İmdad Əlizadə
Həyatı dərk etmək yolunda səndələyə-səndələyə addım atmağa, getdiyim cığırın hansı yola çıxdığını öyrənməyə çalışdığım zamanlarda ilk mərhələ doğmaları ayırd etmək kimi qalıb yaddaşımda. O doğmaların bir hissəsi ən yaxşı halda bir əldəki barmaqların sayı qədəri MÜQƏDDƏSLƏR sırasında idi, elə indi də o mərtəbədədirlər. Allaha, Qurana, İmam Hüseynə, Həzrət Abbasa, ocağa, isti zindana, axar suya, çörəyə and içdiyimiz kimi onların da canına and içərdik. Nadinclik edəndə cəza almamaq üçün onların adını çəkib bir daha bu hərəkətləri təkrar etməyəcəyimizi söyləyərdik, qarşımızda olanı dediklərimizə inandırmaq üçün onların canına and içərdik…
Mirzə Əlinin ocağında doğmalarımızın Fəxriyə qədər də adını fəxrlə çəkdiyi, ünü Laçını da aşaraq bütün ölkəyə yayılan insanlar az deyildi: tanınmış həkim, tibb xidməti polkovniki Heydər İlyasov, Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətləri olan, səhiyyə sahəsində müxtəlif vəzifələrdə, o cümlədən Ağdam xəstəxanasının baş həkimi vəzifəsində çalışmış Əhməd İlyasov, Ağa Laçınlı, Heydər İlyasovun oğlu Eldar İlyasov və sair.
Amma mənim yaddaşımın dərin qatlarına həkk olunan Fəxri ilə fəxr etməyin bir mərtəbə daha yüksəkdə dayanmasıdır, özü də bunu yalnız əmi, nənə, baba, mama (bibi), dayı, xala etmirdi, bu, bütün qohumların, doğmaların davranışında çox asanlıqla görünə bilən, duyulan səmimiyyət, isti münasibət idi. O, hələ yeniyetməlik yaşlarında, bığ yeri yenicə tərləməyə başlayanda, Mirzə Əlinin nəticəsi, Əliqəmənin nəvəsi, Ağa Laçınlının oğlu, Əli Əliyevin qardaşı oğlu olmaq mərhələsini arxada qoymağı, bu adların kölgəsindən çıxmağı bacarmışdı. Nəyin hesabına? Öz savadı, biliyi, istedadı, aydın nitqi, sərrast məntiqi, dərin mühakimə qabiliyyəti ilə… Ot kökü üstə bitər, bu öz yerində, amma yeni fidan hamını sevindirir və ümidləndirirdi. Nəsildə belə bir gəncin yetişməsini hamı özünün uğur dastanı, qürur yeri kimi görürdü…
Orta məktəbin sonuncu siniflərində oxuyanda tarixdən, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ağzıdolusu danışır, ədəbiyyat cərəyanlarını təhlil edir, özü də sanballı qələm adamlarının kifayət qədər yüksək qiymətləndirdikləri povest və hekayələr yazırdı. Eyni zamanda dünyada baş verən hadisələr haqqında çox maraqlı mühakimələr yürüdürdü…
Fəxri Uğurlunun ideyaları onda da, indi də bəşəri xarakter daşıyıb: bu ideyaların mayasında gödəniyyət deyil, mənəviyyat dayanır; qayəsi uca və müqəddəsdir – azadlıq, vicdan və ləyaqət hər şeydən öndə durur. Bunlarsız şəxsiyyət formalaşmır, şəxsiyyət bu ali dəyərlərsiz ola bilməz…
Mən ədəbiyyatşünas deyiləm, ona görə Fəxrinin yaradıcılığı haqqında nəsə deməyə, o dərinliyə baş vurmağa, bu hissədə daşları yerinə oturtmağa çətinlik çəkirəm. Gücüm yalnız Ramiz Rövşən, Kamil Vəli Nərimanoğlu, Vaqif İbrahimoğlu, Kamal Abdulla, Seyran Səxavət, Elçin Əfəndiyev, Cavanşir Yusifli kimi söz sərraflarının fikirlərinə sığınmağa çatır. Onların qiymətləndirməsinə görə, Fəxri böyük qələm adamıdır, Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib, hadisələrə yanaşması qeyri-adidir, təhkiyəsi güclüdür, əsərləri insanı başqa dünyaya aparıb-gətirir…
Fəxrinin adını atamızın əmisi Əhməd İlyasov qoyub. Əhməd əmimiz bu adı yaxın dostu, sirdaşı Fəxri Vəkilovun adından götürüb. Məşhur Vəkilovlar nəslindən olan Fəxri Vəkilov görkəmli tibb alimi və xadimidir, Azərbaycan SSR-in səhiyyə naziri vəzifəsində çalışıb. Fəxri həkim Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri Məmmədrza ağa Vəkilovun oğlu, şair, tərcüməçi, ssenarist, jurnalist, “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləmiş Mənsur Vəkilovun atasıdır. Əhməd əmimiz hər zaman dostu ilə fəxr edirmiş, Fəxri doktor doğrudan fəxr olunası bir şəxsiyyət olub. Eyni zamanda zənni Əhməd İlyasovu yanıltmayıb, qardaşı oğlu da fəxr yerinə çevrilib.
Bu gün həmin Fəxri – yazıçı, publisist, jurnalist, tərcüməçi, şərqşünas, filosof Fəxri Uğurludur.
Fəxri Uğurlu mənəviyyat adamıdır, maddiyyat ardınca qaçmır, ona görə həyatı bəzən sıxıntılarla keçir, amma yel qayadan nə qoparacaq ki? Bu əxlaqın, gözütoxluğun, böyük ürəyə sahib olmağın bir gün tez, bir gün gec mükafatının olacağına əminəm.