Yaxşı adam
- 01 Mart 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Xaqani Qayıblı – 60
İstəyən üçün bu dünyanın ən asan işi yaxşı adam olmaqdır! Əzəlində bir az enişi-yoxuşu var, amma həyat tərzinə çevirəndən sonra “yaxşı adam” kəlməsi boyuna biçilir. Özün öz əlinlə şərin yolunu bağlayırsan və ondan sonra ha istəsən, yenə də pis adam olammazsan. Beləsinin saleh əməlləri sapa düzülmüş muncuq kimi ömür təsbehini tamamlayır: gözütox olmaq, qismətə boyun əymək, dünyanın şirinliyinə aldanmamaq; daim xeyirxahlığa can atmaq; hədyan danışmamaq, dilinə sahiblik etmək, xoşnud olmaq; zülm hesab ediləcək şeylərə yaxınlaşmamaq; müdrik və xeyirxah insanlarla birgə olmaq; sadə yaşamaq, təvazökar olmaq; israfçı və sadəlövh olmayacaq həddə əliaçıq, ürəyiaçıq olmaq; bütün canlılara, yaradılışa qarşı rəhmli olmaq; güman yeri, cəmiyyətə gərəkli olmağa çalışmaq və bir gün öləcəyini unutmamaq. Bunlardan savayı başqa sifəti olmur yaxşı adamın. Küçədə heç tanımadığı insana da sevgiylə gülümsədiyinin niyəsini yaxşı bilir. Bu nəvazişlə əmindir ki, ona dərdini azca da olsa unutdurur. Onun hafizəsində yaxşı adam kimi qalmaqla bərabər insanları sevməkdə nə böyük hüzur olduğunu qarşıdakına da ötürmək istəyir. Məqsədli olaraq sevgini bu şəkildə küçədən şəhərə, ölkədən dünyaya yayır yaxşı adamlar!..
Bu yaşımadək bacardığım üç-dörd şey varsa onlardan biri də yaxşı adamı ilk təmasdanca tanımağımdır. Bəlkə də anormallıqdır. Amma belə adamların başında sehrli bir halə olur. O haləni qoxusundan, rəngindən, ilk “salam” pıçıltısından tanıyıram. Təsəvvür edin, yalnız feysbukdan virtual tanıdığın – heç üzünü görmədiyin biri səni şəstlə, ərklə övladının toyuna dəvət edir: “Azərbaycanda hər deyəndə olmuram. Dekabrın 22-si qızımın toyudur, səni dəvət etməkdən özümü saxlaya bilmirəm. Səni görmək və bağrıma basmaq istəyirəm…”
Özümü onun yerinə qoyuram və ərkindəki məhrəmliyə toxuna bilirəm. Bu, yaxşı bir adamın səmimi ərkiydi. Nə qədər nanəcib olasan ki, bu çağırışa yüyürməkdən boyun qaçırasan, bəhanə axtarasan. Dodağım uçuxlamışdı, adam içinə çıxası halım yox idi. Amma getməsəydim saxta, qondarma bəhanə olardı… Və mən Xaqanini bircə dəfə, elə 2018-ci ildə, qızının toy günündə gördüyümdür (Allah Xaqanini övladlarıyla birlikdə dünyanın ən xoşbəxt insanı eləsin!). O toyda uçuğumun suyunu Xaqaninin, çoxdandır görmədiyim Rüstəm Kamalın yanağına sürtdüyümü də vecimə almadım. Çünki elə bir sevgi haləsinin ortasına düşmüşdüm ki…
Toydakılar qonaq deyildi, hamısı Xaqaninin dogma qardaşları qədər sevdiyi, ərk elədiyi adamlar idi. Xaqani onları bir arada görməyin sevincindən göylərdə uçurdu. Bilmirəm, “qərib” bircə mən idim, ya yox, amma bütün toylarda 2-3 saatdan artıq oturmağa səbri çatmayan mən, toyun sonlarınadək elə orda tanış olduğum Ehtiram İlhamla simsar “dərdiş” notlarındaydıq. Mən məmləkətimin söz adamlarını koma halında bircə dəfə o toyda görmüşəm. Həm də onda bildim Xaqani Qayıblının şair olduğunu və qürbətdə yaşadığını…
Yaxşı adam olmaq, üstəlik, şair olmaq, həm də qürbətdə vətən dərdiylə ürəyinin cızdağıyla şeirlər yazmaq:
Xaqani der: şəkk etməsin ozanlar,
“Arif olan mətləbimi tez anlar”.
