Hikmət Sabiroğlunun vaxtı
- 20 Sentyabr 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Oqtay Qorçu
Yazırsan ki, gec oldu, çox gec..
Bəlkə də…
Amma bu sənin bəxtin, sənin Vaxtın idi, gününü, saatını ötürməyən Vaxt.
Şuşanın dağları başı dumanlı…
Sonra aylar ötdü, illər dolandı, duman dağıldı. Və vaxt yetişdi. Sənin vaxtın.
Vaxtın hikməti. Hikmətin vaxtı.
…Aşdı uca dağları görünməz oldu…
Yol açıldı. Yola çıxdın. Getdin, öz gözlərinlə gördün.
Vətən yolu, el yolu, Qalaya gedən yol. İndi sən tək şuşalı Hikmət Sabiroğlu yox, həm də Qalalı Hikmətsən. Yolun möcüzəsi. Yol. Gəlimli-gedimli dünyanın yolları. Yol varsa, qayıdış da var. Camaatın Meşə yolu adlandırdığı Zəfər yolu kimi. Sənə yol açan Allaha şükürlər olsun, qardaş!
İçindən çölünə sarmaşa-sarmaşa uzanıb uzaq bildiyimiz yollara calanan belə bir yola çıxmağı, bu yolun yolçusu olmağı Tanrı Hikmət Sabiroğluna da nəsib elədi. Öz yolunla getdin və Şuşaya yola düşdün.
Yolçu yolda gərək deyən Hikmət Sabiroğlu Şuşaya getdi. Çoxdan getməli idi, getdi də. Kimsəyə minnət etmədən özü getdi. Göndərilənlərə, siyahıda sıralananlara qoşulmadan özünə bir neçə yoldaş tapıb getdi. Dilimdən düşməyən “Abi” kəlməsinin yeganə ünvanı olan Hikmətin bu yolçuluğu bəlkə də onun ömrünün ən uzun səfəridi. Axır ki, getdi. Hikmət Sabiroğlu, nəhayət, gedib çatdı Şuşaya. Yəqin “axı burada qeyri-adi nə var” fikirləşənlər də tapılacaq. Soranlar bilsin, Hikmət Sabiroğlu həmişə başının üstündə olduğu Şuşaya dəyməyə gedib. Yaralı Qalanı ziyarət etməyə. Hikmətin doğma yurduna, qala şəhəri Şuşaya səfəri bambaşqadı. Çünki Hikmət uzun məğlubiyyət dönəmində canına, ruhuna sıxıb için-için yana-yana işğaldan çıxartdığı xatirələrini paytaxtda qoruya-qoruya, heç vaxt, bir gün belə itirmədiyi, öz yerindən dəbərməyən, köhnə əşya kimi tozlanıb kif basmayan Şuşasına qədəm qoyub. Hikmət Özünü görmək, özü ilə dərdləşməkdən ötrü Şuşaya ayaq basıb.
Hikmət Abi Şuşaya gedibmiş…
Hikmətin Şuşaya getdiyini eşidəndə canımdan üşütmə keçdi. Bir az qorxdum da. Fikrim qarışdı. Əslində nədən qorxduğumu da anlamadım, ya da anlamağa qorxdum. Bu xəbəri eşidəndə ilk yadıma düşən Hikmətin gözləri oldu. Şəhidlərimizin qanı bahasına alınan, qazi igidlərimizin nərəsindən diksinib dikələn, hürriyətinə qovuşan yarımcan Şuşaya dikilən gözləri. Hikmətin Şuşanı görən gözləri.
Getdi, gördü, gəldi. İndi Şuşa alınmaz qaladı. Şuşa həmişə qala olub. Şuşa yarası qan versə də, əzilsə də, təklənsə də sınmamışdı, öz Vaxtını gözləyirdi. Şuşa sınsaydı, sıldırımlara dırmanan qəhrəman əsgərlərimizi çırpıb tökərdi aşağı. Amma Şuşa köməyinə yetənlərə qapı açdı, dağ-daşı düz elədi. Və erməni adlı qarı düşməni tapdayıb keçən Azərbaycan əsgəri aynası cilik-cilik olmuş, xiffətdən divarları çat verən, qapıları kol-kosa bələnən Şuşaya, öz doğma şəhərinə girdi. Uzun illərdən sonra. Hə, düz deyirsən, gec oldu, amma güc oldu.
Hikmət Sabiroğlu Şuşaya getmişdi. Ağrılı olduğu qədər də xoş xəbər idi. Özü yolu tutub getdi. Zəfər yolu ilə Şuşaya qalxdı. Şuşaya boy verən adam Qarabağa ayaq basdı və Şuşa öz Adamına qovuşdu.
