Könlüm kiçik Kərbəladı… (Şeirlər)
- 25 May 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Seyid Malik 1987-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Laçın rayonu işğal ediləndən sonra, 1992-ildə ailəsi ilə birlikdə Biləsuvar rayonunda məskunlaşıb. İxtisasca müəllimdir.
Ədəbi yaradıcılığa erkən yaşlarından başlayan Seyid Malik iyirmi ildən artıqdır dövri mətbuatda çıxış edir. “Qarabağın qara günü” və “Sevə bilsəm ayrılığı” adlı iki şeir kitabı işıq üzü görüb.
Novator.az saytı Seyid Malikin bir neçə şeirini oxucuların diqqətinə çatdırır.
Gərək hər gün görəm gül camalını
Gərək hər gün görəm gül camalını,
Görəm ilham alam, yarana şeirim.
Aşa sərhədləri, aça yolları,
Yayıla bir anda cahana şeirim.
Gərəkdi bu dəli sevdaya uya,
Qəlbin nə dediyin gözündən duya.
Oğrun baxışından od oğurlaya,
Düşməyə çovğuna, borana şeirim.
Gərək sevdiyinə nəyi var verə,
Yaylıq ürəyini yollara sərə.
Nazını çəkib də qayğı göstərə,
Körpə sevgimizə bu ana şeirim.
Qapa iradəni, tapa dözümü,
İnci tək düzülə sözün düzümü.
İlkin ağuşuna ata özünü, –
Sonra qucağından boylana şeirim.
Sərəsən üstünə tel çətirini,
Uda nəfəsinin gül ətirini.
Tez-tez söyləyəsən hər sətirini,
Dilin sığal çəkə, darana şeirim.
Gərəkdi doğrula verdiyin vədə,
Eşqin dəm sevinci dərdi göynədə;
Dizinin üstündə yuxuya gedə,
Gecə bal yuxunda oyana şeirim.
Ya qara saçında bir telə dönə,
Ya telini öpən ilk yelə dönə.
Əbədi sönməyən məşələ dönə,
Yolunun üstündə hey yana şeirim.
Yana sevdasına səməndər kimi,
Sözündən dönməyə gərək ər kimi.
Maliknən bir yerdə bir əsgər kimi,
Sənin qulluğunda dayana şeirim.
Könlüm kiçik Kərbəladı…
Könlüm kiçik Kərbəladı,
Rəhm elə, Ya Rəbb, rəhm elə!
Həmdəmim dərdi-bəladı,
Rəhm elə, Ya Rəbb, rəhm elə!
Qəlbim qəmə nə bənd olub,
Zəhər mənə gülqənd olub.
Ahım ərşə bülənd olub,
Rəhm elə, Ya Rəbb, rəhm elə!
Hər baş özcə fikrindədi,
Hər qəlb, hərə bir dindədi.
M(ü)aviyyə öz məkrindədi,
Rəhm elə, Ya Rəbb, rəhm elə!
Yezid bizə əmr verir,
Odunumuz kömür verir.
Hökmü yenə Şümür verir,
Rəhm elə, Ya Rəbb, rəhm elə!
Kərbəlanın xası burda,
Qanayır yarası burda.
“Rey mülkü” davası burda,
Rəhm elə, Ya Rəbb, rəhm elə.
Bu tökülən qanlar bizim,
Bu qovrulan canlar bizim.
Şamı-qəribanlar bizim,
Rəhm elə, Ya Rəbb, rəhm elə!
Hər addımda bir tələ var,
Dava bitməyib, hələ var.
Hər kənddə yüz Hərmələ var,
Rəhm elə, Ya Rəbb, rəhm elə!
***
Həyat özü boyda qəm dənizidi,
Kim bilir bu ahdan aha nələr var.
Yalan adasıdı, ilğım düzüdü,
Eh, nələr görmüşük, daha nələr var.
Səhər də elə bil duru axşamdı,
(Ulu göylərin də nəm gözü damdı).
Umud son nəfəsin verən bir şamdı,
Başına dolanan pərvanələr var.
Ürək bir yarpaqdı, – o da bir para,
Sağalmaz bir ömür aldığı yara.
