Bloqer (15)
- 03 Sentyabr 2021
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 12 13 14
Niyazi Mehdi
Yeddinci fəsil. Duel
Damla qadınların sevdiyi rəngdə – bu isə Azərbaycanda mütləq qırmızı ola bilərdi, – bax, bu rəngdə olan CİP-ini Rəşid Behbudov prospektinə çıxaranda yanında oturmuş Erkin soruşdu:
– Yadında qalıbmı? 6-cı mikrorayondakı bağa gedəcəyik.
– Təxminən qalıb, amma yaxınlaşanda, hər ehtimala, göstərərsən. Sənin maşının yoxdur ki?
– Nə gec maraqlandın?! Var, amma deyəmmərəm ki, mənə bahalı oğlan imici verən arabadır (maşını «araba» adlandırmağı sevirdi). Kafedə yəqin bir az içəcəm, ona görə mənim maşınımla getmədik. Ancaq narahat olma. Qayıdanda taksi ilə qayıdaram. Ya da kimsə aparar…
– Narahat deyiləm. «Maşını var, ya yoxdur?» sualı yarandı, bu yolla bilmək istədim.
– Sən də belə şeylərə fikir verirsən?
– Fikir vermirəm. Sənin o qədər sürprizlərin var ki. Dedim bəlkə bir sürprizin də maşın almağı iqnor etməyindir. Varlı qızları sevmirsən. Bəlkə maşınlı adamları da sevmirsən.
Erkin əli ilə sağda açılan döngəni göstərdi:
– Bura dönsən, kəsə gedərik. Ancaq mənim varlılarla, vəzifəlilərlə bağlı söylədiklərimin mənasını bilirsən, axı. Sözlərimi dayazlaşdırıb primitiv etmə! Gərək Teymurgilə də deyəydim gəlsinlər…
– Narahat olma, mən hamısına demişəm. Sənə qonaq getdiyimi də demişəm. İndi maraqdan qovrulurlar. Teymur, ya Selcan fürsət tapıb qulağıma pıçıldayacaqlar, nooldu?
– Nə deyəssən?
– Deyəcəm yaxşı oldu. Tanışlığımızın ikinci pilləsini uğurla adladıq. Bunu eşidəndən sonra o birlərinə ötürəcəklər.
– Birinci pillə nə idi, ikinci pillə nədir?
– Birinci bir-birinə baxıb dəyrləndirmə. İkinci pillə bir otağa çəkilib ürək söhbəti etmək, bir-birini bəyənib-bəyənməməklə bağlı axırıncı qərarı vermək.
– Bəs üçüncü pillə?
– Üçüncü pillə… seks. – Damla demək olmaz ki, bu axırıncı pilləni abırsız tonda dedi. İçində hər-halda tərəddüd vardı ki, deyəsən, Erkinlə söhbətin yönünü düz götürməmişəm, birinci saatdan nəzakətli, səmimi, qarşılıqlı rəğbətə söykənən adam kimi söhbət aparsaydıq daha yaxşı olardı. Yoxsa belə sərbəst (frivol) söhbət, bir-birinin acığına deyilən sözlər, bir-birinin tolerantlığını sınağa çəkən atmacalar axırda heç bir lirikası, romantikası olmayan ilişgilərə gətirib çıxara bilər.
Erkin Damlanın seks pilləsini deməsindən diksindi və demək olmazdı ki, xoşlandı. Damla da duydu ki, epatajı xoş gəlməyə bilər, ancaq özünü ovundurdu ki, qadın və kişi arasında bu üçüncü pillə hər halda ola bilən pillədir, ona görə də Erkin bu açıq faktı normal qəbul etməlidir. Ancaq yenə də hər ehtimala qarşı düzəliş verdi:
– Qorxma, mən üzdü qız deyiləm. Sənə bir sirr açım. Heç indiyənəcən («sənəcən» deməkdən çəkindi) sevdiyim oğlan da olmayıb, Teymuru isə dost kimi çox istəyirəm.
