İsmayıl Rafiqoğlu
Teatr tamaşasını bilmədiyin dildə izləmək başqa bir aləmdir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Lev Tolstoyun povesti əsasında səhnələşdirilən “Kreyser sonatası”nı gürcü dilində izlədim. Əsl sənətin dili olmur və dili bilməyəndə də bir imkan qazanmış olur, tamaşanı emosiya və görüntü ilə qavrayırsan.
Bakıda keçirilən Qısa Tamaşalar Festivalı çərçivəsində Azərbaycana gələn Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının “Kreyser sonatası”nı bu qədər dərin, bu qədər möhtəşəm təqdim etməsi çox gözəldir.
Nə qədər qəribə görünsə də, gürcü teatrında, ədəbiyyatında, sənətində baş verənlərdən xəbərsizik. Mehriban qonşu olsaq da, daha çox siyasi və iqtisadi proseslərdən məlumatlıyıq, incəsənət sahəsində isə xeyli kənarda qalırıq. Gürcü ədəbiyyatından Azərbaycan dilinə tərcümə edilən tək-tük əsər göstərmək olar. Gürcü teatrını isə demək olar tanımırıq. Halbuki dram teatrını Kote Marcanişvili hələ 1928-cı ildə yaradıb. Özü də o vaxtlar bu, Gürcüstanda qurulan ikinci Dövlət Dram Teatrı olub. Ona görə Marcanişvili teatra “2-ci Dövlət Dram Teatrı” adı qoyub. 1928-cı ildə Kutaisi şəhərində yaradılan, 1930-cu ildə Tbilisiyə köçən və indiyədək Gürcüstan paytaxtında fəaliyyət göstərən bu teatra ölümündən sonra (1933-cü ildə) Marcanişvilinin adı verilib.
2-ci Dövlət Dram Teatrında həmişə tanınmış aktyorlar yer alıb. Vaxtilə onun səhnəsində Azərbaycan tamaşaçısına “Yaramaz” filmindən yaxşı tanış olan Mamuka Kikaleyşvili də çıxış edib.
Gürcüstana səyahət edən adətən yayda istirahət dalınca gedər, teatr mövsümü bağlı olanda. Heç istəsə belə hansısa tamaşaya baxa bilməz, amma festivalın hesabına gürcü teatrı birbaşa Bakıda çıxış etmək imkanı qazandı.
“Kreyser sonatası” bir vaxt Lev Tolstoyun ən qalmaqallı əsəri kimi qarşılanıb. Onu nə Rusiyada, nə də xaricdə dərc etmək istəyiblər. Tamaşanın mərkəzi fiquru Vasili Pozdnışev dayanmadan danışır, hamının diqqəti ondadır. Bir yandan özünü ittiham edir, o biri yandan qadınları günahlandırır. Özünün vaxtilə arvadbaz olduğunu boynuna alır, ailə həyatında xoşbəxt olacağını güman edərək o qədər də varlı olmayan bir qızla evləndiyini deyir. Dediyinə görə, evləndiyi andan problemlərdən yaxa qurtara bilməyəcəyini də anlayır. Bildirir ki, o öz xanımını elə nikahın ilk günü öldürüb. Onlar 8 il birgə yaşayıblar, 5 uşaqları olub. Amma bu, faciəvi aqibəti dəyişə bilməyib, qətl törətmək fikri Pozdnışevin beyninə bal ayının üçüncü günündən giribmiş.
Hər uşaq doğulduqca Pozdnışev bir qədər sakitləşsə də, az sonra qısqanclıq, nifrət, dəlilik yenidən onun varlığına hakim olub. Axırda xanımını öldürməklə bir növ azadlıq qazanıb, çünki o dövrdə boşanmağın bir yolu vardı. Azadlıq nikahda olduğun şəxsin ölməsi ilə əldə olunurdu.
Tamaşada baş rolda çıxış edən teatr və kino aktyoru Nika Kuçava olduqca gözəl ifası ilə yadda qaldı, gur səsi, emosional çıxışları ilə auditoriyanı ələ almağı bacardı. Baş qəhrəmanın ümidsizliyindən tutmuş qəddarlığına kimi hər tərəfini göstərə bildi.
Gürcü dilini bilməyən Azərbaycan tamaşaçısı da ən azı bir sözü dəqiq öyrəndi. Aktyorların tez-tez işlətdiyi “ara, ara”, yəni “yox, yox” kəlmələri yəqin hər kəsin beyninə həkk olundu.
Gürcü aktyorların gözəl ifasında dahi Tolstoyun əsərini izləməkdən zövq aldıq. Ən azı əsərin müasir günə uyğunlaşdırılmasının, maraqlı dekorasiyaların, dinamizmin şahidi olduq. Dili bilməsək də, demək olar, hər detalı anladıq.