Hikmət Sabiroğlu Şuşada.
Hamı eşitdi, hamı bildi. Hikmət Sabiroğlu Şuşaya gedib. Qayıdandan bəri hələ abimi görməmişəm, yəqin çəkinirəm. Nə deyəcəyimi, nədən başlayacağımı bilmirəm. Bizim Hikmət elə kişilərdəndi ki, mən ona “Şuşa necə idi?”, “Şuşanı görəndə sevindinmi?”, yaxud da “Şuşaya getdiyinə inandınmı?” kimi suallar verməyə həya edərəm, heç soruşmaram da. Mənə görə Hikmətə belə suallar ünvanlamaq mənasız olduğu qədər də əbləh suçdu.
Onsuz da Hikmət Sabiroğlunun gözləri hər şeyi danışacaq. Artıq Bakıdadı. Adlı-sanlı şuşalının Şuşa ziyarəti başa çatıb. Bu ölkədə təqdimata ehtiyacı olmayan, Azərbaycan mediasının qənimət (həm də təkrarsız) imzalarından biri, yazarlar yazarı siyahısız-filansız uzun illərin ayrılığından sonra qalxıb getdi Şuşaya, sonra da döndü hal-hazırda yaşadığı ünvana – paytaxta.
Hikmətin Şuşa ziyarəti haqqında yazısını dönə-dönə oxumaq da bir əzabmış…
Şuşa Hikmətdən ötrü nə deməkdi, bunu bilirik. Hikmət Sabiroğlu Şuşanın canbir qəlb tarixidi. Hikmət Şuşanı özünü tanıdığı kimi tanıyır. Mən də Şuşanı Hikmətdə tanımışam. Üzü Laçına hər yay içindən keçib getdiyim Şuşanı. Getdi, öz bildiyi kimi dolandı, dönüb gəldi. Bu səfər ayrı bir səfər oldu. Hikmət Sabiroğlu Şuşaya gəzməyə getmədi. Şuşa içində qoyub getdiyi Məni Şuşanı ziyarətə getdi.
Getdi, şəhəri hansı vəziyyətdə tapdı, necə gördü, onu bir Allah bilir…
Daha bir məqam da var. Heyrət doğuracaq məqam. Hikmət Sabiroğlunun Şuşada üşüməkliyi. Bu, soyuqdan üşümək deyil, bu… Qısası, Hikmət Şuşada üşüyüb, vəssalam! Anlayan biləcək.
Hikməti Qala qoynunda üşüdən nəsnə Qarabağ torpağının sahibsiz qaldığı illərdə göynəyə-göynəyə uman yerdən küsməsidi, könlü talan edilən, ruhu xıncanan Şuşanın qan yaddaşında qıvrıla-qıvrıla, adları xatirələrdən pozulmayan adlı-sanlı kişilərin məzarlarını kürəyində gizlədə-gizlədə düşmən ayağına verməməsidi, onların qəbirlərini itirməsidi. Qeyrətli Şuşa öz qəbirlərini belə yerin təkinə gömüb, qəbiristanlığın yol-cığırını ot-alafla, kol-kosla elə gizlədib ki… ŞUŞAlı Hikmət belə Mirzə Həsən qəbiristanlığını dörd dolansa da ata-baba məzarlarını tapa bilməyib.
Şuşanı tərk etməyən, haqq dünyasına qovuşmuş şuşalı ölülər. Şuşa əmanəti məzarlar. Hikmətin başına yığılıb ona təsəlli verənlər “reylef dəyişib” deyiblər, bəlkə “təbiət vəhşiləşib” də söyləyiblər, ancaq bütün bunlar sadəcə sözdü. Ehtimallara söykənən adi söz yığını. Görünən odur ki, dağıdılsa da, talansa da əslində Şuşada heç nə itməyib. Şuşada bir daş belə yerindən dəbərməyib. Şuşa sahibsiz qaldığından dəli-divanəyə dönüb. Aşiqinə həsrət Şuşa, yarına həsrət Şuşa. Məcnun Şuşa.
Hikmət Sabiroğlu xarabazarda divanəyə çevrilən Şuşaya getmişdi. Həmin Şuşaya. Hikmətin göz açıb gördüyü, böyüyə-böyüyə içinə-çölünə bələd olduğu, həmişə ziyarətinə getdiyi şəhər. Bu həmin Şuşadı ki, durub yerində. Öz xarabalığından qəzəb, hikkə püskürən, ağlar gözlü cənnətinə sığınıb ölülərinin qüruruna güvənən, dirilərin hayına möhtac qaldığı illərdə məzarlarıyla sirdaşlıq edən qürur qalası Şuşa.
