İt ağzında (Hekayə)
- 14 İyun 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Bircə
At qulağı kimi həmişə cüt gəzən, cüt yaşayan bacılar ayrı vaxt adam yerinə qoymadıqları dayanacaq gözətçisini yeltələyib şirin dillərini işə salmışdılar:
– Ay Şəfi, nolar, bizi çıxart beşinci mərtəbəyə.
– Lumu bacı, bax, işıqlar par-par yanır, dırmaşın yuxarı, – deyib qadının incə belindən aşağıda yırğalanan yançaqlarına göz atdı.
Eygili vaxt olsaydı Lumu onun gözlərini oyardı. İndi umacaqlıydı deyə səsini içinə saldı. O biri bacı üzü şirəli irıxdım zənbili əlləriylə sinəsinə möhkəm sıxıb durmuşdu.
– Şəfi, yaxşı da, Fuada deyəcəm sənə iki ayın pulunu qabaqcadan versin, gəl düş qabağımıza, qalxaq yuxarı.
– Sənin oğlun iki ildi hər gecə qarovulunu çəkdiyim miniyinin haqqını versin, başqa heç nə istəmirəm.
Tösmərək qarovulçu saatına baxıb bacılara irişdi:
– Həə, toydan babat pul yığmısız, pilləkənləri çıxmağa qorxursuz?
Lumunun üzü bozardı, qadından çox kişiyə oxşayan bacısına baxdı. Qaranlıqda onun sifətindən heç nə anlaya bilmədi, dilini qırtlağına sarı dartıb ordakı zəhəri bir az aşağı itələdi.
– Elə eləmə sənin dayanacağını burdan köçürüm. Qarajına qaz çəkib təndirxana eləmisən, başım ayazısın, səni öskürdəcəm.
Şəfinin gözləri qurbağa gözü kimi irəli sıçradı, tüpürcəyindən çeçədi. Lumu bacısına çiyin tullayıb ombalarına sarı çəkilmiş boynunu irəli atdı. Gödəkboy kişi kök qıçlarını güclə içinə soxduğu şalvarın cibindən əlini çıxarıb irəli atıldı.
– Gəlin, gəlin, Lumu bacı, – deyə-deyə pilləkənləri hoppana-hoppana qalxdı, bacılar da arxasınca.
Şəfi arada bacıları danışdırmaq istəyirdi:
– Qonşulardan heç kimi toya çağırmadız. Fuada bəylik kostyumu çox yaraşırdı, gəlinimiz də qəşəngdi…
Bayaqdan cınqırı çıxmayan bacının dilindəki açar cingiltiylə yerə düşdü:
– Gözünə şiş batsın, – deyib hər iki çiyni üstündən tüpürməyə başladı.
Salamat mərtəbələrinə çatıb divara qısıldılar, tösələk qarovulçu arvadların arasından sivişib aşağı düşəndə yekə bacının ağzı açıldı:
– Cındır qonşuların əlli manatına qalmışdıq? Sən də özünü yekə bir şey saydın? Çayxanada bizdən danışsan, şalvarını soyunduraram haa.
Şəfi iki əliylə qurşağından yapışıb bərəlmiş gözləriylə bacılara baxdı. Bilirdi bu arvadlar imanlarını çoxdan satıb əppəklərinə qatıq eləyiblər. İçinə zorla təpildiyi şalvarını ayaqlarına qədər süzüb aşağıya doğru şütüdü. Bacılar içəri dürtüləndə təzəbəyi evin ortasında tumançaq gördülər.
– Köstəbək dədən restoranın qabağına gəlibmiş, polislərə pul verdim, metronun başına kimi qovdular. Niyə yatmamısan, mama qurban?
Lumu oğlunu qucaqlayıb ətli yanaqlarından öpdü.
– Gəlin də yaxşıdı?
Fuad üzündən heç çıxarmadığı narazı dərisiylə mızıldandı:
– Qollarımın altını qırxdırdız, qaşınmadan ölürəm. Bir tikə kabab götürdüm, bacın qaçaraq gəlib əlimdən qapdı.
Tutu bacısı oğluna sarı çəmkirdi:
– Əvvəlcədən demişdim axı, görsəm qabırğa gəmirirsən, gəlib əlindən alacam. Allah bilir, hamı gördü, kamera səni o vəziyyətdə çəkdi.
Xala zənbili sinəsinə basıb divanın qırağında domuşmuşdu. Lumu ipək donunu sıyırıb başından çıxardı, eləcə tuman-lifçikdə başladılar deyişməyə:
– Bir qutu yemək qoyublar, özümüzə gələk, süfrə açacam, hamımız yeyək.
Fuad yataq otağındakı gəlini çoxdan unutmuşdu.
– Gördüz mənim qaynatamı, baldızlarımı? Heç biri mənlə şəkil çəkdirmədi. Hələ bir bax görək onlar nə qədər pul atıblar?
– Əşşi, neylirsən onların pulunu, dur get yerinə, gəlin gözləyir səni.
Anası Fuadı süpürləyib zorla otağına saldı. Bacısı Lumunu təhnizlədi:
– Get xalat geyin, gəlin çıxıb səni belə görər, sonra oğlunu saymaz.
– Pox yeyir gəlin. Paltarı tikənin gözünü qarğalar oysun, kürəyini dar eləyib, qolları anamı ağlatdı.
