Cəhənnəmi yaradan mələklər
- 14 İyul 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Səbuhi Abdullayev
Ağdaş rayon Ləki qəsəbəsi, 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi
Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanı həyatımızın güzgüsüdür. Əyrinin əyri, düzün düz əks olunduğu güzgü. Yazıçının öz senzurasının belə hiss olunmadığı bu roman ilk növbədə cəsarət nümunəsidir. Bircə heç kəsin cəsarət edib yaza bilmədiklərini hamı ilə bölüşüb, tabulara meydan oxuyub. Qəlbimizdə özümüzə pıçıltı ilə deyə bildiklərimizi müəllif cəsarətlə qələmə alıb. Romanda cəsarətlə yanaşı səmimiyyətin alışmadığımız şəkildə ifadəsi də oxucunu heyrətləndirir. Yazıçının cəsarəti, səmimiyyəti, analitik düşüncəsi, özünəməxsus canlı dili oxucunu mütəəssir edir, romanın cazibəsindən çıxmağa qoymur.
Bir faktoru da qeyd etmək yerinə düşər ki, romanın həcminin böyüklüyü də bu əsər üçün bir avantaj olub: oxucu Bircənin həyatına dalır, özünü unudur, baş verənlərin, yaşananların şahidinə, iştirakçısına çevrilir, qəhrəmanın sevincini, acısını, ağrısını özününkü kimi yaşayır.
“Cəhənnəmdən keçmiş mələk” romanını ədəbiyyatımızdakı yerinə, dəyərinə görə İsmayıl Şıxlının “Dəli Kür” əsəri ilə müqayisə etmək olar. “Cəhənnəmdən keçmiş mələk” də “Dəli Kür” romanı kimi ədəbiyyatımızda ədəbi hadisədir. İmran Bədirxanlı da vurğulayır ki, “…“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanı, mənə görə, XXI əsr Azərbaycan realist nəsrində hadisəyə çevrilməyə iddialıdır”.
Maraqlıdır ki, “Dəli Kür”lə “Cəhənnəmdən keçmiş mələk” romanının bir çox ortaq xüsusiyyəti var: dilinin canlılığı, təbiiliyi, səlisliyi, müəlliflərin cəsarəti, obyektivliyi, səmimiliyi, bitərəfliyi, hadisələrin mərkəzində ailənin olması, real hadisələrin qələmə alınması, qəhrəmanın əyalət insanı olması və sair. Bu oxşarlıqlara baxmayaraq, “Cəhənnəmdən keçmiş mələk” öz orijinallığı ilə bənzərsiz əsərdir: müəllifin qadın olması, yaşadıqlarını qələmə alarkən müxtəlif yaşlarda keçirdiyi hissləri, təəssüratları olduğu kimi verməsi, olayları hazırkı yaşından dəyərləndirərək əks etdirməməsi, yaşadıqlarına yazıçı mövqeyi qoymaması, həyatını təsvir etməklə kifayətlənməsi, oxucunu istiqamətləndirməyə çalışmaması, yalnız birinci şəxsin təhkiyəsi oxucunu tamamilə Bircənin dünyasının içinə çəkir.
Bircənin yaşadığı həyat hamımızın yaşadığı həyatdır. Acısı və şirini ilə. Şirinindən başlayaq.
Bircənin nə qədər əzab dolu bir həyatı olsa da, həmişə ətrafında onu sevənlər olub. Bircəni yaşadan da, bu qədər ağır zərbələrə məruz qalmasına baxmayaraq, bu təbii əsəri bizə çatdırmasına imkan verən də həmin sevgidir, mərhəmətdir. Bircənin həyatında qəlbi sevgi ilə, mərhəmətlə dolu çox insan olub: nənəsi, bibisi, qardaşı Səməndər, Aqil, peşə məktəbindəki müəllimi Xuraman… Sevgi və mərhəmət hissi xalqımızın ən böyük, təqdir ediləsi yanıdır. Amma əsərdə mentallıq qazanmış elə xarakterik xüsusiyyətlər də var ki, onlarla tanış olduqca adamın tükləri biz-biz olur. Çünki o xarakterdəki tiplər bu və ya digər formada biz özümüzük. Yazıçı öz xarakterindəki qüsurları da oxucu ilə çəkinmədən bölüşür. Uşaqkən bacılarına, peşə məktəbində qrup yoldaşlarına, əri Eminə qarşı etiraf etdiyi əzazil, “şəxsiyyətə pərəstiş tutmalı” davranışları nə biz ona bağışlaya bilirik, nə də müəllif özünə.
