Bloqer (17)
- 27 Sentyabr 2021
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 12 13 14 15 16
Niyazi Mehdi
Səkkizinci fəsil.
Erkinin ölüm-qorxu haqqında Damlaya dedikləri
Art-kafedəki dueldən üç gün keçmişdi. İndi Damla Erkinin qonaq otağında oturub onun haçan yuxudan oyanacağını gözləyirdi. Kafedə döyüşdən sonra ilginc olay baş vermişdi. Hamı Erkini qucaqlamış Damlanın davranışından, onun qulağına nəsə pıçıldamasından, onun Damlaya rahatca sığınmasından başa düşmüşdü ki, aralarında nəsə romantik yaxınlıq var və bu üzdən «yüz yerdən əzilmiş» dostlarına qulluq bu gözəl qızın səlahiyyətində olacaq. Bunu hətta Teymur də başa düşüb xoşlanmışdı, çünki buna öz «proyektinin» bəhrəsi kimi baxmışdı. O da vardı ki, heç kimdə Damlaya qarşı qısqanclıq yaranmamışdı, çünki Art-kafe əhli Erkini çox istəsə də qızların arasında onun dəlisi yox idi, vardısa da sevdiklərinin cavabsız qalacağını bildiklərindən istəklərini uğurla boğmuşdular.
Yolda Damla çox istəmişdi ki, oğlanı öz evinə aparsın. Düşünmüşdü ki, orada qulluq daha yaxşı olar, çünki Fatma bacının da köməyi olacaqdı. Bəs, atası, anası gəlib görsəydilər? Bundan narahat deyildi, ata-anası Naxçıvandan çıxandan sonra bütün dünyanı gəzdikcə Türkiyədə, Moskvada, Londonda, Tbilisidə öz taylarının məclislərində iştirak etdikcə bir az Avropasayaq olmuşdular. İndi onlar ləhcələri qalsa da, rus dilində pis danışsalar da, Avropaya tərcüməçi ilə getsələr də, xeyli modernləşmişdilər. Qızlarının ağıllı seçiminə arxayın idilər. Ləkəli davranışına heç inanmırdılar. Təsadüfən ləkələnmə təhlükəsini isə bütün varlı adamlar kimi saya salmırdılar. Pis adam kimi ad çıxarmaq təsadüfləri onları daha çox qayğılandırırdı.
Teymur da, Elxan da Erkini dilə tutmuşdular ki, aparaq səni Damlagilə, ancaq o heç cürə evindən qıraqda, – özü də qız evində qalmağa razı olmamışdı. Bu üzdən Damla Erkinin yanında qalmalı olmuşdu. Atasının özəl klinikasına telefon edib oranın baş həkiminə – atasının dostuna zəng vurmuşdu ki, Bakının ən yaxşı travmatoloqunu yollasın. O da travmatoloqu götürüb özü gəlmişdi. «Bu, nə məsələdir, bu, nə oğlandı» sorusu ürəyində bütün həkimlər kimi məsləhət bilmişdi ki, oğlan klinikaya aparılsın. Erkinin tərs «yox»undan sonra bu ideyadan daşınmalı olmuşdu. Travmatoloq Damlaya dərmanları yazandan sonra onun 4-5 gün yataq rejimində qalmasını tapşırmışdı. Hər gün yoluxmağa gəlirdi. Bu günlər ərzində Teymur da, Elxan da gəlirdi. Art-kafe əhli isə çox nəzakətli gənclərmiş. Telefonla zəng vurub narahat etmirdilər, ancaq hamısı Elxandan bilgi alırdılar. Birinci gün travmatoloqun razılığından sonra Erkini isti vannaya uzandıranda Elxan da, Teymur da onun başına dolanmışdılar, Damla isə hərdən onların yanına girib Erkinə yumşaq, qayğılı nəsə deyirdi, çünki sezirdi və bunu oğlanlar da sezirdi ki, onun səsi, sözü Erkinə ağrıkəsici kimi etgi göstərir.
«Dueldən» sonra ikinci gün Damla Erkinin üz-gözü şiş, zorla söz demək halında ona mini don geyinməsi ilə bağlı dediklərini danışanda, bunu «biz nə hayda, sən nə hayda idin» mənasında elə himlə, elə tonla söyləmişdi ki, oğlanların iksini də gülmək tutmuşdu. Erkinsə qımışmışdı – zarafatın ali qanunu öz zarafatına gülməmək olsa da. Dünən isə heç kimin bilmədiyi olay baş vermişdi. Damla indi də onun istisi altında idi. Bu günəcən Erkin yataqdan qalxmamışdı. Olurdu ki, bəzən yataqda oturub nəsə yeyirdi, içirdi. Dünən axşam isə Damla ona «sənə başqa nə qulluq edim?» soruşanda söyləmişdi, yanımda uzan, qucaqla məni. Qız yorğanın üstündən uzanıb onu qucaqlamışdı və Erkinin yumşaq duyğularla necə yuxuya axdığını qolları ilə duymuşdu. Erkin yuxuya gedəndən sonra yatağın yanında oturub içində yaranan sorular arasında bulunmuşdu: Niyə mənə belə yaxşıdır? Niyə bu oğlana qulluq etməkdən belə ləzzət alıram? Niyə evimə getməyib burada qalmağı belə istəyirəm?! Bu tip suallar Damlanın başından çox keçirdi, onlara cavablar isə çox vaxta aydın, rasional yox, daha çox duyğusal olurdu.