Könül verib Haqqa, şeir yazanlar
Sözü ömür piltəsinə yağ eylər!
44 günlük müharibənin şadyanalığıyla da bunu yazmışdı: ”Siz heç doluxsuna-doluxsuna oturduğunuz yerdən qalxıb televizorun ekranından öpübsünüzmü, bilmirəm… Hələ sırada özlərindən xəbərsiz bağrıma basıb gözaydınlığı vermək istədiyim və o günü dörd gözlə gözlədiyim Mahir Mehdi (Şuşa), Xanəmir, Rəşid Bərgüşadlı (Qubadlı), Fəxri Uğurlu (Laçın), Nəsib Verdiyev, Elməddin Nicat (Kəlbəcər), Qulu Ağsəs (Ağdam) kimi doğmalarım var…” – qürbətdə sevinmək Tantal əzabıymış demək. Betər dərddir!.. Onu qürbətə hansı rüzgar atıb, bilmirəm, amma şeirlərindəki işığın kölgəsində həmişə qəriblik işarır. Bu leytmotiv onun vətən şeirlərində də, sevgi şeirlərində də eyni rəngdə qabarır:
Ürəkdə sevgiyə bax,
Sevgidə ülgüyə bax –
Hər səhər güzgüyə bax,
Bax, məni gör – sizdəyəm!
Boz zəmanədir. Etinasızlıq, keylik ətrafda yox, insanların daxili aləmində, ruhunda və vicdanındadır. Fərdin kamilliyə yetişməsi hələ hər şey deyil, hətta bu, cəmiyyətin faciəsidir. Cəmiyyət kamil olmalıdır, cəmiyyət! Heç bir mövcud cəmiyyət insanlığı səadətə qovuşdura bilməz – özü kamil olmadıqca! Möminlər özlərini böyük mətah sayırlar, amma əsl möminliyin başı insanları sevmək olduğunu anlamaqdansa, cənnət-cəhənnəm xülyalarıyla baş girləyirlər. Heç kim isti ocağını, firavan vətənini qoyub yad ocağında qızınmaz. Hətta bu ocağın sahibi prezident olsa da!