Romanda mələyin – Bircənin cəhənnəmi canlandırılsa da, təkcə bir Azərbaycan qızının, qadınının deyil, Azərbaycan oğlunun, kişisinin də faciəsi canlandırılıb. Romanda Azərbaycan ailəsinə, adət-ənənələrimizə sevgi ilə yanaşı Azərbaycan ailəsindəki, adət-ənənələrimizdəki acı, travma dolu nüanslar qabarıq şəkildə əks olunub. Ailələrimizdə rasionallıqdan uzaq, qadın emosiyasına əsaslanan idarəçilik, adı olub özü olmayan patriarxallıq, qadın hegemoniyasının hökm sürdüyü ailə, cəmiyyət o qədər gerçək təsvir edilib ki, bunu yalnız bir qadın nasir yaza bilərdi. Heç bir kişi yazar istəsə də, belə yaza bilməzdi. Bircə bu baxımdan ədəbiyyatımızın şansıdır.
Bircə romanda Azərbaycan qadınının doğulmamışdan başlayan problemlərini, fiziki, mənəvi, psixoloji travmalarını qələmə almaqla yanaşı Azərbaycan ailələrindəki acınacaqlı mühiti, Azərbaycanda ailə institutunun bərbad vəziyyətini özümüzə göstərir. Özümüzü tərifləyən bizlərin kənardan baxanda cəhənnəmə bənzər durumunu müəllifin mövqe qoymadan təsvir etməsi əsəri oxucuya doğmalaşdırır, cana yaxın edir.
Bircənin yaşadığı cəhənnəmin kökü çox dərinə gedir. Bircənin nənəsi üç dəfə ailə qurmasına baxmayaraq, övladlarını atasız böyüdüb. Tək qanadlı bir ailə. Vəziyyətdən asılı olaraq ana hegemoniyasının hökm sürdüyü bir ailə gözümüzün qarşısındadır. Maraqlıdır ki, roman boyu biz ana hegemoniyasından doğan problemlərin şahidi oluruq. Bircənin nənəsinin idarə üsulu Cahangiri, anası Mənzərin idarə üsulu Bircəni, qayınanası Zöhrənin idarə üsulu Emini xoşbəxt olmağa qoymur. Əslində bu anaları qınamaq da olmur. Bu analara necə ana olmağı, necə həyat yoldaşı olmağı, necə qayınana, necə idarəçi olmağı kim harada nə vaxt öyrətdi ki? Qəribədir ki, “Cənnət anaların ayaqları altındadır” deyə-deyə 18, 17, 16, hətta 15, 14 yaşında ana olmuş nənələrimizi müqəddəsləşdirərkən fərqində belə olmamışıq ki, özü hələ yetkinləşməmiş bu anaların yetişdirdiyi, tərbiyə etdiyi uşaqlar hansı biliyə, dünyagörüşünə, taleyə sahib olacaqlar?
