Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində məhbus AXCP fəalı Niyaməddin Əhmədovun şikayəti üzrə proses keçirilib. Məhkəmə iclasında ifadə verən Niyaməddin Əhmədov bəraət istəyib. Fəal həbsdə ağır işgəncələrə məruz qaldığını, ondan mühafizəçisi olduğu partiya sədri Əli Kərimliyə qarşı saxta ifadəni videokamera qarşısında oxumağın tələb edildiyini deyib.
Növbəti məhkəmə iclası martın 2-nə təyin olunub.
Novator.az bildirir ki, Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib, sonra cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun 19 may 2020-ci il məlumatına əsasən, Almaniyada sığınacaq alaraq yaşayan Məmmədov Qabil Əmrah oğlunun Azərbaycanda terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub: “Cinayət işinin istintaqı zamanı Qabil Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum edilmiş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsilə yayımladığı çoxsaylı çıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycanın hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib”.
2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
AXCP-nin daha 6 üzvü həbsdədir.
2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Mütəllim Orucov 2021-ci il oktyabrın 22-də, Şahin Hacıyev 2021-ci il noyabrın 26-da, Pünhan Kərimov 2022-ci il yanvarın 25-də həbs edilib. Hər üç fəala satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamı verilib. Bu ittiham 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
18 AXCP üzvünün üstündə azadlıqdan şərti məhrumetmə cəzası var.
Səid Məmmədzadə 2020-ci il mayın 16-sı Bakıda tutulub, iyulun 20-də ev dustaqlığına buraxılıb. 2021-ci il aprelin 28-də o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb, yenə həbs edilib. Silahdan istifadə etməklə xuliqanlıqda, bıçaqla xəsarət yetirməkdə təqsirli bilinən Səid Məmmədzadənin cəzası 2021-ci il iyunun 22-də şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.
17 cəbhəçi bir işə görə məhkum edilib.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb, işlərə 2021-ci ilin fevral ayından Səbail Rayon Məhkəməsində baxılıb.
Təqsirləndirilən şəxslərin 36-sı, o cümlədən 15 cəbhəçi bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da 21 nəfər, dekabrın 7-də 15 nəfər ev dustaqlığına buraxılıb.
AXCP üzvlərindən Fuad Qəhrəmanlı və Məmməd İbrahim 4 il 1 ay, Bəxtiyar İmanov və Ayaz Məhərrəmov 3 il 7 ay, Ruslan Əmirov 4 il, Asif Yusifli 3 il 6 ay, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədov 3 il, Seymur Əhmədov 2 il 6 ay, Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev 2 il 9 ay müddətinə azadlıqdan şərti məhrum edilib.
1989-cu il iyulun 16-da yaradılan Azərbaycan Xalq Cəbhəsi 1992-1993-cü illərdə hakimiyyətdə olub. 1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli liderlik edir.