Bloqer (18)
- 09 Oktyabr 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 12 13 14 15 16 17
Niyazi Mehdi
Doqquzuncu fəsil. Barışıq
Axşam saat 7-yə beş dəqiqə işləmiş qapının zəngi çalınanda Damla ilə Erkin onu iki fərqli psixoloji yaşantı içindən qavradı. Qız bir az rahatsız, nigaran durumda idi, adətən, nə olacaq sorusunun cavabı aydın olmayanda adam bu hala düşür. Erkinsə tam vecsiz halda idi, o mənada ki, bu görüşdən heç bir sürpriz gözləmirdi. Bir xoş duyğusu isə Damla ilə bağlı idi. Qız arada evinə gedib qarderobundan bir-iki don gətirmişdi. Erkin içində yaranmış zarafatı daşıyırdı ki, məqamı çatanda aydırsın: “Bizim müsürmanları mini ilə qarşılamaq fikrin yoxdur ki?” Ancaq bu zarafatı ürəyində qaldı, bir də gördü ki, Damla çox uzun ətəkli, incə belində bir qarış eni olan qırmızı kəmərlə o biri otaqdan çıxdı. Xoş duyğusu bundan yarandı. Bu qırmızı kəmərlə donun qonur boyası nəsə incə bir zövqü, dadbilimini sezdirdi. Erkin özü isə Pakistan şalvar-köynəyində idi. Dünən Damla ondan “bu nədir” soruşanda qayıtmışdı ki, bilirsən mən nə qədər Avropayönümlü gədə olsam da, oranın sevmədiyim şeyləri də var. Məsələn, kişilərin evdə xalat geyməsini – xalat nə qədər gözəl olsa da sevmirəm. Bax, ev üçün pakistanlıların bayıra geyindikləri uzun köynək, enli şalvar daha yaxşıdır. Bir də avropalıların evə girəndə ayaqqabılarını çıxarmamasını sevmirəm. Sən bizə gələndə sənə də çıxartdıracaqdım. Yaxşı ki, özünün yadına düşdü.
– Düşdü, sənə verdim ki, aparasan dəhlizə. İncimədin ki?
– Yox, elə bil elə belə də olmalıydı. Bu məsələdə elə xəstəyəm ki, ölüm ayağında da kimsə mənə dəyməyə gəlsə, deyəcəm, ayaqqabını…
– Bəs Gürcüstandan, Avropadan qonaqların olanda?
– Elə qanacaqsızam ki, üzr istəyib onlara da deyirəm.
Zəng gələndə Erkin durub qapını açmağa getdi. Damla neyçünsə hesab etdi ki, qonaqları onun ayaq üstündə qarşılaması vacib deyil. Bəs əllə görüşmək necə? Bunu bilmədi. Erkinin arxasınca dörd nəfər içəri girəndə məsələ aydınlaşdı. Hacı Cəfər deyilən bir suyu Erkinə oxşayan orta yaşlı kişi əlini sinəsinə basıb “Bağışlayın, biz əllə görüşmürük – bunun dərin dini mənası yoxdur, sadəcə, adətdir, – dedi. – Türkiyədə müsəlmanlar görüşürlər, Azərbaycanda sünnilər xanımlarla əllə görüşürlər, elə dünyəvi şiələr də əllə görüşürlər”.
Erkin:
– Dünyəvi şiə nədir?
– Yəni namaz qılmayan şiələr.
– Mən də şiəyəm?
Hacı Cəfərlə Erkin arasında bu söhbət qabaqlar olmuşdu, özü də Erkin özü ona söyləmişdi ki, pianoçu müxtəlif dillərdə barmaqlarını gəzdirib melodi yaratdığı kimi o da ruhunu dini melodilərə tutmaq üçün müxtəlif dinlərin verdikləri «dillərdə» barmaqlarını gəzdirir. Ancaq nəslinə, çiynindəki kültür yükünə görə şiəlik ona daha yaxındır. İran şiəliyi yox, Əli bəy Hüseynzadə, Ağaoğlu, Məmməd Əmin şiəliyi. Buna görə də Erkinin bu sorusunun bicliyini Hacı Cəfər yaxşı anladı, istəyir bu gözəl-göyçək qız da, gətirdiyi Mustafagil də onun dini mənsubiyyətindən agah olsunlar. Hacı Cəfər oğlanları sağında-solunda oturdub dedi:
– Sən də şiəsən. Bir yazında yazmamışdın? Mən şiə ola-ola islamı o qədər sevirəm ki, sünniliyi də sevirəm.
