
Qoy bitsin bu sevginin mənə açdığı savaş
- 12 Dekabr 2023
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Fransisko Qomes de Kevedo 1580-ci ildə Madriddə, kübar kastiliyalı ailəsində doğulub. Uşaqlıq illəri valideynlərinin xidmət etdiyi Kral sarayında keçib. Əvvəl yezuit İmperiya məktəbinin müdavimi olub, sonra Valyadoliddə universitet təhsili alıb. Tələbə ikən müstəqil şəkildə fəlsəfənin əsaslarını, ərəb, ivrit, fransız və italyan dillərini öyrənib. Lope de Veqa və Servanteslə dostluq edib.
1611-ci ildə dueldə iştirak ucbatından doğma vətəni tərk etmək məcburiyyətində qalıb. Bir müddət Neapol vitse-krallığının naziri kimi diplomatik əməliyyat¬lar¬da, İtaliya yürüşlərində bilavasitə iştirak edən Kevedo Saraya yalnız kral III Filipin ölümündən sonra, 1621-ci ildə qayıda bilib. 1632-ci ildən yüksək dövlət xadimi kimi kral IV Filipin katibi olub. Lakin krala və onun sevimli əyanlarına yazdığı kəskin satirik şeirlərinə, pamfletlərinə görə 1639-cu ildə həbs olunub və dörd il ağır məhbəs həyatı yaşayıb. Həbsxanadan çıxandan az sonra, 1645-ci ilin sentyabrında vəfat edib.
Luis de Qonqora ilə birlikdə (hərçənd qonqorizmin qatı əleyhdarı olub) Qızıl dövr ispan poeziyasının ən parlaq siması sayılan Kevedonun şeirləri Pedro de Espinosanın “Məşhur şairlər gülüstanı” antologiyasına hələ 1605-ci ildə təqdim olunsa da, bu şeirlər yalnız şairin ölümündən sonra nəşr edilib.
Sevgi və Ölüm sonetləri
QOY BİTSİN BU SEVGİNİN MƏNƏ AÇDIĞI SAVAŞ
Alov saçan, qan tökən qorxunc silahlarınla
Gör haçandan amansız savaş açmısan mənə.
Tapdağa döndüm artıq ayaqlarının altda,
Heyim yox, taqətim yox bir an nəfəs dərməyə.
Lap tutaq ki yenildim, uduzdum bu savaşda,
Nə vəd edir bəs sənə görən o zəfər tacı?
Onsuz da ac əsirtək mən əyilmiş bu başla
Özgəsindən umduğum sədəqəyə möhtacam.
Sən ey zalım cəlladım! Ey daşürək mələyim!
Bir az boşalt boynuma keçirtdiyin kəndiri –
Nəfəs dərim qoy bir az… boğuldum, yetər artıq!
Sonra zülmünü artır, yenə daralt ilgəyi –
Axırda var gücünlə son zərbəni endirib
Mənimlə bu savaşı biryolluq bitir artıq.
GƏNC RAHİBƏYƏ VURULMAQ
Tanrıların qeyzinə, qəzəbinə tuş gələn
Tantalın rəvayəti hardan düşdü yadıma:
Saf suların içində yazıq suya təşnədir,
Şipşirin meyvələrin həsrət qalıb dadına.
Su içmək istəyəndə dərhal yoxa çıxır su,
Meyvə dolu budağa əli çatmır acanda;
Anbaan heydən salır aclıq, susuzluq onu –
Yüz illərdi inləyir naz-nemətin içində…
Sənin bu pritçada gördüyün öncə nədir? –
Var-dövlətin insana verdiyi işgəncədir!
Mənsə gənc rahibəyə bir sevgi gördüm bu dəm:
Saf suyun, bol nemətin böyründə dayansa da,
Aclıqdan üzülsə də, susuzluqdan yansa da –
O hərdən əl uzadır onlara… yalnız hərdən.
ƏZAB ÇƏKMƏYƏ MƏHKUM
FASİLƏSİZ VƏ MÜDDƏTSİZ
Hələ başa çatmayıb qışın yazla davası:
Otlağa dolu düşür, meşəyə qar ələnir.
