Panteizm tanrısının xəstəlikləri
- 14 Mart 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Hamsunun “Pan” romanı, adından da göründüyü kimi, başdan-ayağa panteizm saplarıyla toxunub. Sivilizasiyadan, saxta şəhər mühitindən qaçan leytenant Qlan meşədə bir daxmaya çəkilib ovçuluğa qurşanır, bitkilərlə, heyvanlarla qohumlaşır, lal-kar təbiətlə doğmalaşır, meylini meşəyə salır. İnsanlarla münasibət onu idillik cənnətindən ayırana qədər Pan adlı qədim tanrının – vəhşi təbiət, bar-bərəkət allahının kölgəsində yaşayır. Qlan əslində meşələr tanrısının öz bətnindən doğduğu, içinin milyon illik qaranlıqlarından zühura gətirdiyi canlı təcəllasıdır. Ağacların kök atdığı o qaranlıq qatlarda nə zəlzələlər, vulkanlar qaynadılırsa, hamısı Qlanın xarakterində, davranışlarında özünü büruzə verir.
F.Uğurlunun “Günəşin qatilliyi” yazısından
Knut Hamsunun “Pan” romanı haqqında
Fəxri Uğurlu
Norveç xalqının dünya ədəbiyyatına verdiyi iki ən böyük qələm adamından biri olan Hamsun uzun ömür yaşayıb çox yaratsa da, daha çox on doqquzuncu əsrin doxsanıncı illərində yazdığı dörd romanı – “Aclıq” (1890), “Misteriyalar” (1892), “Pan” (1894), “Viktoriya” (1898) adlı əsərləriylə, bir də 1920-ci ildə Nobel mükafatına layiq görülmüş “Torpağın bərəkəti” (1917) romanıyla tanınır. Yazıçı uşaqlığında, gəncliyində çox travmalar alıb çox ehtiyac çəkmişdi, əsəbləri pozulmuşdu, xasiyyəti korlanmışdı. Ancaq yüz minlərlə özü kimi, özündən də betər zədəli insandan fərqli olaraq çəkdiyi ağrı-acını sənətin dəyirmanında üyüdüb halal nemətə çevirə bilmişdi, həyatın ona vurduğu yaralara gül-çiçək toxumu əkmişdi, yaraları gül açmışdı. Əzab da, işgəncə də gerçək sənət adamının əlində xammala, əmtəəyə çevrilir, bəxti yeyin olanlara hətta qazanc gətirir.
Knut Hamsun təbiətin dilini dərindən duyan panteist idi. Əminəm ki, Avropada faşist hərəkatını dəstəkləməsi də bu düşüncədən irəli gəlirdi, instinktlərin tüğyanı ona təbiət tanrısının gərnəşib oyanması, özünə qayıtması, maskasını çıxarıb gerçək üzünü, əsl varlığını nümayiş etdirməsi kimi görünürdü. Bəli, panteizm maraqlı, sentimental olduğu qədər də təhlükəli dünyagörüşüdür. Qoca tarix duyğulu, sentimental, elsevər, yurdsevər, təbiətsevər tiranlara, atlara-itlərə, quşlara-böcəklərə can yandıran insan cəlladlarına az şahidlik eləməyib. Elə Hitlerin, Mussolininin, Frankonun başkəsənləri arasında da Motsartın, Bethovenin, Şubertin musiqisindən vəcdə gələnlər, Servantesə, Hegelə, Şopenhauerə, Nitsşeyə pərəstiş eləyənlər, antik dövrün ideallarından ilham alanlar az deyildi.
Panteistik düşüncə xeyirlə şəri bir-birindən ayırmır, Tanrıyla Şeytan arasından sərhəd çəkmir, ana təbiətin püskürtülərini, fırtınalarını heyranlıqla alqışlayır.
***
Hamsuna bənzər sənətkarların, düşüncə adamlarının gözüylə baxanda görürsən ki, faşizm də zəlzələ kimi, sunami kimi, vulkan kimi təbiət hadisəsidir. İnsan bədəni maddi aləmin bir zərrəsidir, məxluqatın cismən ən zəif olanı insandır. Fəqət o zəif vücud əzəmətli insan ruhunun kəşf elədiyi vasitələrlə silahlananda son dərəcə zalım, son dərəcə təhlükəli olur. Uzağa getməyə gərək yoxdur, planetimizin yaxın tarixi buna sübutlarla doludur.
