Hikmət Sabiroğlu
Eldar Həsənovu iki dəfə yaxından görmüşəm: 2002-ci ildə anasının yasında (onda bizimlə – bir-iki jurnalist – üzbəüz oturub söhbətləşib); 2016-cı ildə atasının hüzründə (onda sadəcə əl tutub başsağlığı vermişəm). Amma mənə çox doğma gəlir. Yaxşı adamdır Eldar Həsənov.
Azərbaycan kimi ölkədə, belə bir sistemdə başqa vəzifələri demirəm, baş prokuror postu tutub həm də yaxşı adam olmaq asan deyil. Sistemin adamları necə dən kimi üyütdüyünü görmüşük, görürük.
Eldar Həsənovun hüquq mühafizə orqanlarında, diplomatik qurumlarda fəaliyyətinə qiymət vermək bizə düşməz. “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltiflərinə, general-leytenant, fövqəladə və səlahiyyətli səfir rütbələrinə imza atanlar var.
Hüquq elmləri doktoru, professor olduğunu da bir tərəfə qoyaq. Kitablarını Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr edənlər, onu Rumıniyada üç universitetin fəxri doktoru, Serbiyada Kral Akademiyasının üzvü seçənlər var.
Eldar Həsənovun insanlığından danışıram.
1997-ci il. Bəlkə də 1998.
“Azadlıq” qəzetinin redaktor müaviniyəm. Ağdamın kəndlərinin birindən şikayət məktubu dərc eləmişik. Kişinin xeyli heyvanını oğurlayıblar, polisə, prokurorluğa, icra hakimiyyətinə müraciətləri boşa çıxıb.
Məktub dərc olunandan bir neçə gün sonra şikayətçi özü gəlir redaksiyaya. Qarabağ müharibəsində kontuziya almış oğlu da onunladır. Çox qəzəblidir kişi. Polisi, prokurorluğu, hökuməti günahkar bilir.
Gün dəqiq yadımdadır: 17 oktyabr. Sabah müstəqillik bayramıdır. Kişi deyir oğlum oktyabrın 18-i Prezident Aparatının qarşısında özünə od vurub yandıracaq, ayrı əlacımız qalmayıb.
Dilə tuturam, olmur. Qalıram belə.
Telefona əl atıb Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Müsəllim Həsənovu yığıram. Görürəm qəzetdəki şikayət məktubundan xəbəri var. Hal-qəziyyəni danışıram, faciə olar deyirəm.
Məndən on beş dəqiqə vaxt istəyir.
On beş dəqiqə də keçməmiş zəng vurur: “Bu dəqiqə gəlsinlər, baş prokuror Eldar Həsənov onları qəbul edəcək”.
Gedirlər.
Bir saatdan sonra sevincək qayıdırlar. Eldar Həsənov məsələnin həlli üçün sabah səhərə qədər vaxt qoyub, Ağdamın prokuroruna yanlarında telefonla göstəriş verib.
Məsələ oktyabrın 18-də xoşluqla bitir.
1999-cu il. Büllur kimi saf bir kişi, şair, pedaqoq Ağa Laçınlı ağır xəstədir. Çox qapı döyülüb, fayda yoxdur. Çarəsiz durumdur.
“Gedin Eldar Həsənovun yanına, eloğludur” deyirəm.
Başqa iki nəfər də bunu məsləhət görübmüş.
Ağa Laçınlı çarəsiz görünən bir xəstəlikdən sağalır.
Yalnız Eldar Həsənovun qapısı döyüləndən sonra.
2020-ci il. Avropaya səfər edən iki azərbaycanlı gənc Serbiyadan keçəsi olur. Hansısa bir bədxahın üzündən bilet aldıqları avtobusa minə bilmirlər, Belqradda, küçənin ortasında qalırlar, nə gecələməyə yerləri var, nə gedəcəkləri ölkəyə təzədən bilet almağa imkanları.
Mən bu hadisəni axşamüstü eşidirəm. Belqraddakı səfirimizin bir simsarını nişan verib “Eldar Həsənovdan kömək istəyin” deyirəm.
Saat yarımdan sonra uşaqların yaxınından zəng gəlir: “Mehmanxanaya yerləşdiriliblər, gedəcəkləri ölkəyə təyyarə bileti alınır”.
Səfir Eldar Həsənovun göstərişidir.
Başqa məqamlar da var. Bilənlər 1990-cı illərin ikinci yarısında Eldar Həsənovun neçə dəyərli adamı repressiya məngənəsindən xilas etdiyini, düşdüyümüz Qarabağ müsibətində sərt, vətənpərvər mövqe tutduğunu yaxşı bilir. Biz də ucundan-qulağından bilirik, sonrakı illərə baxıb müqayisə aparmaq imkanımız da olub.
Eldar Həsənov yaxşı adamdır.
Siz Azərbaycanda baş prokuror postu tutmuş, general-leytenant, fövqəladə və səlahiyyətli səfir rütbələri almış neçə yaxşı adam tanıyırsınız?
Həbsi, Eldar Həsənovun 2020-ci il avqustun 13-dən bəri darda olduğunu nə xatırladaq? Hər şey göz qabağındadır.
Yaxşı adamın bu ölkədə nə vaxt yaxşı günü oldu ki?..