– Hə, yadıma düşdü. Bu cümlənin ikinci hissəsi də var, sünnilər də deməlidirlər: mən islamı o qədər sevirəm ki, sünni ola-ola şiəliyi də sevirəm.
Hacı Cəfər Damlaya üzünü tutdu:
– Onun bu sözlərindən sonra mən də sünniliyi sevməyə başladım. – Hacı Cəfər bunu söyləyib davam etdi: – Bax, mənim bu əminəvəm mənim dindarlığımda çatışmayan fəlsəfəyə məni yönəldib dəyişdirdi. Onun dediyinin üçüncü hissəsi də var… – Bu söhbətə artıq Damla da maraqla qulaq asırdı və qərar vermişdi ki, başıaşağı qadın rolunu oynamayıb yeri gələndə öz sözünü deyəcək. Hacı Cəfər davam etdi: – Üçüncü hissə odur ki, mən Allahı gör necə sevirəmsə, müsəlman ola-ola iudaizmi də, xristianlığı da, buddizmi də, sonra hansı din var?
Erkin:
– Sonra zərdüştlük var, brahmanizm var…
Hacı Cəfər:
– Zərdüştlüyü də sevirəm, müsəlman ola-ola.
Dinlərlə bağlı bu söhbət ümumi şəkildə daha Mustafagilə yeni deyildi. Bircə şiənin sünnini, sünninin şiəni, müsəlmanların başqa dinləri sevməsini bildirən düsturlar yeni idi, onları Hacı Cəfər indi deyirdi (onları Damla da Erkinin yazılarında görməmişdi). Art-kafedə olan dueldən iki gün sonra olayı Mustafa Hacı Cəfərə danışıb məsləhət istəmək düşüncəsinə gəlmişdi. Ona görə iki gün sonra ki, arada olan bir gündə pərtlikdən çəkinirdi, götür-qoy edəndə Natiq dirənmişdi ki, «Həcidən» gizlətsək, ayıb olar, çünki hadisənin sorağı ona çatanda pərt olacağıq, hər halda. Məsələni ona danışanda isə şoka düşmüşdülər. Demə, Hacı ilə Erkin əminəvəsi imiş, özü də dostluq edən əminəvəsi. Bax, onda Hacı Cəfər Erkinin, ondan cavan olsa da, ona təsirini danışmışdı. Çox qəribədir ki, Mustafanın döyüşdə Erkini döyməsi üstündə durmayıb bircə bunu demişdi: əlbəyaxa döyüşlərin böyük ustaları üçün bir qızıl qanun var, sənə sataşan istənilən adamı döyə bilərsənsə, bu o demək deyil ki, dəqiqədə gücünü göstərəsən. Sən usta döyüşçüsənsə, bu ustalığın üzündən yağacaq. Bu da bir döyüş silahıdır. Bircə başqa yolu olmayanda döyüşə girməlisən. Ona görə də Erkini duelə çağırmağın ayıb bir iş olub. Ən azı o, gücü ilə sənin qabağında qürrələnsəydi, onda çağırardın.
Mustafa cavabında sual etmişdi:
– Həci, bəs bizim dinimizə küfr edirsə, bizim qızları…? Özün, axı, demişdin belə olanda dərsini vermək olar. Mən də…
Hacı onun sözünü yarımçıq kəsib Erkinin baxışlarını açıqlamışdı. «Mən demirəm, bütün fikirləri düzdür, ancaq adamın fikrinə qolla-təpiklə yox, fikirlə cavab verməyi öyrənməlisən. Çalışın din, əxlaq, siyasət məsələləri ilə başqa cür düşünənlərlə ürək söhbəti etməyi bacarasınız. Söhbəti «mən düz deyirəm» prinsipində yox, «gəl aydınlaşdıraq» prinsipində aparmaq lazımdır. Qoy siyasətçilər udmaq üçün «sən pissən-mən yaxşıyam» prinsipində boğuşsunlar. İman adamlarına bu yaramaz. Bizdə xoşgörü olmalıdır.
Axırda Hacı Mustafanı inandırmışdı ki, Erkin elə oğlan deyil ki, səhvin olanda ondan üzr istəyəndə özünü alçalmış sayasan. Bütün bu sözlərin içində fürsət tapıb «dərsini vermək» məsələsində səhvini də boynuna almışdı, gərək elə deməyəydim.
