Günəşin yandırdığı şam
- 17 Dekabr 2022
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
17 dekabr Mövlana Cəlaləddin Ruminin anım günüdür
Mövlana Cəlaləddin Rumi 30 sentyabr 1207-ci ildə indiki Əfqanıstan sərhədləri içərisində olan Bəlx şəhərində doğulub. Atası Bəhaəddin Vələd dövrünün məşhur alimi, gözəl natiqlərdən biri, Quranın, hədislərin bilicisi olub. Onun moizələri Cəlaləddinin dünyagörüşünün formalaşmasına hələ uşaqlıqdan güclü təsir göstərib. Gələcək şairin təqribən yeddi yaşı olanda ailəsi Səlcuqlar dövlətinin ərazisindəki Malatya şəhərinə köçüb.
1219-cu ildə ailə Malatyadan Sivasa, daha sonra Sivasdan Akşehirə, 1222-ci ildə isə Qaramana köçür. Qaramanda qaldıqları yeddi il ərzində Cəlaləddinin anası Möminə xatun vəfat edir. Elə bu şəhərdəcə Cəlaləddin 1225-ci ildə Şərafəddin Səmərqəndinin qızı Gövhər xatunla evlənir, bir il sonra isə oğlu Sultan Vələd dünyaya gəlir.
Daha sonra Səlcuq sultanı I Əlaəddin Keyqubad Bəhaəddin Vələdə Konyadakı məşhur mədrəsələrdən birinin rəhbəri olmağı təklif eləyir. Ata 1228-ci ildə ailəsiylə birgə Konyaya köçür, 1231-ci il fevralın 23-də burada dünyasını dəyişir. Bu vaxt Konya artıq yüz ildən çox idi ki, Səlcuq sultanlığının paytaxtıydı. Atasının ölümündən sonra Mövlana mədrəsədə onun yerini tutur, beləliklə də, Konyanın ən nüfuzlu adamlarından birinə çevrilir. O vaxta qədərki Cəlaləddinin savad dairəsi haqqında əlimizdə dəqiq bilgi olmasa da, deyə bilərik ki, Bəhaəddin Vələdin 24 yaşlı oğlu nüfuzlu bir mədrəsəyə başçılıq eləmək, şəhərin adlı-sanlı adamlarının uşaqlarına dərs demək, cümə günləri məsciddə moizə oxumaq üçün hələ çox gənc idi, buna görə də atasının ən sadiq dostları, müridləri ona kömək eləməkdən ötrü Konyada onun ətrafına yığılırlar. Belə dostlardan biri, məşhur sufi Seyid Bürhanəddin Mühəqqiq 1232-ci ildə Termezdən Konyaya gəlib doqquz il özünü bütünlüklə Cəlaləddinin mənəvi tərbiyəsinə həsr eləyir. Bürhanəddin mistik yolun sirlərini ona açır, nəzəri tezisləri şəxsi psixoloji təcrübədə təsdiqləyir. Cəlaləddinin bu doqquz illik təlimdən nə götürüb-götürmədiyi bəlli deyil, ancaq görünür, bununla kifayətlənmədiyi üçün, yaxud da dini təhsilini artırıb nüfuzlu bir ilahiyyatçı kimi Konya cəmiyyətində möhkəm yer tutmaq üçün o, Suriyaya – o vaxtın ən iri dini təhsil mərkəzləri olan Hələbə, Dəməşqə gedir, ömrünün yeddi ilini də bu şəhərlərdə keçirir.
Konyaya dönəndən sonra həyatının növbəti beş ili (1240-1244) çox sakit, elə bil artıq müəyyən olunmuş bir rejimlə, dəyişməz qayda-qanunla keçir. Evi-eşiyi, mehriban ailəsi, hər cür maddi təminatı… Yenə mədrəsədə mühazirələr deyirdi, məsciddə moizə oxuyurdu. Onu tez-tez Konyanın küçələrində, at belində, müridlərin əhatəsində görmək olardı. Sonralar o, həyatının bu dövrünü istehzayla xatırlayacaq. Bu günlər dünyanın bütün ağrıları onun ürəyindən yan keçirdi, monqol atlarının tappıltısı, döyüş meydanlarında can verənlərin sızıltısı, əsir düşən qadınların fəryadı, Baba İshaqın başçılığı ilə ədalət sorağına çıxanların bağırtısı onun qulaqlarına çatmırdı. Hələ haqq yanğısı dodaqlarını çatlatmamışdı, hələ Allah sevdasına düşməmişdi, hələ çox sakit yaşayırdı.
Bu illər içində o, bir neçə dəfə Qurana öz təfsirini yazmaq fikrinə düşmüşdü, daha sonra hədisləri toplayıb şərh eləmək istəmişdi, bunlar da baş tutmayanda öz moizələrini kitab halına gətirmək arzusunda olmuşdu. Fəqət şair olmaq, görünür, heç ağlına da gəlmirmiş. Söhbətlərinin birində deyir: “Dostlar bizə gələndə başlarını qatmaq üçün şeirlər qoşub oxuyurdum onlara. Yoxsa mən hara, şeir hara? Vallahi şeirdən usanmışam mən, bu dünyada şeir yazmaqdan betər peşə yoxdur. Fəqət Tanrı belə istədisə, mən neyləyə bilərəm?..”
Ancaq hər şey qəfil dəyişir. 26 noyabr 1244-cü ildə şərqin ən böyük sufi mütəfəkkirlərindən olan gəzərgi dərviş Şəmsəddin Məhəmməd Təbrizi Dəməşqdən Konyaya gəlib bir karvansarada əylənir. Dincələndən sonra küçəyə çıxıb darvazanın ağzında oturur. Uzaqdan gələn atlını, bir yığın adamın aralığa aldığı üzü nurlu fəqihi görcək yerində dikəlir, izdiham gəlib onun tuşuna çatanda ayağa durub Cəlaləddindən (bəli, üzündən nur yağan fəqih məhz o idi!) soruşur: “De görüm Allahın bəndələrindən kim daha böyükdür – Məhəmməd peyğəmbər, yoxsa Bayəzid Bəstami?” Cəlaləddin deyəndə ki, əlbəttə, Məhəmməd peyğəmbər, çünki Quranda yazıldığına görə, o, Allahın elçisi, peyğəmbərlərin möhürüdür, Şəms başqa sual verir: “Onda bunu necə başa düşək ki, Məhəmməd deyir: “Sübhansan! Sübhansan! Səni olduğun kimi dərk etmədik!”. Bayəzid isə belə deyirdi: “Sübhanam! Sübhanam! Gör mənim məqamım necə də əzəmətlidir!”
Bu, onun ömründə inqilab idi. Altmış yaşlı dərviş onun həyatını alt-üst eləmişdi. Sonralar Mövlana bu görüşün mahiyyətini belə ifadə eləyəcək: “Yanan şam yanmayan şama toxunub keçdi”. Həyatı əfsanələrin içində itib-batmış Şəms də ömrünün sonuncu əfsanəsini yaşamağa başlayırdı…
Bir çoxları Mövlananın həyatında Şəmslə bağlı süjetləri də əfsanə sayırlar, ancaq deməliyik ki, Rumi qəzəllərinin çoxu Şəmsin imzasıyla “möhürlənib” (Platonun öz fikirlərini Sokratın dilindən deməsini xatırladır), ona görə “Divani-Kəbir”in ikinci adı da “Divani-Şəms”dir. Bundan başqa, Şəmsəddin Təbrizi tarixi şəxsiyyətdir. O, Yaxın Şərq ölkələrini gəzib-dolaşır, sufi ideyalarını yayırdı. O bütün dini ritualları, normativləri inkar edir, mənəvi təmizliyə çağırır, xalqla birbaşa ünsiyyəti vacib bilirdi. Şəms Təbrizi həm də kəlamçılığın rasionalizmini, sxolastik fəlsəfəni darmadağın eləyən bir sufi alim kimi tanınırdı. Onun “Məqalat” kitabı belə fəlsəfi mübahisələrin üstündə qurulub.
Şəmslə tapışandan sonra Cəlaləddin “itməyə” başlayır. Günlərlə mədrəsəyə ayaq basmır, tələbələr başlı-başına qalır, valideynlər şikayətlənirlər, hətta ailəsi də onun üzünü görmür. Şəmsi tez-tez hədələyirlər, hətta bir dəfə ona sui-qəsd də eləyirlər (ancaq baş tutmur). 1246-cı ilin 11 martında Şəms Təbrizi gizlicə Konyanı tərk eləyib Dəməşqə gedir. Cəlaləddin oğlu Sultan Vələdi onun ardınca yollayır, yalvarışla, göz yaşıyla dolu bir qəzəli də oğlundan göndərir. Şəmslə Sultan Vələd piyada Konyaya qayıdırlar. Mövlananın tələbələri Şəmsi yenə düşməncəsinə qarşılayırlar. Mövlana isə sevincindən yerə-göyə sığmır.
Ancaq onu Şəmsə qısqananlar bu “itkiylə” heç cür barışmaq istəmirdilər. Günlərin bir günü Şəms yenə qeyb olur – bu dəfə həmişəlik. Hadisə 1247-ci ildə baş verib. Tarixi qaynaqlar bu hadisəni bir neçə versiyada nağıl eləyir ki, bunlardan birinə görə, Şəms Mövlananın kiçik oğlu Əlaəddinin iştirakı (yaxud da təşəbbüsü) ilə öldürülüb; sonra Sultan Vələd onun meyitini tapıb Konya qəbiristanlığında dəfn eləyib, bütün bunları Mövlanadan gizlədiblər. Ümidsizliyə qapılıb başını itirən Mövlana isə Şəmsi tapmaq ümidiylə iki dəfə Dəməşqə gedib.