Lumu qaz idarəsinin müdiri işləyirdi. Əvvəl çalışdığı yerlərdən davakarlığı üzündən qovulmuşdu. Sonuncu dəfə hara üz tutdusa ona iş verən olmadı. Tanıdığı ağaclar çoxdan kəsilmişdi, budaqlarında yuva quran quşlar uçub getmişdi. Dörd il özündən böyük bacısının donluğunun umuduna qaldılar. Tanış-biliş zoruna oğlunu testdənkənar dürtdüyü universitet bağlananda lap tifağı dağılmışdı. Pul verdiyi adamı xırxalayıb iki min də artıq qoparmışdı. Bekarçılıqdan həyət arvadlarına qoşulmuşdu. Kimsə onu acılayanda, ərindən söz salanda evinin yerini manşırlayır, gecəylə gedib onun qapısına işəyib qaçırdı. Oğluna lağ eləyən qonşunun ipdəki paltarına yuxarıdan sidik tökürdü. Göygöz, ləvərə, daim iki arvad arasında yatan oğluna iki il olardı maşın almışdı. Fuad açarı hər götürüb sükanın boynuna qonanda bacılar xorla deyirdilər:
– Birdən qonşudan kimisə maşına mindirərsən haa, gözləri dəyər. Hamısı çuşkadılar, sən şəhərdə böyümüsən. Get təkbaşına fırlan, gəl.
Fuad da dərviş yabısı kimi bu küçədən girib o biri küçədən çıxırdı, maşının şüşəsini azca endirib tay-tuşlarıyla söhbətləşir, qazlı şirədən içib gəyirə-gəyirə geri qayıdırdı. Maşınının təkərləri paytaxtın ana küçələrinə hələ də həsrət idi.
Lumu gec ərə getmişdi. Ailədə iki bacı, bir qardaşıydılar. Anaları şəhər qızıydı, fəhlə atalarına qoşulub rayona qaçmışdı. Uşaqların üçü də rayonda doğulmuşdu. Nənələri kürəkəni şəhərə gətirə bilməyəndə aranı qatıb ailəyə ayrı-seçkilik salmışdı, qızını qaynata-qaynana yanından ayırıb ayrıca koma tikdirmişdi. Gənclərin ayrıldıqları evdə şad-xürrəm yaşadığını gözü götürməyən ana bu səfər çərhayalıq eləmişdi: evin kişisi həyətin ayağında əliylə qazdığı çalanın böyür-başını piranla, çadır qırığıyla hörmələyib ayaqyolu düzəldibmiş, arvad gedib pusquda durar, gecəyarısı həmən ayaqyolunun böyür-başını dağıdıb çörü-çösgünü tökər qızının qaynatasının qapısına.
Səhəri kəndə hay salır: guya qaynata qızımın tualetini dağıdıb ki, qonşular evdəki arvadların yanbızına baxsınlar. Gerçəyi bilməyən kürəkən atasıyla çəlmələşəndə arvad qızının üç uşağını da götürüb şəhərə qaçır. Beləcə, ailə dağılır.
***
Lumu da nənəsindən geri qalmadı. Gördü yaşı ötür, evdə qalan bacısından da bir az dərsini aldı. Rayondan şəhərə işləməyə gəlmiş göyçək oğlanı min bir fəndlə qarmağına keçirdi. Dəstgah qurub özünə toy elədi, gəlin getdiyi rayondan üç ay sonra qarnı-qoynu dolu geri qayıtdı. Evli qardaşının ailəsini çölə tökdü, nənəsinin evini öz adına keçirib bacısı Tutuyla orda yaşamağa başladı.
Əri uşağın varlığından gec xəbər tutdu. Yazıq ata hər gələndə bacılar yaxalarını-başlarını cırıb onu geri göndərdilər. Oğlanı da özləri kimi şərəşur, qeybətcil, sözgəzdirən, arvadağız böyütdülər. Hər getdikləri yasdan ona halva oğurladılar. Toya tək Lumunu çağırdılar, o da hər dəfəsində dandıraz oğlunu yanına saldı. Oturmağa yer olmayanda uşağı dizinin üstünə aldı, lüləkababı yuxaya büküb oğlunun ağzına dürtdü, şirə dolu şüşələri dirilik bulağı kimi dirədi dodaqlarına. Fuadın qarnı kökəldikcə Lumunun da kefi kökəldi.
Həyətdəki körpələrin ağzının suyunu axıtmaq üçün Fuada küçədə dondurma yalatdı. Ona bicdoğmuş damğası vuran qonşuların ciyərlərinə dağ çəkdi. İki bacı özgənin belindən gəlmiş bir oğlana şərik çıxdı. Hərdən bazar günləri onun əyninə olmayan paltarları qonşuların gözü qabağında odladılar, sındırdığı oyuncaqları, təkəri qopmuş maşınları həyət uşaqları baxa-baxa daşla əzdilər…
Günün birində binalarına yapışdırılan şəklin yanında duran kişinin şəkildəkiylə eyni adam olduğunu görən Lumu tülkü fəndi işlətdi:
– Bizim deputatımız olacaqsız?
Şıq geyimli kişi gülümsədi:
– Məni seçsəniz, bəli.
Lumunun dili dərhal açıldı:
– Beş il olacaq mən işsizəm. Nə deyirsiz eləyim, təki mənə bir iş tapın.