Bircənin ailəsi orta statistik, hətta ortadan da yuxarı bir Azərbaycan ailəsidir. Bircənin qardaşlarının, bacılarının ali təhsil alması, Bircənin bölgənin nüfuzlu ailələrdən birinin gəlini olması, oğlunun Amerikada təhsil alması kimi nüanslar ailənin səviyyəsi haqda daha yüksək qənaətə gəlməyimizə zəmin yaradır. Amma Bircənin ailəsindəki tərbiyə sistemi qüsurludur. Bircənin anası Mənzər – savadsız qadın savadsızlığın verdiyi özgüvənlə ailədə özünü hüdudsuz ixtiyar sahibi kimi aparır. Bir çox yarımçıqlıq kompleksinin əsiri olan bu qadın-ana obrazı hamımızın ətrafında var. Məişətimizdə, ədəbiyyatımızda gəlin-qayınana mövzusu çox populyardır. Amma heç vaxt belə bir ümumiləşdirmə aparmamışıq: bu qayınana və gəlinlərin hamısı həm də anadır. İlk dəfə “Cəhənnəmdən keçmiş mələk”də bir qadın ana kimi də tənqid olunur. Romanda övladları arasında ayrı-seçkilik edən, qızına qarşı əzazil olan bir ana obrazı ilə qarşı-qarşıyayıq. Üstəlik oğlan uşaqlarının kiçik bacının “tərbiyə” edilməsində az qala sınırsız imtiyazlarının olması da təəssüf qarışıq qəzəb doğurur. Atanın – Rəhimin öz vəzifəsini dosdoğru icra etməməsi, səlahiyyətlərinin bir qismini oğlan övladlarına verməsi Azərbaycan ailəsindəki acınacaqlı və dəhşətli vəziyyəti göz önündə canlandırır. Qardaş bacısı ilə dalaşır, bacı digər bacısını gözümçıxdıya salır, əmiqızı əmiqızıya, xalaqızı xalaqızıya düşmən kəsilib, böyüklərin isə proseslərə müdaxiləsi yoxdur, ancaq seyrçidirlər. Tipik Azərbaycan ailəsi.
Əsər boyu xalqımızın qüsurlu mental xüsusiyyətləri ilə də tanış oluruq: hər kəs hər şeyə emosiyaları və eqosunun diktəsi ilə reaksiya verir. Liberallıq, başqasının azadlığına hörmət yox kimidir. Hər kəs hamının: ailə üzvləri bir-birinin, qohumlar qohumların şəxsi işlərinə, hətta hisslərinə qarışır, müdaxilə edir, öz düşüncəsini, niyyətini, məqsədini həyata keçirmək üçün mübarizə aparır. Təhsillisi də belədir, təhsilsizi də. Demək, xalqın maariflənməsi də hələ kifayət etmir. İnsanlar, hətta ailə üzvləri arasında münasibətlər qanunlar vasitəsilə tənzimlənməlidir. Bircənin qardaşları Füzulinin “Leyli və Məcnun” əsəri ilə tanış idilər. Amma bacılarının hisslərinə münasibət orta əsr insanının münasibətindən də pisdir. Demə, biz beş yüz ildə beş addım da irəli getməmişik.
Yazıçı 1960-cı illərdən bu tərəfə Azərbaycan ailəsinin həyatını təsvir edir. Nəzər etsək, görərik ki, 50-60 il keçməsinə baxmayaraq, Azərbaycan ailəsində, cəmiyyətində vəziyyət elə eyni cürdür. Az-maz dəyişiklik olmamış deyil. Amma Sabir demiş, “əvvəl nə idiksə, yenə biz şimdi hamanız”.
Romanla tanış olduqda bir qənaətə gəlirik: cəmiyyətimizdə, ailədə, qohumlar arasında münasibətləri tənzimləyən normal bir mexanizm, əxlaq, hüquq qaydaları yoxdur. Yetkinləşməmiş, formalaşmamış bir cəmiyyətin fərdləriyik. Cəmiyyətdə, ailədə o qədər qüsurlar var ki, hansından başlamağı da bilmək olmur. Əvvəlcə bu nöqsanların bir qismini sadəcə sadalayaq:
Qadına şiddət. (Buna şiddət demək azdır, qadına qarşı cinayət desək, daha düz olar.)
Qadına qarşı şiddətə qadın (ana, qayınana) loyallığı, qadınların haqq qazandırması, qadın körükləməsi.
Qadınların var-dövlət hərisliyi.
Meyarların olmaması. (Fərdlər bilmir ki, nə onun səlahiyyətinə aiddir. Adamlar özlərinə aid olmayan məsələlərə müdaxilə edir və faciələrə səbəb olurlar.)
Cinsi tərbiyənin çox zəif olması.
Ailə planlaşdırılmasında ciddi boşluqlar. (Abort qərarının verilməsində atanın qərarvermə hüququnun tanınmaması.)
