Rövşən Ağayev
2005-ci ilə qədər Azərbaycanda büdcə korrupsiyası üçün elə də münbit imkan yox idi. Büdcə xərcləri 1 milyard dollar ətrafında olur, icbari ödənişlər (maaş və sosial ödəmələr) çıxıldıqda korrupsiya tutumlu layihələrə vəsait qalmırdı. Ona görə məmurların əsas qazancı rüşvət, xarici kreditlər hesabına müxtəlif layihələrdən oğurluq, dövlət şirkətlərinin maliyyə əməliyyatlarından formalaşırdı. Büdcə pulları məhdud olduğundan dövlət satınalmaları da yox səviyyədə idi. Dövlət satınalmaları olmadığından məmur şirkətləri və məmur sahibkarlığı da çiçəklənməmişdi.
2005-ci ildən sonra nəhəng neft pullarının gəlişi ilə vəziyyət dəyişdi. Büdcə hesabına böyük layihələr, büdcə korrupsiyası məmur şirkətlərini də artırdı. Bu şirkətlər dövlət büdcəsi, Dövlət Neft Fondunun vəsaiti hesabına milyardlarla manatlıq satınalmalar hesabına şişməyə başladı.
Nəhəng büdcə korrupsiyası hesabına 2005-2015-ci illərdə Azərbaycanda həm də sərvət bərabərsizliyi yarandı. Bir tərəfdə yüz milyonlarla dollarlıq əmlaka, sərvətə sahib və əhalinin maksimum 3-5 faizini təşkil edən zənginlər təbəqəsi, o biri tərəfdə isə gündəlik yaşayışını təmin etmək üçün dayanmadan tər tökən böyük əhali kütləsi, əhalinin ən azı 70-75 faizi.
2015-ci ildə manatın kəskin dəyər itirməsi, neft gəlirlərinin kəskin azalması ilə sərvət yığımındakı prosesin xarakteri dəyişdi. Büdcə pullarına çıxışı olan təbəqənin əhatəsi kəskin şəkildə məhdudlaşdırıldı. Azərbaycanda nəhəng sərvət bölgüsünün ilk mərhələsi belə başa çatdı.
İkinci mərhələyə həmin kiçik qrupun iştirakı ilə 2017-2018-ci illərdə, yüksək neft gəlirlərinin bərpası ilə start verildi.
Son iki ildə işğaldan azad edilmiş ərazilərdə aparılan və ən azı yaxın 7-10 ildə davam edəcəyi gözlənən nəhəng investisiya layihələri sərvət qeyri-bərabərliyinin daha böyük miqyasda artımını proqnozlaşdırmağa əsas verir. Şəffaflıq və hesabatlılığın, müstəqil media və vətəndaş cəmiyyətinin, peşəkar siyasi institutların olmadığı şəraitdə bu cür qeyri-sərvət bölgüsünün qarşısını alacaq heç bir maneə yoxdur. Təəssüf ki, əlimizdə olan informasiyalar və statistika Azərbaycanda sərvət qeyri-bərabərliyinin real mənzərəsini ortaya çıxarmağa imkan vermir.
…Elə də böyük qazanc mənbəyi olmayan kənd təsərrüfatında ağlasığmaz əmlak qeyri-bərabərliyi var. Təkcə bir faktı deyim: hökumətin subsidiya ayırdığı kənd təsərrüfatı əkinlərinin təxminən 60 faizi mülkiyyətçilərin (və ya icarəçilərin) 20 faizinin sərəncamındadır. Bu rəqəmdən çıxış edəndə turizm, maliyyə, istehsal və ticarət sahəsində olan inhisarlaşma hesabına yaranan sərvət qeyri-bərabərliyinin miqyasını təsəvvür etmək olar.
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar
Avtomobil parkımız niyə köhnəlir?