Həm Allaha inanasan, həm də Hitleri dəstəkləyəsən, onu “xalqların hüquqları uğrunda savaşan mübariz insan” adlandırasan, anqlosakslara nifrət, onlarla eyni kökdən gələn almanlara rəğbət bəsləyəsən, Nobel mükafatının üstündə aldığın medalı Göbbelsə peşkəş verəsən – bunlar bir araya sığışa bilməz. Demək, sənin allahın hələ mükəmməl deyil, onun qədim zamanlardan, ibtidai cəmiyyətdən qalma budanmamış qol-budağı, yonulub hamarlanmamış düyünləri, peyvəndi tapılmamış xəstəlikləri var.
Panteizm də bəşəriyyətin erkən yaşayış mərhələsi olan animizm erasının xurafatından, şamanizmin mövhumatından, kollektiv ovun isteriyasından hələ tam arınmayıb. Odur ki, əvvəl öz tanrını, idealını mükəmməl şəklə salmalı, yalnız bundan sonra ona sitayiş eləməlisən. Ümumiyyətlə, yer üzündə hələ də ideal Tanrı surəti yoxdur, əvvəl onu yaratmaq, ardınca da ona layiq olmaq lazımdır.
***
Knut Hamsunun panteizm ruhunu ən yaxşı, dərindən-dərin ifadə eləyən əsəri “Pan” romanıdır. Roman təbiətin qoynuna sığınmış bir gəncin xislətindəki, davranışındakı qəribəlikləri maraqlı detallarla, dəqiq ştrixlərlə bizə göstərir.
Əsər sevgi mövzusunda yazılsa da, buradakı eşq, məhəbbət alışdığımız sevgi münasibətlərindən xeyli fərqli donda özünü büruzə verir. Burada sevgi yalnız xoşbəxtliyin müjdəçisi, ilahi gözəlliyin təcəllası, fədakarlığın təməli kimi göylərdən nazil olmur, əksinə, yırtıcı bir ehtiras, qurban istəyən fəlakət, qapıları döyən bəd xəbər kimi yerin şeytani dərinliklərindən, təbiətin bətnindən, torpağın qaranlığından zühur eləyir. Otuz yaşlı leytenant Qlanın sığındığı təbiət cənnətə bənzəsə də, öz qadir əlləriylə hər yerdə, hər evdə, hər canda cəhənnəm odu qalayır.
Epiloqu çıxmaq şərtilə roman Qlanın xatirələri, qeydləri kimi qələmə alınıb, yəni təhkiyə birinci şəxsin dilindən aparılır. Hansısa səbəbə görə sivilizasiyadan küsüb istefaya çıxmış leytenant Norveçin şimalında bir meşənin qoynuna çəkilib buradakı gözətçi daxmasında yaşayır. Onun yeganə həmdəmi ov tulası Ezopdur. Qlan ov ovlayıb quş quşlamaqla, bunlar mövsümə görə yasaqlananda balıq tutmaqla ruzisini çıxarır, özü də çox usta ovçudur, necə deyərlər, quşu gözündən vurur.
Ovçu ana təbiətin övladlarını doğma bacı-qardaşı kimi sevir, amma öldürməmiş onlara yiyələnə bilmir. Ovçunun təbiətə sevgisinin paradoksal cəhəti budur.
***
Tənhalıq onun vətəni, doğma evidir. Qlan təbiətə mümkün olduğundan da artıq yaxınlaşıb, hətta belə demək olarsa, onun sərhədini keçib, özünü onda əridib. Burada onun ruhu həm azad, həm də rahatdır. Meşədə hər yarpaq, hər böcək, hər quş onu, o da onları yaxşı tanıyır. Onun təbiət təsvirləri Turgenevlə yanaşı qoyulacaq dərəcədə mükəmməldir, leytenant canlı-cansız bütün meşə sakinlərindən öz doğması, əzizi kimi söz açır. Norveçin ən qədim allahlarından olan meşələr, çöllər, dənizlər tanrısı idillik Pan ovçu Qlanın tapındığı tək tanrıdır.
Yaxınlıqda balıqçı qəsəbəsi var, burada Mak soyadlı varlı tacir yaşayır. Onun Edvarda adlı gənc, gözəl bir qızı da var. Bir gün Qlan təsadüfən onlarla, bir də cənab Makın evinin daimi qonağı, qonşu icmada yaşayan axsaq həkimlə tanış olur. Bu görüş onun qəlbində xüsusi bir iz qoymur. Sahildə poçt gəmisini gözləyəndə gördüyü Yeva adlı cavan gəlinsə onun diqqətini dərhal çəkir, Qlana nədənsə elə gəlir o, dəmirçinin qızıdır. Əslində isə Yeva dəmirçinin qızı yox, arvadıdır.