Demişik, deyirik, deyəcəyik də.
“Qarabağ Azərbaycandı”.
“Şuşa Qarabağdı”.
“Qarabağ bizimdi”.
“Şuşa bizimdi”.
Şübhəsiz belədi. Bunlar sıradan qara-qışqırıq şüarlar deyil, həqiqətdi. Həqiqəti isə ucadan söyləmək lazımdı. Biz Qarabağı unutmamışdıq. Biz Şuşanı unutmamışıq. Bunu hər gün demişik. Həqiqət budu, göydə Allah, yerdə bəndə şahid. Amma itirdiyimizə yanmışıq. Sərasər düz 28 il 6 ay. Qarabağ dərdindən ağır dərd olmadığını, bundan betər üzqaralığına tuş gəlməyəcəyimizi gec də olsa anladıq. Anladıq ki, Şuşanın işğalı nə deməkdi. Müharibəsi atəşkəslə bitən, təklənən bir dövlətin, bir xalqın başını boş bəyanatlarla, qərarlarla necə aldadıb millətin gününün qara əskiyə büküldüyünü anladıq. Düzdü, tale gecikmir, qismət tələsmir, alın yazısı pozulmur. Amma lazım olduğundan betər dözdük, o qədər dözdük ki, səbrimiz əzaba çevrildi. Biz itirə-itirə, tələsə-tələsə, heydən düşənədək gözlədik. Bu tarixdə ümidi sovrulanlar da oldu, yurdsuzluq dərdinə, köçkünlüyə dözəmməyib qaçqın kimi özünü əcəlin cənginə verib çərləyənlər də oldu, amma bizimlə bərabər Qarabağ da gözlədi. Səbirlə gözlədi. Üstündə gəzən düşmənlərin doğma yurdu olmadan, qondarma adını üstünə götürmədən gözlədi. Düşmən uydurma “Arsax” deyəndə qayaların əks-sədası Qarabağ qışqırdı. İnancı qılıncdan kəsərli millət oğulları qisasına sığınıb göynəyə-göynəyə gözlədilər. Bir gün bağlı qapıların açılacağını, Qarabağa dönəcəklərini gün kimi aydın görənlər, bu müqəddəs niyyətə inananlar baş-başa verib 28 ildən çox gözlədilər. Amma işğalın zülmət vahiməsi öz sözünü demişdi. “Arxalı köpək”lər rus tankının, rus avtomatının, rus top-tüfənginin zoruna güvənib qarabağlıların və Qarabağda vətən uğrunda savaşanların başına “Qrad” yağdıra-yağdıra Qarabağın Xan yurdunu viranə qoyub, nəhayət, düşmən sevinciylə soxuldular Şuşaya. 1992-cü ilin 8 mayında Qala çevrildi erməni oylağına. Hamı eşitdi, hamı yanıb-yaxıldı, ancaq biz “Şuşanı itirdik” deyəndə Hikmət Şuşanı itirmədi. Bizimki Şuşa-Hikmət beləcə şuşalı qaldı. O qan-qadada, o dərd-ağrıda, o vurhavurda adam dəli olardı, başını itirərdi, amma Hikmət bir qırıq da itirmədi. Hikmət Şuşanı heç vaxt itirilmiş yurd sanmayıb, sadəcə bu illər ərzində Şuşadan uzaq düşüb.
Ayrılığın üzü dönsün…
Hikmət Sabiroğlu üzüdönük ayrılığın üstündən keçib Şuşaya getdi.
Hikmət məndən ötrü Şuşadı. Şuşa boyda dopdolu, içi bəlli, çölü agah adam özündən əvvəl başlayan və özündən keçib üzü bəri yol alan bir tarixi itirməyən Qalalı kişi. Necə itirə bilərdi axı?.. Özü də Şuşa boy-buxunlu, “Kəllə” Sabir kimi bir kişinin, məşhur şuşalının oğlu Hikmət olasan. Hikmətli adam itirmir, unutmur, yaşayır.
Eşitdim ki…
Hikmətin Şuşada üşüdüyünü eşidəndə az qala havalanacaqdım. İnanmadım eşitdiklərimə. Hikmət Sabiroğlu Şuşada üşüyüb. Özü də kim, ömrünü Şuşa ümidi ilə isidən Hikmət abi. Yenə də inanmıram, amma bu da keçib gedəcək. Çətini Hikmətin ata yurdunda ruh rahatlığı tapıb Şuşanın gələcəyinə isinənə qədərdi. Həmin gün də gəlib yetişəcək. Nə qədər ki, bu yerin adamları, qalalı dirilər torpaq üstə gəzir, bu şəhərdə yerin təkinə çökən qəbirlər olsa da Hikmətin gizildəyən canı isinəcək. Əsas odu ki, arzu gerçəyə çevrildi, ən böyük möcüzə baş verdi. Və Hikmət Sabiroğlu gedib Şuşanı gördü. Qədim Şuşanı. Qədim olduğu qədər də Qarabağ tarixinin zirvəsində duran müdrik Şuşanı. Duruşundan ululuq yağan Şuşanı. Ona görə də dədə-babalarımız bu şəhərə Qala deyərdilər.
Bu qala, daşlı qala…
…Qorxuram, gəlməyəsən…
Zirvədə gözlərinin rəngini tapan adam, nəhayət, gedib Şuşanı da gördü. Mərd, qala boyunlu Şuşanı ziyarət edən Hikmətin öz gözləriylə gördükləri…
…Bundan o yana söz tapa bilmədim…
Şuşa bir az toxtasın hələ. Hələ irəlidə illər var. Şuşa da dirçələcək, bu qala o qədər belə davalar görüb ki..
Şuşa müdrikdi, hər şeyi özü qaydasına salacaq. Nəyin nə vaxt üzə çıxacağını da ancaq Şuşa özü bilir. Şuşanın öz nizamı, öz qayda-qanunları var. Şuşanın dünəninə səbir etdiyimiz kimi, bu gününə də səbir etməliyik. Şuşa dastan yazdı. Savaş dastanı. Müharibənin isə üzü soyuq olur. Bumbuz. Abimi üşüdən Şuşa yox, müharibədi. İşğalla nəticələnmiş, lənətə gəlmiş bu müharibə.
Tanınmış jurnalist Hikmət Sabiroğlu Şuşada oldu. Və dağın başında, Qalanın qoynunda soyuqlayacağından ehtiyat edib. Çünki Hikmət Sabiroğlu Şuşada üşüyüb. Şuşada bizim Hikməti üşüdən doğmalarından iraq düşən, seyrək səs-küyə alışmayan, doğma söz, doğma ləhcə eşitməyən Qarabağın çaparaq mehli, dəlisov küləkli nəfəsidi. Qarabağın qəzəbi hələ soyumayıb. Bu boyda həngaməni unutmaq olarmı?
Heç vaxt! Kimsə unutmasın! Hikmət Sabiroğlu unutmadığı kimi. Üçrəngli bayrağın amanında olan Şuşa hay-harayla özününküləri gözləyir. Şuşa qala qapısından keçib içəri doluşan, məhəllə-məhəllə, küçə-küçə səpələnən, hayqırtıları şəhərin altını üstünə çevirən camaatı gözləyir. Bax onda diri diri yerində, ölü ölü yerində olacaq. Həmin gün kimin harada yaşadığı, haradan haqq dünyasına köçdüyü, harada dəfn olunduğu da üzə çıxacaq. Qəbiristanlığa uzanan hər yolu, hər cığırı Şuşa şuşalılara tapdada-tapdada məzar yerlərini tək-tək onlara nişan verəcək. Şuşa yaddaşdı. Qəfəsə sığmayan azad yaddaşdı. Həmin Şuşanı görmək hamımızın arzusudu. Başı bəlalar çəkmiş, neçə-neçə müharibələrdən çıxmış, indi bir azca toxtayan Şuşanı ziyarət etmək Hikmətə qismət oldu.
Hikmət Sabiroğlu getdi, Şuşanı görüb gəldi. Hikmət Sabiroğlu Şuşada üşüdü də. Ancaq Hikməti Şuşada üşüdən qala divarlarını döyən külək deyil, doğum və ölüm tarixi bəlli olan gizlinə gömülənlərin dualarıdı.
Bizim də dualarımız sizinlədi.
Hikmət Sabiroğlu Şuşaya getmişdi.
Hikmət Şuşadan qayıdıb…
Nə qədər ki, Şuşa yerindədi, nə qədər ki, Mirzə Həsən qəbiristanlığı yerindədi, izsiz-soraqsız heç nə itən deyil. Qürbət itkini deyil ki…
…Şuşa tapacaq…
Şuşaya ayaqlanan Hikmət Sabiroğlu getdi də, gördü də, gəldi də.
Hikmət abi, sən keçmişin indiyə qovuşduğu, gələcəyə adladığı elə yerdə, elə bir Qala şəhərində olmusan ki…
Hikmət Sabiroğlu Şuşaya gedibmiş, görənlər olub…