Onun Erkinlə bağlı söylədikləri indi özünü doğrultdu. Erkin Mustafagilin üzünə baxıb söylədi:
– Uşaqlar, mənə xoş oldu ki, üzr istəməyə razılıq vermisiniz. Ancaq əziyyət çəkməyin. Görüşüb söhbət etməyimiz bəsdir. – Əli ilə Mustafanı göstərib ona dedi: – Sən üz-gözü əzmədən vuruşmağı deyəndə, bir də özündən zəif dostunla vuruşmağı təklif edəndə, ağayana hərəkət elədin, bircə yekə kişisən, – bunu deyəndə Erkin qımışdı, – heç olmasa əlcəklər gətirəydin, dodağı partlamağa qoymayan rezin protezlər gətirəydin.
– Ya da mənim zalımdakı rinqdə – Hacı Cəfər siyahını artırmaq, ortamı yüngülləşdirmək üçün davam etdi. Erkin isə əminəvəsinin əlavəsinə mehriban baxışla cavab verib davam etdi:
– Dostlar, anladım məsələyə mən necə baxıram? Hər dinin müqəddəsləri olub. Hər dinin tarixində dəhşətli möcüzələr olub. Bu haqda bilməmiş olmazsınız, bilmirsiniz internetdə yazın, çıxacaq. Sünni müdriklərin, müqəddəslərin də möcüzəsi olub, şiə müqəddəslərinin də olub. Mən axtarmamışam, ancaq inandırıram, baxsanız, sələfi müdriklərin də möcüzəsi olub. Bax, belə vəziyyətdə demək ki, mənim yolum düzdür, o biri yollar əyridir, didişmələrə, haqsız şeylərə gətirib çıxarır. Hər dində, hər təriqətdə insanı alçaldan, insanı yanındakına, yaxınına zülm etdirən nə varsa, onu pis saymaq olar.
Damla əlini Erkinin dizinə qoydu ki, sualının kəskinliyini yumşaltsın:
– Bəs əgər bu zülm həmin dinin müqəddəs kitabından gəlirsə? Səudiyyədə qadınları maşın surməyə qoymurlar, şəriətə görə.
Hacı Cəfər başını tərpətdi:
– Şəriətinsə bütün əmrlərini Quran ayələrindən çıxarırlar.
Erkin:
– Bax, burada gəlib çıxırıq ictihad məsələsinə. Hər dövr, müsalmanlar üçün Quranı götürsək, xristianlar üçün Bibliyanı götürsək, müqəddəs kitabdan lazımi informasiyanı almaq üçün kod verir. Cəfər, bunu sənə indi deyirəm. Allah qeyb aləmidirsə, onun Kitabının məzmununda dərin qatlar da qeyb aləmidir. Deməli, ən böyük müctəhid də tapammaz ki, hər hansı Quran ayəsində Allahın bildirmək istədiyi nədir. Ola bilər ki, filosof sübut eləsin ki, bir ayədən çoxunun «et» əmri kimi anladığı, əslində, «etmə»dir.
Damlanın qaşları çatılanda üzündə gözəllik sanki başqa yarpaqda vərəqləndi:
– Bu necə ola bilər?
– Bilirsən də adamı öldürən zəhər həm də dərmanın düzəldilməsində iştirak edə bilər. Heraklitin bir aforizmi var: insan meymuna baxanda gözəldir, ancaq ən gözəl qız da mələyin yanında kifirdir. Damla, bax, sənin gözəlliyin də elədir. Bir şeyin yanında yaxşı olan, başqa şeyin yanında pis olur. Buna qabaqlar dialektika deyirdi, indi bunu strukturalizm daha ağıllı açır. Onun üçün də mən deyərdim ki, ən böyük strukturalist Tanrıdır. Yəni Odur, nəsnələri düzə-düzə gah pisə çevirir, gah da yaxşıya…
Erkin bu dəfə Mustafagilə baxdı:
– Onun üçün də iman məsələsində mən düz-başqaları yalan fikrində olmayın. Şiəlik sizin eviniz kimidir, içində səliqə yaradın, elə edin havası elə olsun ki, qonaq gələnlərin ruhları şad olsun. Bu evinizi başqalarına görk edə bilərsiniz ki, siz də evinizi mənim kimi səliqəyə salın. Ancaq bu zaman saldırqan olmayın, bəlkə başqası evini başqa cür düzəldəndə bundan ruhu rahat olacaq?! Hər bir təriqətin, dinin dəyəri ondan itələnən möminlərin dünyaya gözəl, yaxşı nələr verməsindədir. Ancaq ola bilər ki, bir məsələdə böyük nailiyyətlərlə qabağa çıxmış xristian dünyası sabah elə həmin məsələlərdə islam dünyasına uduzsun, biri gün təzədən qabağa çıxsın. Ona görə qabağa çıxan sabah vəziyyətin dəyişəcəyini gözə alıb təkəbbürlü olmamalıdır. Razısınız?