Çırağı yanmayan könüllər sıra –
Ocağı qaralan nə xanələr var.
Gerçək yalandırsa, nağıl neyləsin,
Qəhər acıdırsa, noğul neyləsin?!
Dəli yığınına “ağıl” neyləsin,
Neyləsin mənim tək divanələr var.
Sarılmışıq bir gümana həpimiz,
Kim ovudar, ovutmasaq bizi biz!
Şükür, üzülməyib tamam ipimiz,
hələ sevinməyə bəhanələr var…
Heç nə qazana bilmədim…
Heç nə qazana bilmədim,
Nə getdi, kisədən getdi.
Un verməyən dəyirmana,
Arzularım dən-dən getdi.
Gizlin-gizlin, için-için,
Ağlayıram özüm üçün.
O vədəsiz gedən köçün
İçində neçə mən getdi.
Demirəm ki, yüzlər, onlar,
Halımı dərd bilən anlar.
O qayğısız, xoşbəxt anlar
Birdən gəldi, birdən getdi.
Kim assa aşı sevincdən,
Göyərər daşı sevincdən.
Kiminin başı sevincdən,
Mənimki qüssədən getdi.
Nə baxırsan ayın-şayın?!
Hesabı var günün, ayın.
Heçə söykənən arxayın,
Ömür çox kəsədən getdi.
***
Əhd bağlayıb, ilqar verib Yaradana,
Yola düşdüm, qonaq gəldim bu cahana.
Unutmuşdum, yada saldım handan-hana,
Söz tutmağı bacarmadım, nə deyəcəm?!
Libas deyə geydim axır hər dəbini,
Vurammadım başa həyat məktəbini.
Bu uymağın, uyuşmağın səbəbini
Mən nəfsimə heç sormadım, nə deyəcəm?!
Niyə bir də verilməyir öm(ü)r ucuzsa,
Məğlub olur bircə dəfə kim uduzsa.
Səsim batar, səsim çıxmaz yolum sussa,
Mən yollara yol yormadım, nə deyəcəm?!
Çox acizəm ovutmağa dərdi bu dəm,
Qayğı məndən ucadadı elə müdəm.
Mən gələndə söz vermişdim söz üyüdəm,
Söz yolunda daş yarmadım, nə deyəcəm?!
Hər günahdan bir iz qaldı ötən gündə,
Mayasına haram qatdım, getdi kündə.
Veriləni hər nə vardı xərclədim də,
Aldığımı qaytarmadım, nə deyəcəm?!
***
Qol sınır, qılç sınır, gipis qoyursan,
Yenə bitib olur o calaq, həkim.
Dəmirlə bərkidib əti, sümüyü,
Düzürsən üstünə qamqalaq, həkim.
Nəzilir, üzülür damar, tikirsən;
Tikməsən qanımız damar, tikirsən.
İncə calayırsan, hamar tikirsən,
Sən də bir zərgərsən bu sayaq, həkim.
Ağ xalat – ağ işıq, var yaraşığı,
Mən bir xoş sözünün təşnə aşığı*.
Solğun bənizlərdə güman işığı,
Sən ey yol göstərən, ey mayak həkim.
Elə ki dan yeri əlvan boyanır,
Bir bax gör qapında kimlər dayanır.
Dualar işıq tək dillərdə yanır,
Olmusan ellərə bir dayaq, həkim.
Amma bir sual var beynimdə kölgə,
Axtardım, tapmadım bir elə bəlgə.
Yenə sən bilərsən, deyəsən bəlkə,
Bəs sınıq könülə nə qoyaq, həkim?!
***
Ha gördüm haqqı yendilər,
mən yenə dana bilmədim.
Harda yalan, yanlış gördüm,
susub dayana bilmədim.
Yaşadıq artdı bilimlər,
Şükürlüymüş çox ölümlər.
Gəldi başıma zülümlər,
qaçım ha yana bilmədim.
Çox mətləbi çox gec qandım,
Alışdım, odlara yandım.
Min cür yalana inandım,
Sevib “aldana” bilmədim.
Könül dustağıyam
Könül dustağıyam, könül dustağı,
Qəm əmən qələmdən sevinc damarmı?!
