Hikmət Sabiroğlu
27 avqust 2023. Şuşa. Mirzə Həsən qəbiristanlığından dikələn həbsxananın zəhmli divarları.
Hər baxanda sızladan filmdəki səs gəlir qulağıma: “Şükür İlahinin məsləhətinə, biz azadıq”.
Mübariz Əsgərovun filmi, əsirlikdə gözü çıxarılmış Cavid Hüseynovun səsidir.
…1992-ci ilin mayını, Mübarizin Moskvadan zəng vurmağını xatırlayıram. Dərd içində aramışdı məni. Şuşa getmiş, belimiz qırılmış, ucarlı Mübarizin şuşalı Hikmətdən fərqi qalmamışdı.
…2023-cü ilin yayında mən Mübarizi göz yaşı içində yığdım. “İşgəncələr məbədi: Şuşa həbsxanası” filminə baxıb aradım, amma söz deməyə gücüm çatmadı.
Şuşa həbsxanasında erməni əsirliyi görmüş Cavid Hüseynov, Həbib Kazımov, Bayram Rüstəmovun taleyi var o filmdə.
“Blokada” bağıran düşməni susdurmağa Cavidin, Həbibin, Bayramın hekayəti bəsdir. Bir tək bu üç tale – işğal yaralı vətənin taleyi qarşısında ağ bayraq qaldırmalıdır düşmən.
…Şuşa həbsxanasında cəmi bir yol olmuşam. 1970-ci illərin ikinci yarısında mamam oğlu Oqtay yatırdı. Hər həftə ona baş çəkən atam bir yol məni də yanına almışdı. Uzun müddət o ziyarətin ağırlığı altında əzildim – biz çıxdıq, qapı şaqqıltı ilə bağlandı, Oqtay qaldı.
Kim deyərdi o zindan düşmən əlinə keçəcək, yurd oğullarının əsir düşərgəsi olacaq, Cavidlərin gözü oyulacaq, Həbiblərin başına silah, boğazına bıçaq dirənəcək, Bayramların kürəyində dəyənək qırılacaq…
İndi o zindan həm dustaqsız, həm də azaddır.
***
…21-ci ilin sentyabrında azad Şuşaya ilk səfərimdə bir gecə dözüb qaçmışdım.
İkinci səfərimdə – 23-cü ilin avqustunda iki səhərim Şuşada açıldı. Nə halda olduğumu on nəfərlik məclisdə cavan bir şuşalının sualı nişan versin:
– Dayı, niyə belə dilxorsan?
İşğal acısı candan çıxmır.
***
Şuşa sökülüb yenidən qurulur. Fərqli şəhər olasıdır. Sinəmdə yara açmış Şuşa çoxdan keçmişdə qalıb….
İndi ən böyük yenilik Laçın yolundakı boşluq, ölüm sükutudur. İki il əvvəl yazmışdım: “Düşmən hər gün bizim postdakı say-seçmə əsgərlərin bir addımlığından ötməli olur. Nə vaxtsa postumuzda dayanıb əsgərimə təzim eləməyə də məcbur qalacaq. Ya da biryolluq getməyə. Ayrı yolu yoxdur düşmənin”.
Şəhərin yuxarı hissəsində yaşayış evləri tikilir. İlk yüngül köç ilin sonuna çatar bəlkə də. Aşağı məhəllələrin, həyət evlərinin taleyi barədə heç kimin bilgisi yoxdur amma.
1 nömrəli məktəb açılışa hazırlanır. Çox əzəmətli görünür.
Yeni mehmanxana – “Şuşa” hoteli də eləcə.
Bir neçə tarixi binaya əl gəzdirilib, bəzilərində də iş gedir.
Baxımsız yerlərin isə sayı-hesabı yox.
Mirzə Həsən qəbiristanlığı yenə kol-kos, qanqallıq içindədir. Yarpaqlar saralan vaxt təmizlənəcəyini deyirlər. İki il əvvəl də eyni sözü eşitmişdim.
Cıdır düzünün yoluna yol daşı əvəzinə divar daşı döşəyiblər. Yerimək olmur.
İş-güc yiyəsi olan şuşalılarla söhbətləşdim. Çoxalıblar. Biz onların yanında gəlmə kimiyik. Bakıdan bahalı şəhərdə heç narazı görünmürlər.
Şuşanın yurd yeri olması bir-iki ilin işi deyil. Amma əsas görüləsi iş görülüb: Şuşa azaddır.
Şükür İlahinin məsləhətinə…