Kişi atlı qarışqaya bənzər maşınına oturub gedəndən sonra yanında hərlədiyi göyçək xanım Lumunu təlimatlandırdı. Lumu bacısını qabağına qatıb düşdü qonşuların canına. Bir vaxt qapısına işədikləri qonşunun işsiz qızına iş boyun oldular, anası alver elədiyi üçün “Dubay qızı” dedikləri qonşunun oğlunun əsgərlik işinə kömək eləyəcəklərini dedilər, sayıb salam vermədikləri kişilərin hərəsini bir dillə tovladılar. İki həftə sonra bacılar qonşuları yığıb gələcək deputatla təmtəraqlı görüş də keçirdilər. Hər şey istədikləri kimi oldu. Həmin günün axşamı Lumu evə başqa tırıqqıyla girdi. Bükülünü masanın üstünə qoyub əllərini yumağa getdi. Bacılar Fuadı yuxuya verib pulla xeyli oynadılar. Topalayıb saydılar, dağıdıb yenidən dəstələdilər, sonra harda gizlədəcəkləri barədə uzun-uzadı məşvərət elədilər.
Çox keçməmiş Lumu qaz idarəsinə müdir təyin olundu, artıq onu işə sürücü aparıb gətirirdi. Ona ana əvəzi olmuş, qazancını oğluna yedirtdiyi bacısını da unutmadı. Özündən başqa hamını oğru, küçənin gəlinlərini fahişə, yeniyetmə qızlarını pozğun bilən bacısı Tutunu da harasa düzəltdi. Oğlunun ali məktəb məsələsini həll elədi. Fuada hərdən əsgər paltarı geyindirib həyətdə adamların gözünə soxdu. İş, vəzifə, JEK-ə süpürgəçi, kitabxanaya qarovulçu boyun olduğu qonşularla salam-kəlamını birdəfəlik kəsdi. İrəli şığıyanları deputatıyla qorxutdu, qısa vaxtda hamını zərərsizləşdirib yerinə oturtdu. Bircə qardaşının itinə dov gələ bilmədi. İt Lumunun maşını həyətə girəndən ona hürməyə başlayırdı. Sürücü maşını lap blokun ağzında saxlasa da, it yenə bir yol tapıb arvada çəmkirirdi. Müdir xanım hər gün pilləkənləri deyinə-deyinə qalxırdı:
– Saymadığın deşikdən tülkü çıxar, budu ey. Qardaşımla qancığı itin yanında məni o qədər çeynəyirlər, o da boyumu görən kimi hürür. Bunun əncamını özüm çəkəcəm.
Hər səhər çiyinləri üstündən sağa-sola tüpürə-tüpürə, üç barmağını məlum işarə şəklində birləşdirə-birləşdirə (guya qonşuların gözünü murdarlayırdı) xidməti maşınıyla işə gedirdi. Bayramlarda gələn sovqatı evinə gecələr qaldırırdı. Otaqlarının pərdələrini dəyişib yerindən palaza oxşayan parçalar asmışdı. Elə bilirdi üzbəüz qonşu durbinlə onları izləyib kamerayla çəkir. Gələn meyvələri yeyib qurtara bilməyəndə əzib torbalara doldurub səhərlər işə gedəndə evdən uzaq zibilliyə atırdı. Təzə gəlin üzü kimi gözəl almaları, çürüyü olmayan heyvaları çəkiclə əzdikcə bacılara elə gəlirdi onların qeybətini qılan qonşuların başını əzirlər.
Bir bayram pay verilən şokoladları yeyib bitirə bilmədilər. Hamısının qabığını soyub yığdılar hamam vannasına, iki gün suyun içində saxlayıb əritdilər, sonra axıtdılar üzü dənizə. Özləri xislətdə qardaşları qapını qəfil döyəndə dəhlizdə çürütdükləri gilas yeşiklərini yataq otağındakı divanın üstünə qoyub üstünü örtdülər. Süləngi qardaş mətbəxi imsiləyib burnunu soyuducuya soxmaq istəyəndə kişini qovarağa götürdülər. Ardınca qapını bağlayıb yeşikləri yerinə qaytaranda çürümüş gilasın qıfşımış şirəsi tərptəzə divanın üstündə dalğa vurmuşdu.
Yoldaşı qarğa olanın yediyi elə bəllidi. Təzə kostyum geyinib gələn qardaş üzərlik odlayıb bacılarının gözünü yandıranda, bacılar da üzərlikdən tonqal çatıb madar qardaşın gözünü yandırırdlar. Yekə bacı hərdən qardaşını divara dirəyirdi:
– Porsuğa oxşayan arvadınla bizdən az danış, itin hamısını xəbər verir.
Qardaşı dəmbərək gözlərini bir az da bərəldib:
– Yediyiniz ətdən bir tikə də ona atın, üstünüzə hürməsin, – deyirdi.
Lumu qardaşına göyərirdi:
– Yaxınlarda ona kabab yedirdəcəm, gəlib ağzını yalayarsan…
***
Tutu bayaqdan sinəsinə basdığı zənbili divana tullayıb bəy-gəlinin otağını dənitlədi:
– Gəl amanatını götür, sidik məni yandırdı, – deyib özünü ayaqyoluna atdı.
Lumu elə tuman-lifçikdə divana çökdü, çantanın ağzını açıb içindəki paketləri məxmər örtüyün üstünə boşaltdı. Ayaqyoluna sarı bərkdən güldü:
– Ay Tutu, day gəl görək.
Bacısından qabaq təzəbəy tumançaq zala girdi:
– Ay maa, açın görək nə yığılıb? Maşınımı dəyişəcəksən haa, söz vermisən.
Xalası başlarının üstünü aldı, əlindəki iri dəsmalı paketlərin üstünə atıb Fuadı yeltələdi:
– Ay bala, ananın filan qədər borcu var, sən get otağına, gəlmə buralara.
