Fəxri Uğurlu
Rusiya sərhədlərindən qıraqda yaşayan bütün rusdillilərə vətəndaşlıq təklif eləyir. Bununla bağlı qanun layihəsi artıq Dumada ilk oxunuşdan keçib.
Görəsən, bu canıyananlığın arxasında hansı məqsəd, hansı məram durur?
Belə bir qanunun qəbul olunması işğala yeni rəng, yeni bəzək vurmaq cəhdindən başqa bir şeyə bənzəmir. Bu, torpaq işğalından insan işğalına keçmək niyyəti güdən təhlükəli, məkrli bir əməldir. Torpağın zəbt olunar, güclənib geri alarsan, necə ki, il yarım qabaq xalqımız belə bir möcüzəyə şahidlik elədi. İşğal olunmuş ruhları, beyinləri isə geri almaq mümkün deyil. Çingiz Aytmatovun məlum-məşhur personajı kimi beyni, yaddaşı oğurlanmış, kökündən qoparılmış məxluq dədə-babasına, kökünə-köməcinə güllə atmağa, yadların göstərişiylə anasını belə oxlamağa hər zaman hazır olur.
Rus dilində söz sənətinin möcüzələri yaranıb, bu dilin insan qəlbinin sirlərini ifadə eləmək potensialı hüdudsuzdur. Rus dili dünyanın beş ədəbiyyat dilindən biri sayılır, yəni bu dildə kitabın çıxıbsa, artıq dünya bazarına çıxmış sayılırsan. Xub, buna görə bu dili yaradan xalqa minnətdarlıq borcumuz var, şəxsən mən də dünyanın bir çox ədəbiyyat, fəlsəfə şedevrlərini rus dili vasitəsiylə tanımışam, bu proses indi də davam eləyir. Rus dilini mükəmməl bilmək insanın başının ucalığıdır. Ancaq bu dildə danışanları özünə çağırmaq, özününküləşdirmək cəhdinə mənəvi ərazilərin işğalından başqa ad qoymaq mümkün deyil. Üstəlik, bu, rus dilinin işlək olduğu ayrı-ayrı ölkələrdə separatizmə, bölücülüyə, təfriqəyə açıq-aşkar rəvac verməkdir. Sabah-birigün Bakının, Tiflisin, İrəvanın, Xankəndinin… küçələrində başının üstündə Rusiya bayrağı, yaxasında Georgi nişanı gəzdirən adamlar görsək, belə çıxır ki, onlara Rusiyanın bir parçası, toxunulmaz ərazisi kimi baxmalıyıq. İnsanlardan bu şəkildə istifadə eləmək, onları canlı silaha çevirmək olduqca təhlükəlidir.
Separatizmdən başı çəkmiş bir dövlət yaxın-uzaq qonşularının evində separatçılığı təşviq eləməyə nədən maraqlı olsun? Bu proses Rusiyanın özündə də separatizmin yenidən baş qaldırmasına gətirib çıxarmazmı? Onda ingilislər də desinlər ki, dünyada ingiliscə danışan nə qədər adam varsa, hamısı bizdəndir. Görün planetdə necə xaos, necə fəlakət yaranar!
Fərz eləyək ki, rusca təhsil alan Xankəndi ermənilərinə Rusiya vətəndaşlığı verildi (deyilənə görə, bu proses altdan-altdan gedir artıq). Onda belə çıxır ki, Azərbaycan dövləti cibində rus pasportu gəzdirən hansısa cinayətkarı, terroristi tutmaqla, zərərsizləşdirməklə Rusiya ərazisinə, rus xalqına təcavüz eləmiş sayılacaq? Xalis absurd teatrı! Rusiyada yüz minlərlə vətəndaşımız yaşayıb işləyir. Onda biz də onların yaşadığı, işlədiyi yerləri öz mülkümüz elan eləyək. Bu qədər separatizm potensialı olan ölkə belə təxribatçı addımlar atmasın gərək.
Ukrayna savaşı bəşəriyyətə çox şey öyrətdi, ya da ən azı bildiklərini bir daha xatırlatdı. Ən birinci də bunu ki, insan da, toplum da, xalq da öz vətəninin, yaşadığı ölkənin təəssübünü, qeyrətini çəkməlidir. Hamı gözləyirdi ki, Ukraynada yaşayan ruslar Rusiya tanklarını, əsgərlərini gül-çiçəklə qarşılayacaqlar. Ancaq gördüyümüz kimi, belə olmadı, Rusiya silahına ən güclü müqaviməti elə rusdilli şəhərlər göstərdi, bu gün də göstərir. Bundan dərs almaq lazımdır.
Azərbaycan qoynunda onlarla xalqa yer vermiş tolerant, multikultural ölkədir. Bu xalqlar bir dövlət çətiri, bir bayraq altında birləşəndə güclüdür. Bütün xalqlar dilləriylə, inanclarıyla, adət-ənənələriylə bizim milli sərvətimizdir. Bu xalqların övladları ölkəmizin bütövlüyü uğrunda çiyin-çiyinə vuruşublar, torpağımızı qanla, tərlə suvarıblar. Hətta rus millətindən də şəhidimiz var. Bütün başqa xalqlar kimi Azərbaycan rusları, rusdilliləri də bizim milli sərvətimiz, qürur yerimizdir. Onların da beyni, ruhu başqa bir dövlətin yox, məhz Azərbaycanın mənəvi ərazisidir. Belələrinin hansısa dövlətin gizli-aşkar beşinci kolonuna çevrilməsinə əsla yol vermək olmaz. Vətəndaş bizimdir, onun yiyəsi də, himayədarı da Azərbaycan dövlətidir. Hansı dildə danışır danışsın. Heç bir dildə danışa bilməsə belə.
Mənbə: Yeniazerbaycan.com