Kəsəmət (hekayə)
- 31 Avqust 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Bircə
Axırıncı kündəsini təndirə yapanda anasının qonşusu Ziba arvadın nəvəsi başını doqqazdan irəli uzadıb dedi:
– Nənəm deyir anan qapıda yıxılıb, qaçaraq gəlsin.
Gülüş gecə gördüyü yuxunu səhərdən bəri çox yerə söyləmişdi – duran kimi qaçıb arxın suyuna, sonra qoz ağacına, indi də əlindən axıb gedən yumru kündələrə danışıb qaynar təndirə yapmışdı.
Uşaq gətirən xəbərdən sonra xeyli toxtadı, qalın enli dəmiri içi dolu təndirin ağzına qoyub ara yolla yüyrək anasıgilə sarı götürüldü. Anasının başı Ziba xalanın qucağındaydı. Sona arvad qızının səsini eşidib gözünü açdı:
– Qorxma, sağam.
Qonşuyla qollaşıb arvadı evə apardılar. Qadının əlləri umaclıydı, üstü-başı bulaşmışdı.
– Təzə cücələrin çıxıb? Ay arvad, axı niyə dincəlmirsən, ətini də yemirsən, neynirsən onları?
Anası əlini yelləyib gözünü yumdu. Gülüş gördü arvad yaman gündədi:
– Ziba xala, gərək bunu hamama salıb sonra yuxarı çıxaraydıq.
– Ay qızım, onun hamamlığı var? Kömək elə yerinə uzadaq.
Qızın yuxusu yadına düşdü, hövülləndi, ürəyində deyindi: “Birdən anam ölər, el cəmdəyimə tüpürər”. Qaçıb damdan tiyanı gətirdi, elektrik çaydanını qoşdu. Bir qazan su ilıqlayıb anasını lütlədi. Xırda kətili ləyənin içinə qoyub arvadı oturtdu.
– Ziba xala, balana qurban olum, sən anamdan yapış, mən onu çalpalayıb çıxardım.
Gördüyü yuxuya ürəyində söyə-söyə anasını sabunlayıb duruladı, qonşunun köməyiylə qurulayıb təmiz paltar geyindirib yerinə uzatdı. Ərovlu suyu daşıyıb yeri-yurdu təmizlədi. Birdən təndirə yapdığı çörək yadına düşdü, anasını yenə qonşuya tapşırıb geri qayıtdı.
***
Sona arvadın beş uşağı vardı – üçü qız, ikisi oğlan. Böyük qızı Zərəngiz orta məktəbi yaxşı qiymətlə bitirmişdi, anası onun tibb bacısı olmağını istəyirdi. Qız anaya məhəl qoymayıb qonşu kənddən bir oğlana qoşulub qaçmışdı. Sonanın böyük oğlu Aydın anasının üstünə hücum çəkib arvadın abırını almışdı, qardaşından çəkinən kiçik bacı qaçıb evin daldasında gizlənmişdi. Gəlin ərini qızışdırıb:
– Balaca bacının işdən xəbəri var, – demişdi, – bir neçə dəfə qızı qaçıran oğlanla cükküldəşdiyini görmüşəm.
Qardaş kiçik bacısını gizləndiyi yerdən çıxarıb möhkəm döymüşdü. Bacı nə illah eləmişdisə qardaşı inandıra bilməmişdi.
Şər qarışanda qara xəbər kəndi qomarmışdı: Sonanın qızı atasından qalma qoşalülənin qundağını yerə dirəyib başını lülənin ağzına vermişdi, güllə qızın beynini servantdakı qabların üstünə çiləmişdi.
Qardaş qayıdıb bir də qapıda tullanıb düşəndə qonşu Alı dayı demişdi:
– Uzun sıçmısan ki, hələ bir başından da dişləyirsən? Get dilini qoy yumşaq yerinə, adamın dinməzindən yaramaz koxa düzəltdin. Uşağı döydün, gedib canına qıydı.
Sona xalanın başı çox çəkdi bu işdən. Yaxşı ki, silahın sənədi vardı. Əri ertəli ölmüşdü, ustaydı, qonşu kənddə tikdiyi evin kirəmitini vuranda yıxılıb canını tapşırmışdı. Yazıq arvad balalarını bağının meyvəsiylə, heyvanının ağartısıyla, toyuq-cücəsiylə birtəhər becərmişdi. Bacısının müsibətindən sonra Aydın kəndin girəcəyində dam tikib ona qalası ata evindən köçmüşdü, o-bu anasının qapısını açmamışdı. İkinci oğlu Vəli Sona arvada qonşuydu. Evin sonbeşiyi Gülüş də kənddən qırağa çıxmamışdı.