Oğlan xalasına çərəldi:
– Bura bax, sən bizim işimizə qarışma, – deyib paketləri qucaqladı.
Böyük bacının acığı tutdu:
– Özünüz bilərsiz, mənim bağım yoxdu ki, çaqqalnan da davam olsun. Çimib yatacam.
Lumunun telefonu bağırdı, Fuad telefona baxıb içini çəkdi:
– Dayıdı.
Tutu hamamdan otağa şığıdı, Lumuyla oğlu eyni anda işığın düyməsinə sarı atıldılar. Evi qaranlığa bələyəndən sonra yekə bacı cavab verdi:
– Həə, Nəbi, nə deyirdin, – o başdan səs gəlməmiş yekə bir əsnək gətirdi. – Çox yorulmuşuq ey, yatırıq. Paketə əl vurmamışıq, hardan bilək bacanağın, dostun nə yazdırıb. Sabah deyərik.
Qardaşı kirimədi. Tutu telefonun mikrofonunu açmışdı, daqqa Nəbinin səsi qaranlıq otağın divarlarına dəyib qığılcım verirdi:
– Lumuya denən, gələn ay Şükür də oğluna toy eləyəcək. Toya bir məni çağıracaq, onun yazdırdığı pulu gəlim götürüm.
Elə bil evə bomba düşdü. Lumu lifçiyinin arxasını aça bilmədi, andırını sıyırıb başından çıxarıb qucağına qoydu, məmələri hal döşü kimi göbəyində bənd aldı. Bacısını dartıb yanında oturtdu, ağzını telefona uzadıb çığırmağa başladı:
– Sənin oğraş dostunun arvadını işə kim düzəltdi? Hər gün gəlib yanbızını burcudur, ayın axırında bir ətək pul alır. Hünəri var Şükür mənim gözlədiyim məbləği toyuma atmasın, gör onun arvadının başına nə oyun açıram.
– Onda bacanağımın pulunu ver.
– Niyə? Sənin qancıq arvadının atası-anası öləndə biz iki bacı ora filan qədər pul yazdırmışıq. Rədd ol get xarabana, qoy görək neyləyirik.
Qardaş yenə kirimədi:
– Arvadımın, qızımın salonuna, paltarlarına beş yüz manat xərcim çıxıb, min də toyuna salmışam, sən mənim toyuma nə verəcəksən?
Lumu gördü qardaşına öz dillərində cavab verməsə, yaxasından düşməyəcək:
– Əə, dılğır, sənin qəhbə arvadın qəsdən özünə maya qoymuşdu ki, mənim hörmətli qonaqlarım ona baxsınlar? Vızqırt get dəə. Qoy sabah açılsın, sənin arvadını da, qızını da, özünü də işdən çıxartdıracam, – deyib telefonu divanın üstünə tulladı.
Bacılar bəyi gəlinin yanına itələyib, balkonda şam işığında bütün paketləri açdılar, pulları sayıb ifçinlədilər, az yazdırana qarğış tökdülər:
– Gözün üzünə axsın, bunun atdığı pula bax! Sümüklərini də yediyin balığın pulunu verəydin heç olmasa, ay qotur.
Paketdən çıxan məbləğ xoşlarına gələndə əriyirdilər:
– Kübar adam geyimindən, ayaqqabısından tanınır. Halal olsun!
***
Səhəri böyük bacı olan-qalanlarını toyun pulunun üstünə qoyub behini çoxdan verdikləri mərkəzdəki evi almağa getdi.
Lumu oğluyla gəlini yatan otağın qapısının ağzını kəsib bağırdı:
– Fuad, gəl görüm, sənlə işim var.
Təzəbəy yenə tumançaq, qolları qarğa qanadı kimi yanlara açılmış gəldi. Anası əllərini belinin nazik yerinə qoyub gözlərini oynatdı:
– Noldu, hər şey yaxşıdı?
Oğlu qollarını başında çataqlayıb zarıdı:
– Ay maa, vallah mən ölürəm, qolumun altına bir əncam çək.
– Əncamı get arvadınla fikirləş. İyirmi yeddi il sənin qəzilinin iyi məni öldürüb. Gör arvadın razıdısa, indən sonra yenə qırxma. Noldu, yaxşıdı hər şey?
Oğlu başını yırğaladı. Arvad əynini geyinib qapıdan çıxdı. Getməmiş tapşırığını da verdi:
– Arvadın hər şeyin yerini bilir, evlərə əl gəzdirsin, yeməyə bir şey bişirsin. Anasına da desin ki, həftəhamamı zad olmayacaq. Desin qaynanam ciddi işdə işləyir, deputatın qulağına söz çatar, ondan sonra Çingiz müəllim üzümə baxmaz…
Gəlin Nəbinin qızıyla rəfiqəlik eləmişdi. Toya qədər oğlanla bir-iki dəfə görüşmüşdülər. Anayla xala gəlini də, qızın valideyinlərini də bahalı hədiyyələrlə ovsunlayıb razılığını almışdılar.
Toydan bir həftə sonra gəlini telefona həsrət qoydular, ata-anasının gəlməyini qadağan elədilər. Gəlin dilə gələndə mebelin üstündəki tozu, yerdəki tükləri qara tutub onu döydürdülər. Qızın üstündə əsə-əsə bişirdiyi xörəyin dadını gizlində yoxladılar, söz tapa bilməyəndə duzu ovuclayıb qazana tökdülər. Süfrədə buğlanan ləziz yeməkdən bir qaşıq dadıb boşqabı geri itələdilər. Gəlinin gözü heyrətdən böyüyəndə bunlar çərəldilər:
– Yeməyə bu qədər duz atarlar?
İtdən, pişikdən, almanın içindən çıxan qurddan, tavandan sallanan hörümçəkdən qorxan ər evə anasının xidməti maşınıyla gəlirdi. Lumu yançaqlarını çalxalaya-çalxalya evə qalxırdı, Fuad maşınının boynuna qonub küçələri sülənməyə gedirdi. Hər dəfə evə quyruğunda bir şələ xəbərlə gəlirdi:
– Ay maa, o sənə sataşan qonşu vardı ha, liftdə dirsəyimi onun qızının döşünə vurdum.
Arvadlar şaqqanaq çəkəndə gəlin heyrətdən pörtürdü. Qartdaq xala gülməyini saxlayıb deyirdi:
– Birdən qız başa düşər, çəngi anası üstümüzə gələr ha.
Lumu dərindən oxxay vururdu:
– Lap yaxşı eləmisən. Söz vermişəm, bu həyətdən köçənə qədər bütün qonşular paylarını alacaqlar. İki qızı xaricə oxumağa gedənlər var ey, sürücüyə evlərini göstərmişəm, gedib onların qazını elə yerdən kəsəcək ki, heç xəbərləri də olmayacaq.
Tutu balkondan gərənaylayırdı:
– Baho, guya onun qızları xaricə oxumağa gediblər? Allah bilir hansı pəstahadan çıxacaqlar.
Fuad özünü qartdaya-qartdaya bəlkə də ömründə ilk dəfə dürüst danışdı:
– Xala, o qızlar ikisi də kəllədi ey, oxumaq xəstəsidilər.
Üçlükdə süfrə başında qeybətləşə-qeybətləşə olan-olmazdan yeyib başlayırdılar davaya. Gecələr gəlinin ərinə dedikləri gündüzlər iki arvadın ovcunda olardı.
– Ay gəlin, mənim bacım ölənə kimi bizlə yaşayacaq. Sənin ərinin pulu var xaricə gedəsiz? Mən hökumət adamıyam ey, nə toy səyahəti? Mən özüm razı deyiləm oğlum hər səhər dişlərini fırçalayıb damağını didib aparsın. Sənin atanın da ayağı iylənir də.
Gəlin qaçıb mətbəxdə ağlayırdı. Əri saatlarla ona tərəf baxmırdı, hərdən də gedib anasıgilin otağındakı divanda tirlənib yatırdı. Xala gəlini balkona çəkib hüdüldəyib tökürdü:
– Get ərini oyat, ondan üzr istə, apar öz yerində yatsın.
İlk vaxtlar gəlin onların dediklərini eləyirdi. Elə ki hamilə oldu, öz canının hayına qaldı. Bir qış səhəri evdə əməlli-başlı həngamə qopdu. Fuad əlində tuman-köynək otaqlarda dingildəyirdi. Lumu hamamdan çıxan kimi evin kişisi kişnəməyə başladı.
– Ay maa, gəlinin qoymur tuman-köynəyimi geyinim.
Gəlin qaçıb öz otağına girdi.
– Niyə, bala?
Fuad pota yanaqlarını əsdirdi:
– Bilmirəm, kişinin qızı deyir onu geyinəndə səndən iyrənirəm.
Tutu gəlinin qapısına tərəf çəmkirdi:
– Pox yeyir, əə, geyin əyninə, hava soyuqdu.
Fuad tuman-köynək əlində təşəxxüslə otağına girdi. Gəlin pərdənin dalından yavaşca dedi:
– Üzün qara olsun, mən onu yavaşca sənin özünə dedim, sən niyə aləmə yaydın? Geyinirsən, cəhənnmə geyin. Evdən çıxanda üzünü yu.
Fuad geri qayıdıb bunları da arvadlara çatdırdı. Üçü də bərabər qapıdan çıxandan sonra gəlin qapını bağlayıb divana çökdü.
***
Axşam Lumu evə qudalarıyla gəldi. Tutunu da çağırıb gəlinə məhkəmə qurdular:
– Adam belə qızı ərə verər? Tərbiyəsizdi, pintidi, bişirdiyi yeməklər yeyiləsi olmur. Axşama kimi şokolad, banan, portağal yeyir. Qızınız o qədər qarnıqurdludu, yediyi üzünə də çıxmır.
Onlar qudalarını yuyub sərdilər, qudalar da öz qızlarını danladılar. Sonda oğlanın anasından da, xalasından da üzr istəyib getdilər.
Gəlinin qarnı şişdikcə bacıları dərd alırdı. Hər səhər işə çatanacan Fuadı doldururdular:
– Qıza denən anasına çatdırsın, uşağın bütün xərclərini onlar çəkməlidilər. Arabasından tutmuş bələncəyinə, doğuş puluna kimi.
Arvadlara hardansa sovqat gələndən-gələnə gəlini çölə buraxırdılar. Bəzən ağırayaq gəlin düşmək istəmirdi, az qalırdılar qızı beşinci mərtəbədən yerə atsınlar. Fuad arvadını maşına mindirib küçələri sülənəndə qız yalvarırdı:
– Sən Allah saxla, qusmağım gəlir.
Fuadın göy gözləri yuvasında şınqıldayırdı:
– Dəlisən, azz, qonşular söz atarlar ey.
Ara sakitləşən kimi Tutu qaçıb qarajda gizlədikləri qutuları evə daşıyırdı. Qutudan çıxanlara baxdıqca qəşş eləyirdilər, ətir, şokolad, parça olanda qucaqlaşıb öpüşürdülər, ərzaq olanda qanları qaralırdı:
– Kül bunların başına, bu qədər çiyələyi, gilası neyləyək biz? Hələ bu cəmdəyə bax.
Ətə, balığa, hinduşqaya baxıb qəmə batırdılar. Lumunun arada ürəyi yumşalırdı:
– Bəlkə çağıraq Nəbi aparıb kabab-zad bişirsin, biz də gedib yeyərik.
Tutu ilan vurmuş kimi yerindən sıçrayırdı:
– Qardaşının yekəgöt arvadı ətdən yeyib qızıb qonşularla qeybətimizi qılacaq. Söhbət gedib müəllimin qulağına çatar, elə bilər idarəni çapıb-talayırıq.
Bu yandan da Fuad durmadan zəng vururdu ki, evə gəlmək istəyirik. Səbri daralan bacılar cəmdəyi, balığı zibil torbalarına doldurub daşıyırdılar qaraja. Gecə gəlini yuxuya verəndən sonra Fuadı yanlarına alır, qarajda gizlədiklərini qonşu məhəllədəki zibil qablarına atıb qayıdırdılar. Əti atmamış quma-torpağa bulayırdılar ki, kimsə tapıb yeməsin.
***
Gəlin yükünü yerə qoymağa az qalmış arvadlar aranı qatıb Fuadı köçürdülər öz otaqlarına. Ev telefonunun naqilini bayırdan qoparıb gəlinin hər yerlə əlaqəsini kəsdilər. Ağırayaq qızından xəbər tutmaq üçün qudanın evinə gələn anaya lər latayırı deyib, balasını ətəyinə qoyub yola saldılar.
Bir də uşağın yaşı tamam olan gün meydana atıldılar. Yenə dava-şavayla gəlini də, qucağındakı toxmaçar oğlanı da süpürləyib evlərinə gətirdilər. Bir həftə sonra qızın ailəsinin uşağa qoyduğu adı dəyişdilər. Gəlinin ata-anasını, bacı-qardaşını uşağa həsrət qoydular. Körpəni hər bazar anasının qoynundan bağırda-bağırda qoparıb gəzmək adıyla evdən çıxardılar. Süd kimi ağ, gözləri yaşıl toppuş oğlanı qucaqlarına alıb qonşuların gözünə girdilər. Gah körpənun yanaqlarına kömür sürtdülər, gah üzünü gizlədilər ki, həyətdəkilərin gözü dəyməsin. Ağzını tutsan burnu danışan, samandan araq çəkən yekəpər arvadlar dünyanın şərindən bixəbər nəvəyə şunquruq qoşdular:
– Anası sifət… babasına oxşamış… ana nənəsi kimi sosur…
Bircə Nəbinin həyətdə bəslədiyi itini kiridə bilmədilər. İt Lumuya hürəndə qonşular tamaşasına dururdular. Bacılar ancaq onda gəlinlə güləşməyə ara verirdilər.
Bakıda nə qədər falabaxan, kart açan, tas qurub təvərək çıxaran varsa, hamısını tapıb üstünə qaçdılar. Biri dedi sənin adına yazılan ölüm duasını it yeyib, biri dedi qardaşın arvadı cadu elədib, it fürsət axtarır, səni tutan kimi quduzluq tapıb öləcəksən. Baxıcı yanından hər qayıdanda Lumu taxçadakı qarnında, boxçadakı əynində olan qırışmal qardaşını dilə tuturdu:
– Apar o quduzunu azdır, səni bundan da yaxşı işə düzəldim.
Bir ara qardaşı yumşalmışdı, iti aparıb dostunun bağında zəncirə vurmuşdu. Bacısından ənam gözləyirdi, hər axşam şalvarını darta-darta itinin bacısına hürdüyü yerdə dayanıb irişirdi: yəni burdayam ha, it hər an qayıda bilər. Bacı hər axşam sırsıra bağlayan qaş-qabağıyla qardaşına başını yelləyib evinə qaçırdı. Nəbi artıq küçədə başqa cür yeriyirdi, hər gün ucuz araq hortlatdığı dostlarını saya salmırdı. Həyətdəki qəssabdan nisyə quzu cəmdəyi alıb soyuducuya qoymuşdu, müdir olan kimi elə küçədəcə kabab çəkəcəkdi.
Çoxdan yolunu gözlədikləri qoca baxıcının şəhərə gəldiyini eşidən kimi bacılar yenə qoparaqlandılar onun yanına. Bu, tamam ayrı bir dastan oxudu. Bacıların xeyli pulunu alandan sonra qalın torbada onlara bir şey verib möhkəm amanatladı:
– İt kimə hürürsə, onu həmən adam yox eləməlidi. Başınızda, evinizdə, işinizdə qaranlıq var. Qonşuların qarğışına gəlmisiz. Sizə olunan cadu itin başına tökülüb. Quyruqlu əti, kolbasanı verdiyim dərmana bulayıb atın itə. İki dəfə verin, sonra leşini özünüz aparıb gecə dənizə atın. Bununla da bütün yollarınız açılacaq.
Həmin gün bacılar işə getmədilər, həyətdə düşüb Nəbini gəzdilər. Nəbi pambıq daşıyan eşşəyin çiyid yeyən qoduğu kimi bir dəstə kişinin ortasında dingildəyirdi. Lumu qardaşını çağıranda Nəbi elə bildi bacısı ona təzə işinin müjdəsini verəcək. Yanındakılara çönüb dedi:
– Nə demişdim sizə?
