İsmayıl Rafiqoğlu
Azərbaycanda məşhur “Nə var, nə yox” sualına adətən “Şükür, dolanırıq” cavabı gələr. Yəni kimsə hal-əhvalını soruşana problemindən danışmaz. Bu baxımdan azərbaycanlıların xoşbəxt olub-olmadığını təyin etmək asan deyil.
Ötən ilin sonunda “Gallup İnternational” təşkilatı ilə “Romir” tədqiqat holdinqinin birgə keçirdiyi qlobal sorğunun (End of the Year) nəticəsinə görə, Azərbaycan əhalisinin xoşbəxtlik indeksi çox yüksək olub. 44 ölkədən 41 min insan arasında keçirilən sorğuda Azərbaycan 5-ci yerdə qərarlaşıb. Yəni ölkə vətəndaşları nədənsə xoşbəxtlik reytinqində yüksək bir pillədə yer alıb. Bu, İkinci Qarabağ müharibəsindəki qələbə ilə də bağlı ola bilər. Amma xoşbəxtlik tək hansısa hadisəyə bağlı deyil…
Azərbaycanlı “Şükür, dolanırıq” ifadəsini dildə səsləndirır, di gəl xoşbəxt olduğu qədər də narazı ola bilər. Narazılığı ifadə etməyin bir neçə yolu var: adətən bu özünü ictimai nəqliyyatda münaqişə, ya da sosial şəbəkədə neqativ post formasında göstərir. Nəsə baş verəndə hətta dərsə vaxtlı-vaxtında getməyən, imtahanlardan bir ətək kəsiri olan tələbə də öz səhifəsində bir fikir bildirməli, mövcud vəziyyətdən narazılıq ifadə etməlidir.
Təhsil yaxşı deyil, məktəbdə bir şey öyrənmək mümkünsüzdür, səhiyyəmiz bərbad gündədir, yollarımız düzəlmir, insanlar kitab oxumur, bir az soyuq olub deyə qazın təzyiqi azalıb, işiq idarəsi düz işləmir, malın qiyməti günü-gündən artır kimi ifadələrə addımbaşı rast gəlirik. Əgər bir xarici bu postları oxusa, yəqin dəli olar, düşünər bu nə orta əsrlərdə qalmış ölkədir, heç nəyi yerində deyil.
Nəqliyyatda bir balaca sıxlıq olan kimi söyüşün biri bir qəpik olur. “Yutub”da avtobus sürücüsünü döyən, söyən insanların videoları bir deyil, beş deyil, on deyil…
Kimsə deyər niyə də narazılıq etməyək? Axı sıxlıq da var, yollarda tıxac da. Amma Azərbaycan insanı nə sıxlığın, nə tıxacın, nə də çətinliyin nə olduğunu böyük mənada bilmir. Rəsmi statistikaya görə, elə Bakıda haradasa 2,5 milyon əhali var. Əslində az qala 4 milyonluq şəhərdə yaşayırıq. Bəyəm bu sıxlıqdır?
Əsl sıxlıq Yaponiyadadır. Paytaxt Tokioda bəlkə də 30 milyon əhali yaşayır, yəni yarısı rəsmi, digər yarısı qeyri-rəsmi. Bir şəhərdə üç Azərbaycan əhalisi məskunlaşıb. Nə qədər inkişaf etmiş ölkə olsa da, vəziyyət kifayət qədər ağırdır. Yer yoxdur deyə bütün künc-bucaq tutuludur, 1 kvadrat kilometr yerə 6426 adam düşür. Otel otağı var hündürlüyü və eni bir, uzunluğu isə iki metrdir. Ancaq gecələməyə bəs edir. Bir çox yapon elə ömrünü 6 kvadrat metrlik mənzildə keçirir. Telefon, kompüter, paltaryuyan maşın, mikrodalğalı soba, minimum geyim, vəssalam, bu da bunların həyatı. İnternet klubunda, oyun evlərində nə qədər insan yaşayır. Yaponun günü orada keçir.
Su qıtlığı çəkən yapon əl-üzünü yuduqdan sonra istifadə etdiyi suyu unitazın bakına axıdır, çünki bu su sonra bir daha işə yarayır. Vanna qəbul etmək istəyən yapon ailəsində sudan bir neçə dəfə yararlanmaq ənənəsi var. Biri çimir, sonra digəri. Antisanitariya olmasın deyə sadəcə suyu xüsusi kimyəvi maddə ilə təmizləyirlər.
