Naxçıvan təəssüratları, sehirli cihaz, birlik şirniyyatları…
- 31 İyul 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
“Düşüncələr” sisliləsindən
Mətanət Natiq
Bazarda
Paytaxtımızda 8-ci kilometr bazarı deyilən bir bazar var. Ara-sıra bu bazara yolum düşür. Neçə ilin bazarıdır. Burada hər şey tapa bilərsən, necə deyərlər, quş südü də. Adətən mürəbbə bişirəndə meyvə almağa ora gedirəm.
Yenə getmişdim. Hər zaman olduğu kimi çaydanlar qaynayır, üzlərdə təbəssüm səhər yeməyi yeyir, çay içir, söhbət edir buranın adamları.
Mən bu sadə adamların arasında olmaqdan xüsusi zövq alıram. Bura, necə deyərlər, həyatın içidir. Söhbət edirəm, işləri çətin də olsa Allaha şükür etdiklərini söyləyirlər.
Rahat, yaxşı maaşlı işdə çalışıb işindən narazı olan insanlara tövsiyəm odur ki, arada bu bazara gəlsinlər, adamların hansı şəraitdə işlədiklərini, sözün əsl mənasında həyatla mübarizəsini eşitsinlər, görsünlər. Onlarla alış-veriş edəndə o qədər dua, təşəkkür edirlər ki, bir ömür bəs edər sənə. Allah yardımçınız olsun, əziz həmvətənlərim.
Şoppinq
Şoppinq ingiliscə alış-veriş deməkdir. Söz özü qısa olsa da prosesin əhəmiyyəti, təsiri böyükdür. Deyirlər dərdin varsa, şoppinq et, xəstəsənsə xəstəliyi unutmaq üçün yenə də şoppinq et. Bunu təcrübəli psixiatrlar deyirlər. Az qala hər dərdə dəva imiş şoppinq etmək.
Ümumiyyətlə insan özünə nəsə bir şey alanda şad olur, xoşbəxt olur. Öz təcrübəmdən də bilirəm. Şoppinq edəndə də paran-pulun gedir, xəstələnib müalicəyə gedəndə də. Amma birində pulunun xərclənməsinə lap şad olursan, xoşbəxt olursan.
Bəs şoppinq edə bilməyən nə etsin? Bax, sual budur. Dinimizdə deyilir ki, Allah sənə yetər, o ən gözəl yardımçıdır. Şoppinq edə bilməyənlər, Allah yar və yardımçınız olsun!
Birlik şirniyyatları
Elimizin çox gözəl bayramı olan Novruz bayramında cürbəcür şirniyyatlar bişirilir. Bu şirniyyatlar olmazsa olmaz. Mən bunları birlik şirniyyatları adlandırıram.
Şəkərbura, paxlava, qoğal zəhmət tələb edir. Mütləq iki-üç nəfərin yardımı lazımdır. Hələ şəkərburanın üstündəki naxışları, qırağının bükülməsimi demirəm, çox vaxt aparır. Aylarla bir-birinin üzünü görməyən, evinə getməyən insanlar bunları hazırlamaq üçün bir yerə toplaşırlar. İldə bir dəfə də olsa bu şirniyyatlar adamları görüşdürür. Allahdan diləyim odur ki, birliyimiz heç vaxt pozulmasın.
Naxçıvan təəssüratları
Gecədir, aeroportdayam, Naxçıvana gedən təyyarəni gözləyirik. Təyyarə göyə qalxır, sözün əsl mənasında göyün yeddinci qatındayam. Özümü Allaha daha yaxın hiss edirəm. Həyatımda ikinci dəfə Naxçıvan torpağına enirəm. Salam, Naxçıvan, şair demiş, ey könül mülkünün yarı, Naxçıvan!
Turizm şirkətiylə getdiyimiz üçün bizi burada bələdçi qarşılayır. Rasim adlı orta yaşlı xoşxasiyyət bir adamdır. Öncə bizi səhər yeməyinə dəvət edirlər. Restoranda bizi gözəl qarşılayırlar. Qulluq yüksək səviyyədə, hər kəsin üzündə təbəssüm. Yeməyi yedikdən sonra yola düşürük. Yol boyu gül-çiçəkli düzlər və görünüşü zabitəli İlandağ görünür. Dağ Culfa rayonunda yerləşir. Hündürlüyü 2415 metrdir.
Şahbuz, Babək rayonlarına da baş çəkirik. Məşhur Əshabi-Kəhf mağarasına gedirik, bura həm də ziyarətgahdır. Çox adam var. Mağaraya pilləkənlərlə qalxırıq. Mağara dağın çox hündür yerindədir. Əshabi-Kəhf “mağara adamları” deməkdir. Rəvayətə görə, düşməndən qaçan üç nəfər burada gizlənibiş və mağaradakı mələklər onları qorumaq üçün qeybə çəkiblərmiş.