Otaqlar arası qapının arxasından Erkinin danışığı gəldi. Axırıncı sözləri deyib telefonu qapatdı və Damlanın olduğu otağa bərkdən sual ünvanladı:
– Bilirsən kim idi?
Damla:
– Kim? – soruşub Ekinin yatağı olan otağa keçdi
– Mənim əminəvəm, yəni ikimiz də bir kişinin iki oğlandan olan nəvələriyik. Cəfər, uşu-sanda üzrə Avropa çempionu olub, özünün çox yaxşı uşu-sanda məktəbi var. – Damla yavaş-yavaş anladı ki, söhbət gəlib o dinçi oğlanlara çıxacaq. – Təsəvvür edirsən, mənim əminəvəm həm də hacıdır. Ona bakılısayaq «Həci Cəfər» deyirlər. İndi bilib ki, onun çox istədiyi idmançısı məni – əmisi nəvəsini döyüb.
Erkin «məni döyüb» cümləsini deyəndə Damla az qaldı etiraz etsin ki, döyməyib, axı. Demədi, çünki döymüşdü, axı, ancaq ürəyindən Erkinlə bağlı yenə sual keçdi: oğlanlar qızların gözü qabağında döyüləndə yaman pərt olurlar, alçalırlar. Yəni Erkin o dərəcədə özünü yuxarı tutur ki, döyülməyi də özünə ləkə saymır?! Amma axı, Art-kafedə heç kim saymamısdı? Bu nə işdisə heç Damla özü də saymır, axı. Elə bil «döyülmək» o zaman olur ki, adam axırda sınır. Erkinsə yerə dəyirdi, durub yenə cumurdu… Ancaq Damlanın qəzəbini görəndə yerindən rəqibinin üstünə cummağı dayandırdı və bu, hamının, bəlkə elə o dinçi gədənin də ürəyindən oldu. İndi deyəsən bir az anladı Erkinin xarizmasını – onda sınmaz, dərindən, sanki hüceyrədən gələn bir bəylik, soyluluq, nəciblik vardı. Onda ruhun sınmaz, dağılmaz nəcibliyi vardı. Damla indi düşündü ki, bu xarizma, Allah vergisi Azərbaycanda yəqin oğuzlar dönəmində – bu yerdə yadına Dədə Qorquddan Beyrək, Uruz düşdü, – yetərincə vardı, yəqin 19-cu əsr bəylərində də olub, sovetlər gələndə də olub yəqin. Ancaq indinin özündə də bəzən kasıblardan, çox az hallılarda varlı ailələrdən iliyinəcən bəyzadə nəcibliyində oğlanlar çıxır. Birdən yeni soru yarandı: «İngilislərin centlməni ilə bizim bəyzadə oğlanların nə eyniliyi, nə fərqi var? Gərək bunu Erkindən soruşum, yəqin maraqlı nəsə deyəcək». Başından bu suallar və alayarımçıq cavablar keçəndə onların arasından Erkinin sözlərini eşitiməyə başladı:
– Cəfər o uşaqları yaxşı adamlar kimi təriflədi, dedi tənbeh eləmişəm, istəyirsən deyim gəlsinlər səndən üzr istəsinlər.
Damla:
– Elə vəhşilikdən sonra utanmayacaqlar sənin yanına gəlməyə?
– Sənə bir şey deyim, onlar mənim də xoşuma gəlmişdi. Birincisi, mənnən vuruşan oğlan özü dedi ki, mən güclüyəm, istəyirsən o birimizdən biri ilə vuruş. İkincisi, xoşuma gəldi ki, şərt qoydu ki, üzü vurmayaq. Ancaq yaxşı olardı dişi yumruqdan qoruyan rezin protez də gətirəydi, ya da əlcəklər gətirəydi, onlarla vuruşardıq.
– Əvəzində sən də qoymadın ki, Elxan onu şil-küt eləsin.
– Hə qoymadım… Bilirsən buna Dədə Qorqud nə deyirdi? «Qol-bud olub yerə düşdü» – çox kinematoqrafik cümlədir, adamın gözünün qabağına atdan yıxılan adamın ayaqları, yıxılmamaq üçün əl atması gəlir.
Damla ona diqqətlə qulaq asanda birdən özünü bunda tutdu ki, elə baxır, elə gülümsəyir, səsini elə çalara salır ki, Erkin onun gözəlliyindən dəli olsun. Erkin dəli olmağa başlamışdı da, ancaq hesab edirdi ki, bunu gizlətməsə, yaxşı olmaz. Onu da bilirdi ki, Damla gizlətməsini bilsə, acıqlanardı ki, niyə məndən duyğularını gizlədirsən? Bəyəm kənddən gəlmiş utancaq oğlansan?!
