Məhbus iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun qardaşı Qalib Toğrul özünün “Facebook” səhifəsində yazır ki, ailə üzvlərinin Bakı İstintaq Təcridxanasına göndərdiyi məktublar ona yetişmir: “Avqustun 15-də mənim və anamın Qubada məktubları dövlət poçtu vasitəsilə Bakı İstintaq Təcridxanasına yola salınıb. Sənədlərdən görünür ki, mənim məktubum avqustun 30-da, anamın məktubu sentyabrın 7-də ünvana təqdim edilib. Ancaq məktublar qardaşıma verilməyib. Təkcə bizim məktublar deyil, ümumiyyətlə heç bir məktub qardaşıma çatmır. Ona görə anam Həqiqət Həsənovanın qardaşıma yazdığı ikinci məktubu ictimaiyyətin diqqətinə çatdırıram: “Salam Qubad! Qalib deyir məktubumu sənə verməyiblər, ananı baladan ayıranlar bunu da bizə çox görüblər.
Yazmışdım özünü istidən, əsəblərini pis adamdan, pis rəftardan qoru. Səhhətinin qeydinə qal, dərmanlarını vaxtında qəbul elə.
Darıxma, bəlkə pis adamın ömrü-əli uzundur, amma pis günün ömrü qısadır.
…Bu məktubu ananın sənə yazdığı məktub kimi oxuma, haqsız yerə məhbəsdə olan bütün övladlara analarının məktubu kimi oxu!
Tez-tez məndən soruşurlar ki, 5 uşağı təkbaşına necə belə əxlaqlı, ədalətli, elmli böyütmüsən. Qoy bu sualın cavabını yazım, qalsın, dünyanın işini bilmək olmaz.
Mən övladlarıma ədəbiyyat müəlliməsi kimi ədəbiyyat öyrətmişəm, ədəb-ərkan öyrətmişəm. Ana kimi şəfqətimi, sevgimi vermişəm. Atalarının yoxluğunu hiss etdirməməyə çalışmışam. Ancaq mən övladlarıma həyatı öyrətməmişəm. Onlara nə zaman necə qərar verməyi təlqin eləməmişəm. Mən övladlarımın seçimlərinə həmişə hörmətlə yanaşmışam.
Qubad, mən həmişə səninlə fəxr eləmişəm. 10-cu sinifdə oxuyanda respublika olimpiadasında 1-ci yeri tutanda da, institutu qırmızı diplomla bitirəndə də, gənc yaşında alimlik dərəcəsi alanda da, dünyanın sayılıb-seçilən universitetlərində dərs deyəndə də.
Siz uşaq olanda həmişə elm öyrənməyinizin, yaxşı oxumağınızın tərəfində olmuşam, sizin elmli olmağınızı arzulamışam. İstəmişəm mənim övladlarım elmlərinə, biliklərinə görə başqalarından fərqlənsinlər, ataları kimi savadlı olsunlar.
30 ilə yaxın orta məktəbdə ədəbiyyat dərsi demişəm, o vaxt tədris proqramında olan “Moabit dəftəri”ni keçəndə ağlıma da gəlməyib ki, oğlum Musa Cəlil kimi qəhrəman olsun. Mən səni həmişə alim kimi təsəvvür eləmişəm. Ancaq sonradan, ədalətsizliklərə, haqsızlıqlara şahid olanda başa düşdüm ki, insanın ən qiymətli keyfiyyəti onun elmi deyil, ədalətidir, vicdanıdır! Ailəsinin qayğısız yaşamasına, başının dinc olmasına çalışan alimin elmi, biliyi nəyə, kimə gərəkdir ki?! Neynirəm o qızıl teşti ki, içinə qan qusacam!
Qubad, mən həmişə səninlə bilirsən ən çox nəyə görə fəxr eləmişəm? Ədalətli olduğuna görə, kasıbın, yetimin, haqqı yeyilənin tərəfini saxladığına görə, haqqı nahağın ayağına vermədiyinə görə. Min illərdir dünyada xeyirlə şərin mübarizəsi gedir. Əgər bu mübarizədə şər qalib gəlsəydi, bugünkü dünyamız da olmazdı.
Bu dünyanın zülmü ərşə dayanan fironları varsa, Allahın kürəyində durduğu Musaları da var. Allah kürəyində dursun!”
Novator.az bildirir ki, 1971-ci il sentyabrın 12-də Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulan Qubad İbadoğlu Azərbaycan Dövlət İqtisad Universitetini və həmin təhsil ocağının aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.
Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
“Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.
Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatının, 2021-ci ildə həmin qurumun bazasında yaradılmış Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri seçilib.
Qubad İbadoğlunu 2023-cü il iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Onun Türkiyədə terrorçu şəbəkə sayılan FETÖ ilə əlaqədə olduğu iddia edilir. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə başlayıb, avqustun 25-də işə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamı da əlavə olunub.
Qubad İbadoğlu hipertoniya, şah damarın genişlənməsi və şəkərli diabetdən əziyyət çəkir, həbsdə səhhəti ağırlaşıb.
Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?
“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”
Qubad İbadoğlu: iddialar üzə çıxır
Qubad İbadoğlu 4 aylıq həbsə getdi
Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı
Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib
Qubad İbadoğlu yenə həbsdə saxlandı
Qubad İbadoğlunun səhhəti pisləşir
Qubad İbadoğlu: cinayət işi böyüyür
Qubad İbadoğlu: kitab əngəli var