Azərbaycanda siyasət və siyasətçilərin məhv etdiyi mətbuat
Bir insanı necə inandırmaq olar ki, cəhənnəmə gedən yol yaxşı məqsədlər üçün açılır?!
Seymur Kazımov
Bu gün riyakarlığa uğrayan yeganə peşə jurnalistikadır. Jurnalistika həm də ən çox sevilməyən peşədir. Söz, mətbuat uğrunda mübarizə aparan və yaxud aparırmış kimi görünən hər kəs sabah onun barəsində haqlı tənqid bildirən jurnalistdən küsəcək. Bəlkə də küsməyəcək, amma dəqiq narahat olacaq. Burada “narahatlıq” məlum nöqsanı törətdiyinə görə deyil, o nöqsanı deyən jurnalistədir.
Azərbaycan jurnalistikası bütün mənalarda siyasiləşib, özünü bitərəf, müstəqil adlandıran fərd və redaksiyalar da. Hakimiyyət bu siyasiləşmənin baş memarıdır. Elə müxalifət də hakimiyyətin yaratdığı bu atmosferdən yararlanır. Media sanki siyasi partiyalar üçün kuluar, məclis rolunu oynayır. Siyasi proseslər mətbuatda gedir, vasitəçilər də jurnalistlərdir. Normal halda mətbuatda proses yox, debatlar getməlidir. Azərbaycanda siyasətçilər istəmədikləri sualları eşitməkdə maraqlı deyillər. Amma hər iki tərəfi ayrı-ayrılıqda dindirsək, söz, mətbuat azadlığı haqqında ən maraqlı cümlələri seçəcəklər. Bir dəfə sərt (oxu: peşəkar) sual eşidən şəxs ikinci dəfə eyni jurnalistə danışmaq istəmir. Jurnalistləri siyasətçilər seçir. Onlara maraqlıdır ki, tanıdıqlarına müsahibə versinlər. Belə deyək, jurnalist senzuranın başqa bir formasına məruz qalır.
İqtisadi şərtlər daxil olmaqla, sosial şərtlər də jurnalist peşəsində vacib faktor olaraq qalır; lakin texnoloji olanlardan fərqli olaraq, onlar qlobal deyil, lokaldır – müəyyən bir cəmiyyət, xüsusi bir siyasi mədəniyyət burada qlobal tendensiyalardan daha çox təsir göstərir. Gündəmi media yaratmır, amma gündəm mediada yaradılır.
Azərbaycan mediası KİVDF-yə, evə, mükafata, indi də MEDİA-ya qədər artıq məhv edilmişdi – siyasiləşəndə. Bu siyasiləşmə ola bilsin ki, zamanın, dövrün tələbi idi və bəlkə də ilk günlər belə lazım idi; onların gözü ilə stəkanın dolu tərəfinə baxaq, empati quraq. Bütün hallarda yaxşı bəhanədir. Amma bu siyasiləşmə nədənsə yaman çox çəkdi, hamı yerini möhkəmlətdi və kimsə dönüb geriyə baxmaq istəmədi. Peyğəmbərlik gözlədiklərimiz də bizi yanıltdı.
2000-ci illər sosial informasiya peşələri üçün dönüş nöqtəsi oldu. Bunun səbəbi yeni kommunikasiya texnologiyaları, məlumat ötürülməsi və məzmunla təmin edilən ünsiyyət inqilabı idi. Bu gün “rəqəmsal” adlandırdığımız texnologiyaların birləşməsi hər cür media məzmununu real vaxtda ağlabatan xərclərlə yaymağa imkan verdi. Amma biz bundan yararlana bilmədik, çünki medianı tamamilə siyasətə təslim etdik. Media marjinal bir sahəyə çevrildi və bunun da nəticəsi kimi maliyyə dayaqlarından tam məhrum oldu və sosial statusunu da itirdi. Çünki kütləvi informasiya vasitələrinin fəaliyyətinin quruluşunda və davranışında dəyişikliklər media ünsiyyətinə sosial tələbatın dəyişməsini təyin edən cəmiyyətin də davranışına təsirsiz ötüşmədi. Azərbaycan mediası bu halı ilə nə insan şüuruna təsir edir, nə də ictimai rəy formalaşdırır. Aydın məsələdir ki, burada günah təkcə fərdlərdə deyil. Eyni zamanda avtoritar cəmiyyətdə müəllifin öz siyasi mövqeyini əvvəlcədən müəyyən etməsi, özünü həm də “bitərəf” kimi səciyyələndirməklə nəticələndi. Bütün mexanizmlər hakimiyyətin əlində cəmləndi – çap dəzgahlarına qədər. Müxalif media üz tutdu sosial şəbəkələrə. Uğurlu alındı, amma jurnalistika bundan da qazanclı çıxmadı, çünki siyasiləşmə partiya qərargahlarlından və qəzet səhifələrindən getdi düşdü sosial mediaya. İnternet çoxlarının dediyi kimi, ənənəvi jurnalistikanı öldürmür, onun formasını dəyişir, məzmunu isə yenə də siyasətçilər müəyyənləşdirdi.
Jurnalistikamıza mətbuat konsepsiyaları istiqamətindən baxsaq, onları bu nəzəriyyələrə uyğun təyin edə bilərik:
– Sovet kommunist konsepsiyası – hökumət həm xəbərlərə göz qoyur, həm də onları istehsal edir. Burada əsas məqsəd insanların şüuruna təsir göstərməkdir.
