi yaxşı idi. Sözlü adama oxşayırdı:
– Qardaş, – dedi, – deyəsən son zamanlar hekayə-zad yazmırsan.
– Sözün doğrusu, arada yazıram. Çalışıram ki, ad məsələsini özüm həll edim. Kasıbçılığın üzü qara olsun!..