Bu təsadüfi görüşlər yavaş-yavaş leytenantın sərhədini pozmağa, onun təkliyini doldurmağa başlayır. Yazın qüdrətiylə canına eşq havası dolan Qlan tədricən əlindən qaçdığı insan cəmiyyətinə sarı dartınır, onun qəlbində yeni tanışlıqlara, ünsiyyətə, sevib-sevilməyə ehtiyac yaranır.
***
Bir gün Edvardayla doktor Qlanın daxmasını ziyarətə gəlirlər. Edvarda leytenantın özü üçün yaratdığı şəraitə heyran qalır, onun nəylə, necə qidalandığıyla maraqlanır, təklif eləyir ki, Qlan bundan sonra naharını onların evinə salsın. Həkim onun ov əşyalarını, yaraq-əsləhəsini gözdən keçirəndən sonra nəzəri barıt qabının üstündəki fiqura – meşələr, çöllər, coşqun ehtiraslar tanrısı Panın əksinə ilişib qalır. Həkimlə ovçu arasında Panla bağlı geniş, maraqlı söhbət alınır.
Az keçmiş Qlan anlayır ki, Edvarda haqqında lazım olduğundan çox düşünməyə başlayıb. O, qızı yenidən görməyə bəhanə axtarır, günün birində cənab Makın qapısını döyür. Amma getdiyinə peşman olur, kart oynayan, mənasız söhbətlərlə vaxt öldürən qonaqların arasında vəhşi Qlan sıxılır. Edvarda isə ona xüsusi diqqət göstərmir. Gecənin bir yarısı daxmasına qayıdanda Qlan görür ki, cənab Mak dəmirçinin evinə sarı addımlayır. Bu, leytenantı çox təəccübləndirir.
Artıq Edvardanın da könlündə çırtıltı yaranıb, Qlanı görmək üçün tez-tez onun daxmasına gəlir, onunla meşədə görüşə çıxır. Qlan onu inandırmağa çalışır ki, ovçuluqla öldürmək xatirinə yox, dolanmaq, acından ölməmək naminə məşğul olur. Bunu deməklə yəqin o, qıza özünü soyuqqanlı qatil yox, əlini qana batırmağa məcbur qalan təbiət aşiqi kimi qələmə verməyə çalışır. Bax, tezliklə ov mövsümü bitəcək, quşları, heyvanları ovlamaq qadağan olunacaq, bundan sonra o, balıq tutmağa, dəniz sakinləriylə qidalanmağa başlayacaq. Edvardayla hər görüşündə Qlan ona meşədə yaşadıqlarını elə şirin dillə nağıl eləyir ki, qız ovçunun keçirdiyi duyğulara yoluxmağa başlayır.
Edvarda Qlanı kiçik adalardan birində keçirəcəkləri piknikə dəvət eləyir. Qız həmin gün onunla çox ərkyana davranır, onun boynuna atılıb dodağından öpməkdən belə çəkinmir. Leytenant bundan sıxılır, qızın ehtiyatsız davranışına düzəliş verməyə çalışır. Ertəsi gün tacir qızı onu sevdiyini dilə gətirəndə Qlan uçmağa qanad axtarır.
***
Fəqət onların sevgi tamaşası birgəlik yox, qarşıdurma şəklində səhnəyə çıxır. Ərköyün, dikbaş tacir qızı sevdiyinə təslim olmağı, qürurundan sevgiyə pay verməyi ağlına da gətirmir. Hərdən onun davranışı bütün etiketlərdən, normalardan sapıb ədəbsiz şəkil alır. Qlan da ipə-sapa yatan deyil, onun içində insanlara, xüsusən də varlı təbəqəyə səbəbi bilinməyən bir acıq, kin, nifrət var. Edvarda bu nifrəti maqnit kimi özünə çəkməyə başlayır. Görüş yerləri savaş meydanına çevrilir, sevgililər gah “sən”lə, gah da “siz”lə danışırlar.
