Natiq Cəfərli
Son 150-200 ildə dünya iqtisadiyyatında dəyişikliklər enerji mənbələrinə bağlı olub. Sənaye inqilabı, avadanlıqlar, maşınlar, robotlar da önəmlidir, amma ən önəmlisi enerji mənbələridir. 19-cu əsrin dəyişiklikləri daha çox daş kömürdən istifadənin artmasından doğub. 20-ci əsrin ilk 60-70 ilini isə neft dövrü adlandırmaq olar. Sonra enerjidə atom dövrü başladı. İndi də bərpa olunan enerjiyə keçidin əsasları qoyulur.
Konfliktlər, müharibələr daha çox enerji mənbələri uğrunda idi. Enerjiyə nəzarət qlobal dünya konsepsiyasını doğurdu, beynəlxalq institutlar və hüquq yarandı, bu da ikiqütblü dünya formalaşdırdı.
SSRİ-nin süqutu ikiqütblü dünyanın təməlini zədələdi, ABŞ və Avropa İttifaqı ölkələri rəqibsizlik və təkqütblü dünya komfortu dönəminə daxil oldular.
Qərb dünyası kolonial yanaşmanın yeni formatlarını taparaq imperiya sancılarından daha rahat qurtulsa da, Rusiya bunu bacarmadı. İmperiya sancıları isterik davranışlara döndü – Ukrayna təcavüzü bu sancıların pik nöqtəsidir.
Amma dəyişən ciddi bir nüans var: Dünya yeni enerji keçidinə hamilədir, hətta doğuş başlayıb. Enerji resurslarına əlçatanlığın artması qlobal dünya konsepsiyasının da fraqmentallaşmasının əsasını qoydu. Bu gün ev təsərrüfatının, istehsal sahəsinin özünə yetəcək qədər enerji istehsal etmək potensialı var. Enerji fraqmentallaşırsa, dünya da eyni yolla gedir.
Amma daha ciddi çağırışlar və problemlər yaranır – artıq mübarizə enerji resursları uğrunda deyil, yeni keçidi təmin edəcək əlvan/nadir metallar və texnologiyalar uğrunda gedir. Qlobal Çin təhlükəsi də məhz bununla bağlıdır. Çin dünyanın əlvan/nadir metallar bazarının yarısına yaxınına nəzarət etməyi bacarıb və texnoloji baxımdan da Qərbə rəqib olur. Bu kontekstdə Rusiya da artıq yanacaqdoldurma məntəqəsi kimi maraqlı deyil – maraqlı odur ki, yeni enerji keçidini təmin etməli olan metal ehtiyatlarının böyük bir qismi Rusiyada cəmləşib.
Gələk məsələnin başqa, rəqəmlərlə ifadə olunan və ciddi təhdid yaradan tərəfinə. Dünyada borc səviyyəsi 305 trilyon dolları keçib! Dünyanın ümumi daxili məhsulu 85-95 trilyon dollar arasındadır, yəni borc yükü ümumi daxili məhsuldan 3 dəfədən də çoxdur! Bu yükün azalması iqtisadi yollarla mümkün deyil, deməli, mütləq qlobal dalğalanmalar, müharibələr, müflisləşən ölkələr, maliyyə nəhəngləri və insanlar olmalıdır ki, bu yük azalsın. 2023-cü ilin sonuna dünyanın ümumi borc yükü daha 15-20 trilyon artacaq. Bizi daha qlobal müharibələr-münaqişələr və daha dərin iqtisadi böhran gözləyir.
Dünyada bütün qlobal müharibələr enerji keçidi zamanı baş verib və ya keçid müharibələrlə müşahidə olunub. Birinci Dünya müharibəsi daş kömüründən neftə, İkinci Dünya müharibəsi neftdən atoma keçidlə müşahidə olundu, indi hibrid şəkildə üçüncü dünya müharibəsi gedir və qızışır ki, bu da neftdən bərpa olunan enerjiyə keçidlə paralel baş verir. Bərpa olunan enerji məsələsi reallıqdır, amma təhlükələrlə də doludur – fraqmental dünya heç də hamıya xoş gəlmir, çünki güclü regional oyunçular yaranır (məsələn, Türkiyə kimi), ona görə də qlobal keçiddən sonra nadir/əlvan metallar və texnologiyalar kimin əlində olacaqsa, onlar da yeni qaydalar müəyyən edəcəklər.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları
Avtoritarların ən zəif nöqtəsi
Azad bölgələri necə dirçəltməli?