Erkin davam etdi:
– Bilirsən, əminəvəsi ilə danışanda bir səhvim oldu. Soruşdu ki, gəl mənim zalıma, onlar səndən üzr istəsinlər. Dedim gələ bilmərəm. İstəyirsən sən onlarla evimə gəl. Gərək bunu səndən soruşaydım, sonra deyəydim.
Damlaya, sözsüz, Erkinin bu etirafı xoş gəlməyə bilməzdi və bunu səsində gizlətməyib dedi:
– Eybi yox. Əvəzində mən də olaram sizin görüşdə, yoxsa ora getməzdim. Görüm belinə mindiyim oğlan nə günə düşəcək?
– Onlar qadın xeylağı ilə əl tutub görüşmürlər, indi fikirləş nə çəkir o oğlan. Ancaq mən əminəvəsinə dedim ki, üzr istəmək boş şeydi. Dedim bir-iki hərəkətləri xoşuma gəldi, onun üçün də götür gəl, söhbət edək.
– İstəyirsən, Teymuru da çağırım.
– Yox, adam çox olanda pərt olarlar. Deyim 6-da gəlsinlər?
Demək olmazdı ki, Damla Erkingildə bütün gün olmaqdan o qədər bezmişdi ki, yeni üzləri görmək şansına sevinmişdi. Erkin hətta yataqda olanda da bezməmişdi, yanında oturub söhbət edirdi, birlikdə musiqiyə qulaq asırdılar, kompüterdə filmlərə baxırdılar. Erkin Youtube-da onun söhbətlərinə birgə baxmağa qəti yox demişdi ki, öz mahnılarına qulaq asmağı sevməyən müğənnilər kimiyəm. İndi, Damla bu görüşdən bir şey kəsmirdi, bir az oturaram, maraqlı olmasa o biri otağa keçərəm, bəs bunlara çayı-filanı kim verəcək? – düşünmüşdü. Erkin elə bil bu sualı eşitdi və dedi, qonşudan evimi yığışdıran xalanı çağıracam, nəbadə qonaqlara qulluq edəsən. Lazım bilsən, rəhbərlik edərsən. Qorxma, çox yaxşı, mehriban xaladır, ürəyində inciməyəcək ki, evdə qız ola-ola niyə məni çağırıb?
Damla bu konunu önəmli saymadığından (çay vermək nə böyük şeydir ki?!) üstündən tez keçib onu ilgiləndirən sualı soruşdu:
– Sən yaxşı bilirdin ki, o dinçi səndən güclüdür, niyə Elxanın vuruşmasına razı olmadın? Fikir verdim, heç həyəcan da keçirmirdin?
Erkin bir az «danışım-danışmayım?» tərəddüdünü keçirəndən sonra danışmağı qət etdi:
– Bilirsən, mənim uşaqlığımda bu Sovetskidə uşaqlar həmişə döyülmək qorxusu altında yaşayırdılar. Bir dəfə mən bu qorxunu belə dəf etdim, döyəcəklər, oram-buram əziləcək. Ölməyəcəm ki?! O dəm şikəst olub arabada gəzmək-filan ağlıma gəlməzdi, gəlsəydi, bilmirəm bu qorxunu necə dəf edərdim. Hər halda qorxu deyilən şeyi ürəyimdən çıxarandan sonra oldum atamanlardan biri, boksla-güləşlə məşğul olmağım da öz xeyrini vermişdi. Böyüyəndə ölüm qorxusunu dəf etmək vaxtı gəldi. O vaxtlar mən dədə-baba islamına uyğun Allahı düşünürdüm. Ağlıma belə bir formula gəlmişdi: insan əsl mənada Allahdan qorxanda nə polis rəisindən, nə hər hansı müdirdən, nə bilim kriminal dədələrindən qorxur. Belə-belə qorxu da ürəyimdən getdi.
– Bəs yaxınlarını itirmək qorxusu?
-Düz soruşursan. Bu qorxunu dəf etmək üçün belə bir formulam vardı: indi ölən gələcəkdə daha dəhşətli ölmək variantlarından qurtulur. Bunu özümə də aid etdim. Ancaq bir ciddi düstur var: Allah özü bilən yaxşıdır. Sözsüz, bu, dədə-baba islamının, nə bilim xristianlığının düsturudur. Mənim üçün ləyaqətli yaşamaq məsələsində nəyəsə arxalanmaq gərəkəndə buddizm də, islam da, xristianlıq da düsturlar verir. Bunlara gərək olmayanda isə Allah mənə ibadətdən yox, fəlsəfi ideyalardan açılır. Bilirsən, Damla, nəsə olanda sənə nələrisə gətirir. Çox vaxt sənə aydın görünür: bu olanda sənə yaxşı-pis nə gətirəcək. Bəzənsə nə gətirəcəyini aydın gümanlaya bilmirsən. O dinçi oğlan məni duelə çağıranda fikirləşdim ki, son zamanlar mənə belə dəvət olmayıb. Bəd ayaqda döyüləcəm, ancaq görüm mənə nə gətirəcək.
– Nə gətirdi. Məşq?
– Yox, nə məşq. Gördüm ki, döyüləndə sınmırsansa, döyəni sındırırsan.
(Ardı var)