Natiq Cəfərli
Kapital, pul, yatırım ürkək ceyran kimidir, təhlükəni sevmir, potensial silah səsindən qorxur, özünə sakit “liman” axtarır. Azərbaycan yatırım və yatırımçı üçün cəlbedici deyil. Hüququn aliliyi, məhkəmə sistemi ilə bağlı problemlər var. Məmur biznesini, korrupsiyanı və inhisarçılığı, doğru olmayan vergi-gömrük siyasətini də qeyd etsək, potensial investor ölkəmizi öz yatırım xəritəsindən silir. Bütün bu xroniki problemlərin üstünə bir də müharibə, toqquşma təhlükəsini, qanunsuz bağlı quru sərhədləri də gəlsək, mənzərə lap vahiməli olur.
Doğrudur, sülh tək bizdən asılı deyil, Ermənistanın cığal, mənasız və perspektivsiz mövqeyi sülhə mane olur, amma ölkə olaraq biz güclüyük, ona görə də sülh üçün daha çox biz çalışmalıyıq.
Şimali Kipri Türkiyədən başqa heç kəs dövlət kimi tanımır. Ötən əsrin 70-80-ci illəri daim toqquşma təhlükəsi ilə keçdi, amma həm güclü olan Türkiyə, həm də Şimali Kipr rəhbərləri bu ritorikadan vaz keçməyə başladılar, bütün hüquqi-siyasi çətinliklərə baxmayaraq hüquq dövləti qurub demokratik imic yaratdılar və bölgəyə pul, investor axdı. Ərazisi cəmi 3,3 min kvadrat kilometr olan tanınmamış ölkəyə son 40 ildə 100 milyard dollara yaxın investisiya qoyuldu. Lokomotiv kimi turizm sektoru seçildi, bütün sistem bu sektor üzərinə inşa edildi, təşviq siyasəti yürüdüldü.
Türk-yunan münasibətləri düzənə oturub, nifrət, kin, qəzəb görünmür, adanın yunan hissəsindən türk hissəsinə hər gün 4-5 min insan gəlir, Yunanıstanın özündən də gələnlər var.
Türkiyə və Şimali Kipr hərb, toqquşma ritorikasını kənara qoyub sülhə kökləndilər, bu isə pul, yatırım, turist gətirdi.
Azərbaycan xarici investorsuz, cəlbedici yatırım siyasəti olmadan indiki durumdan çıxa bilməyəcək. İşğaldan azad olunmuş bölgələrimizi canlandırmaq, ora 1,5 milyon insanımızı köçürmək üçün yaxın 10 ildə 60-70 milyard dollar vəsait, kreativ ideyalar lazım olacaq. Yoxdur o pul, bu sistemlə olmayacaq. Neft Fonduna bel bağlamışıq, o isə 10 ildə ancaq büdcə xərcləri üçün yetərli ola bilər, inkişaf və rifah üçün bəs etməyəcək.
Ölkənin təməl, sistem problemləri həll edilməlidir və paralel olaraq daimi təhlükə və müharibə ritorikasından da (güclü, müasir hərbi qüvvələr olmalıdır, bu heç) mümkün qədər uzaqlaşmaq lazımdır, başqa yol yoxdur.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları
Avtoritarların ən zəif nöqtəsi
Azad bölgələri necə dirçəltməli?