Cavan qızı özünü beyman eləyəndən sonra arvadı bir mərəz tapmışdı: rahat yatağında yata bilməzdi. Gecənin yarısınacan yerinin içində qurcalanar, cin-şeytanla saçyolduya çıxar, sonra yorğanını götürüb qapının ağzındakı kirtik palazın üstünə uzanan kimi yuxuya gedərdi. Yuxu da nə yuxu, sərçə yatışı. Sonra yenə qalxıb düşərdi həyətinin canına – malının axuruna, toyuğunun hininə, itinin yalına, arxın dəhnəsinə… El yuxudan oyananda Sona arvadın hər işi görülü olardı. Di gəl, qoşa gəlinin heç biri qaynanaya bəlli-bəyim demədi.
Bazar üzü görməzdi, becərdiyini kəndin dəllalı alıb aparardı. Hamı bilirdi Sona arvad südünə su qatmaz, ördək yumurtasını toyuq yumurtası adıyla sırımaz, nehrəsindən çıxan yağın ayranını təmiz yuyar, pendirini üzlü süddən tutar, qurutduğu meyvələrə milçək qondurmaz, süzdürdüyü tomatın torbasını qətəcər cunadan tikər. Qızlarına bir öyüdü vardı: bekar oturan kor kirpiyini qırar, əlinizi işdən ayırmayın. Bağının meyvəsini çox vaxt kiçik oğlu Vəli əlindən alıb çəlləklərə yığıb araq çəkərdi. Üzünə üz bağlayıb oğlunun əlindən saldırdığı tutdan bişirdiyi bəhməzi, irçalı qış uzunu gəlinləri daşıyıb aparardılar. Vəli anasının qışa yığdığı çırpını, odunu araq qazanının altında yandırıb arvadın əlini yerdə qoyardı. Necə deyərlər, oğlu xurma yeyərdi, anası tumunu dənlərdi.
Artıq ana yorulub heydən-hərdəmdən düşmüşdü.
***
Gülüş alayanıq çörəkləri təndirdən çıxarıb evə daşıdı, çöldən gələn ərinin qabağına yemək qoyub, yenə ara qapalaqları açıb örtə-örtə anasının yanına qayıtdı. Onu gözüyumulu görəndə bircə şeyə sevindi: nə yaxşı çimizdirdim, arvadı yerinə bulaşıqlı salmadım.
Gecəni ha çağırdısa, anası səsinə səs vermədi. Çimir çalmadı, düşüb arvadın torbaladığı pendiri doğradı, sərili qozu kisələrə yığdı, sinilərdəki gavalı qurusunu, zoğal axtasını yerbəyer elədi. Arvadın küncü-bucağı ruzuyla doluydu, hamısını da kösöv qollarıyla özü becərmişdi; söz düşəndə deyirdi mən çörəyimi torpaqdan alıram, kiminsə ağzından yox…
Səhəri gün əyiləndə Sona arvad gözünü açdı. İlk sözü bu oldu:
– Vəli, Aydın hanı bəs?
Qızı yalandan dedi:
– İkisi də gecəni yanında oturdular, tezdən hərə işinin dalınca getdi.
Arvadın çöhrəsi işıqlandı, qımışdı, yumulu gözlərindən batıq ovurdlarına sarı yaş axdı.
– Bəs Zəriş?
– O da gəlmişdi, ay Sona, – uşaqları analarını adıyla çağırardılar.
Sona arvadı huş aparan kimi qızı qapıya düşüb bacı-qardaşlarına zəng vurdu, analarının halından onları halı elədi, üçünə də yığışıb gəlin dedi. Böyük qardaşının xasiyyətini bilirdi deyə anasının vəziyyətini bir az da şişirtdi:
– Yuxusunu da görmüşəm, gəl.
Anası yıxılan gündən əvvəlki gecə Gülüş yuxusunda görmüşdü ki, arvad qonşuları Hətəm kişinin tualetinə düşüb.
Hətəm hardansa bir kankan tapıb gətirmişdi, bu kankan onun qapısında iyirmi metrlik quyu qazmışdı, su çıxmadığını görəndə xeyli pul alıb əkilmişdi. Kişi də quyudan əlini üzüb onu ayaqyolu eləmişdi…
Qız yuxusundan çox qorxmuşdusa da, anası yıxılandan sonra bir az dincəlmişdi. Bir zaman özünü öldürən bacısını da quyuya düşən görmüşdü, elə həmən günü də qız intihar eləmişdi.
Şər qarışanda qonşu kənddə olan böyük qız özünü yetirdi. Arvadı görcək qandı ki, anasının sanılı günləri qalıb. Gecə böyük gəlin Süsən də gəldi. Qaynanasının yanında xeyli oturdu, ha çağırdısa arvad dillənmədi. Gah əsnədi, gah küncdəki torbadan qoz götürüb qırıb yedi:
– Bundan bizə də verin ey, hamısını evinizə daşımayın. Qardaşınız çox yorğunuydu, dedim sən yat, mən gedim görüm arvada nolub. Bikə gəlmişdi?
