Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejim “konstitusiya islahatına” hazırlaşır. Novator.az-ın məlumatına görə, fevralın 2-də “konstitusiya yeniliyi layihəsi” rejimin “parlamentində” ilk oxunuşdan keçib. Detallar açıqlanmasa da, layihənin rejimdə idarə üsulunun dəyişikliyini nəzərdə tutduğu bildirilir.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub. Noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
İşğalçı rejim 2006-cı ildə qəbul edilmiş “konstitusiya” ilə “prezident-parlament respublikası” kimi idarə olunub, 2017-ci ildə “prezident respublikası” modelinə keçilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib. 2020-ci ildə rəhbərliyə Araik Arutunyan gəlib.