Bloqer (16)
- 10 Sentyabr 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 12 13 14 15
Niyazi Mehdi
Damlanın qavrayışında Marişanın qısa donlu toppuş ayaqları ilə cin kimi qığılcım səpələyən gözləri onun dediklərinə ordan-burdan Facebook-dakı günəşli gülüş nişanlarını vururdu. Yəqin bu, hamının qavrayışında baş verirdi. Düzdür, qız zalı uğundura bilməmişdi, ancaq üzlərə ağıllı, öz dünyamıza kinayəli təbəssüm yayılmışdı – özünə ironiya ağıl göstəricisidir, axı.
Marişa sözlərini bitirmişdi, ancaq Pakizə indi çalınan pianonun səsi altında ayaqları, əlləri, əl barmaqları ilə yarı erotik, yarı komik jestlər cızıb rəqsə oxşar cizgiləri havada çəkməkdə davam edirdi. Qəfildən Damlanın görmə zolağına soldan qarapaltarlı, saqqallı üç oğlan girdi. Səhnə terrorçuların birdən peyda olduğu qorxunc şəkli aldı. Üçündən ən güclü görünəni yarım addım qabaqda idi, nəsə əlini ölçə-ölçə deməyə başladı. Nə deyir bu? Ssenarinin davamıdır? Yox, deyəsən, Erkin, elə Teymur da narahatdırlar. Oğlan Marişaya, zala, yenə Marişaya baxıb deyirdi ki, az, siz bizim qızları satdığa qoymuşunuz? – Azca Marişanın danışığını yamsıladı: – Necə edək ki, Azərbaycan qızlarının mifi olsun, biz də onları baha sataq. Milləti, dini-imanı bu qədər də alçaltmaq olar?! Görməmiş-zadsınız, almana ağzınızı açıb baxırsınız?! Hamısı böyüyünüz Erkinin zibilləridir. Odur sizi islamdan ayırıb yazıq edən. Ayıb olsun sizə!
Damla oğlanın sözündən narahat olmuşdu ki, onun «ayıb olsun!» sözünü eşidəndə Marişa ilə Pakizənin «həyasızlığı» elə bil bu pərtliyin üstünə soyuq su səpələdi. 20-22 yaşınacan utancaq görünmək üçün məsum, saf səsdən, tez-tez qırpılan kirpiklərdən bacarıqla istifadə edən Azərbaycan qızları yaşlandıqca cinlənəndə oğlan söyüşləri ilə və ya mənəvi senzuranı vecə almayan sözlərlə fontan vururlar: ədə, poxunu ye, oğrac-oğrac danışma – bu, onların söyüşlərinin ən «tərbiyəlisi» olur. Damla da bu fazanı uğurla keçmişdi, öncələr oğlanlardan eşitdiyi söyüşləri ağzına gətirməzdi. Ancaq sonralar yağlı söyüşlə enerji yağdırmaq dönəminə keçəndə eşitdiklərindən bəzilərini rəfiqələri ilə, indi isə Teymurla danışanda işlədirdi. Hələliksə Erkinin yanında öldürsən də söyüş söyməzdi. Söyməsə də Marişagilin oğlanı söyməsi ləzzət verdi – belə millətçilərdən, dinçilərdən onun da zəhləsi gedirdi. Qabaqdakı oğlan (yanındakıların sözündən bilindi ki, adı Mustafadır) birdən kişi zəhmi ilə bağırdı ki, bəlkə qızlar qorxub susalar:
– Az, nə həyasızlıq salmısınız?! Kişi kişi ilə danışar. Nə Erkin arxanızda gizlənib?! Çıxsın, danışaq!
Damla gördü ki, Erkin elə bil sözə bənddir. Qız əlini atdı ki, onu saxlasın, ancaq gecikdi. Səhnənin işığında Erkinin tüksüz başı-üzü parıldayırdı, boy-buxunu çox nəcib görünürdü, ən əsası, səsində bir qırnıq da həyəcan, qorxu yox idi. Qarşısında duran oğlanın səsində isə hərdən əsəbi titrəyiş sezilirdi.
Erkin, kimsə bunu məzə üçün deyə bilərdi, xoruzlana-xoruzlana, cavab verdi:
– Buyur. Nə demək istəyirsən mənə?