– Dilimizin paradoksu… «sevirəm»in yerinə «çox istəyirəm» deyəndə sevginin seksual çalarları yox olur. Ona görə adam balasına «səni çox istəyirəm» deyir. Arvadına da «çox istəyirəm» deyəndə sevginin fiziki yanı arxa plana keçir. Ancaq «çox istəyirəm»i ruscaya çevirəndə «oçen tebya xoçu» alınır. Yəni çox həyasız seksual istək alınır.
– Onda ikinci pillə çox istəmək mərhələsidir. Erkin, MƏN DAHA SƏNİ ÇOX İSTƏYİRƏM. BƏS SƏN?
– Hünərim var deyim yox?!
İkisi də güldü.
Onlar Art-kafeyə girəndə gördülər ki, Teymur, Selcan, Çingiz, Aqşin qabaqkı yerlərində oturublar, hərçənd indi Çingizlə Aqşinin arasında Çimnazı da əyləşmiş gördülər. Qapıda onlar peyda olanda oğlanlar əlləri ilə yanlarına çağırdılar, guya onlar başqa yerdə də otura bilərdilər. Teymurun birinci sözü Erkinə bu oldu ki, verdiyin biznes-proyekt yaxşı gedir. Proqramist kompyuter proqramını yazıb qurtarıb, indi şəbəkəni qururuq. İşçilər «qul bazarı»ndan marağı olan fəhlələrin telefon nömrələrini toplayıb siyahıya salırlar.
Selcan yanında oturmuş Damlanın dizini sığallayıb qulağına nəsə deməyə başladı. Erkin zala göz gəzdirdi. Səhnə projektorla işqlandırılmışdı. Onun arxa tərəfində bura gələn rəssamlardan hansılarınsa 3-4 tablosu elə molbertlərdəcə qoyulmuşdu. Şəkillərin hamısının estetikası primitivizm idi, hamısında sarı-qırmızı-qara boyaların şırımı vardı. Onlarda heç bir nəsnə incə həndəsi cizgilərlə işlənməmişdi. Niyə bu uşaqlar primitivizmdən belə yapışıblar?! Heç olmasa, ayrı-ayrı texnikaların, estetikaların simbiozundan öz üslublarını yaradaydılar. – Erkin sualı ağlından keçirəndə gördü ki, 10-15 metr aralıda üç saqqallı oğlan oturub, elə bil zalda olanların acığına başlarına möminlik simvolu olan araqçın qoymuşdular (nə əcəb görmürlər ki, bura onlarlıq deyil, bəlkə acıqcan oturublar?!). Erkin güclə yadına saldı ki, bu uşaqları haradasa görmüşdü, özü də şiəliyi çox aqressiv savunurdular. İndi isə heç bir-biri ilə söhbət də etməyib narazı baxışlarla ala-bəzək geyinmiş publikanı süzürdülər. Özlərinin geyimi qara, köynəkləri eyni idi, lap Kərbəlada sinə döyən gənclərdəki kimi.
Zalda asta səslə edilən söhbətlərdən küy fonu yaranmışdı. Damla istəyirdi nəsə elə bir konu tapsın ki, üzünü Erkinə tutmasa da sanki onunla danışırmış kimi olsun. Bəlkə Erkingildə etdikləri söhbətin əsasını Teymurgilə «hesabat» kimi versin? Onsuz da hamısı bilirdi ki, o, Erkingildən gəlir. Bunu Erkinin qıraqdan eşitməsi də maraqlı olardı. Bu söhbətə başlamışdı ki, səhnəyə qısa don geyinmiş, goppuş ayaqlı, iri gözlərindən cin yağan qız qalxdı, mikrofonu götürüb elan etdi:
– Stand up-a başlayırıq. Birinci özüm çıxış edə-J-əm («jəm» şəkilçisi qızın fikrinə görə enerjini və üzlü danışığı bildirməliydi). Mənim adım Məryəmdir. Səhnə ləqəbim Marişadır, yəni Məryəmin əzizləmə variantı. Mən çox patriot qızam. Ona görə də neçə vaxtdı bir şeyə üzülürdüm. Niyə Qafqaz gözəlləri kimi gürcü qızları ad çıxarıb, bizimkilər yox?! Əslində, gürcü qızları parazitlik edib çərkəz, çeçen qızlarının gözəllər kimi şöhrətini oğurlayıblar. Ona görə ittiham edirəm: bütün gürcü qızları parazitdirlər. Ancaq görün bizim kişilər nə qədər axmaqdırlar ki, evlənəndən 2-3 il sonra bütün Azərbaycan qızlarını da, yəni öz arvadlarını da parazit sayırlar. – Və qız birdən alovlanıb qiyya çəkdi: parazit özünüssünüz!