Balaca gəlini soruşurdu. Gülüş başının hərəkətiylə yox dedi.
– İki ildi arvadın pensiya kartını yeyirlər, özünü əmgəndirib gəlsin də, çoxmu uzaqda olur?
Sona arvad sağ qolunu qımıldatdı – yəni ki, eşidirəm. Gülüş istədi desin: ondan qabaq da beş il sənin uşaqlarında oldu axı o kart. Anasının yumulu gözlərinə baxıb susdu. Yazıq arvad eyzən deyərdi: kəlmənizi yeddi dəfə udun, sonra ağzınızdan çıxarın, qardaş üzünə ağ olmayın.
Süsən durub gedəndə baldızının sağıb vedrədə seyvana qoyduğu südü də çalıb dəhmərlədi. Sona arvad hərdən qızlarına pay tutanda bu gəlin havalanardı, “leyləyi quşmu sanırsan, aaz, – deyərdi, – yazda gələr, qışda gedər, sən hörmətini oğluna elə, yoxsa meyidin yerdə qalacaq…”
***
Ertəsi günün günortası xırda gəlin də gəldi. Qızlar analarını dikəldib arxasına balış söykəmişdilər, cücə qanadından şorba bişirib damcı-damcı arvadın boğazına tökürdülər. Gəlin bir az kövrəldi, qaynanasının əlindən tutub dedi:
– Bunda ölüm varsa, qonşum dəli Fatmaya gəlsin. Ölsə biz neylərik, uşaq hələ üçüncü kursdadı, nəynən oxudarıq?
Qızların başı analarına qarışmışkən Bikə qalxıb geriki evləri gəzməyə başladı. Fındıq kisələrini döyəclədi, düyünçələrdən birini bir əlinə aldı, o biri əliylə mis məcməyinin bir yanından tutub zala sürütlədi:
– Ay Zəriş, Sona xala bunu mənim qızıma söz vermişdi. Elə indi aparımmı?
Bacılar baxışdılar. Arvad gözlərini gen açıb başını qaldırmaq istədi. Gəlin əlindəkiləri yerə qoyub lap yaxına gəldi:
– Vallah siz qaraçısız, arvadın heç nəyi yoxdu. Anamın dayısı ölüb, qardaşınız ora getdi, axşam ikimiz də gələrik.
Düyünçəni qoltuğuna vurdu, məcməyini götürüb qapıdan çıxdı. Gülüş toyuqların yumurtasını ləyənçəyə yığıb seyvana qoymuşdu, gəlin əl atıb ləyənçəni də götürmək istəyəndə düyünçə qoltuğundan düşdü. Nə illah elədisə üçünü də birdən götürə bilmədi. Zəriş yuxarıdan dedi:
– Bikə, qoy məcməyi qalsın, o birilərini apar.
Gəlin məcməyini divara söykəyib baldızına qolaylandı:
– Birdən Süsən gəlib bunu götürər, sən dədənin goru apar bunu yerinə qoy.
Zəriş məcməyini yerinə qaytarıb anasına yaxınlaşdı:
– Qarğa başından bozbaş olanda bunlardan da sənə gəlin olacaq.
***
Bacılar ev-eşiklərini tərgidib yığışdılar analarının yanına. Sona arvad günü-gündən tərsikirdi, huşu daha gec-gec özünə qayıdırdı. Dili söz tutan kimi oğlanlarını səsləyirdi:
– Ay Vəli!..
Qızlar yer-yerdən dillənirdilər:
– Ay Sona, Vəli indicə getdi, – deyib analarını sinisaf eləyirdilər.
Axşam gəlinlər də özlərini yetirirdilər. Zəriş boş dayana bilmirdi, düşüb qoz ağaclarının dibini dənləyirdi, alma-armud budaqlarından sallanan meyvələri dərib anası kimi tərəcələrə düzürdü, heyvanı tanaqlara yığırdı. Qayıdıb anasının yanından ayrılmayan bacısına toxtaqlıq verirdi:
– Neyləyək, at ölüncə otlar deyiblər. Bəlkə heç anamız ölmədi, ayağa qalxdı, qoy mənsili batmasın.
Yuxulamasınlar deyə dənlədikləri qozu ləpələyirdilər, mürəbbə, şirniyyat bişirirdilər. Gəlinlər gəlib qızları yaralayıb gedirdilər:
– Yaxşıca kef eləyirsiz, bəlkə də gündüzlər olan-olmazdan evinizə daşıyırsız. Bacı, biz uşaq oxuduruq ey, qızım da ikicanlıdı, dağıtmayın qozu-fındığı. Hələ o şüllüt armuddan biz dadmamışıq. Bu arvadın ölümlü gününün yiyəsi oğlanlarıdı.
Beləcə, hər axşam süd əmdikləri döşü dişləyib gedirdilər. Axşamların birində Gülüş Bikənin üzünə qayıtdı:
– Kənd başından-ayağına anamın yanına axışır, bəs oğlu niyə üzükmür buralara?
– Mən bilmərəm, bacı, – gəlin dedi, – ananıza həmişə Vəli baxıb, indi beli burxulub, gələ bilmir. Bəyəm Sona xala ölür ki?
– Yaxşı, get, öləndə gələr.
Axır günlər gəlinlər bir-birini güdürdülər. İnək sağılan kimi ikisi də şığıyırdı, qabağa düşən sevinirdi. Axşam bir də cocuyurdular, yumurtayla təzə pendir üstündə az qalırdılar saçyolduya çıxsınlar.
Gəlin yalan deyirdi, Vəli heç vaxt anasına baxmamışdı. Balası canına qıyandan sonra Sona xala özü də küskün dolanırdı – heç kimin evində ətək sallayıb oturmazdı, heç kimlə danışıb gülməzdi. Məcbur olmasaydı, heç oğlanlarının da qapısını açmazdı; onları elə baxışlarıyla dindirib, gözüylə yola salardı. Vəli gələndə evin mardını süpürüb aparardı, anasını araq qazanının yanına qarovulçu qoyardı:
– Gözlə ocaq öləziməsin. Birdən balon dolar, nemət yerə axar. Vannanın suyunu qızmağa qoyma, tez-tez ora soyuq su tök…
Belə-belə əmrlər verib özü əkilərdi. Arvad oğluna söz verməsə də, onun dediklərinə əməl eləyərdi. Əziz-xələf qonağı gələndə Vəli anasının hinindəki beçələri ürküdüb saytalını tutar, dinməzcə evinə qayıdardı. Qazının biri örüşdən dönməyəndə arvad bilərdi ki, oğlu girəvələyib quşu daldaya dartıb.
Bir bayram Sona arvad bəslədiyi hinduşkalardan birini kəsər. Onu da deyim ki, Sona xala toyuq-cücəsini, qaz-ördəyini çox yaxşı bəslərdi: hər il gedib meşədən palıd qozası yığardı, qarğıdalı döyərdi, arpa üyüdərdi, hamısını quşlarına yedirdərdi. Sonra da gəzərini evinin dalındakı yoncalıqda otarardı.
Kəsdiyi hinduşkanı yolub təmizləyib yuyanda Vəlinin arvadı Bikə özünü yetirər:
– Boy, ay Sona xala, ver aparım oğlun bunu şişə çəksin, nəvən Nanışka da gəlib.
Quşu əlindən alıb yolağanı keçəndə arvada sarı mırıldanar ki, amandı, heç nə yemə, kabab bişsin, sənə də gətirəcəm.
Arvad o gecə loxması əlində pilləkənin üstündə oturuqlu qalar. Kababın iyi kasıbın evindən pul qaçan kimi onun burnuna dəyib qaçar…
***
Qarı saatla, dəqiqəylə gücdən düşürdü, bacılar gündə neçə yol onun altını dəyişir, arvadı təmiz saxlayırdılar. Bir axşam Gülüş evinə qaçmışdı ki, ərinə yemək bişirsin, kirli paltarları maşına atsın. Gəlinlər əlləri-ayaqları təmiz oturmuşdular. Zəriş utana-utana onlara dedi:
– Biriniz kömək eləyin anamın bezini dəyişim. Qonşulardan gələn olar, arvaddan iy gəlməsin.
Böyük gəlin Süsən yerindən dik atıldı:
– Oyy, vallah mən yaman diksinənəm, yaxın dura bilmərəm. Doğmaca anam ola, yenə də mənlik deyil.
Bikə də cəld qalxıb qapının dəstəyindən sallaşdı:
– Hamınız bilirsiz ki, mənim belimdə yırtıq var. Arvad da ağırdı, baldız, məndən incimə.
İkisi də qapıdan çıxıb özlərini Sona xalanın ərzaq damına saldılar. Zəriş qayıdıb sinəsi aramla qalxan anasının qulağına pıçıldadı:
– Bir vağ ölər, yüz balığın canı qurtarar. Sənin gəlinlərinin vayına oturum, sən də ölsəydin, bizim üzümüz bunlardan qurtarardı…
Sona xala günün yarısını o dünyadakılarla qol-boyun olurdu, anasıyla, cavan qızıyla danışıb gülürdü, dünyadan gedənlərini bir-bir dindirib sonra dərin yuxuya gedirdi. Ayılan kimi oğlanlarını haylayırdı.