Lumu qardaşını kinli-kinli süzdü:
– Onlara nə demisən, özün bilərsən, it bu gün həyətdə olmalıdı.
Nəbi yerə mıxlandı, gözləri bir az da dəmbəldi, gah bacısına baxdı, gah arxadakı küngürəyə sarı boylandı. Bacısı lap göyərdi:
– Nədi, gordan harayçı gözləyirsən? İt bir saata burda olmalıdı, o gedəndən işlərim düz gətirmir. Məni saxlayan onun hürməyiymiş.
Bacısı üzünü çevirib gedəndə Nəbini əsməcə tutdu:
– Bəs mənim işim?
– İti gətir, işin hazırdı.
***
İt həyətə gələnəcən bacılar pəncərənin qabağından çəkilmədilər. Tutu kolbasa tikələrini qoca baxıcının verdiyi iyli toza batırıb torbaya yığmışdı. İt dünyadan xəbərsiz həyətdə oynağa qalxmışdı. Özünü həmişə onu həyətdə əzizləyənlərin, başını sığallayanların qıçına sürtür, kiminin ayaqqabısını yalayır, doğulub böyüdüyü məhəlləsinə yenidən gəldiyi üçün sevinirdi.
Qaranlıq çökəndə blokdan ilk Tutu çıxdı, bacısı hələ dinşəyirdi. Onları görəndə itin qalın səsi binaya dəyib yerə cağıldadı. Bacılar itin hürüşünə ilk dəfə sevindilər. İt onlardan bir az aralı dayanıb lap bərk hürdü. Tutu bacısını ürəkləndirdi:
– Qorxma, bir az irəli dur, tikələri at.
Lumu əlcəkli əliylə kolbasa tikələrini itə sarı atdı. İt ətə doğru gələndə qaçıb girdilər bloka. Heyvan asfaltın üstündəki kolbasaları xeyli imsilədi, yan-yörəsinə baxındı, gah geri çəkildi, gah irəli durdu. Bacıları şübhəli-şübhəli süzəndən sonra elə tikələrin yanındaca şöngüdü.
Tösələngi arvadlar əlləri qoyunlarında qaldılar blokun ağzında. Aralıdan kiminsə gəldiyini görəndə tez telefonu qulaqlarına qoyub yalandan danışmağa başlayırdılar, aralaşıb başqa blokda daldalanırdılar. İt başını pəncələrinin üstünə qoyub gözlərini tikələrə zilləmişdi. Tutu bacısına xısıldadı:
– Günümüzə-saatımıza bax da, birdən yeməsə neyləyərik?
– İtlər həssas olur axı, yəqin dərmanın iyi burnuna xoş gəlmədi.
Arada kimsə itə təpindi, it yatdığı yerdən xeyli genidi. Bacılar qaçıb tikələri saydılar, hamısı yerindəydi. Gecədən xeyli keçənəcən itlə it oyunu oynadılar, heyvan onları sevindirmədi.
Səhər onlar işə gedəndə it tikələrin yanında yatmışdı, axşamkı kimi birinə də dəyməmişdi. Köpək onların hənirinə başını qaldıranda yenə Lumuya tərəf qovzandı, ancaq bu səfər bir az zəif, bir az da gödək hürdü.
Bir ara Lumuya elə gəldi ki, it əməlindən peşman olub, baxışlarıyla imdad diləyir. Göbəyinin altındakı qancıq hikkəsi yenə üzünə vurdu:
– Yox, sən öləcəksən. Bu boyda şəhərdə mənim sözümün üstünə söz deyən yoxdu, sən it canınla mənə hürəcəksən?
Bir həftə itlə qaçdı-tutdu oynadılar, hər axşam sayıb atdıqları ləzzətli kolbasanı itin yanında qoyub yatmağa getdilər. Səhər tikələri sayılı yerində, iti də böyründə tapdılar. Doqquzuncu günün səhəri it Lumuya hürmədi, maşını başı pəncələrinin üstündə gözüyumulu yola saldı. Naharda bacılar görüşüb şadyanalıq elədilər, qucaqlaşdılar, şaqqanaq şəkdilər, elə biləsən qoz almışdılar, içindən qaymaq çıxmışdı.
Nəbinin zəngi bacıların soğanlığında gül bitirdi. Qardaşına Tutu cavab verdi, Nəbi salam-safasız zarıdı:
– Lumuya denən it ölür.
– Cəhənnəmə ölsün! Lumu seyiddi, Lumunun cəddi var, ona hürənin axırı belə olur, – deyib telefonu qardaşının üzünə bağladı.
İşdən ertəli dönəndə qardaşlarını itin başının üstündə gördülər. Lumu içində sevincinə çidar vurub qardaşına çəmkirdi:
– Sən bu gün-sabah idarə müdiri olacaqsan, gör onda bu küçənin adamları sənə hörmət qoyacaqlar? Qalx, ə, it qarovulu deyilsən, qalx get tərcümeyi-halını yaz.
