Qoqenin cavabsız sualları
- 23 Noyabr 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Simran Qədim
Məşhur fransız postimpressionist rəssamı Pol Qoqenin ilk baxışdan həddən artıq adi, primitiv görünən, əslində isə son dərəcə ağır, dərin, müəmmalı sualları insanın özünü dərk etməyə başladığı qədim zamanlardan bu yana önəmini qoruyub saxlayır: “Biz haradan gəlmişik?”, “Biz kimik?”, “Biz haraya gedirik?”…
Dünyanın şəkli, həyat tərzimiz Buddanın, Konfutsinin, Sokratın yaşadığı antik dövrlərlə müqayisədə bir xeyli dəyişsə də, beynimizdə hələ uşaqlıqdan yuva salan təməl fəlsəfi suallar dəyişməyib, eynən olduğu kimi qalıb. Dünyaya gəlişimizin səbəbini, həyatın mənasını, kainatı kimin, necə, niyə yaratdığını hər kəs bilmək istəyir. Bəzən dolayı cavablar tapıb yarı könüllü, yarı könülsüz qane oluruq, bəzən də sualların havada asılı qalmasından təngə gəlib daha bu haqda düşünməkdən vaz keçirik. Ola da bilsin, başımız həyat qayğılarına qarışdığından bu mövzunu, sadəcə, unuduruq, gərəksiz əşya kimi bir küncə atırıq.
Söhbət yuxarıda sadalanan, daim aktuallığını qoruyan təməl fəlsəfi suallara cavab axtarmaqdan gedirsə, gəlin bir şeyi əvvəlcədən qəbul edək: yazını oxuduğunuz bu gün etibarı ilə – heç şübhəsiz, ən azı yaxın onilliklərdə də – kainatın niyə yarandığına, həyatın mənasına dair mövzularda dəqiq bir cavab tapa bilməyəcəyik. “Ağlımızdakı sual işarələri getməyəcəksə, bu barədə düşünməyin, yazmağın, üstəlik, geniş bir yazı oxuyub beynimizi daha da qarışdırmağın nə mənası var?!” deyiriksə, hökm çıxarmağa tələsməməliyik.
Tarix yaranandan elm məhz cavabsız suallar üzərində inkişaf edib. Əksər hallarda dahi şəxsiyyətlər adi, subyektiv maraq naminə nəyəsə baş sındırıblar, hətta kiçicik də olsa, bir nəticə əldə etməkdən ötrü ömürlərini həsr ediblər. Nəticədə, tarixə yön verən yeniliklər, kəşflər, icadlar ortaya çıxıb. Məşhur ingilis filosofu Bertran Rasselin də dediyi kimi: “Elm bizim bildiklərimiz, fəlsəfə isə bilmədiklərimizdir”.
“Həyatın mənası nədir” sualına cavab axtarmazdan öncə çoxumuzun beyninə həkk olunmuş bir incə məqama diqqət yetirməliyik: ümumiyyətlə, “məna”, “anlam” deyilən şeyin özü nədir? Bu sözlərin arxasında necə bir şey dayanır? Burada bizim üçün hansısa konkret, ağıla, məntiqə sığan bir fikir varmı?
Əslində, “məna”, “anlam” kimi kəlmələr Yer üzündə nitq qabiliyyətinə malik olan, yaşam və varlığa dair dərin-dərin düşüncələrə dalan, fəlsəfi mühakimələr, mübahisələr aparan yeganə canlının – insanın yaratdığı anlayışdır. Bu anlayış fiziki olaraq yoxdur, kitab, dəftər, qələm kimi materiyada yer tutmur, gözlə görünmür, əllə toxunulmur. Belə sözlər mücərrəddir, yalnız təfəkkürdə, düşüncədə mövcuddur. Ötən əsrin tanınmış psixoanalitiki Karl Qustav Yunqun təbirincə desək, “kollektiv şüur”da.
Digər tərəfdən, həyatın mənasını axtarmaq və ya tapmaq deyəndə – xüsusən axtarmaq, tapmaq sözlərinə görə – bizə elə gəlir ki, haradasa bir yerdə, ağlagəlməz, əlçatmaz bir küncdə nəsə gizlədilib. Həmin o nəsəni üzə çıxarmaq, kəşf etmək lazımdır. Halbuki bu belə deyil. Bəs əgər “məna” ancaq insanların kollektiv təfəkküründə formalaşıb ortaya çıxan anlayışdırsa, onu haradasa axtarıb tapmaq mümkün deyilsə, onda necə olsun? Dodaqlarımızı büzüb, çiyinlərimizi aşağı salıb pessimizmə, nihilizməmi qapılmalıyıq?