Bir gün kiçik bacı dözməyib qardaşının qapısına yeridi, Vəlinin arvadına yalvardı:
– Bircə dəfə gəlib Sonanın gözünə görünsün, bəlkə oğlunu gözləyir, ona görə canını tapşıra bilmir.
– Deməyinə deyəcəm ey, yenə özünüz bilərsiz. Anan da çox zalımlıqlar elədi.
– Neylədi anam, neylədi?
– Oğlunu bala gözündə görmədi, əkdi, becərdi, satdı, hamısını daşıyıb siz qızlarına verdi. Ərə getmiş nəvəsinin qapısını bircə yol açmadı. Boyunbağısını Nanışkaya demişdi, indi ölən ayağıdı, niyə vermir? Xeyirə-şərə əziz-xələf böyük oğlunun adını yazdırır. Gəlmir də, nə istəyirsiz, gəlmir!
Gülüş gördü ləngisə, gəlin barmaq salıb göz tökəcək, gəldiyi yolla geri qayıtdı. Pəncərədən baxan bacısı ağladığını görməsin deyə özünü toyuq hininə saldı. Anası yıxılandan quşların dəyəsi süpürülmürdü, toyuq-cücənin çoxunu çömələn tutmuşdu. Gülüş ağlaya-ağlaya hini təmizlədi, özü deyib özü eşitdi:
– Sona ölsə neyləyəcəyik? Mənim ərim Aydının qorxusundan irəli durmaz, Zərişin əri də heç bu kəndə gəlmir. Hamı onu qanlı tutur, guya qızı qaçırmasaydı, bacım özünü öldürməzdi. Allah, biz neyləyəcəyik, neyləyəcəyik!..
***
Gecə Vəli də gəldi. Zəriş sevincək anasının üstünə əyilib qulağına dedi:
– Ay Sona, gözünü aç bax, oğlun gəlib.
Arvad quyuya düşüb lap kiçilmiş gözlərini güclə açıb tez də yumdu. Bacılar qardaşlarının altına kətil itələdilər, Gülüş qaçıb samovara kömür atdı. Vəli anasının çarpayısına yaxın gedib arvadı dinşədi, sonra geri çəkilib bağırdı:
– Həə, nədi, nə var, məni nəyə çağırmısız?
Gülüş dilləndi:
– Anan ölür, səni arzulayır.
– Mən əzrayıl qovanam, mənim nəyimi arzulayır? Dörd balamı öldürmüsüz ey! Gəldim inəyi istədim, dananı verdi mənə. Maşın almaq istədim, dədəmin atını satmağa qoymadı ki, çox qocalıb, pula getməz, onu minib mal nobatına gedirəm. Qapının meyvəsini zorla alıb çənlərə doldururdum, bağın qozundan bircə torba verirdi mənim balalarıma, qalanını satıb qoynuna yığırdı. Hansı analığı eləyib mənə?!
Evə sükut çökdü. Sona arvad başını azcana qaldırdı, batan adam sayaq əlini havada yelləyib kömək istəyən kimi oldu. Qızlar irəli durub qarını dikəltdilər. Zəriş arxada oturub sinəsini arvadın kürəyinə dayadı. Vəli susub baxırdı. Sona qarı sözlər ağzından tökülə-tökülə dedi:
– Toxumunu yeyən poxunu yeyər. Uşaqlar gəlinin qarnında ölüb sonra doğulmuşdular. Saymısan sənə neçə inək vermişəm? Bəlkə davasını çəkdiyin inəyin bircə gün nobatına getmisən? Qarğa toyuğun yanından balasını çalan kimi nəyim var daşıyıb, məni qırt toyuq kimi çırpına-çırpına qoyub getmisiz. Get, oğul, üzünü gördüm bəsimdi.
Vəli dabanları göydə evdən ütələk çıxdı, pilləkəni düşə-düşə çımxırdı:
– Qızların səni basdırarlar…
***
Sona arvad uzun zaman başını qaldırıb qızlarının üzünə baxa bilmədi. Onların yanında xəcalətliydi, oğlanlarından həya eləyib bircə gecə qızlarının yanında qalmamışdı. Gəlinlərin təhnizindən qorxduğundan qızlarının balalarını yanında saxlamamışdı. Becərdiyinin xasasını gəlinlərə daşıyıb sonra qızlarına tərəf getmişdi. Balaları onunla nəyin davasını eləyirdilər, özü də bilmirdi. Yeznə qovar, eşiyə çıxarsan, oğul qovar, beşiyə baxarsan. Sona xalanın indi beşiyə baxmağa da müdarası yoxuydu.
Gülüş ərə gedəndə arvad böyük gəlinin qulağına pıçıldayıb:
– Nəmərini, xələtini hazırlamışam, – demişdi, – gəl qızımın yengəsi ol.
