Fevralın 2-si Bakının “Gülüstan” sarayında Azərbaycan Gəncləri Gününə həsr olunmuş gənclər forumu keçirilib. AZƏRTAC xəbər verir ki, forumda çıxış edən prezident İlham Əliyev Gənclər Gününün 1997-ci il fevralın 2-də təsis edildiyini xatırladıb: “O vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi, bütün sahələrdə vəziyyət çox ağır idi.
O vaxt Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Azərbaycan reallıqları demək olar ki, dünya ictimaiyyəti üçün bəlli deyildi. Erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Beynəlxalq aləmdə layiqli yer tutmaq öndə duran məsələlərdən biri idi.
İqtisadi vəziyyətə gəldikdə, Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı, özəl sahibkarlıq çox aşağı səviyyədə idi, dövlət qurumları isə hələ yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi və iqtisadi gələcəyimiz də prinsipcə sual altında idi.
Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı.
Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapıb. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə də inamla addımlayırıq. İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.