Dağlar da görməsin mən görən dağı,
Dinib danışmağın ta yeri varmı?!
Yağışdan çıxmamış yağmura düşdüm,
Soruşma bu çəndə nə axtarıram.
Özüm də bilmirəm nə tora düşdüm,
Bilmirəm dünəndə nə axtarıram.
Bilmirəm çağırsam eşidər məni,
Geri qayıdarmı gözdən itənim?!
Doğrumu qayıdıb gəzmək dünəni,
Başıma havamı gəlibdi mənim?!
Bilmirəm bu dərddən can qurtararmı,
Ya sarıb gövdəmi sarmaşıq kimi?!
Bilmirəm bu təhər yaşamaq armı?!
Çalxannam boş qabda boş qaşıq kimi.
Könül dustağıyam, könül dustağı,
Qəm əmən qələmdən sevinc damarmı?!
Dağlar da götürməz bir belə dağı,
Dinib danışmağın ta yeri varmı?!
***
İstərəm həsrətin ömrü gödəlsin,
Göz gözə qovuşsun, əl ələ yetsin.
İstərəm hamının gedəni gəlsin,
Hər kəs istədiyi mənzilə yetsin.
İstərəm gözlərdən qan-yaş yerinə,
Düşsün damcı-damcı sevinc yaşları.
İstərəm insanlar daş-qaş yerinə,
Sevsinlər bir-biri, – yaranmışları.
İstərəm dil tapsın hamı hamıyla,
Ürəkdə bir arzu, kam inləməsin.
İstərəm insanlar sevincdən olub,
Qüssə əkib-biçib, qəm çinləməsin.
İstərəm gül açsın qonça arzular,
İstərəm boy atsın körpə sevgilər.
Deyirəm, o zaman yaşamaq olar,
Deyirəm, o zaman həyat da gülər…
İstərəm titrətsin körpə nəfəsi,
Ana əlləriylə yanan şamları.
İstərəm sönməsin yaşam həvəsi,
Müdam gülən görək biz adamları.
İstərəm qəlblərdə ilk bahar olsun,
İstərəm açılsın baxışlarda yaz.
İstərəm ürəklər fərəhlə dolsun,
İstərəm üzlərdə yanmasın ayaz.
İstərəm heç kəsin halı, əhvalı,
Olmasın, olmasın öz halım kimi.
Baxt baxsın üzünə, gülsün iqbalı,
Yığvalı olmasın yığvalım kimi.
İstərəm, istərəm can kirəsini,
Gözünün yağıynan verməsin heç kim.
Çəkdiyim əzabı kimsə çəkməsin,
Gördüyüm yuxunu görməsin heç kim.
Şəhidlərimizin əziz xatirəsinə!
Susama dərdə, dərd canı
alır, ay atam balası!
Olmaz dediyin nəsnələr
olur, ay atam balası!
Kimi çəkir öz köçünü,
Kimi yeyir öz içini.
Kimisi əlçim saçını
yolur, ay atam balası!
Hələ göyərməmiş tağı
Qan sulayır solu, sağı.
Ömür qərənfil yarpağı
solur, ay atam balası!
Əcəl anmır barlı, barsız
Kimi yarım, kimi yarsız.
Gözün səndən ixtiyarsız
dolur, ay atam balası!
Kiminin nəğmə dilində,
Kiminin şana telində.
Adam dərdinin əlində
qalır, ay atam balası!
Qayıdış şeirləri silsiləsindən:
Dostum, bu görünən kənd bizimkidir
Döndük doğma yurda bir qərib kimi,
Tale gör sorağa göndərib kimi.
Kimi güllə dərib, gül dərib kimi,
Dostum, bu görünən kənd bizimkidir.
Bir zaman qonaqlı-qaralı olan,
Dünyanın qəmindən aralı olan,
İndi yüz yerindən yaralı olan,
Dostum, bu görünən kənd bizimkidir.
Arxacda sürüsü, naxırı qalan,
Bulağı, novçası, nohuru qalan,
Quruca daşları axıra qalan,
Dostm, bu görünən kənd bizimkidir.