Gəlin nazik qaşlarını alnına dartıb çəmkirmişdi:
– Sənin qızından arxayın deyiləm, müdam mal nobatına gedib…
Gün əyilənəcən Sona arvadın gözünün yaşı qurumadı. Qızları da ona qoşuldular. Axşam neylədilərsə arvadın çənəsini aralayıb ağzına horra tökə bilmədilər. Bacılar peşman-peşman baxışıb susdular. Gecə Sona dilə gəldi:
– Qardaşınız acıqlıdı, ona fikir verməyin. Ağartı becərdiyim damdakı köhnə nehrənin içindəkini götürüb xərcləyərsiz, meyidimi yerdə qoymazsız. Molla Canalı məndən iki yüz manat borc alıb. Onunla kəsəmətim var, nə vaxt ölsəm gəlib Quranımı oxuyacaq. Qonşu Bəşirdən öyrənmişəm, qəbri yüz on manata qazırlar. Pulu ona verərsiz, bacınızın böyründə gorumu qazacaq. Özünüz də yuyub kəfənləyərsiz.
Zəriş eyməndi:
– Ay Sona, vallah biz bacarmarıq, sənin salavatını, qüsulunu verə bilmərik. Kəfəni necə biçərik?
– Mənə salavat-zad lazım deyil. Dal otaqdakı yastıqların arasındadı kəfənliyim, üstündə də bir qəlib xam sabun. Həmən sabunla bir dəfə sabunlayın, durulayıb ağa büküb verin elin əlinə. İndiyəcən heç kimin meyidi yerdə qalmayıb. Mən bu kəndin hər işinə qaçmışam, ağlarını belimə şəlləyib kiritmişəm. Qonşu Leylanın üç uşağını mən saxlamışam – qundağı qucağıma alıb gedirdim məktəbə, gəlin böyük tənəffüsdə qaçıb gəlib tibb məntəqəsində uşağı əmizdirirdi, körpəni qaytarıb qoyurdum yüyrüyünə. Qorxmayın, meyidim yerdə qalmayacaq.
Arvad sözünü bitirməmiş qapıda şaqqıltı qopdu. Qızlar boylandılar: gəlinlər Sona qarının iri qazanlarını bölüşə bilmirdilər…
***
O gecədən arvadın dilinin altından su da keçmədi. İki gün sonra komaya düşdü. Qızlar qaldılar evin altında xudru-tək, ağlaya-ağlaya yas hazırlığı görməyə başladılar. Evləri təmizə çıxarıb yeri döşədilər. Sonanın becərib otaqlara yığdığı yeygini – lobya qurusunu, meyvə qaxını, qoz-fındıq taylarını daşıyıb ərzaq damına yığdılar. Qazan dolu yağdan süzüb halva çaldılar. Gülüş bacısına dil çıxartdı:
– Pis oluram, nolar, anam ölməmiş halvasını çalma.
– Ay dəli, xalamız yox, bibimiz yox, gəlinləri də çıx. Kim gəlib bizə halva çalacaq? Halva bir ay qalsa da xarab olmaz. Hələ bir də gördün sabah iri teşt xamır qatıb sacı qoydum üstünə.
Bacılar halva qazanını içəri aparmamış böyük gəlin Süsən özünü yetirdi – bayquşun ovu ağzına düşər.
– Nə qəşəng iyi gəlir. Yeməli halva Sona xalanındı ey.
İsti halvanı pəmpələyib ağzına basdı, dodaqları ütüləndə gözlərindən yaş gəldi. Yenə bir əli halvada qımışdı:
– Arvad öldü?
Zəriş dilləndi:
– Öləcək, bir şey qalmayıb.
Gəlin halvadan bıxdı, su daşının altındakı bir qab suyu başına çəkib göyərdi:
– Hər şey də sizdən çıxır. Ölməmiş adama niyə halva çalırsız?
Kiçik baldız dil altında qalmadı:
– Ay bacı, halvanı özümüzə çalmışıq, gecələr yeyəcəyik.
– Həə, belə deyin də. Bir az da verin evə aparım. Mənim sözüm həmişə ox olub batır, arvad xəstələnəndən bəri ikiniz də kökəlmisiz.
Bacılar baxışıb dillənmədilər.
***
Gecələri yaman ağır keçirdi. Qonşular yığışanda qızlar sevincək olurdular. Gələni ac yola salmırdılar, pay dolu zənbillərini boşaldıb yerinə analarının bucağından nəsə tapıb qoyurdular. Gələnlər dağılışan kimi gəlinlər torbaları eşib, bəyəndikləri şokoladları, mürəbbə bankalarını, ayağı cələkli cücələri qamarlayıb gedirdilər. Zəriş dediyindən dönmürdü, bir gün sac asıb yuxadan taya qururdu, bir gün iri qazanda dovğa bişirirdi, qonşuların gətirdiyi cücələri təmizləyib qovururdu.