Burada açar rolunu oynaya biləcək bir nüans var. Əsas məsələ həyatın mənasını tapmaqda deyil, onu yaratmaqdadır. İnsanlar lap qədim zamanlardan, hələ təzə-təzə şüura yiyələndikləri dövrlərdən həyatın mənasını tapmaqdan əllərini üzüb təxəyyüllərini işə saldılar, onu özləri yaratdılar. İbtidai dövrlərin qəbilə miflərindən müasir zamanların qlobal miqyaslı metafizik-ezoterik, fəlsəfi konsepsiyalarına, ideologiyalarına qədər uzanan yolda hər kəs bir cür mənadan yapışdı, dükanda alış-veriş edirmiş kimi, təklif olunan hazır “məhsul”lardan yararlandı.
Kimisi varlığın anlamını xeyirin şərə qalib gəlməsi uğrunda qəhrəmanlıq etməkdə gördü. Kimisi ondan ötrü təyin olunmuş böyük-kiçik hansısa missiyanı, hind fəlsəfəsindəki kimi dharmasını yerinə yetirməkdə – dulusçudursa, qab-qacaq düzəltməkdə, pinəçidirsə, ayaqqabı yamamaqda tapdı. Kimisi də inzivaya çəkilib ruhi dincliyə, nirvanaya çatmağa can atdı. Həyatı tamam başqa cür görənlər də oldu: əxlaqi-mənəvi dəyərlərə məhəl qoymadan hedonizm prinsipləri ilə zövq-səfa, həzz arxasınca qaçanlar, gücə, hakimiyyətə, şan-şöhrətə sarı dartınanlar, ömrünü siyasətə, dinə, vətənə, sənətə və ya elmə həsr edənlər…
Bu gün də bənzər şəkildə hər kəs mənanı bir cür görür. Əsas fərq başqa şeylərdə olduğu kimi, burada da seçim imkanının bolluğudur. Əslində, həyatın mənasını konkret bir şeydə görmək məcburiyyəti yoxdur. Mənim üçün həyatın mənası həm bədii yaradıcılıq ola bilər, həm idman etmək, həm də cəmiyyətə fayda verməyə çalışmaq. Yaradıcılıq sevgisi, idman həvəsi, cəmiyyətə fayda vermək istəyi bir-birinə əngəl deyil. Ömrünü hansısa missiyaya qurban verənləri – dini, siyasi, milli, elmi fanatikləri bir kənara qoysaq, əksəriyyətimiz məhz beləyik: beynimizin müxtəlif künclərində fərqli-fərqli “məna”lar yaşayır.
Həyatın anlamını tək bir şeydə görmək, əslində, çox təhlükəlidir. Digər bütün alternativləri rədd etmək insanı radikallığa, başqalarına qarşı dözümsüzlüyə, bədbəxtliyə gətirib çıxara bilər. Əgər özümüzü inandırdığımız, təpədən dırnağa bütün hüceyrələrimizəcən varlığımızı həsr etdiyimiz həmin o yeganə “məna” qəfil yoxa çıxsa, dərin bir boşluğa, heçliyə yuvarlanarıq. Mənasızlığın vahiməsi həyatımızın işığını söndürər, bizi qatı qaranlıqda qoyar.
Amma burada da mütləqlik yoxdur. Görəsən, “məna”ya bu qədər məna yükləməyin bir mənası varmı? Bəlkə də “məna”nın mənasını çox şişirtmişik. Normal yaşamaq, özümüzlə harmoniya qurmaq, imkan tapdıqca həyatdan daha çox zövq almaq, xoş hisslər keçirmək həmişə mümkündür.
Ötən əsrlərlə müqayisədə qarşımızda böyük qapılar açan elmi inqilab bizə yeni-yeni biliklər qazandırıb. Təməl fəlsəfi suallar eyni olsa da, elmin sayəsində artıq həyata baxışımız bir sıra cəhətlərinə görə Buddadan, Konfutsidən, Sokratdan fərqlənir. İnsanı, təbiəti, kainatı elmin işığında öyrənir, məhz elmlə təsdiqini tapmış biliklərə söykənib düşünməyə, fikir irəli sürməyə çalışırıq. Ona görə də “Niyə dünyaya gəlmişik?”, “Varlığın anlamı nədir?”, “Həyatımızı necə yaşamalıyıq?” kimi suallar üzərində baş sındırmazdan öncə mövcud elmi bilikləri, nəzəriyyələri araşdırmaqda fayda var.
Müəllifin başqa yazısı: