Klassik irsin üzünü köçürmək
- 23 Fevral 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Fəxri Uğurlu
Oxuduğum bədii əsərlərin kino versiyasına baxmaq mənə həmişə maraqlı gəlib. Hərçənd heç bir film yüksək bədii keyfiyyətli əsərin yerini vermir. Ola bilsin, kino əhli bu fikirlə razılaşmaz, ancaq mən əsasında çəkildiyi əsəri təhrif eləməyən filmləri bəyənirəm. Gerçəkdən də, əgər rejissor ekranlaşdırdığı hekayəni, povesti, romanı yüksək dəyərləndirirsə, təhrifə nədən yol versin? Yox, əsər ürəyincə deyilsə, onu niyə ekrana köçürür, özü müstəqil ssenari yazıb (ya da yazdırıb) çəksin.
Dünyada əsərləri ən çox ekranlaşdırılan yazıçılardan biri (yanılmıramsa, Şekspirlə, Dikkenslə birgə ilk üçlükdədir) Anton Çexovdur. Onun povest-hekayələrinin, pyeslərinin bir çox ekran versiyasına, bəzilərinə hətta təkrar-təkrar baxmışam. Çoxu da orijinala sədaqətlə çəkilib. Çexovun hansısa əsərini təkrar oxumağa ərinəndə, ya vaxt tapmayanda süjetini xatırlamaq üçün filminə baxıram. Sovet dövründə lentə alınmış o filmlərin çoxu ekrana o qədər dəqiq köçürülüb ki, konkret əsəri oxumayan adam da baxsa, həmin əsərin süjeti haqda tam təsəvvürü yaranar.
İngiltərənin BBC şirkətinin hələ ötən əsrin 70-ci illərindən (dəqiq bilmirəm, bəlkə daha əvvəldən) ədəbi əsərlər əsasında seriallar çəkmək təcrübəsi var. Bu silsilədən “Devid Kopperfild” (Çarlz Dikkens), “Qürur və qərəz” (Ceyn Ostin), “Ceyn Eyr” (Şarlotta Bronte) kimi məşhur ingilis romanlarının ekran versiyasının olduğu yadıma gəlir. Yaxud fransızların Balzakın “Kurtizanların parlayışı və iflası” əsərini, eləcə də Nobel mükafatı laureatı Romen Rollanın on bölümdən ibarət “Jan-Kristof” roman-epopeyasını, almanların başqa bir nobelçi Tomas Mannın iyirminci əsr ədəbiyyatına yön vermiş kitablardan sayılan “Buddenbroklar” romanını, ingilis kinematoqrafçılarının öz nobelçiləri Con Qolsuorsinin “Forsaytlar dastanı” adlı nəhəng ailə dastanını olduğu kimi ekrana köçürdüyünü güclə də olsa xatırlayıram.
Rusiyada da bunun layiqli ənənəsi var. Sovet dövründə Maksim Qorkinin “Klim Samginin həyatı”, Aleksey Tolstoyun “Əzablı yollarla” romanları kimi iri həcmli epoxal əsərlər də çoxseriyalı televiziya filmləri şəklində ekranlaşdırılmışdı. Təqribən son iyirmi beş ildə rus kinematoqrafçıları Dostoyevskinin “İdiot” (sovet dövründə bu əsərin motivləri əsasında çəkilən film yarımçıq qalmışdı), “Karamazov qardaşları” (1968-ci ildə üç seriyada ekranlaşdırılmışdı), “Şeytanlar”, Tolstoyun “Hərb və sülh” (Bondarçukun dünya şöhrətli filmindən sonra!), Turgenevin “Atalar və oğullar” (buna qədər biri 1958-ci ildə, ikincisi 80-ci illərin ortalarında dörd seriyada lentə alınmış iki kinoversiyası olmasına baxmayaraq), Saltıkov-Şedrinin “Cənab Qolovlyovlar” (1933-cü ildə bu əsər əsasında bədii film, 1978-ci ildə iki hissəli teletamaşa çəkilmişdi), Bulqakovun “Master və Marqarita” romanları olduğu kimi seriallara köçürülüb. Özü də həm sənətkarlıq, həm də texniki baxımdan yüksək səviyyədə. Adını çəkdiyim romanları oxumayan kəs bu seriallara baxsa, əsərin süjeti haqda onda tam təsəvvür yaranacaq. Milli ədəbiyyatı gənclərə tanıdıb sevdirmək üçün bundan gözəl üsul tapılmaz.