– Camaat qəbiristanlıqdan qayıdanda süfrə açarıq yeyərlər.
Gülüş havalanırdı:
– Gəlinlər qoysalar nəsə qalsın, sən də anana ehsan verərsən. Halvanın yarısı yoxdu, yuxanı daşıyıb apardılar, dovğanı hortlatdılar, havayı yerə özünü yorma.
Zəriş bacısının dediklərinə məhəl qoymurdu. Ustuf-ustuf yanaşıb anasını dinşəyirdi, arvadın nəfəs aldığını görcək qaçıb yenə xamır yoğururdu:
– Bu gün şor qoğalı bişirəcəm, hazır olsun, hamısını gizlədəcəm.
– Hə, gizlədərsən. Bizim gəlinlərin bir əli xaç tutur, o biri əli oğurlayır.
Həftənin tamamında arvad eləcə gözüyumulu, dilibatılı uzanmışdı. Ölüm barmaqlarının ucunda Sona xalaya çatıb başının üstündə bardaş qurmuşdu.
Kəndin o biri başında qız Güllü rəhmətə getmişdi. Güllügil bir qardaş, bir bacıydılar. Qardaş müharibədən yaralı qayıtmışdı, qohumlar nə illah eləmişdisə evlənməmişdi. Kəndin cüvəllağıları onun adına söz də çıxartmışdılar, guya qəlpə kişinin amanatını yerli-dibli aparıbmış. Bacısı gəncliyində könlü tutan birinə qoşulub qaçmışdı, qardaşı izinə düşüb qızı elə həmən gün alıb evə qaytarmışdı. Bacı-qardaş bir dam altında qocalmışdılar.
Qardaşı öləndən sonra dayısı uşaqları Güllünü aparıb öz evlərində saxladılar, yaxşı da baxdılar. Güllü də ölənə kimi onlara hamballıq elədi…
Günorta böyük gəlin aşağıdan baldızını harayladı:
– Ay Zəriş, Sona xalanın yapon yaylığını ver başıma atım, gedirəm Güllünün üçünə.
Baldız gəlinin hiyləsini bilirdi, guya evində yaylığımı yoxuydu? Bu dillə dəsmala yəliklənirdi. Dolabı eşib yaylığı pəncərədən Süsənə atdı. Gəlin yaylığı göydə tutub o üz-bu üzünə çevirdi, başına atıb güldü. Baldızını kədərli görəndə dodaqlarını büzdü:
– İstəyirsiz biriniz gəlin gedək yasa.
– Yox, ay qız, anamın sanılı saatları qalıb, biz gedə bilmərik.
– Onda pul verin, qardaşınızın adından yazdırım. Sona xala həmişə Vəlinin adını yazdırırdı yas dəftərinə.
Zəriş başını pəncərədən içəri saldı, Gülüşlə danışıb həyətdə cavab gözləyən gəlinə qolaylandı:
– Sən get, biz bilmirik anamızın pulu hardadı. Başımız ayazısın, danışarıq.
Süsən gözləriylə qapını bulğanıb özünü ara keçalata verdi. Gülüş anasının yanından qalxıb gəlinin getdiyi səmtə boylandı:
– Siçan deşiyinə girə bilmir, yaxasına süpürgə bağlayır. Getsənə yolunla. Bizim gəlinlərin ikisi də qurbağa kimidi, sən çəkib qoyarsan qumaş üstə, onlar hoppanıb lığa girərlər. Anam ölsün, gəlin nəyi var aparın, ta niyə tülkülük eləyirsiz?
***
Süsən yas yerinə çatanda eltisini məclisdə oturuqlu gördü. Keçib Bikədən bir az aralıda çökdü, süfrəyə düzülən düz boşqablara baxıb böyründəkinin qulağına xısıldadı:
– Deyəsən aş verəcəklər. Ölürəm də məclis aşından ötrü.