Yaponiyada hər növ qida var, yemək problem deyil, amma meyvə qıtlığı duyulur. Biz almanı kilosunu 50 qəpiyə də alırıq, yapon isə dənə-dənə. Vitamin çatışmazlığından yapon əhalisinin immuniteti çox zəifdir, daim vitamini həb halında qəbul edirlər.
Yaponiyada sıxlıq olsa da, yenə bir o qədər dözülməz deyil, çünki ölkənin az-çox texnologiyası, insanların isə çalışqanlığı var. Allaha şükür deyib dolanırlar.
Banqladeşdə vəziyyət lap dözülməzdir. Ərazisi Azərbaycandan iki dəfə çox olan ölkədə haradasa 170 milyon insan yaşayır, yəni bizdən 17 dəfə çox. Həyat çox ağırdır, nə texnologiyası var, nə də bir başqa ehtiyatı.
İnsan küçədə anadan olur, burada böyüyür, boya-başa çatır, evlənir, elə küçədə də ölür. İş tapılmır, günə 3 dollar pul qazanan şəxs varlı sayılır. Zibilliyə yaxın olmaq özü bir xoşbəxtlikdir, çünki buradan nəyəsə yararlı əşya tapmaq olar. Şəhərləri zibil içində batıb gedir, yollarda olan sıxlığı təsəvvür etmək çətindir, qatarlarının damı da insanla dolu olur, hərə bir yerdən sallanıb gedir. Hətta turistlər bu mənzərəni müşahidə etmək üçün Banqladeşə gəlirlər.
Ölkə iqtisadiyyatı inkişaf tempinə görə dünyada liderliyik qazansa da, gəlirin paylanması qeyri-bərabərdir. Hamı işləyir, hamı çalışır, istəyir zibillik, istəyir kanalizasiya təmizləmək olsun, fərq eləməz. Bir qarın yemək üçün növbəyə düzülənlərin sayı-hesabı bilinməz, amma dünyada tikilən hər on cins şalvardan biri Banqladeşdə istehsal olunur.
Nə qədər paradoksal görünsə də, Banqladeş insanı Azərbaycan insanından xeyli xoşbəxtdir. Onun dilindən narazılıq eşitmərik, çünki qarnını doyuzdurmaqdan başqa heç bir problemi yoxdur. Evi yoxdur deyə ev pulu, telefonu olmadığından telefon pulu ödəmir, televizor və internet əlçatmazdır deyə bunlarla bağlı nəyinsə dərdini çəkmir. Nəyi var, ona da qane olub narazılıq etmir. Banqladeşdə olan turistlər buradakı insanların çox mülayim xarakterli olduğunu qeyd edirlər. Namazın vaxtı gəldisə, hərə küçədə bir yer tapıb namazını qılır, yatmaq zamanı gələndə yenə bir-birinə mehribancasına sığınıb küçədəcə yatırlar. Balaca bir daxması olan banqladeşli özünü dünyanın yeddinci qatında hiss edir. İnsan sıxlığından bezənlər bəzən bir qayıq üçün pul toplayıb elə çayda yaşayırlar, yenə bir az sakitlikdir.
Azərbaycan xalqı sosial şəbəkədə narazılıq etmək əvəzinə qolunu çırmalayıb banqladeşlilər qədər çalışsaydı, yəqin dünyanın ən möhtəşəm ölkəsini qurardıq. Azərbaycanda torpağa bir çubuq basdırırsan, gələn il ağac əmələ gəlir. Bir toxumdan yekə bir ağac yüksəlir, meyvə batır, bilmirik nə edək, amma razı da ola bilmirik, elə hey narazıyıq. Xoşbəxt olmaq üçün bir müharibəni udmalı oluruq, sonra yenə narazılıq edirik. Bəlkə də Azərbaycanda ABŞ-da keçirilən Şükranlıq gününə, ya da xoşbəxt olmağın Banqladeş modelinə ehtiyac var…
Müəllifin başqa yazıları:
Qaranlıqdan aydınlığa yönəldən azanın səsi
İngilisin dilini öyrənə bilirikmi?
Donald Tramp: Made in USA, bir də yetimə gəl-gəl deyən çox olar