Dirisi tərk edən, ölüsü qalan,
Məzarda “Əlisi”, “Vəlisi” qalan,
Qürbətdə dərdlisi, dəlisi qalan,
Dostum, bu görünən kənd bizimkidir.
Doğması susub da, yağısı dinən,
Laylası kiriyən, ağısı dinən.
Çarxı çöyürülən, çırağı sönən,
Dostum, bu görünən kənd bizimkidir.
Yolların ot basıb, cığırlar xamdı,
Gördüm, göz yaşlarım köksümə damdı.
Sabahı gündüzsə, baxtı axşamdı,
Dostum, bu görünən kənd bizimkidir.
Elə “döz” deyirsən, səbir də yoxdu,
Qoyub getdiyimiz bu yerdə yoxdu.
Təzə binə nədi, qəbir də yoxdu,
Dostum, bu görünən kənd bizimkidir.
Görürsən qalmayıb daşı daş üstə,
Axmasın gözümün yaşı yaş üstə.
Fələk üz bozartmış, qarğımış üstə,
Dostum, bu görünən kənd bizimkidir.
Neçə doğmasının yeri görünən,
Dərdləri özündən diri görünən.
Baxdıqca otuz il geri görünən,
Dostum, bu görünən kənd bizimkidir.
***
İlk həsrətim, son istəyim, ay Laçın,
Ayaqyalın dağ aşmağa gəlirəm.
Ürəyimdə yuvalanıb gileylər,
Bircə-bircə danışmağa gəlirəm.
Neçə ildi mələr mənəm, mələr sən,
Nə çəkmişəm, necə deyim biləsən.
Bizdən sonra nələr gördün, nələr sən?!
Necə dözdün, soruşmağa gəlirəm.
Şükür, açdı şanlı ordum yolunu,
Üz bozardıb tökmə qara dolunu.
Ağrın alım, qolunu aç, qolunu,
Qol boyunda sarışmağa gəlirəm.
Az gəzmədim ayaz vuran çölləri,
İlıq olmur qəribliyin yelləri.
Arda qoyub qaçqın, köçkün illəri,
Xoş gününlə yarışmağa gəlirəm.
O uşağam, sən yadına sal məni,
Aldı getdi bir yumrulmuş yol məni.
Ana Yurdum, ağuşuna al məni,
Torpağına qarışmağa gəlirəm.
***
Göyçək gözlərinə bulud çökməsin,
Pərişan olmasın qara tellərin.
Örpəyin altında elə dəstələ,
Düşsün gül üzünə sıra tellərin.
Qaymaq dodaqların tər gül ləçəyi,
Tumurcuq içində bükülü qalıb.
Bənövşə topası, nərgiz çiçəyi,
Gözümdə gözünün şəkili qalıb.
Bağçan bəhərlənib bar yiyəsisən,
Gəl mən tamarzını murada yetir.
Mən yoxsul, sən isə var yiyəsisən,
Məni gül bağına qoruqçu götür.
***
Azərbaycanın Əməkdar artisti Ehtiam Hüseynova
Dahilər yetirən Şərq dünyasının,
Ulu bir sənəti, bir muğamı var.
Hər xırda nəfəsin, xırda guşənin,
Öz adı, öz yeri, öz məqamı var.
Çox gizlinc gizlənir gərəkli səsdə,
Arzular dillənir diləkli səsdə.
Ürəkli avazda, ürəkli səsdə,
Suyun lətafəti, duzun tamı var.
Zamanla dolanır dövranı çarxın,
Çıxır ölkəmizdən səs axın-axın.
Belə ki, hər kəsin könlünə yaxın,
Sənət dünyasında öz adamı var.
Mən də heyranıyam udumlu səsin,
Ləngərli, qaltanlı, tutumlu səsin.
Min şükür, Arifli, Mənsumlu səsin,
Çağlayan bulağı – Ehtiramı var.
Gəlmişdi Malikin xoş dəmi bu gün,
Susmuşdu kədəri, ələmi bu gün.
Yazdı çox həvəslə qələmi bu gün,
Çünki Ehtirama ehtiramı var.