Hacı Cəfər ona düzəliş verdi:
– Gəl belə deyək, belə məsələlərdə «razısınız» sualı olmamalıdır, çünki gətirir kiminsə uduzmasına, kiminsə udmasına. Belə məsələlərdə rəhmətlik Azad Mirzəcanzadə kimi (əslində, bunu Erkindən eşitmişdi) soruşmaq lazımdır: DEYƏ BİLDİM?
Erkin güldü:
– Yaxşı, deyə bildim?
Damla:
– Məncə deyə bildin, – söyləyib Mustafaya baxdı, çünki bayaqdan o utandığından qıza baxmağa çəkinirdi. – Mustafa bəy, olan olub, o vaxt dostumu əzişdirdiyindən cinlənmişdim, sizi söydüm. Düz eləmişdim. Bu gün isə düşünürəm ki, siz söyüşə layiq deyilsiniz.
Hacı Cəfər əhvalatı bilmədiyi üçün sualla Mustafaya baxdı. Erkin tez konunu dəyişdirdi ki, pərtlik olmasın:
– Cəfər deyir ki, siz kombi ustalarısınız, halal ustalarsınız. Bu da mənim çox xoşuma gəldi. Mənasız yerə ali məktəbdə oxumaqdansa, yaxşı usta olub ailəni dolandırmaq daha düzdür. Nə qədər gənc bunu bilib seçim etmədiyi üçün ac-yalavacdır, ələ baxır. Eşq olsun, Cəfər, sənə ki, cavanları düz yönəldirsən…
Çay məclisi beləcə onun yarısınacan davam etdi, əsas Erkinlə Cəfər danışırdı, yerdə qalanlarsa daha çox qulaq asırdılar. Damlanın yanında Mustafanın üzündən xəcalət getmişdi. Axırda görüş Erkinin bir zarafatı ilə bitdi:
– Bizdə küsüb sonra yalandan yox, ürəkdən barışanlar elə dost olurlar ki, küsməsəydilər belə olmazdılar. Cəfər, bunlar içmirlərsə, bəlkə konyak süzüm, küsənlərin barışmasına bir sağlıq deyək?
Hacı Cəfər güldü:
– Yox, dünən tərgitmişəm, içə bilmərəm. – Oğlanlar bildi ki, “həci” o qədər müsəlman kimi nüfuzuna arxayındır ki, “içməyi tərgitmişəm” deməsinin yanlış başa düşülməsindən çəkinmir.
Qonaqlar gedəndən sonra Erkin görüşdən razı halda durmuşdu, gözləyirdi Damla nə deyəcək, nə edəcək ki, o da nə deməyi, nə etməyi seçsin. Beləcə durub bir-birinə baxırdılar ki, birdən Damla ona yaxınlaşıb sinə-sinəyə durdu, qollarını yavaş-yavaş qaldırıb onun boynuna sarıdı. Erkin təəccübünü bildirmədi, çünki təəccüblənməmişdi. Qızın dodaqlarını dodaqları arasına alıb sovuranda, yüngülcə dişləyəndə elə bil heç vaxt belə dodaqlar öpməmişdi. Sonra üzünü aralayıb Damlanın gözlərinə baxdı:
– Olar?
– Olar. Ancaq bil ki, məni özünə bərk bağlamaq istəyirsənsə, al məni.
– Alaram.
– Bir də bil ki, bunu fəxrlə yox, utana-utana deyirəm. Bu məsələ məndə birinci dəfə olacaq, təcrübəm yoxdur. Ancaq evlənməyimizi istəsəm də, bax ha, vacib deyil.
Erkin çaşmışdı, nə sürpriz dolu qızdır, otuza yaxın yaşı var, deyir birinci dəfədir. Damla onun ürəyindən keçən sualı gözündən oxuyub cavab verdi:
– İndiyənəcən səni gözləmişəm, onun üçün.