Özüm nasir sayılıram, amma nəzmin aşiqiyəm. Onu da təsdiq edirəm ki, şairlər sözü cilalamaqda nasirlərdən daha ustadırlar. Onlar sözün çəyirdəyini qırıb içindəki mətin dadına vara bilirlər, onu cilalayıb işığa tuta bilirlər. Xaqaninin şeirlərini küll halında oxumuşam, hələ məqalə də yazmaq istəmişəm. Yaddaşımda qalanları bircə cümləylə ifadə etmək lazım olsa, deyərdim, Xaqani böyük qalaktikada düşünən şairdir! Sevginin əzəməti, həyatın mənası və ölümün sirrini elə onların özündə olduğunu bilir. Onun içi və çölü, dili və ürəyi birdi. Xaqani şeirlərində özünü olduğu kimi yarada bilir. O, biclikdən və qeyri-insani olan bütün xislətlərdən arınmış adamdır. Dünya malında gözü olmayan tox, ərdəmli və daha çox da ərmiş adamdır. Dərviş kimi diyarbadiyar gəzib fərqli mədəniyyətlər görməsi isə çox da məhsuldar olmayan nəzmini zəngin, çeşnili edir, unikallaşdırır. Şeir dili isə çox mükəmməldir! Bu cür ahıl, rəvan, səlis, müdrik aşıq dili deyəsən, Borçalı şeiriyyatında oturuşmuş xəzinədir (çünki İbrahim Təkləlidə də bu var). Xaqani sözün özünü yox, yükünü qoyur mətnin çiyninə. Bu şeir-peyzajlarda tənqidçi kimi “bəd niyyətlə” əl atdığın xırda “qulplar”dan yapışmaq olmur – əl istər-istəməz sürüşür və adam yıxılanda mətnin çölünə yox, yenə də içinə düşür. Hisslərin səmimi, azad və fərqli manerası kiminsə təkrarı heç deyil. Hamının yazdığı və yaza biləcəyi çeynənmiş mövzunu Xaqanidə tapa bilməzsən. Demək, yazacaqsa, necə və niyə yazacağını bilən şairdir. O, ancaq tam fərqli bir mövzu, ya da o mövzuda məhrəm hissi daha fərqli ötürmək imkanı tapanda sarılır qələmə. Burdan gəlir onun “tənbəlliyi”.
Məhşər Günü Səsə dönüb
şeir desəm öz ağzımnan,
məni Sözümə bağışla –
qurtar məni Söz ağzından!
Hisslər, fikirlər onun canından süzülüb, fərqli müşahidəsindən gəldiyi üçündür ki, hamıdan fərqli yaza bilir. “Daley-daley”, “nanay-nanay” tipli dayaz fikirlər onluq deyil, yazanda mətləbi eninə yox, dərininə şaxələndirir. Bir sözlə, Xaqaninin külüngü dağdan iri qayalar qoparmağa qadir dilli-dilçəkli-dişli külüngdür. O, nəzmin nə olduğunu, yazı prosesinin nəyə xidmət etdiyini, necə yazmağın yol-yolağasını bilən təvazökar şairdir.
Təsəlli olsun deyə
səninlə bağlı günlərin
xatirəsini yad etmək üçün
‘‘bir dəqiqəlik sükut’’
təklif etdim yaddaşıma
İÇİMDƏ FIRTINA QOPDU!!!
Nə qədər əclaf adam olsan və yaxşı olmağa tövbə etsən, bilməlisən ki, yaxşı olmağı bacarmaq tək sənin əlində deyil. Yaxşı adamı ailə tərbiyəsi, el-oba tənəsi, məktəb, sonra cəmiyyət yetişdirir. Allahın qədəri də mühümdür. Allah bizi zaman adlı kəhər ata mindirib dayanmadan atı qamçılayır. Atın üstündəki bizik – aralıdan çapar kimi görünürük, amma qamçı “at” sahibinin əlindədir. Köhlən atını dayanmadan qamçılayan bədrəftar çaparı heç atın özü də sevməz. Atın hər kəhiltisi bir lənətdir! Lənəti bizə gəlir, hikməti Yaradana. Nə ata rəhmi gəlir, nə də üstündəki çapara. Biz bu atdan düşmək, yol boyu gözümüzün çaldığı güllü-biyabanda sərilib uzanmaq, şələmizi qabağımıza qoyub içinə baxmaq istəyirik. Ancaq atın yəhərinə tikilmişik sanki – düşə bilmərik. Quşqunu qanıyanadək atı qovur, “Durma, tələs!” deyir. Bizi atla birlikdə ölənədək dürtmələyir. Bir maşın icad edilsə, insan ona minib özünü və ölümü ötə bilsə, hə, bax onda xilas olduq. Yoxsa zaman bizimlə birgə öləndə hüzura qovuşacağıq…
İnsanlar pis və naşükür deyil. Kimsə onların ağlına yeridib ki, onlar murdar məxluqdur. “Ağıllılar” deyir ki, barmağının beşini də bala batır, sox filankəsin ağzına, yenə də naşükürlük edəcək. Amma məsələ orasındadır ki, barmaq yiyəsinin qanacağı olsa qüslsüz barmaqlarını bala, sonra da ağzımıza dürtməz. Ömürdü də, yaşayırıq… Amma insanın özünü dərk etməsi üçün zaman çox qısadır.