Nəbi birinci qonşuların üzünə baxdı, sonra bacılaraına döndü. Ən sonda illərdi əliylə yallayıb böyütdüyü itinə baxdı. Bir qarında yatdığı bacılarına ancaq o bələd ola bilərdi. Bilirdi onların bircə sözünü nəh eləsə, ömürlük borc altında qalacaq. İti ortalıqda qoyub evinə sarı qoparaqlandı. Heyvan onun dalınca sanki gərnəşib pəncələrini irəli uzatdı, arxa ayaqları asfaltı cızdı. Lumuya elə gəldi it lap yekəlib uzanıb bədheybət oldu. Heyvan başını çöndərib yiyəsinin getdiyi səmtə baxdı, içindən bir əcaib səs çıxardı. İtin başına yığılanlar heyrətlə Lumuya baxdılar, sanki itin içindən onun səsiydi gələn. Tutu da səksəndi, amma özünü itirmədi:
– Dağılın, ay qonşular, guya it zad görməmisiz. Biz də Nəbiyə görə pis oluruq. Sabah JEK bunun zəhmətini çəkər.
Camaatın arasından kimsə göyərdi:
– JEK neyləyəsidi, heyvanı kim saxlayırdı, o da zəhmət çəkib həyətdən götürsün.
Bacılar yenə baxışdılar:
– Qardaşımızın xətrinə biz əncam çəkərik.
Adamlar dağılışanda itdən yenə qəribə səs çıxdı. Hamı döyükdü. Elə biləsən Lumu girmişdi itin qarnına, ordan danışırdı. Heç kim düşündüyünü dilinə gətirə bilmirdi.
Beləcə, hamı devikə-devikə, xısınlaşa-xısınlaşa evinə dağıldı. Bacılar da bir-birinin gözünə baxmağa qorxurdular.
Gecənin yarısı Tutu düşüb itə baxdı, it yenə iki dəfə eyni səsi çıxardı. Qayıdıb divanda oturaqlı yatmış bacısını dürtmələdi:
– Yatmaq olmaz, oğlunu durğuz, iti aparaq Hövsan tərəfdən dənizə atıb qayıdaq.
– Axı ölməyib hələ, ölsün, sonra apararıq.
Tutu hövülləndi:
– Bəlkə biz səhər işə gedəndə gördük ölüb, onu necə götürərik qonşular baxa-baxa? Bu işi sabaha qoymaq olmaz. Cəhənnəmə ki, ölməyib, atarıq suya, orda canı çıxar. Sən onun səsinə fikir verdin?
Lumu başıyla təsdiqlədi.
– İtin səsi məni yaman qorxudur. Gəlin eşitsə, ata-anasına deyəcək. İndi də qancıqların dilində söz olacağıq.
***
Onlar dənizin qırağına çatanda ay çox qəlbilənmişdi. Suyun içindən əsən sazaq üçünü də üşüdürdü. Tutu Fuadla köməkləşib iti maşının yüklüyündən yerə atdı. Köpək yerə dəyən kimi yenə həminki səsi çıxardı. Lumu itin qarnından çıxan səsini eşidəndə büzüşüb titrədi. İtin ayaqları, qarnının altı sidiyinə bulaşmışdı. Fuad başladı deyinməyə:
– Siz iki bacı nə hoqqa çıxarırsız, bilmirəm. Mənim maşınımı kim təmizləyəcək?
Su sahilə çırpıldıqca onları vahimə basırdı. İt hələ ölməmişdi. Tutu yenə əl-ayağa düşdü:
– Tez olun bunu ataq suya, rədd olub gedək. Səhər açılmamış girək evimizə, qonşular duyuq düşməsinlər.
– Ay xala, gəlin bunu elə burdaca qoyub gedək, gərək iti elə suya atasız?
Lumu ayıldı, əsməcəsi dayandı:
– Yox, suya atıb getməliyik. Sən get maşının sobasını yandır, biz gəlirik.
İt yenə Lumunun səsiylə zarıdı. Bu səfər də Fuad çimçəşdi:
– Ay maa, bunun səsi məni öldürdü, rədd eləyin getsin.
İtin qolları qaxacımışdı, çənəsi kilidlənmişdi, çarəsiz gözləri imdad diləyir, hərdən də zarıyırdı. Lumu irəli durub bacısının əllərindən tutdu:
– Nolar, sən doğub törəməmisən, qorxacaq bir yerin yoxdu. İrəli dur bu yaramazın leşini at suya, çıxaq gedək. Mənim balam var, ondan qorxuram.
İt yenə Lumunun səsiylə zarıdı. Tutu hikkəylə irəli atılıb itin arxa ayaqlarından yapışdı, dalın-dalın yeriyib heyvanı suya saldı. Lumu onların qumun üstündə açdığı yarğanla itin bir addımlığında irəliləyirdi. Fuad başını maşının sükanına qoyub huşa getmişdi.
Köpəyi suya salcaq dalğa onu yenidən sahilə atdı. Tutu suyun dodağında əllərini yaxalayırdı. Lumu lap irəli durub itin açıq gözlərinə baxırdı. Daha bir güclü dalğa özünü çatdırıb iti qoynunda atıb-tutdu. Bayaqdan əvədəyə düşmüş kimi bir böyrü üstə çalxalanan heyvan indi sanki suyun üzündə üzürdü, üstəlik başını da qaldırmışdı.
Lumunun içinə qəribə bir sevinc seli axırdı. İt gözünün qabağında irəli-geri gedib gəlirdi.
Tutu belini dikəldib bacısına tərəf dönəndə güclü bir dalğanın Lumunu itin ağzında dənizin içinə çəkdiyini gördü.
Ardınca sahilə vahiməli sükut çökdü. Tutunun içindən qaynayan səsin ilk sualı bu oldu: deputata nə deyəcəksən?..
6 aprel 2024-cü il