Yerdən biri qışqırdı:
– Mən arvadıma heç vaxt parazit demərəm, ancaq… köpək qızı deyərəm! – Gülənlər ona görə güldü ki, onun evli olmadığını, oyun üçün belə dediyini bilirdilər.
Marişa qəzəblə onun replikasını qarşılayıb davam etdi:
– Bizim qızlar da «parazit» deyib söyməyi sevirlər… İşə bax ki, çeçen, çərkəz qızları müsəlmandırlar, bə niyə onların gözəlliyinə bizim qızlar parazit olmur, gürcü qızları olur?!
Yerdən səs gəldi:
– Bir düzəliş. 30-40 il qabaq bizdə çox arvadlar (ancaq kişilər yox ha!) «parazit» söyüşü ilə söyürdülər. Sonra bu söz danışıqdan sovruldu getdi. Bəlkə parazitlər bu ölkədə çoxaldı, ona görə?! (Niyə ona görəni heç kim başa düşmədi).
Marişaya bu «etnoqrafik-kültüroloji» düzəliş sərf etmədiyindən ona fikir vermədi:
– Erməni qızları bununla ad çıxarıb ki, o biri millətdən kişiləri ovlayıb öz milləti üçün uşaq doğur. Xeyli erməni qızında yekə burun, bığlı dodaq olduğunu (bəs Kim Qardaşyanın gözəlliyi?!) bəzi turistlər qorxa-qorxa danışsalar da «Qafqaz gözəli» mifi onlar haqqında da var. Əmbə (o da qazaxlılar kimi «amma»nı belə dedi) bizim qızlar haqqında başqa millətlərdə mif-zad yoxdur. Heç dedi-qodu da yoxdur. Deməli, haqqımızda nəsə deməyə bizi layiq bilmirlər. Bizdə də bığlı, burunlu qızlar az deyil, rekord ermənilərdə olsa da. Ancaq heç bu da səslənmir. Heç bir gürcü, rus, ingilis demir ki, Odlar yurdunun qızları yekə burun, bığlı olurlar. Yəni bizim qızlardan nə yaxşısına, nə pisinə danışırlar. Ancaq məsəl var axı, məni tərifləmirlərsə, söysünlər. Yoxsa sussalar, kimin yadına düşərəm?!
Zaldan gələn reaksiyalar artdı. Ancaq neyçünsə ən çox gülüşlə reaksiya verən gözəl-göyçək qızlar oldu. Marişa davam etdi:
– Bilirsiz, mifi olan qızlar brənd mallara oxşayır. Məsələn, rus qızları… əyri-üyrüsü bir anbardı. Yaşlananda 90 faizi yekəqarın, yekəməməş olur, Ancaq rus qızlarının mifi bunu görünməz edib. Eləjə də gürcü qızlarının mifi – mən bir dənə də yaxşı qocalmış, yaşlananda yaxşı qalmış gürcü arvadı görməmişəm (bəs, Tamara Qverdsiteli?!). Ancaq gürcü gözəli mif kimi bunu da unutdurub.
Yerdən biri soruşdu:
– Bizdə, axı, talış gözəlinin mifi var?
Marişa əlüstü cavab verdi:
– Noolsun? Bircə bizdə var, Azərbaycandan qıraqda kim bunu bilir? Heç Türkiyədə də bilmirlər. Dünyada fars gözəli haqqında mif var, yarısı yəqin bizim türk gözəlləridir, ancaq bunu da İrandan qıraqda bilmirlər. Yəhudi gözəlləri… İsrail fədailəri kimi ad çıxarıblar, əlində avtomat olan yəhudi gözəlləri avtomatı seksuallaşdırıblar.
