Şakir müəllimsiz yaşamaq…
- 25 Oktyabr 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
14 oktyabr 2022-ci il. Günorta. İşdəyəm. Süleyman Qaradağlı zəng vurur: – Şakir müəllim ağırlaşıb, Elşənlə onlardan gəlirik, bir dəy ora.
Elşən Əliyevi deyir.
Şakir müəllimin yol yoldaşları, vəfalı dostlarıdır.
…Bir ay olar Şakir müəllimin zəng vurduğu. Hər zaman dediyimi demişəm: – Baş çəkərəm dərdləşək, bəlkə elə aşağı düşərsiniz…
Binalarımızın yüz metr arası olar. Bu dəfə də günü günə satmışam.
On ildən çoxdur canı ağrıyır. Əvvəllər heç olmasa yaxınlıqdakı çayxanada görüşə bilirdik, indi gərək evə gedəsən. Ona da hər vaxt üzün gəlmir.
…Süleymanın zəngi məni rahat buraxmır. Axşamüstü, hələ işdən çıxmamış evi yığıram. Yoldaşının qayğılı səsinə qulağım çoxdan alışıb, amma indi başqa cür narahatdır: – Yaxşı deyil Şakir, yenə insult keçirib…
İndi çıxsam, yarım saata onlarda olaram. Sabaha saxlayıram, bəlkə bir az düzəldi düşünürəm.
***
Onu “Azərbaycan gəncləri” qəzetindəki yazılarından tanıyanda məktəbli idim. Sonra jurnalistika fakültəsinin tələbəsi oldum: yuxarı kursların tələbələri də, müəllimlər də jurnalist deyəndə o adı çəkirdilər, özümüz də su kimi içdiyimiz yazılarından hər şeyi görürdük.
Şakir Yaqubov.
O vaxt cəmi 35 yaşı vardı Şakir müəllimin.
Ayaqüstü tanışlığı çıxıram. Yaxınlığımızın, dostluğumuzun tarixçəsi var.
1995-ci ilin payızında “Azadlıq” qəzetindən zəng vurub Maradona haqqında yazı istədim. Portret. Tərəddüd elədi. “Azadlıq” nadir hallarda idmandan yazı verirdi. Amma Maradona bir idman, futbol mövzusu deyil.
Redaksiyada mühafizəkar mühit vardı, hər mövzu yaxın buraxılmırdı. Şakir Yaqubov o maneəni ilk cəhddən yardı. Göz qabağındakı Maradonanı yenidən tanıdan, bir nömrəyə sığmayıb bir neçə nömrə gedən yazı dartışmaya yer qoymadı.
O, əzəldən dartışma mövzusu olmamışdı. Bizim nəsil də onu ustad bilirdi, tay-tuşları da, ağsaqqalları da.
…Maradonanın ardı gəldi, idman ulduzları rubrikası, idman səhifəsi, Şakir Yaqubov imzası “Azadlıq”ın adi ritminə çevrildi. Həm də peşəkar məsləhətçi, tənqidçi qazandıq. Bizim yaxşı saydığımız yazıya nə iradlar tuturdu, ağlımıza gəlməyən nə mövzular verirdi…
Yaxınlığımız, dostluğumuz belə başladı.
Şakir müəllimə çətin adam deyirdilər. Amma bizim heç mübahisəmiz də düşmədi bu qədər vaxt ərzində. 27 ildən söhbət gedir.
Saflığı, ən xırda narahatlığı da dərd eləməsi zahiri tündlüyünü kölgədə qoyurdu. Həyatından keçmiş adamlardan necə yanğı ilə yazdığına baxın. Hansısa məqamda dili acı ola bilərdi (baxırdı adamına), ürəyi yuxa idi amma.
“Azadlıq”dan sonrakı illərdə də dilimizdən düşmədi adı. 50 illik yubileyində “Avropa” qəzetinin redaksiyasına çağırdıq, sual verməyə ehtiyac qalmadı, birnəfəsə ustad dərsi keçib getdi. “Professionalın monoloqu” başlığı qoyduğumuz o söhbət sonralar Şakir müəllimin “Taleyimdən keçənlər” kitabının ilk yazılarından oldu.
Bizim Mediaforum.az saytında gedən yazılarından bütöv bir kitab bağlandı – “Yaddaşımın küncündən…”.
Bir kitablıq yazı da oxuculara Novator.az-da təqdim olunub.
Yağımız daşsa da, Şakir müəllimin yazısını başqa işdən qabağa salmışıq hər vaxt…
***
15 oktyabr. Şənbə səhəri. Evdəyəm. Şakir müəllimə baş çəkməyə hazırlaşıram, amma əvvəl telefona əl atıram. Yoldaşının dedikləri içimi dəlib keçir: – Komadadır Şakir…
Getməliyəm. Amma hər zaman dağ boyda gördüyün adamı belə ziyarət…
Dayanıram.
Bir neçə saat sonra bir də yığıram evlərini. Möcüzə gözləyirəm elə bil…
…Axşamüstü Süleyman zəng vurur Şakir müəllimin evindən: – Dur gəl, tez gəl.
Lap təkid edir.
Məndə o ürək yoxdur.
…Süleyman növbəti zəngində bütün ölkənin eşitdiyi acı xəbəri çatdırır.
…Daha sonra Şakir müəllimin həyətindəyik – Süleyman, Elşən, mən. Hələ isti-istidir. Amma bu yoxluq elə isti-isti də bilinir…
***
Hər epitetin hər adama yapışdırılıb urvatdan salındığı bir zamandır. Şakir müəllimin adının epitetə ehtiyacı yoxdur. Ad özü bəsdir.
Şakir Yaqubov.
Ona Ustad deyərdim. O da mənə Qardaşım.
Hər yazısını uşaq nağıl oxuyurmuş kimi oxuyar, üslubdan, dildən havalanar, deyərdim, Ustad, sizinlə bir zəmanədə, bir ölkədə yaşamaq, bir yolun yolçusu olmaq bəxtəvərlikdir.
Adil Qaçayoğlunu da elə sevmişəm. Dostluq öz yerində, peşəkar həmkar, müəllim kimi, zirvə kimi.
Adilsizlik 15 ilə gedir. İndi Şakir müəllimsiz də yaşamaq var. Yarı canın yox kimi…
Hikmət Sabiroğlu