Allah göydən baxır, yazıq millət olsaq da, gözəl millətik! Bilə-bilə uydurulan hər yalana xirtdəyəcən inanırıq. Təsəllimiz odur ki, bir gün hamı mütləq öləcək. Yoxsa uzaq Amazonda bir nəfər ölümsüzün peyda olduğunu bilsək, hamımız onu öldürməyə cumardıq. Çünki Allahın ədaləti pozulmuş sayılardı… Bircə hüzurumuzu zorlamasınlar və bizi vətəndən didərgin salmasınlar…
Bu zülmət gecənin sabahında
növbəti bir sınaq
yanımda-yörəmdə
pıçıltılar
səslər
nəfəslər
Uzaq bir məmləktdə
halalım məni səslər
həsrətimin qolu üstə baş qoyub…
Oyub, bu həsrət içimi oyub!
Xaqani, həqiqəti bilmək böyük dərddir, qardaş. “Çəksən başını həyatın – ömrün çiləsi çəkilməz!” – insan ömrü qürbətdə qüssə içində keçər. Qüssəli olanda keçən ömrün nə qədər uzun olduğunu anlayar insan. Amma ömür çox qısadır. Allah bəzən tərəddüdlə bir eşq dilimi göndərir bizə, sonra da fitil-fitil gətirir burnumuzdan. Artıq yekə oğlansan, 60 yaşın var. Dön gəl vətənə. Qoy Estoniya prezidenti özünə başqa tərcüməçi axtarsın. Əsgər öz işini gördü, indi alimin vaxtı yetişib. Şəhid qanıyla yazılanları oxumaq üçün alimin mürəkkəbinə ehtiyacımız var. Sülh müharibədən daha artıq qətiyyət və səbr tələb edir. Elə bilirsən ki, hər şey qaydasındadır, amma bircə təpiklə vurub hər şeyi dağıda bilərlər.
Oyrəli huş məni aparıb, görürəm ki, pəh, isti odun sobasıdır! Yanına qoyun dərisi sərib uzanmışam üstünə. Başına da iri nalça-mütəkkə atıb dirsəklənmişəm. Bir kasa duzsuz şora bir qaşıq kərə yağı qatıb əridirəm. Urvası hələ üstündə olan yuxanın arasını şorla silələmə doldurub nataraz stəkandakı kəkotulu çaya üçcə qaşıq şəkər tozu qarışdırıram. Kürəyimi çevirmişəm sobaya. Hörtdədirəm dürt deyincə şirinçaydan, gəmirirəm isti dürməkdən. Bircə, sobanın o biri yanında simsar adam çatışmırdı dərdləşməyə.
İndi – bu saat
bu meşənin qırağında,
bu çölün düzündə
məni yalnız qoymaya
bu qürbətin Göyüzündə
şimşək atam, bulud anam…
qəfil bir yağmur başlaya –
torpaq kəndimiz qoxuya,
mən havalanam!
Mən də otuz bir ildir bilirəm qürbətin nə oluğunu. Havalanmamış, gəl yanını söykə anrıkı mütəkkəyə, qardaş. Sən yaxşı adamsan, müdrik adamsan. Artıq hüzura ehtiyac duyan yaşdasan. Hüzur vətən torpağında, havasında, simsarlarının yanındadır. Gəl, gəl, gözüm nuru, gəl vətəni birlikdə ağlayaq. Qoy yeməyə lap quru şordürməyin olsun, amma yetər ki, dürməyi ortadan bölməyə dost-qardaşın yanında olsun…
Rəşid Bərgüşadlı