Qız Güllü inəyi sağıb qalxanda yıxılıb onurğasını zədələmişdi. Ondan bəri ona evin gəlini baxmışdı. Arvad mollası Quran oxuyandan sonra söhbətə başladı:
– Ay bu yasa gələnlər, Allah bu evin gəlininin üzünü ağ eləsin. Belə baxanda Güllü onun nəyiydi? Heç nəyi, qaynatasının bibisi qızı. Amma o gəlin neylədi? Düz bir il Güllünün altına qab apardı, qaşıqla ağzına su damızdırdı, qulluğunda durdu, hörmətini saxladı. Dinimiz də buyurur ki, belə bir yükün altından üzüağ çıxanların mükafatı gözəl olur. Məsəl var, analar eləyər, balalar çəkər. Balalarınız çəkməsin deyə yamanlıq eləməyin…
Süsən eltisinin üzünə baxmaq istədi, di gəl ha əyildisə, Bikəni görə bilmədi. Molla danışmağındaydı:
– Şər deməyin cəzası çox ağırdı, qızlar, şər daş qırar, sümük deşər. Şərlədiyiniz adam ölməmiş ondan halallıq alın. Elə bilməyin bu dünyadakı günahlarınızı torpaq örtəcək. Şərə könül verən bu dünyadan köçəndə Allah onu cəhənnəmin bir guşəsində boynuburuq gözlədər. Ta o vaxta qədər ki, adamın balasının biri də dünyasını dəyişə. Bax, zülüm, müsibət onda başlayar. Həmən o şərçi ananın saçlarından tutub sürüyə-sürüyə gətirərlər ki, balan gəlir, dur qarşıla. Bah-bah, gözlülər olsun görməsin, onun əziz balasını közdə bişirib ilan-qurbağa donunda qabağına qoyarlar, əllərində yanar kösöv tutub deyərlər di ye görək, ye balanın ətini. Şərlədiyi adam da qırmızı libasda, qırmızı kəcavədə kənardan baxar…
Süsənin qulaqları uğuldayırdı. Sona arvadın yaylığının qollarını boynunun dalında möhkəm bağlayıb əlləriylə başını tutdu. Saçlarının dibindən sızıltı keçdi, ona elə gəldi ki, tonqalları göyə boy verən bir yerdə oturub əziz-giramı balalarını gözləyir. Birdən kimsə əl atıb onun saçlarını əlinə dolayır…
Mollanın səsi gəlini ayıltdı:
– Nənəm deyərdi arvada qəhbəlik gəlib, amma oğurluq gəlməyib. Oğru qadının haqq divanında cəzası ağırdı. Çalışın qarğış yiyəsi olmayın, qarğışı bol olanın özünün də, balasının da canı xəstə düşər. Ölüm ayağındakı əzizinizə, lap heç əziziniz olmayan birinə əl uzatsanız Allahın nəzəri üstünüzdə olacaq. Savab yiyəsi olmaq hər adamın qismətinə düşməz. Mən bu gəlinin üzündə nur görürəm, kaş onun gördüyü işin savabı mənim olaydı…
Süsən bundan sonrasını eşitmədi. Boşqabdakı kələm turşusunu üç barmağıyla qomarıb ağzına dürtdü. Kürəkləri ayışdı. Aş boşqabları buğlana-buğlana süfrəyə çatanda Süsən qəfil ayağa qalxdı. Yapon yaylığını bürmələyib qoltuğuna basdı, töyəciyə-töyəciyə mağardan çıxdı. Payızın soyuğu tərli kürəklərini buzlatdı. Yas qapısında dayanıb aşağı-yuxarı baxdı, düşündü ki, el yoluyla gec olar, elə ara yolla getsə yaxşıdı. Çatan kimi baldızlarından üzr istəyəcək, yox, siftəcə nehrədən götürdüyünü yerinə qoyacaq. Bəlkə elə onun işləklərinə görə kəllədə tək göz oğlunun sağ canı yoxdu?
“Sona xala canını tapşıranacan ona özüm baxacam, qızları elə bu gecə göndərəcəm evlərinə. Nehrədəki puldan xeyli xərcləmişəm, eybi yox, qızlardan halallığını alaram. Qızılların çoxu Zərişinkidi, tanıyıram, evi yol içidi deyə gətirib anasına vermişdi…”
Əliylə boynundan sallanan zəncirdən tutdu, zəncirin halqaları qıpqırmızı közə dönüb sinəsi aşağı töküldü. Dayanıb özünü silkələdi, köz indi də baldırlarını qarsıb ayaqqabılarına doldu. Zənciri Sona arvad kəndə gələn alverçidən alıb zaldakı güzgünün başından asmışdı, Zərişin qızına verəcəkdi.
“Hamısını, hamısını yerinə qoyacam…”
Qaynanasının qapısına çatanda eltisi Bikə onun yanından vıyıltıyla ötüb keçdi. Süsən ona çatmaq üçün pilləkəni cüt-cüt qalxdı. Qapını açıb özünü içəri atanda Zəriş mələfəni Sona arvadın üzünə çəkdi. Süsən iki əliylə budlarına qapaz saldı. Bikə mələfəni dartıb arvadın üzünü açmaq istəyəndə baldızı acıqlandı:
– Anamın yolunu kəsmə!
Gülüş havalı-havalı evə girib bacısının qabağında oynadı:
– Köhnə nehrənin içi bombolomboşdu…
Avqust 2023-cü il