Rövşən Ağayev
Dövlət idarəetməsində şəffaflıq mövzulu yazılara ictimai reaksiya çox zəifdir. Şəffaflıq olmayan ölkə qaranlıq ölkədir – hətta neft pulu ölkənin ən ucqar küçələrini çil-çırağa bürüsə belə.
Niyə bizim toplumda, xüsusən media və vətəndaş cəmiyyətində hökumətin qeyri-şəffaf davranışına passiv və seyrçi münasibət var? Övladımızın oxuduğu orta məktəbin, universitetin, getdiyi bağçanın büdcəsi, eləcə də yaşadığımız bölgənin təhsil, səhiyyə, sosial müdafiə büdcəsi, bizi idarə edən məmurun məvacibi, büdcəyə bağlı polisin, hərbçinin əməkhaqqı məbləği, ölkə boyu infrastruktur layihələrinin dəyəri barədə tam məlumatsızıq. Belə mühit zülmət kimidir.
Deyərlər hökumət media və vətəndaş cəmiyyətində hərəni bir cür susdurub. Şübhəsiz, susqunluğun mühüm səbəblərindən biri budur. Amma bir önəmli səbəb də var: şəffaflıq cəmiyyət üçün tələbat deyil. Toplum bunu əhəmiyyətsiz sayır, onun üçün real faydası olacaq faktorların sırasında görmür. Halbuki şəffaflıq büdcə oğurluğunun, kiçik bir qrupun dövlət vəsaiti hesabına nəhəng sərvət sahibinə çevrilməsinin qarşısını almağın əsas mexanizmlərindən biridir. Büdcə talanı, qanunsuz sərvət yığımı olmasa, adam ədalətli gəlir və sərvət bölgüsü hesabına daha yüksək rifah içində yaşaya, daha sağlam həyat sürə, övladının təhsilinə və inkişafına vəsait tapa bilər.
Şəffaflıq cəmiyyətin tələbatına çevrilməlidir. Gördüyümüz hər nə var – sorğulamalıyıq.
Sosial-iqtisadi, ekoloji problemlərimizin də səbəblərini sorğulamağı öyrənməliyik. Məsələn, kəndlər və rayonlar məişət tullantıları içərisində boğulur, palçıq yollarda eşələnmək insanların ömrünü kəsir, işsizlik və yoxsulluq psixoloji sarsıntı və depressiya yaşadır. Bu problemlərin də həllini tələb etməyi tələbatımıza çevirməliyik.
İnsanların davranışını, yaşamaq eşqini onların ehtiyacları müəyyən və təyin edir. Bu mənada tələbat iyerarxiyasında yalnız maddi ehtiyacların sıralandığı toplumla ictimai və mənəvi tələbatlarını önə çıxaran toplumların davranışı arasında fərqi görməmək mümkün deyil. Qərblə Şərqin mədəni və iqtisadi inkişafı arasında uçurumun köklü səbəbləri sırasında bu amilin də mühüm rolu var.
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar
Avtomobil parkımız niyə köhnəlir?