Qızlar onun qabağına keçib divar yaratdılar. Marişa birdən qədeş him-cimində, jestlərində hədələdi. “Ədə, bilirsən səni neynərəm?” ritorik sualından sonra elə bir cümlə dedi ki, söyüşlər görmüş oğlanlar da caş qaldılar: Ədə, elə vuraram ki, burannan (Mustafanın dalını göstərdi) tum çırtdayarsan.
Bir az xof keçirən zal bu gözlənməz metaforadan əsəblə pıqqıldadı. Görünürdü ki, Marişa ağzısöyüşlü qız deyil, sadəcə, «qıza əl qaldırmaz» inamından istifadə edib bu oğlanları pərt etmək istəyir ki, bir də qələt eləyib bura gəlməsinlər. Mustafa pərt oldu, çünki özünü «qızlarla ağı-ağıza vermək səviyyəsinə» salıb (bundan həmişə qorxardı) özünü hörmətsiz edir. Ancaq onun dadına Erkin çatdı. Birdən qızlara təpindi ki, gedin zalda oturub «tamaşaya» baxın.
Qızlar quzu kimi düşüb oturdular.
Bunları görüb düşünən Damla duyurdu ki, Art-kafedə Erkini elə bil mafiya klanının Donu kimi sayırlar, ancaq anlamırdı bu sərbəst, azad oğlan-qızlar hansı xidmətlərinə görə Erkindən gələn komandaya dinməzcə tabe olurlar?
Erkinsə oğlana sözlər söyləməkdə idi:
– Mən neyləyim ki, yumor bilmirsiniz nədir. Onlar parodiya edirdilər. O ki qaldı islama, siz nə bilirsiniz mənim düşüncələrim islama qarşıdır, yoxsa islama tərəfdir?!
– Sənin çıxışlarını buradakı fanatların yayırlar. Bir də Youtube-da görmüşük. Ancaq biz bura səninlə söz güləşdirmək üçün gəlməmişik. Bütün sözlər sənə deyilib, xeyri olmayıb.
– Yəni Rafiq Tağını öldürməyinizi deyirsiniz?
– Şərləmə. Biz öldürməmişik, xəbərin olsun, öldürənləri də lənətləmişik. Ancaq səni duelə çağırmağa gəlmişik ki, görək sağa-sola yağdırdığın küfrlərin arxasında durmağa… kişiliyin çatar?
Zala susqunluq çökdü. Heç Erkin də bilmədi bunlar nəyi deyir. Damla onun boy-buxununu, səhnədə siluetini, gələn səsini, sakitliyini, indi isə «bu gədələr nə istəyir» soruşan üzünü maraqla süzürdü – heç vaxt kimisə kinoda yox, həyatda belə süzməmişdi. Mustafa Erkinin baxışı qarşısında gərəkən dərəcədə duruş gətirəndən sonra davam etdi:
– Bizim aramızda ən yaxşı uşu-sandaçı mənəm. Baa, istəyirsən onlardan birini, – yanındakıları göstərdi, – ya məni seç, istəyirsən uşu-sanda qabağına boksla çıx, cüdo ilə, nə bilim, qaydasız döyüşlə çıx. Ancaq bir şərtlə. Elə vuruşaq ki, üzümüzü zədələməyək. Bunu özümə görə yox, sənə görə deyirəm, çünki sənin yumruğun ömründə mənim üzümə çatammaz. Axıracan vuruşaq, yorulanacan vuruşaq. Bir şərtim var, hamının yanında söz ver ki, dostlarından, buradakılardan, ən çox da qızlardan heç kim qarışmayacaq. Amma səni həvəsləndirmək istəyirlərsə, qışqırsınlar. Onların qışqırtısından heç birimiz mandraja düşən deyilik.
Damla kiminsə bərkdən qışqıra-qışqıra səhnəyə sarı yeridiyini gördü, baxdı ki, arxa cərgədən yekəpər bir oğlandır, gələ-gələ hədələyir:
– Alə, sən dinimizi bizdən qoruyursan?! Mənəm namaz qılan, dünya çempionu, gəl mənimlə vuruş, görüm qabında nə var ki, belə xoruzlanırsan?!
Erkin ona sarı «dayan!» jesti etdi:
– Sənlik deyil. Qayıt yerinə!