– İrəlilətmə konsepsiyası – hakimiyyət durmadan mətbuatın milli təhlükəsizliyi qorumalı olduğunu, medianın əsas funksiyasının dövlət maraqlarını müdafiə etmək olduğunu deyir. Qısası, mətbuata iqtisadi inkişaf aləti və milli şüuru oyadan vasitə kimi baxılır.
İndi də keçək qanunlara: Azərbaycan Konstitusiyasının 50-ci maddəsi deyir ki, “hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var”. Sonra davam edir: “KİV-də dövlət senzurası qadağandır”. Amma “İnformasiya əldə etmək”, “Kommersiya sirri” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında qanunlar kommersiya qurumlarının təsisçiləri, qeydiyyatı ilə bağlı informasiyaların əldə olunmasını qanunla qadağan edir. Konstitusiyanın 50-ci maddəsi senzuranı yasaqlayır, üstəlik, “KİV haqqında” qanunda senzuranın yolverilməzliyi ayrıca qeyd olunur. Amma hərbi vəziyyətlərdə dövlət senzurasının tətbiqinə icazə verilir. İndi də MEDİA adlı KİVDF-yə bənzər başqa bir qurum da media haqqında yeni qanun layihəsi hazırlayır. Amma bunun ictimai müzakirəsini keçirmir, bilinmir ki, orada nə var, nə yox…
Halbuki kütləvi informasiya vasitələri vətəndaşların siyasi hüquqlarının həyata keçirilməsində vacib olan müəyyən funksiyaları yerinə yetirmələri üçün səlahiyyət verilmiş bir sosial institut xüsusiyyətlərinə də sahib ola bilərdi. Əvəzində isə jurnalistlər ən yaxşı halda simpatiya bəslədikləri siyasi liderlərə, ən pis halda isə öz baş redaktorlarına oxşamağa başladılar. Və jurnalistika həm də sosial sifarişi olmayan peşəyə çevrildi.
Jurnalistika siyasətin alətinə çevrilməli deyil, o siyasətə təsir etməlidir. 44 günlük müharibədə beynəlxalq medianın Azərbaycan haqqındakı materiallarına baxaq. Əleyhimizə sayıla biləcək xeyli material vardı. Amma bunlara tutarlı cavab verənlər bu siyasətə qurban olmamaq üçün illərlə çarpışan azsaylı tərəfsiz jurnalistlər oldular. Onlar da siyasətlə deyil, məhz elə mətbuat dili ilə bunu etdilər. Yerli media bütün hallarda uduzdu. İllərdir siyasətçilərin diktəsi ilə hərəkət edən, suyu üfürə-üfürə içən media müharibə kimi öncədən hesab-kitabı olmayan bir hadisə qarşısında rəsmən çökdü. İki ana problem üzə çıxdı: müstəqillik və peşəkarlıq. Regionun lider dövləti olan Azərbaycanın mediası bu gün həmin regionun ən zəif mediasıdır. Buraxın dünyanı, Azərbaycan mediası heç Cənubi Qafqaz gündəminə təsir edə bilmir. Media menecerləri də müstəqil, azad olmadıqları üçün onların da öz təşəbbüslərinin olmaması normal bir hala çevrilib. Deməli, problem 2 yox, 3-dür. Sonuncusu isə məsuliyyətsizlikdir.
Mətbuat bütün siyasi qüvvələrdən uzun məsafədə dayanmalıdır, iqtidardan da, müxalifətdən də. Ola bilər ki, hansısa media konkret siyasi qüvvənin yanında durmaq istəyir. ABŞ və Avropada da belə nümunələr var, yalnız onlar hansı qrupa, siyasi təşkilata bağlı olduğunu gizlətmir, bir az radikal ifadə etsək, auditoriyanı aldatmır. Azərbaycanda isə hər kəslə məsafəli davrandığını iddia edən medianın əməkdaşı hakimiyyətin hansısa siyasətinə etiraz əlaməti olaraq etiraz aksiyalarına çıxır, şüarlar səsləndirir. Hakimiyyətə loyallığı ilə seçilən “müstəqil” medianın əməkdaşı da kimlərəsə qarşı etibarsızlaşdırma kampaniyasının bir parçasına çevrilir.
Müstəqillik, peşəkarlıq, məsuliyyətsizlik problemlərinə siyasiləşməni də əlavə etdik.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Vətəndaşın “informasiya aclığı” problemi
KİV-lə işin düzgün qurulması təlimatı
Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri
Natamam jurnalistika, məlumatlı əhali
İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir
Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?
Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə
ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?
Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi
KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı
Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik
Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər
Mətbuat günümüz və bu günün reallığı
Manipulyasiya – jurnalistikanın gizli funksiyası
KİV-in nəzarət mexanizmi niyə çalışmır?
Dağlıq Qarabağ məsələsini beynəlxalq tədbirlərdə necə səsləndirməli?
Jurnalist mitinqdə və ya PRESS gödəkcəsi indulgensiya deyil
Seçkidə məğlub olan jurnalistin peşəsinə dönüşü etikdirmi?
Media koronavirusla bağlı hansı suallara cavab tapmalıdır?