Qara gölə yazılan şeirlərdən:
Adınmı qaradı, baxtınmı qara
Adınmı qaradı, baxtınmı qara,
Kim verib bu ismi sənə, Qara göl?!
Ulu dərdlərimin həmyaşıdısan,
Məhrəmsən, doğmasan mənə, Qara göl!
Bir də qayıdarmı geri o günlər,
Göy yaylaq başında toylar, düyünlər.
Gəldi xəyalıma ötüb keçənlər,
Alışdım, odlandım yenə, Qara göl!
Yolun bağlanalı dosta, doğmaya,
Bağrının başını dərd oya-oya,
O qanlı yağıya, qara yağmaya,
De, necə gərmisən sinə, Qara göl!
Az deyil uğrunda canından keçən,
Oğullar öldü ki, yaşayasan sən!
Şərbət sularından bir udum içən,
Gəlməzmi imana, dinə, Qara göl?!
Malikəm, həsrətin şələsi ağır,
Bir səhər dan üzü məni də çağır.
Gözümmü qamaşır, günəşmi doğur, –
Ya çıxır taleyin günə, Qara göl?!
Hər sözüm, hər şeirim bir bəhanədi
Sən Ulu Yurdumun qara göz qızı,
Sən iffət, gözəllik təcəssümüsən.
Dağlar incisisən, yerlər ulduzu,
Bir özgə aləmsən bu aləmdə sən.
Çalmalı dağların tən ortasına,
Düşmüsən göylərdən dür danəsi tək.
Adın yaraşıqdı dağlar xasına,
Uca Yaradanın nişanəsi tək.
Nə deyim adına yaraşan olsun?!
Gözəlim, tərifin dastana sığmaz.
Qoy zülmət gecənin yönü dan olsun,
Arzum qanadlıdı, cahana sığmaz.
Ancaq adın kimi dərdin də böyük,
Göz dikən nə çoxdu gözəlliklərə.
Sənin, ay Qara göl, çəkdiyin bu yük,
Nə yerə sığandı, nə də göylərə.
Mən heç istəmirəm geriyə dönəm,
Oyana yaddaşın ağrıyan yeri.
Sən, ay qırmızıyla süslənən sənəm,
Gözün qan çanağı, yaxan qan yeri.
Qoy daha gül bitsin o qan içində,
Dosta naməni də gül üstə göndər.
Bu payız Arana ellər köçəndə,
Nə olar, bizə də bir dəstə göndər.
Dan gülür! – İndi bu qaşqabaq nədi?!
İmtahan etməzlər könül verəni.
Hər sözüm, hər şeirim bir bəhanədi,
Ay dağlar gözəli, sevirəm səni!
Qürbətdə ömür, gün adam aldadır
Deyəsən biz əkiz bacı-qardaşıq,
Hərəmiz düşmüşük ayrı diyara.
Ya da göyərməyən soyuq bir daşıq,
Sən baxtı qarasan, mən baxtı qara.
Deyəsən biçilib lap boyumuza,
Əzəldən qəm boldu qismətimizdə.
Elə bil düşübdü tən payımıza,
Ağrılar, əzablar hər ikimizdə.
Yoxsa, ay Qara göl, göz yaşlarımsan,
Süzülüb qalmısan o dağlarda sən?!
Bəlkə əhd etmisən görüş günündə,
Şərbətə dönəsən dodaqlarda sən?!
Nigaran baxışın yaman sozalıb,
Qurban gözlərinə, gözünü sıxma!
Deyirlər vüsala azcana qalıb,
Mən də sən günlüyəm, belə darıxma!
Bilirəm, qara gün ömrü gödəldir;
Yox, yox! – qara günün ömrü gödəlir!
Sən də bu müjdəni dağlara bildir,
Burnuma qovuşuq qoxusu gəlir!
Billəm, doğmalarsız eynin açılmaz,
Bunu intizarlı illər göstərib.
Alın yazısının hökmü qaçılmaz, –
Sən Yurdda qəribsən, mən burda qərib.
Sənin də, gözəlim, gözün yoldadır,
Mən də kimsəsizəm, qəribəm sənsiz!
Qürbətdə ömür-gün adam aldadır,
İnsan bir heç nədir doğma Vətənsiz!