Bəs bu cür effektiv metoddan bizdə niyə istifadə olunmur? Nəyimiz çatmır? İldə bir, ya həcmi kiçiksə iki, üç, dörd klassik əsəri ekrana köçürmək neft ölkəsində maliyyə baxımından çətinlik törətməz. Bədii nümunələri təhrifə yol vermədən çəkmək şərti qoyularsa, ssenaristlərin də çiyninə ağır yük düşməz. Kinoya gəl-gəl deyən klassik əsərimiz də nə qədər desən…
Məşhur filmin sayəsində Süleyman Sani Axundovun “Qaraca qız”ını ölkədə tanımayan yoxdur, di gəl, “Qorxulu nağıllar” silsiləsinə aid qalan hekayələr haqqında bunu demək olmaz. Doğrudur, bədii əsərin ekranlaşdırılması çox vaxt əsərin özünün oxunmasına əngəl törədir, necə ki, “Qaraca qız” filminə baxanların sayı eyni adlı povesti oxuyanların sayından qat-qat artıqdır, ancaq gənclərin ədəbi örnəklərdən tam xəbərsiz olmağından onları kino sənayesinin araçılığı ilə tanımağı yaxşıdır.
İndinin məktəblilərinə kitab, ələlxüsus da bədii əsər oxutmağın nə qədər müşkül olduğu heç kimə sirr deyil. Bizim uşaqlıq-yeniyetməlik illərimizdə böyük tirajla nəşr olunan, əl-əl gəzən kitablar az deyildi, təkcə elə rəhmətlik Əlibala Hacızadənin “İtkin gəlin”lə başlanan məşhur trilogiyasını xatırlatmaq yetər (sonradan həmin əsər əsasında, texniki baxımdan uğursuz olsa da, ilk Azərbaycan serialı çəkildi). İndisə internet, smartfon, əyləncə saytları kitabın yerini təqribən Bakı şəhərində telefon dükanlarının kitab mağazalarını sıxışdırdığı qədər daraldıb.
Məmməd Səid Ordubadinin vaxtilə ölkəmizdə çox populyar olan, az qala hər kənddə oxunan “Qılınc və qələm” romanını görəsən indiki məktəblilər arasında neçə nəfər oxuyub? Fəqət bu roman əsasında yüksək keyfiyyətli bir serial çəkilsə, qılıncın da, qələmin də şöhrəti bərpa olunar, Nizami Gəncəvi başqa olmaqla əsərdəki parlaq surətlər müasir texnologiyalar sayəsində cana gələr. Yeri düşmüşkən deyim ki, Ordubadinin yaratdığı Qətibə obrazı yazıçının qələminə layiq səviyyədə kinoya gətirilsə, bəlkə “Möhtəşəm yüzil”in Xürrəm sultanını da kölgədə qoyar.
Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” (sovet dövründə “Qan içində” adıyla çap olunurdu) romanı həm bədii siqlətinə, həm də tarixi gerçəklərə sədaqətinə görə mükəmməl əsərdir. Bu kitabın başdan-ayağa ekrana köçürülməsi həm ədəbiyyatımızın, həm də tarixçiliyimizin böyük uğuru olar. Əsər təkcə Qarabağ tarixinin öyrənilməsi baxımından yox, milli mədəniyyətimizin, folklorumuzun, məişətimizin ifadəsinə görə də maraqlıdır.
Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah”, eləcə də “Hacı Qara” pyesləri əsasında filmlər, “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında televiziya tamaşası çəkilib. Xub, ancaq ədibin “Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-xırs quldurbasan”, “Lənkəran xanının vəziri” komediyaları, eləcə də içində misilsiz bir filmin materialı mürgüləyən “Aldanmış kəvakib” povesti hələ də ekran həllinin intizarındadır.
Multikulturalizmin dövlət siyasəti elan olunduğu bir ölkədə Nəriman Nərimanovun “Bahadır və Sona” əsəri – milli ədəbiyyatımızda roman janrının bu ilk nümunəsi əsasında film çəkilməsi, fikrimcə, yerinə düşərdi. Hələ mən Nəcəfbəy Vəzirovun milli koloritlə zəngin pyeslərindən danışmıram. Əbdürrəhimbəy Haqverdiyevin hər hekayəsi (hələ pyeslərini demirəm) Şuşanın, Qarabağın, külli Azərbaycanın mənəvi tarixinin bir fəslidir, onun “Xortdanın cəhənnəm məktubları” əsəri, eləcə də Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti təkcə xalqımızın keçmişdə çəkdiyi əzabların təsviri sarıdan yox, həm də ölkəmizdə ailə-məişət münasibətlərinin, sosial zümrələşmənin tarixi, ictimai əxlaqımızın öyrənilməsi baxımından qiymətli mənbələrdir.
Seyid Hüseynin hər hekayəsi yüz il bundan əvvəlin Bakısı fonunda həzin bir sevgi dastanıdır, o Bakının mənzərəsini, o dövr adamlarının duyğularını, mənəvi qayğılarını ekrana gətirmək, məncə, tək biz tamaşaçıların yox, rejissorlarımızın da ürəyindən olar. Ümmülbanunun (Banin) “Qafqaz günləri” avtobioqrafik romanı əsasında serial çəkilsə, əminəm ki, xaricdə də, ən azı Avropa ölkələrində diqqətdən kənar qalmaz. Bu əsər ötən əsrin əvvəllərində yerli elitanın, Bakı neftxudalarının evlərindəki mənəvi atmosferi birinci əldən, özü də son dərəcə səmimi təsvir eləyir, bununla yanaşı bolşevik işğalının milyonçu evinin əndərununa kök atan fəsadlarını işığa çıxarır. Ardınca müəllifin “Paris günləri” xatirə-romanını, eləcə də dünya şöhrətli rus yazıçısıyla bağlı xatirələri əsasında qələmə aldığı “İvan Buninin son höcəti” povestini də ekrana köçürmək olar (yeri gəlmişkən deyim, son iki əsərdə Avropaya sığınmış mühacir ziyalıların taleyilə bağlı həm Rusiya, həm də Qərb tamaşaçısının marağına səbəb olası faktlar, səhnələr var).
Milli ədəbiyyat xalq yaddaşının arxivi, el sözünün saxlancıdır. Çağdaş texnoloji vasitələr, müasir dünya gerçəklikləri o yaddaşa kölgə salmamalı, onun görünməsinə əngəl olmamalıdır desək, çox azdır; əksinə, həmin vasitələr klassik irsimizin qulluğunda durmalı, keçmişimizi gələcəyimizə tanıtmalıdır. Bu məqsədə çatılmasında kino sənəti əvəzsiz rol oynaya bilər. Zənnimcə, klassik irsimizin ekranlara köçürülməsi istiqamətində dövlətin mədəniyyət siyasətinə məsul qurumlarla təhsil siyasətini həyata keçirən strukturlar sinxron fəaliyyət göstərsə, daha yaxşı nəticələrə varmaq olar. Ədəbi əsərlərin ekran versiyası istər orta, istərsə ali məktəblərdə dərs vəsaiti kimi də işə yarayar. Həm də təkcə ədəbiyyat fənnindən yox…
“Yeni Azərbaycan”, 22 fevral 2022-ci il