Uşaqların tərbiyə edilməsində hər hansı bir sistemin, dəyərlərin olmaması.
Kobud danışıq.
Rasional deyil, aşırı emosional davranış, reaksiya.
Üzdə ailənin başçısının ata olması, əslində isə ailələrin ana tərəfindən idarə olunması.
Ailədə ər-arvad münasibətlərinin səmimi olmaması. Kişi də, qadın da ailəni öz bildiyi kimi idarə etməyə çalışır. Ortaq nöqtəyə gəlməyin mümkünlüyünə heç bir tərəf inanmır.
Ailədə avtoritarizm. Avtoritarizm ancaq avtoritarizm doğurur.
Zor gücünə əsaslanan idarəetmə.
Qərarvermədə ədalətsizlik.
Gənclərin ailə qurmasına böyüklərin müdaxiləsi.
Gənclərin öz həyatını, taleyini müəyyən etməkdə aciz buraxılması.
Ailədə riyakarlığın, yalanın, böhtanın olması və sair.
Bu siyahını uzatmaq, sadaladığımız “keyfiyyət”lərə neçə-neçə misal çəkmək olar. Mələyin – Bircənin bu həyatda yaşadığı cəhənnəmi analiz etsək, belə bir qənaətə gələrik: bu cəhənnəmi yaradan da elə “mələk”lərdir. Bu cənnət dünyanı cəhənnəmə çevirən qızını, oğlunu diktator kimi itaətdə saxlamaq, onların taleyini, qismətini müəyyən etmək istəyən “ağıllı” analar; gəlinini kəniz görən, oğluna qısqanan, yeznəsini-kürəkənini oğlundan üstün tutan qayınanalar; baldızını, qayınanasını düşmən görən gəlinlər – əkdiyini biçdiyinin fərqində olmayan qadınlar deyilmi? Kişi yazarlarımız qadını ana, sevgili kimi nə qədər vəsf etmiş olsalar da,”Cəhənnəmdən keçmiş mələk” romanındakı qadın gerçək Azərbaycan qadınıdır. Sevdiyi qızla ailə qurmaq cəsarətinə sahib olmayan gənc də, gənc yoldaşını ölümünə döyən ər də, həyat yoldaşının intiharına səbəb kişi də, gəlinlə qayınananın didişməsinin qarşısını ala bilməyən ağsaqqal da Azərbaycan qadınının yetişdirdiyi kişidir. Romandakı cəhənnəmi yaradan, təəssüf ki, anadır. Bu romanı bütün qadınlar: qız, gəlin, baldız, elti, qayınana – hamı oxumalıdır. O güzgüdə hamı özünə baxmalıdır, Sabir demiş, gözünü bərəltməməlidir.
P.S. Azərbaycanda ömründə bir kitab mütaliə etməmiş nə qədər ailənin olduğunu da unutmayaq. Belə Azərbaycan ailələrinin ən böyük problemi ailədə tərbiyə sisteminin mövcud olmamasıdır. Bircənin ailəsi az qala Azərbaycan ailələrinin 80-90 faizinin güzgüsüdür. Ailədə münasibətlər sisteminin necə qurulması ilə bağlı nə əvvəldən yazılmış və yaxud yazılmamış bir konsepsiyamız, ənənəmiz olub, nə də indi mövcuddur. Keçmişi bir tərəfə qoyaq, hətta bu gün – XXI əsrdə ailə quran gənclər bir uşağın tərbiyə edilməsi ilə bağlı heç bir elementar savada sahib deyil. Tam orta təhsil almış bir yeniyetməyə təhsil dönəmində ailə həyatı ilə bağlı heç nə öyrədilmir. Bu istiqamətdə məktəbdə heç bir dövlət siyasəti yoxdur. Bir ədəbiyyat müəllimi olaraq ilk növbədə təklif edirəm ki, “Cəhənnəmdən keçmiş mələk” romanı orta məktəbin ədəbiyyat proqramına salınsın, 5-ci, 7-ci siniflərdə uyğun bir parçası, 11-ci sinifdə isə roman bütövlükdə tədris olunsun.