Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iyulun 23-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunu Sumqayıt-Novxanı yolunda tutub. Novator.az-a danışan partiya sədrinin müavini Ədalət Yusub deyib ki, Novxanı qəsəbəsində yaşayan Qubad İbadoğlu həyat yoldaşı ilə bazarlıqdan qayıdarkən saxlanıb. Saat 15-də Qubad İbadoğlu evdə gənclərlə görüş keçirəcəkmiş.
Daxili İşlər Nazirliyi bildirir ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatı əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib: “Saxlanan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanıb. Hazırda tədbirlər davam etdirilir”.
ABŞ-da yaşayan islamçı alim Fətullah Gülənə bağlı çevrəyə Türkiyədə FETÖ adı verilib. 2016-cı il iyulun 15-də bir qrup hərbçi Türkiyədə hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Yüzlərlə adamın həlak olduğu qiyam yatırılıb. Hakimiyyət çevriliş cəhdinin Fətullah Gülənin planı olduğunu iddia edib. Bu iş üzrə minlərlə şəxs həbs olunub.
1971-ci il sentyabrın 12-də Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulan Qubad İbadoğlu Azərbaycan Dövlət İqtisad Universitetini və həmin təhsil ocağının aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.
Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, “Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib. London İqtisadiyyat Məktəbinin professorudur.
Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunan Qubad İbadoğlu 2015-ci ildən Azərbaycan Demokratiya və Rifah Hərəkatına rəhbərlik edib, 2021-ci ildə həmin qurumun bazasında ADR Partiyası təsis olunub, ancaq dövlət qeydiyyatına alınmayıb.
Bakı Apellyasiya Məhkəməsi iyulun 21-də ADR Partiyasının İdarə Heyətinin üzvü Hüseyn Məlikin inzibati həbsdən şikayətinə baxıb. Şikayət təmin olunmayıb.
Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan Hüseyn Məlik iyulun 14-ü paytaxtın 3-cü mikrorayon dairəsi yaxınlığında avtomobilindən düşürülərək tutulub. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Məlikə 20 sutkalıq inzibati həbs cəzası kəsib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
ADR-in İdarə Heyəti bəyanat yayaraq həbsi Hüseyn Məlikin həm ictimai həyatda, həm də sosial şəbəkələrdə siyasi fəallığı ilə əlaqələndirib.
Hüseyn Məlik xalq hərəkatının (1988-1991) öncül şəxslərindəndir, Xalq Cəbhəsinin, Müsavat Partiyasının üzvü olub.