Mətanət Natiq
28 May Müstəqillik Günüdür. Park insanla doludur. Gözəl Bakımızın Alov qüllələrindən məlahətli, həzin bir səs yayılır. Bu səs şəhid Xudayar Yusifzadənin səsidir.
Alov qüllələrinin üzərində onun gülümsəyən siması canlanır və oxuduğu “Vətən yaxşıdır” mahnısı eşidilir. Adamlar ayaq saxlayıb bu füsunkar ifanı dinləyirlər. Xudayar oxuyur. “Dumanlı dağların başında durdum…”
Oxu, qardaşım, oxu. İndi o dumanlı dağların başında Azərbaycan əsgəri sənin söylədiyin kimi gözəl yurdumuzu qoruyur. Neçə-neçə oğullarımız Vətən uğrunda canından keçdi.
Oxu, qardaşım, oxu. Sən tarixə nəğməkar şəhid kimi düşdün. Azərbaycan xalqı sənin adını əbədiləşdirmək üçün mahnını adını dəyişib “Xudayar təsnifi” qoydu.
Oxu, qardaşım, oxu. Qoy səsin hər zaman üçrəngli bayrağımız kimi ucalsın! Azərbaycan xalqı sənin o gülümsəyən üzünü, o məxməri səsini heç vaxt unutmayacaq!
Rahat yat, əziz şəhidim.
Bu ilin fevralında Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrini bütün dünya ürək ağrısıyla izlədi. Göz yaşlarıyla ölənləri gördü. Sevinc göz yaşlarısa xilas olanlar üçün axdı.
Hər gün telekanallar dağıntılar altından çıxarılan insanları göstərirdi. Həmin insanlar ümidlərini itirmədiklərini söyləyirdilər.
Olduqca təsirli, duyğulu anlar yaşanırdı. Anlatmaq çətindir.
Gənc qızın dağıntılar altından çıxarılan kimi “İlahi, mən Günəşi görürəm” deməsi…
Bir atanın dağıntılar altında qalıb ölmüş qızının əlini saatlarla tutub buraxmaması…
Yaşlı bir adamın Türkiyə bayrağını öpərək gözünün üstünə qoyub “Ya Rəbbim, bizi Vətənsiz qoyma” deməsi…
Türkiyədəki zəlzələ nə qədər dəhşətli olsa da, insanların ümidə bağlılığını, insanlığın ölmədiyini, cəsarətini, qəhrəmanlığını üzə çıxardı.
Allah yar və yardımçın olsun, qardaş Türkiyə!
İnsanı daima təqib edən bir şey var. Gah kürəyimizin arxasında, gah yanımızda, gah da qarşımızda olur. Bəzən qəfildən onu görəndə qorxuruq da. Bu, insanın kölgəsidir.
Hara getsək bizimlədir. Adətən çox qorxaq adamlara “kölgəsindən qorxan” deyirlər. Əslində biz hamımız öz kölgəmizdən qorxuruq.
Ancaq bir ilahi qüvvə var ki, bax, onun kölgəsi heç vaxt başımızın üstündən əskik olmasın. Uca Allahın kölgəsi həmişə üzərinizdə olsun! Amin!
Selfi çəkməyi sevirəm. Selfi insanın özünə həm yaxından, həm də kənardan baxışıdır. Hər kəs özünə kənardan baxmağı da bacarmalıdır. Baxanda mütləq səhvlərimizi görəcəyik. Etdiklərimizə bəzən peşman oluruq, öz-özümüzə kaş belə olmayaydı, yaxud da etməsəydim deyirik.
Bəzi səhvləri sonradan düzəltmək olmur. Ataların dediyi kimi, daldan atılan daş topuğa dəyir. Arzu edirəm belə vəziyyətlərə düşməyək.
Selfi çəkin, gül-çiçəklə, sevdiklərinizlə. Özünüzə kənardan da baxın. Çox şey görəcəksiniz. Buna adım kimi əminəm.
Müəllifin başqa yazıları:
Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar
Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…
Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehirli aləm və yenilik
Adamlar, sevgi hekayətləri, qəbir daşı və dostluq