Yeva da hərdən Qlanın komasına baş vurur. Bu gəlin çox təvazökar, sakit, zəhmətkeş, bunlarla yanaşı, saf ürəkdən sevə bilən, sevdiyinə sözün bütün mənalarında canını verən, üstəlik, verdiklərini təmənnasız verən sadəlövh bir qadındır. Yeva Qlanın dediklərini anlamasa belə leytenant onun ağuşunda özünü rahat, xoşbəxt sanır; ancaq ona rahatlıq, xoşbəxtlik gərək deyil, səadət, xoşbəxtlik onu bədbəxt eləyir, dinclik, rahatlıq onu narahat eləyir. O, tanrısı Pan kimi haldan-hala düşməyi, gül açıb sonra solmağı, ölüb bir də dirilməyi xoşlayır. Sabitlik, sakitlik, durğunluq onluq deyil, cənab leytenant aşüftəhallıqdan, pərişanlıqdan yanadır. Əslində o, təbiətin qoynunda dincliyinə qovuşmuşdu, təbiətdən cüda düşüb cəmiyyətə, insanlara yan almağı onun dincliyini pozdu.
Yeva biclik bilməyən saf ağlıyla onun halını anlayır, Edvardanı leytenanta unutdurmağa çalışır, di gəl, Qlanın qanlı beynini sarmış şeytani bir məhəbbət (əlbəttə, belə demək olarsa) qan-qada, dava-dalaş axtarır, bunlarsa Yevanın yanında yoxdur. Ona sakitlik, dinclik yox, emosiyaların partlayışı, instinktlərin tüğyanı, ehtirasların tufanı lazımdır. Yırtıcı baxışlı təbiət oğlu durmadan özünə dərd-problem axtarır, özünün olmayan malı özgələrə qısqanmağa başlayır. Edvarda onu qısqandırıb qarşısında diz çökdürmək üçün əlindən gələni əsirgəmir. Qız evlərində təşkil olunmuş balda axsaq həkimi tərifləyib onun Qlandan üstün olduğunu söyləyəndə leytenantın ehtirası quduzlaşır, qızın sözündə həqiqət payı olduğuna inandığına görə eynən doktorun axsadığı tərəfiylə axsamaq üçün o, silahıyla sol ayağını yaralayır, həftələrlə evdən eşiyə çıxa bilmir.
Günün birində Qlan özünü saxlaya bilməyib, ayağını müalicə eləyən doktordan Edvardayla aralarında nəsə olub-olmadığını soruşur. Həkimin ona canı yanır, Qlanı inandırmağa çalışır ki, Edvardanın güclü xarakteri olsa da, bu xarakterlə xoşbəxtliyə çatmaq mümkün deyil, çünki tacir qızı sevgidən çox şey umur, daim möcüzə gözləyir, ağ atlı oğlanın intizarındadır. Doktor burasını dilə gətirməsə də, məlumdur ki, elə bir hökmran xarakterlə heç ağ atlı oğlan da Edvardanın öhdəsindən gələ bilməz. Hələliksə qız özünün ötərgi sevgilərinə əyləncə kimi, oyun kimi baxır.
***
Bu yandan da tacir Mak evinə yeni qonaq gətirir. Baron nəslindən olan bu qonaq təbiət elmləri üzrə alimdir. Gözəllikdə, igidlikdə ağ at belində gələn cəngavərə əsla bənzəməsə də, oxşayır ki, Edvardanın qisməti elə odur. Təbiətdən pay aldığı həssas duyğularıyla leytenant da bunu duymamış deyil. Artıq Edvardanın başı təzə qonağa necə qarışıbsa qızın gözü nə Qlanı, nə də bir başqasını görür.
Leytenant bu müddətdə Yevanın ağuşunda təsəlli tapmağa çalışır. Ancaq dəmirçi arvadının lal məhəbbəti onun davakar ruhuna təskinlik verə bilmir, qana susayan Qlan intiqam istəyir, fəlakət axtarır. Bu yandan da tacir Mak onların münasibətini sezib rəqibindən can qurtarmağın yollarını arayır. Leytenant Edvardayla qarşılaşanda özünü soyuqqanlı aparmağa çalışır, qərara gəlir ki, daha ərköyün tacir qızına qəlbini oynatmağa imkan verməsin. Qlanla Yevanın münasibətindən xəbər tutan Edvarda başqasının arvadıyla görüşməyin ləyaqətli iş olmadığını leytenanta işarəylə qandıranda vəhşi baxışlı ovçu mat qalır; axı o indiyə qədər Yevanı dəmirçinin qızı bilirdi.
Tacir Mak gizli yolla Qlanın meşədəki daxmasını yandırdır, bununla da fəlakətlər silsiləsi başlanır. Leytenant sahildəki balıqçı komasına köçür. Bu dəfə təsadüfən dəvət aldığı məclisə getmək istəməsə də, ayaqları onu tacirin malikanəsinə aparır. Tədbirdə içib keflənən leytenant baronun qulağına tüpürür, bununla da məclis əhlinin görünməmiş heyrətinə, qəzəbinə səbəb olur.