Damlanın bilincindən bir də öncəki soru axıb keçdi: Niyə bir cümlə bəs etdi ki, dünya çempionu o yan-bu yan eləməyib sözə baxdı?! Nədir Erkində özünə bu arxayınlıq?! Niyə vuruşmağa oğlanlardan zəifini yox, Mustafanı seçdi? Açıq görünür ki, bu oğlan yaxşı döyüşçüdür. Erkin necə idmançı kimi görünsə də, qabaqlar boksa getsə də, onunla bacarmaz! Bu nə tərslikdir?! Çempion dostun istəyir sənin yerinə vuruşsun. O sənnən vuruşmaq istəyən geri çəkilərdi, hamı da gülərdi. İndisə sən uduzsan, özün pərt olassan.
Damlanın bu düşüncələr altında qanı bir az qaralmışdı, Erkinin biabır olmasından ehtiyatlanırdı, hələ ki, onun döyülməsinin zədələri ağlına gəlmirdi: Bu duel, axı, uşaq-muşaq oyunudu, ona görə də, ay Erkin, – ürəyində üzünü Erkinə tutub deyirdi, – ağlınnan, yumorunnan o gədəni asanca yerinə oturda bilərsən ki, kişisən, sözə söznən cavab ver! Belə şansın olan yerdə, nə duel?!
Damla bu düşüncələrin doğurduğu həyəcan axınında səhnədə baş verənləri elə bil gözucu görürdü. İki oğlan səhnədən düşdü, Erkinin qabağında Mustafa deyilən qaldı, zaldan kimsə gəlib hakim kimi aralarında durdu. Bu yerdə birdən həyəcan dumanı getdi. Qız Erkinin arxayın üzünün, yerişinin cizgilərini sanki yaxından gördü. O, Mustafadan dörd-beş addım aralanıb geri çevrildi. Əllərini boksdakı kimi yox, kunq-fudakı kimi tutub Mustafanın üstünə yeridi. Axırıncının üzü istehzalı idi. Düzdür, Erkinin görünüşündə kunq-funu yamsılayan uşaqların yapdıqları komik-qurama görüntülər yox idi. Onun yerişi, əlləri yüngülcə kunq-fu üslubunu sezdirirdi, ancaq Mustafa elə qımışırdı, elə bil qabağındakı uşaq-muşaq kimi Çin döyüşünü yamsılayır.
Mustafaya çataçatda Erkin sağ əlini nizə kimi irəli atıb birdən sağ dabanı üstündə fırlandı, sol ayağı Mustafanın boynu səviyyəsinə qalxdı ki, burulanda oğlanın boynunu qatlanmış dizinin məngənəsinə salıb bədənini yerə çırpsın. Ancaq Erkin bu məşhur döyüş fəndini ildırım çapıqlığı ilə edəmmədiyindən Mustafa asanca soldan başına gələn təpikdən yayındı. Damla özünü iki boylu-buxunlu oğlanın rəqsinə baxırmış kimi duyurdu. Onların bədənləri, ayaqları, qolları bir-birinə dolaşan, dəyən mürəkkəb cızıqlar cızırdı, qollar bəzən çəkic, bəzən dəhrə kimi bir-birini çalırdı. Ancaq Damla sezirdi ki, bütün bu rəqsdə dindar oğlan daha cəld, sərtdir. Birdən ürəyi düşdü. Onun sağ ayağını qaldırıb açması ilə pəncəsinin tini Erkinin sinəsini elə vurdu ki, geriyə nə qədər addımlar atsa da ayaq üstə qala bilməyib arxası üstdə yerə dəydi. Görünürdü ki, Erkin yerə dəyəndə yapalaq kimi sərilib qalmamaq üçün diyirlənmək texnikasını bilir. Ancaq o da görünürdü ki, duranda ağrını azaltmaq üçün əli ilə sinəsini ovxalamaqdan özünü saxlaya bilmədi. Deyəsən, sinəsinə təpik bərk dəymişdi. Erkin bu dəfə cəldlik edib cüt ovucu ilə Mustafanın sinəsinə vurdu. O da daldala getdi, di gəl yıxılmadı. Erkin üstünə cumanda əyilib sağ əli ilə kəmərindən, sol əli ilə sinəsindən tutub onu başı üstünə qaldırdı, qaldıran kimi də var gücü ilə səhnənin qırağına tulladı. Erkin havada uçub düz səhnənin tininə dəydi. Taxta döşəmədən bərk tappıltı çıxdı. Yenə yerə düşəndə diyirləndi ki, qol-qıçı sınmasın, əvəzində səhnədən bir az aşağıda olan zalın döşəməsinə diyirləndi. Duran kimi Erkin təzədən Mustafanın üstünə cumdu, yumruqlarını aramız işlədərək Mustafanı yumruq dolusuna tutmaq istədi. Ona bir-iki zərbə tutuzdura bildi, əvəzində Mustafanın da dirsəyi Erkinin gözünə yaxın nöqtədə almacığına dəydi və bu yer bir azdan şişib qaraldı. Qəsdən vurmadığından Mustafa dayanıb üzr istəmədi, ancaq yenə də fürsət bulan kimi Erkini qaldırıb bu dəfə tərs istiqamətdə tulladı. Yenə yerə dəyən bədənin tappıltısı eşidildi.