Amma inadkar aprel çalır öz havasını –
Yavaş-yavaş hər tərəf yaşıllığa bələnir.
Düzənliyə cumur çay bənd-bərəni aşaraq,
O da aprel kimidir: sözəbaxmaz, inadkar;
Daş-çınqılla doldurub ağzını çeşmə qoçaq
Dəcəl, şıltaq küləklə xosunlaşır o ki var
Yalnız sonuncu qarla başa çatır bu qovğa:
Ağ örtüyə bürünür zirvələr qışsayağı,
Badam da lovğalanır öz bahar duvağıyla…
Təkcə mənim qəlbimdə bir çiçək də açmadı,
Bir ot da göyərmədi dolunun ucbatından,
Meşəm isə kül oldu ildırımın odundan.
QOY GÖRSÜNLƏR SEVGİYƏ SONSUZ SƏDAQƏTİMİ
Bu susqun iztiraba imkan verin, danışsın –
Gör nə qədər lal qalıb ürəyimdə bu bədbaxt!
Qoy lap dəli olum mən, ağlım çıxsın başımdan:
Bir qazanda qaynamaz ağılla sevgi heç vaxt.
Gəmirdim daş qəfəsin dəmir barmaqlığını –
Zindan da azlıq edir, dar gəlir bu zillətə.
Gözümə tor çəkəndə məhbəsin qaranlığı
Sinə gərdim bu yolda yenə hər əziyyətə.
Mən heç zaman heç nədə sevinc duymadım, haşa:
Mükafatsız yaşadım bir ömrü başdan-başa,
Ölüm də qəbulumdur sorğu-sualsız, nə qəm!
Amma bu sön sözümü çatdırın o zalıma,
Qoy bilsin o daşürək, yanmasa da halıma:
Onu sevib yaşadım, sevərək də ölürəm.
ƏTRAFDA HƏR ŞEYİN ÖLÜMÜ XATIRLATDIĞINDAN SÖZ AÇAN SONET
Baxdım doğma vətənin miskin divarlarına:
Bir zamanlar necə də möhkəm dayanmışdılar!
Keçib-getmiş günlərin ağır tapdağı altda
Çoxdan uçub-dağılmış, xaraba qalmışdılar.
Çölə baxıb nə gördüm: günəş içir bayaqdan
qışın qar-sazağından xilas etdiyi çayı;
Dağlar arasındakı dar keçiddə nahaqdan
gözləyirdi sürülər günəşdən şəfəq payı.
Evə girib nə gördüm: ötüb-keçən günlərin
Miskin kölgəsi qalıb hər küncdə, hər bucaqda;
Keçmişlə cəngə çıxan qılıncım da yenilib,
Çomağım da əyilib, təslim olmuşdu çoxdan.
Gözümə dəyən hər şey sanki mənə haçandı
Burda meydan sulayan ölümdən söz açırdı.
LAL MƏHƏBBƏT
Gözlər! Heç vaxt sevginin sirrini faş etməyin!
Susqun dildir qoruyan onu hər cür bəladan.
Nə qədər kamildisə məhəbbəti ürəyin –
Bir o qədər dərindir ürəkdəki yara da.
Qadağaya baxmayıb gözdən yaş axsa hərdən
Dərhal qurudar onu əzab çəkən lal ürək.
Əzabkeşlik yanğısı imkan verməz ki bir dəm
Gözlər pozsun bu əhdi acı yaşlar tökərək.
Çəkdiyiniz əzabın önündə baş əyərək
Qoruyun qəlbinizdə onu göz bəbəyitək –
Təsadüfən kiməsə açmayın bu sirri siz.
Onsuz da əlçatmazdır vüsal sevgidən ötrü,
Qoy qorusun bu sirri sevən qəlbin xətrinə
Lal diliniz, bir də ki qupquru kipriyiniz.
AŞİQİN DİNCLİYİ YOX
Dinclik, can rahatlığı hamınn arzusudur,
Sığınmağa yer gərək, yuva gərəkdir ancaq:
Quşdan ötrü – havadır, balıqdan ötrü – sudur,
Salamandra üçün oddur bu sığınacaq.