1249-cu ildə Rumi elan eləyir ki, Şəms Təbrizi konyalı zərgər Səlahəddin Fəridun Zərkubun cismində yer üzünə yenidən gəlib. Heç bir savadı olmayan bu cavan oğlan Mövlananın xələfi, müridlərin başçısı təyin olunur. Müridlər arasında narazılıq yenidən güclənir, yalnız Mövlana əgər Səlahəddinə bir şey olarsa, Konyanı biryolluq atıb gedəcəyini bəyan eləyəndən sonra yat-yut olur.
Fəqət bu xoşbəxtlik də uzun sürmür, 1258-ci ilin 29 dekabrında Səlahəddin vəfat edir. Onun yerini Mövlananın sonuncu böyük dostu, ən səmimi köməkçisi Hüsaməddin Həsən tutur. Dünya mədəniyyəti “Məsnəvi”nin yazılmasına görə məhz ona borcludur. “Məsnəvi” məhz Hüsaməddinin xahişi, təsiri, köməyi sayəsində yaranıb. O, ustadını kölgə kimi izləyir, gecə-gündüz evdə, küçədə, mədrəsədə, səma (mövləvilərin ritual rəqsləri) vaxtı, hətta hamamda Mövlananın dilindən çıxanları yazırdı. Sonra bu tələsik yazılan qaralamaları Mövlanaya göstərir, o isə öz növbəsində müəyyən dəyişikliklər, düzəlişlər eləyəndən sonra Hüsaməddin yazıların üzünü köçürürdü. Bu hal qısa fasilələrlə Ruminin ölümünə qədər davam eləyib.
Mövlananın əsərləri həcminə görə də ağlasığmaz dərəcədə böyükdür: fəlsəfi-didaktik mənzum hekayələrin altı cildlik toplusu “Məsnəvi” aşağı-yuxarı 26 min beytdən, “Divani-Şəms” adıyla da tanınan “Divani-Kəbir” isə 48 min beytdən (bəzi mənbələr divanın 60 min misradan ibarət olduğunu iddia edir) ibarətdir. Bunlardan başqa, Mövlananın mədrəsədə söylədiyi mühazirələrdən, müxtəlif məclislərdəki fəlsəfi məzmunlu söhbətlərindən, məktublarından tərtib olunmuş “Fihi ma fih”, “Məcalisi-səbə”, bir də “Məktubat” adlı üç nəsr kitabı da var. Onu da söyləyək ki, farsca yazmasına baxmayaraq Mövlananın əsərlərində ərəbcə, türkcə, yunanca ayrı-ayrı sözlərə, misralara da rast gəlinir.
Mövlana Cəlaləddin Rumi deyirdi ki, Allah insanı hər nəfəsdə yenidən yaradır. O bu qədər zəhmətkeş, yorulmaz, yaratdığından, işindən, sevgisindən bu qədər ilhamlanan Tanrının qanadı altında öləcəyinə inanmırdı. Bu həsrətlə, ayrılıqla silahlanmış, ehtirasla, üzüntüylə, əzabla yüklənmiş dünyaya, bu qorxu, nifrət, yalan səltənətinə bir də qayıdacağına, yer üzünə bir də enəcəyinə o inanmırdı: “Hər zərrəm könlü yaralı bir aşiq deyilmi? Torpaq olduğum zaman da torpağımın hər zərrəsi bir aşiq olacaq. Hansı tozdan bir səs eşitsəniz, bilin ki, o toz mənim torpağımdandır”. Ölümündən bir az qabaq diktə elədiyi qəzəlində isə deyirdi: “Cənazəmi görəndə “ayrılıq-ayrılıq” demə, bu mənim görüş günümdür. Məni məzara göməndə “əlvida” deməyin, batmağı gördünüzsə, doğuşu da görün. Günəşə, Aya batmaqdan nə ziyan gəlir ki! Məzar həbsxana deyil, canın həbsdən qurtulmasıdır. Yerə hansı toxum əkildi də bitmədi? Bu tərəfdə ağzını yumdunmu, o tərəfdə aç. Çünki artıq hay-küyün məkansızlıq aləminin boşluğundadır”.
Böyük şair, mütəfəkkir 1273-cü ilin 17 dekabrında Konyada dünyasını dəyişib, Bəhaəddin Vələdin türbəsində atasıyla yanaşı dəfn olunub.
Fəxri Uğurlu
“Yeni Azərbaycan” qəzeti, 17 dekabr 2022-ci il