Məhbus iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun səhhəti pisləşir. Qardaşı Qalib Toğrulun avqustun 7-də yaydığı açıqlamaya görə, Qubadın ürəyindəki problem həyati təhlükə yaradır, yüksək şəkər daxili orqanlarını zədələyir: “Son müayinədə Qubadın böyrəklərində neqativ dəyişikliklər, sol gözündə zəifləmə üzə çıxıb. Təcridxana rəhbərliyi və istintaq qrupunun psixoloji təzyiqləri üzündən qardaşımın sinir sistemi pozulub, qalxanabənzər vəzdə düyünlər əmələ gəlib. Qubadı mülki həkim briqadasının müayinə etməsi, saxlanma şəraitinin, sağlamlığının Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarətinə götürülməsi üçün fəaliyyətlərə başlamışıq”.
Bakı İstintaq Təcridxanasında saxlanan Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Bəyan edilib ki, Türkiyədə terrorçu şəbəkə kimi tanınan FETÖ-yə bağlı şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan Anar Əliyev Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Məlumata görə, Anar Əliyev ifadəsində Qubad İbadoğludan dollar aldığını iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, ofis kimi istifadə olunan mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.
İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.
İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır. Bu ittiham 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Həbs qətimkan tədbirinin ləğvi və Qubad İbadoğlunun ev dustaqlığına buraxılması üzrə məhkəmə çəkişmələri fayda verməyib.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib. London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir.
Qubad İbadoğlu şəkərli diabetdən, hipertoniyadan, ürəyində problemlərdən əziyyət çəkir.
Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?
“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”
Qubad İbadoğlu: iddialar üzə çıxır
Qubad İbadoğlu 4 aylıq həbsə getdi
Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı