Xarici valyuta qaçaqmalçılığında ittiham olunan jurnalistlər və ictimai fəalların siyahısı yenilənib.
“Abzas Media” saytının direktoru Ülvi Həsənli və köməkçisi Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də, əməkdaşı Nərgiz Absalamova noyabrın 30-da, bu media qurumu ilə əməkdaşlıq edən jurnalist Hafiz Babalı dekabrın 13-də tutulub.
2024-cü il yanvarın 13-də “Abzas Media”nın əməkdaşı Elnarə Qasımova, aprelin 18-də Meclis.info saytının rəhbəri İmran Əliyev, aprelin 29-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, mayın 30-da iqtisadçı Fərid Mehralızadə həbs edilib.
İstintaq qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı ilə başlayıb, İmran Əliyevə təkrar qaçaqmalçılıq ittihamı da verilib, sonradan ittiham mütəşəkkil dəstənin qaçaqmalçılıq törətməsi ittihamına dəyişdirilib və yeni ittihamlar irəli sürülüb: mütəşəkkil dəstənin qanunsuz sahibkarlığı; mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırması; mütəşəkkil dəstənin xeyli miqdarda vergiləri ödəməkdən yayınması; rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma; bilə-bilə saxta sənədlərdən istifadə etmə.
2024-cü il martın 6-da Toplum.tv informasiya resursu, III Respublika Platforması və Demokratik Təşəbbüslər İnstitutuna bağlı bəzi şəxslər tutulub. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Toplum.tv-dən Əli Zeynal, İlkin Əmrahov, Müşfiq Cabbar, Ramil Babayev barəsində həbs, Fərid İsmayılov və Elmir Abbasov barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Martın 8-də Toplum.tv-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının üzvü Ruslan İzzətli də tutulub.
2025-ci il yanvarın 17-də Fərid İsmayılov həbs edilib.
Toplum.tv-nin əməkdaşı olmuş Şahnaz Bəylərqızı fevralın 5-də tutulub, fevralın 26-da ev dustaqlığına buraxılıb.
İlkin ittiham kimi qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi rəsmiləşib. Sonradan bu ittihamlar irəli sürülüb: əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi; mütəşəkkil dəstənin qaçaqmalçılıq törətməsi; xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq; cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmaq; mütəşəkkil dəstənin xeyli miqdarda vergiləri ödəməkdən yayınması.
2024-cü il dekabrın 6-da jurnalist Ramin Deko və Meydan.tv portalının əməkdaşları Natiq Cavadlı, Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, eləcə də vətəndaş Ülvi Tahirov, 2025-ci il fevralın 4-də Arqument.az saytının baş redaktoru Şəmşad Ağa, fevralın 28-də jurnalist Fatimə Mövlamlı qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı ilə tutulub.
Bir qrup şəxsin qaçaqmalçılıq törətməsi və təkrar qaçaqmalçılıq 5 ildən 8 ilədək, mütəşəkkil dəstənin qaçaqmalçılıq törətməsi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Mütəşəkkil dəstənin qanunsuz sahibkarlığı ittihamında maksimum cəza 1 ildən 5 ilədək, mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırması ittihamında 7 ildən 12 ilədək, mütəşəkkil dəstənin xeyli miqdarda vergiləri ödəməkdən yayınması ittihamında 3 ildən 5 ilədək, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma ittihamında 2 ilədək, bilə-bilə saxta sənədlərdən istifadə etmə ittihamında 1 ilədək, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ittihamında 2 ilədək azadlıqdan məhrumetmədir.