Damla artıq bütün canı ilə Erkinin ağrıyan üzünü, sümüklərini, əzəllərini duyub az qalırdı qısqırsın, bəsdir, vuruşdunuz! Teymura baxdı ki, neyləyək? O, çiyinlərini büzdü, ancaq görünürdü ki, vuruşa azartla yox, ürək ağrısı ilə baxır. Əslində, zaldakılar Erkini çox istədiklərindən özlərini döyüş tamaşaçıları kimi aparmırdılar, hamı, Mustafanın dostlarından başqa, Mustafaya nifrətlə baxırdı. Erkin hər dəfə yerə çırpılanda durub rəqibinin üstünə cumurdu. Görünürdü ki, heç bir ağrı onu qorxutmur, ancaq Mustafaya baxanda daha çox heydən düşüb. Yenə Erkin havada uçub yerə dəydi, göründü ki, son nəfəsi qalıb, ancaq yenə durub rəqibinin üstünə cummağa hazırlaşır. Mustafa da yorulmuşdu, artıq duel ideyasından peşman idi, çünki bu oğlan qır-saqqız kimi əl çəkən deyildi. Vururdun, yenə «ölə-ölə» üstünə gəlirdi. Mustafa üstünə cummağa hazırlaşan Erkini necə vurub yerə yıxmağı fikirləşəndə kimsə, deyəsən qız xeylağı, arxadan onun kürəyinə sıçrayıb ayaqlarını belində kilidlədi, qolları ilə boğazını boğub bir əlinin barmaqları ilə onun gözünü basmağa başladı. Bütün kürəyini qız bədəninin istisi bürümüşdü, arxadan ona dolaşmış əllər-ayaqlar güclü olmasa da hər halda onların arasından çıxmaq üçün əziyyət çəkməliydi. Erkin də çaşqın-çaşqın bu səhnəyə baxırdı, Damlanın gözəl, ancaq qeyzli üzü Mustafanın çiynindən görünürdü, qulaqları isə içində “əclaf”, “ alçaq” kimi sözlər olan söyüşləri eşidirdi. Erkin bu səhnəni görəndə yerə dizləri üstə düşdü ki, döyüşün bitdiyini göstərsin. Damla həməncə Mustafadan düşərək çiyni ilə itələyib Erkinin üstünə cumdu, yanında çöküb oğlanın çiyinlərini qucaqladı.
Bütün bu olaylar zaldan gələn qız qarğışlarının, fitlərin səsi altında baş verirdi. Mustafagilə bu dueldə biabır olduqları aydın oldu. İndi özünü sındırmadan, qaçıb aradan çıxmaq kimi yox, döyüş meydanını ləyaqətlə, qalib tərk edən adam kimi Art-kafedən çıxıb getmək lazım idi. Ancaq fit və qız qarğışları, oğlan söyüşləri altında bunu etmək asan deyildi. Onlar bu gərginlikdə heç kimə baxmadan zaldan çıxıb maşınlarına yollandılar. Bir-birinə ürək-dirək verməyə sözləri də yox idi. Kafedə isə Damla diz çöküb Erkinin başını sinəsinə sıxmışdı və onun heysiz səsini eşitdi: “Planında xalxı minmək vardısa, heç olmasa mini geyməyəydin…”
(Ardı var)