Əməlindən peşmanlıq duysa da, artıq iş işdən keçib, şər metastaz verib, onun inkişafının qarşısını almaq mümkün deyil. Baronun yola düşməyə hazırlaşdığını eşidən Qlan hörmətli qonağın gedişini özünəxas şəkildə “qeyd eləmək” qərarına gəlir. Bunun üçün o, sahildəki iri qayanın altına barıt doldurur ki, gəmi tərpənəndə fitili yandırıb atəşfəşanlıq eləsin. Onun niyyətindən duyuq düşən Mak həmin vaxt Yevanı sahildəki qayığın yırtığını yamamaq üçün oraya göndərir. Partlayış baş verəndə zavallı Yeva daş qalağının altında qalıb həlak olur.
***
Payız növbəsini qışa verməyə hazırlaşanda leytenant Qlan da buralardan getmək qərarına gəlir. Niyyətini izhar eləmək üçün tacirin evinə dəyəndə Edvarda onun qərarını çox sakit, soyuqqanlı qarşılayır. Bircə istəyi bu olur ki, Qlan xatirə üçün Ezopu ona bağışlasın. Leytenant düşünür ki, tacir qızı bu iti yalnız əzizləməyəcək, onu tez-tez döyəcək, incidəcək, beləliklə də Qlanda qalmış qisasını zavallı itdən alacaq. Komasına qayıdanda o, sevimli köpəyini öldürüb Edvardaya Ezopun leşini göndərir. Bununla da Qlan öz aləmində qıza layiq olduğu tək hədiyyəni verir. Daha onları bir-birinə bağlayan canlı-cansız heç nə qalmır…
Romanın epiloqu “Qlanın ölümü” adlanır. Burada bizə məlum hadisələrin üstündən artıq beş-altı il keçib. Bu hissə leytenantın birlikdə Hindistana ova getdiyi bir nəfərin dilindən söylənir. Təhkiyəçinin qeydlərinə inansaq, Qlan burada özünü o dərəcədə azğın, həyasız aparır, az vaxtda ov yoldaşının dərin nifrətini qazanır. Açıq-aşkar duyulur ki, leytenant ucuz ölüm axtarır. Özünü öldürə bilər, ancaq ölümüylə də kimisə zərbə altına atmaq, günaha batırmaq istəyir. Qlan bu nifrəti, hiddəti ora qədər körükləyir ki, axırda yoldaşı düz sifətinə atəş açmaqla onu öldürür. Bununla da leytenant çoxdan axtardığı əcəlinə qovuşur.
***
Göründüyü kimi, Knut Hamsun kişiylə qadın arasındakı sevgini əsla müqəddəsləşdirmir. Onun məhəbbət kimi qələmə verdiyi duyğunu asanlıqla ehtiras, bundan ötə – nifrət adlandırmaq da olar. Bu məhəbbət (yaxud ehtiras, nifrət) Artur Şopenhauerin kor yaşamaq iradəsinə də, Fridrix Nitsşenin kar hakimiyyət iradəsinə də çox bənzəyir. Onun fəsadlarını, əməllərini Ziqmund Freydin libidosunun da boynuna yıxmaq olar. Əsas burasıdır ki, xristian allahına saf könüldən inansa da (hər halda bioqrafları belə deyirlər), Hamsunun başlıca əsərlərində şərə alternativ yoxdur, o bizə təbiətdə, o cümlədən insan təbiətində xeyirlə şərin, yaradıcı güclə dağıdıcı gücün iç-içə, yan-yana, can-cana olduğunu göstərmək istəyib.
“Pan”ın yazılmasından iyirmi neçə il sonra dünya savaşının xarabalıqları altında Freyd də bu qənaətə gələcəkdi. Bədii ədəbiyyat bütün başqa məsələlərdə olduğu kimi bu məsələdə də zamanı qabaqlamışdı…
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Anar
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında
Ağıldan müdrik gözəllik
Bir sülalənin intiharı
İman cəngavəri, əxlaq zadəganı
Traktat dilində poeziya
Kollektiv təhtəlşüurun elçisi
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Qırmızı qanın qara fəsadları
Adsız məzara işləyən tarix
Sözü özünə bənzəyən şair
Məbəddən emalatxanaya
Uçmaq istəyən balıq
Yazıçının tutmayan fəlsəfi calağı