Qalxdıqca iki dağın arasında mələyə bənzər surəti görmək olur. Çox möcüzəlidir. Burada məscid var, yol yoldaşımız namaz qılır. Deyir əhd etmişdim ki, burada namaz qılım. Mağaradan aşağı baxanda dəhşətə gəlirəm – bura necə qalxmışam. Heç yorulmamışdım, özümü çox gözəl hiss edirdim.
Ziyarəti başa vurub aşağı enirik. Çay evində bizə kəkotulu samovar çayı verirlər. Bələdçi deyir ki, buranın kəkotusu başqadır. Həqiqətən də çox ətirli, dadlı idi.
Möminə Xatun türbəsinə yollanırıq. Möhtəşəm türbə memar Əcəmi Naxçıvani tərəfindən 1186-cı ildə inşa edilib. Möminə xatun Səlcuqlu Sultan İkinci Toğrulun həyat yoldaşı olub. On tərəfli türbənin hündürlüyü 34 metrə çatır. Yaxınlığında Xan sarayı da var. Sarayı da ziyarət edib Batabata yol alırıq.
Batabat Şahbuz rayonunun dağlarında yerləşir. Mikroavtobus yavaş-yavaş dağın döşunə qalxır. Yol boyu laləli çəmənlər görünür. Bələdçidən laləli çəməndə saxlamağı xahiş edirəm. Laləliklərin arasında gəzişib telefonla fotolar çəkirəm. Laləli düzdən ayrılıb dağın zirvəsinə qalxır avtobusumuz. İrəlilədikcə qar yağır. Düşünürəm Allahın möcüzəsinə bax, dağın zirvəsində qışdır, döşündə yaz. İki fəsil yaşayırıq Naxçıvanda.
Batabat gölünün üzərindəki ada, səhv etmirəmsə, dünyada yeganə üzən adadır. Ada torf və otdan ibarətdir, yavaş-yavaş hərəkət edir. Adanın hərəkəti küləyin səmtinə bağlıdır. Külək hansı istiqamətə əssə, o tərəfə yönəlir. Gölün sahəsi on altı hektardır.
Duzdağ Fizioterapiya Mərkəzi isə Kəngərlidə yerləşir. Yeraltı möcüzə. Duzdağın içərisiylə irəliləyirik, yod qoxusu gəlir. Müalicəvi əhəmiyyəti var.
Daha sonra əzəmətli Naxçıvan qalasına gedirik. Qalanın yaxınlığında Nuh peyğəmbərin məqbərəsi, bir az irəlidə isə Heydər məscidi var.
Keçidiyimiz yollar geniş, tərtəmiz idi, yerdə bir yarpaq belə görməzsən. Gəzdikdən sonra Naxçıvan aeroportuna yollandıq. Yolüstü bir park vardı, enib bir az gəzdik. Parkda Eyfel qülləsi də var. Çox gözəl parkdır.
Gecədir, təyyarəmiz göyə qalxmağa başlayır. Ürəyimdə hələlik deyirəm, insanları gözəl, iki mövsümü bir yerdə bizə yaşadan Naxçıvan diyarına…
Sehirli cihaz
İşdən çıxıb parkın içiylə metroya tərəf gedirəm. Yuxarı qalxa-qalxa elə hey telefonla danışan adamlar yanımdan ötüb keçir.
Telefon zəngləri həm sevindirir, həm də kədərləndirir. Məsələn, orta yaşlı bir kişi keçir, anlayıram ki, hərbi xidmətdə olaan oğluyla danışır. Deyir, oğlum, sağ-salamat xidməti vur başa, hamımız səbrsizliklə səni gözləyirik.
Sonra bir ər-arvad keçir. Kişi telefonda kimisə təbrik edir, deyir, ay gözünüz aydın olsun, atalı-analı böyüsün inşallah!
Yenə də bir telefon zəngi nəzərimi cəlb edir, Allah rəhmət eləsin, yeri behişt olsun, gözəl insan idi deyir danışan adam.
Daha nələr, nələr eşidirəm.
Bu cihaz həm də bizim işlərimizi həll edir. Onunla ödənişlər edirik, səyahətə gedəndə otel bron edirik və sair və ilaxır.
Yəni dediyim odur ki, bu cihazın məziyyətlərini saymaqla bitməz. Allahdan diləyim odur ki, həmişə xoş xəbərlər eşidib sevinəsiniz.
Müəllifin başqa yazıları:
Ümidlə yolçuluq
Səssizlik
Vətənim
Atılmış
Göz yaşı və biganəlik
Örnək adamlar
Darıxıram, ana
Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar
İnsanı yoran nədir?
Nurlu insan
Qabarlı əllər, gözəl insan
Payız yağışı
Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…
Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehirli aləm və yenilik
Adamlar, sevgi hekayətləri, qəbir daşı və dostluq
Ömrümüzün mənası və əsl sevginin qələbəsi
“Düşüncələr” silsiləsindən
Körpə olsa yaxşıdır və arzu
Gec də olsa…
Zəfər yağışı
Oxu, qardaşım, oxu