Yalnız öləndə tapır öz dincliyini insan –
Qara torpaqlar altda unudur dərdini də;
Amansız əzablara məhkum kimi doğulan
Tək mənəm ki, çəkirəm bunların dördünü də:
Gözlərim qan ağlayır axıtdığım şor sudan,
Dilimdən qopan ahlar dəlir-deşir havanı,
Ayağım yağır olub torpağı şumlamaqdan,
Ürəyim də, canım da daim od tutub yanır.
AŞİQ ÖZ GİLEY-GÜZARINI DİLƏ GƏTİRMƏKLƏ LİSİDANI SONRAKI PEŞMANÇILIQDAN QORUMAĞA ÇALIŞIR
Çoxdandı taleyimdən ölüm diləyirəm mən:
Həyat mənə, Lisida, ölümdən zordu deyə;
Heç vaxt sevilməsəm də, yenə peşman deyiləm
Könül verdiyim üçün bu ümidsiz sevgiyə.
O incə nəzərini göydə tutdum, Sirena:
Baxışın işıqlanır qaraldıqca bu yarğan…
Çox nahaq bağladılar məni bu miskin dora –
Sən gəmini səsinlə qəzaya uğradanda
Məhv olub gedərəm mən. Ötən hər saat ancaq
Sənin də baharını saraldıb-solduracaq.
Günbəgün solub-gedən sonsuz gözəlliyindən
Axırda heç nə qalmaz yaddaşında kimsənin –
Daha kömək eləməz heç bir sevginin gücü
Keçmiş təravətini bir də qaytarsın sənin.
LİRİK LETRİLYA
(Letrilla – xalq mahnılarından qaynaqlanan, XVI-XVII əsrlərdə ispan poeziyasında populyar olmuş ədəbi janr. Letriliyada, adətən, simmetrik bəndlər bir neçə dəfə təkrar olunan refrenlə (nəqarətlə) bitir.)
Nəyinlə öyünürsən, qızılgül, de, nəyinlə
adsız-sansız güllərin, çiçəklərin içində?
Sabah bir-bir dönəcək tikanlı iynələrə
bu gün sənin gur açmış incə ləçəklərin də.
Gözəllik havasıyla bu cür qürrələnməyin
nə mənası var axı?
Uzun çəkmir arası doğulmaqla ölməyin –
açılmaqla solmağın.
Elə o solduğun gün
həyatın rəngini də, ölümün çəngini də
Öz gözümüzlə görüb
heç bilmədik neyləyək: ağlayaq, yoxca gülək?
Gözəllik tez tükənir –
uzağı, sübh çağından qüruba qədər çəkir;
Solur göz baxa-baxa –
sonra da yoxa çıxır, geri dönmür bir daha.
Nəyinlə öyünürsən, qızılgül, de, nəyinlə
adsız-sansız güllərin, çiçəklərin içində?
Sabah bir-bir dönəcək tikanlı iynələrə
bu gün sənin gur açmış incə ləçəklərin də.
Di bəsdi, çox öyünmə –
yığdı məni boğaza sənin müştəbehliyin;
Çox da sinənə döymə –
hamısından gözəlsən, amma qulaq as deyim:
Heç macal da tapmadan
sökülən dan yerinin bələyindən çıxmağa
Görərsən, göz açmadan
gecənin kəfəninə bürünmüsən sən daha.
Sənin bu şahlığının ömrü qısadır, qısa
hər cür otdan-alaqdan;
Şahanə çiçəklərə yer yoxdu aramızda! –
sırğa elə qulaqda.
Ömrün gödəkdir, gödək –
adi gül də, çiçək də, sarmaşıq da, biyan da
Başını yellədərək
altdan-altdan qımışır, baxıb gülür bayaqdan.
Nəyinlə öyünürsən, qızılgül, de, nəyinlə
adsız-sansız güllərin, çiçəklərin içində?
Sabah bir-bir dönəcək tikanlı iynələrə
bu gün sənin gur açmış incə ləçəklərin də.
Çevirəni Mahir N. Qarayev