Zaldan ironik görünmək üçün Hitlersayağı bığ qoymuş Tahir adında sənətşünas, – əslində, bu bığ 30-cu illərdə Azərbaycan bolşeviklərində də vardı, ancaq hamının yadında Hitlerin bığı kimi qalmışdı – aydırdı:
– Bu zəhrimar seks nəyi seksuallaşdırmır ki?! Bəyəm bizim aşıxlar şamamanı, narı seksuallaşdırmayıblar?! Avropa bananı, Azərbaycan xiyarı… Ramiz Rövşən budaqdan sallanan armudu, çayçı Mürüvvət (o kimdi?) armudu stəkanı seksuallaşdırmayıb?!
Erkin yanındakılara astadan pıçıldadı:
– Fransız postmodernisti var, Bodriar, yazmışdı ki, çağımızda çox şey seksuallaşıb, di gəl seksin özü qalmayıb. Ancaq bunun hələ ki, Azərbaycana dəxli yoxdur.
Teymur:
– Hollivudda olan seksual skandallara baxanda Amerikaya, Avropaya da dəxli yoxdur. Yəni o sözlər deyim kimi gözəldirlər, ancaq gələcəyə aiddirlər. Gəlin görək Marişa sonra nə deyəcək?
Teymurla birlikdə hamı üzünü qıza çevirdi.
O isə davam edirdi:
– Bütün bunları neyçün deyirəm? Statistika baxımından bütün millətlərdə potensial alkoqoliklər, qeylər, bir də gözəllər çox olmur. Ancaq miflərin təsiri ilə hansı millətlərsə gözəlləri çox olan sayılırlar. Buna başqa optik illüziya da səbəb olur. Məsələn, özüm görmüşəm, qazax qızları, Qazaxıstanı deyirəm, Bakıya gələndə burda gördükləri bütün qızların gözünü gözəl sayırlar. Ömrü boyu sarı qızları görən Skandinaviya oğlanları da bizim qızlara baxanda onları gözəl sayırlar. Bu zaman onların gözündə qara saçlar üzlərin, ayaqların effektini görünməz edir. Deməli, qız gözəlliyi ilə bağlı mif qoymur ki, bir xeyli eyiblər görünsün. Bu mifi, məsələn, Paris, ya İstanbul qızları haqqında musiqi yaradır, rəssam işləri, romanlar, modalar yaradır. Bax, bütün bu sahələrdə Azərbaycan qızının, qadının adı yoxdur. Deyəsən, bir dənə «Bakının qızları» mahnısı var, ancaq xaricdə kim eşidib onu?! Ona görə Azərbaycan gözəli haqqında heç bir mif yoxdur. Necə də olsun?! Facebook-da bizim bir gözəl lüt şəklini yayan kimi o saat başlıqlar gəlir, «Lətifə camaata döşlərini açdı», nə bilim «çılpaq bədənini göstərdi». Kommentlər gəlir, «bizi biabır etdi», «atasının papağını yerə vurdu».
Yenə yerdən replika gəldi:
– Haqqüçünə xeyli müğənni qızlar buna fikir vermir, şəkillərini yayırlar.
Marişa:
– İnstaqram-da yayırlar, ancaq necə deyirlər? Bizim gözəllərin şəkilləri də Biləcəridən o taya çıxammır. Ona görə də LQTB üzrə bir Kanada fondu vardı, ona qrant üçün proyekt göndərdim. Adını ingiliscədən çevirib millilşədirsəm, «Biləcəridən dünyaya» alınacaq. Proyekti elə yazmışdım ki, qrant versinlər (zaldakıların çoxu bildi ki, Marişa Stand up janrında uydurma yapır).
Ancaq bir nəfər səsindən göründü ki, oyun üçün yox, gerçəkdən maraqlanır:
– Necə bu fondu aldada bilərdin? Yəqin proyektin LQTB-dən olub.
– Aldada bildim. Məsələn, orda yazmışdım ki, Almaniyda, İsveçdə qeylər, lezbilər klubunda onların azərbaycanlı qardaş-bacılarından məlumat yayacağıq. Əslində isə bu tədbirin pulu ilə mən, rəfiqəm Pakizə Almaniyada bir zal tutub Azərbaycan gözəlinin mifini yaratmağa çalışdıq.
Kimsə gülə-gülə:
– Necə? – dedi.
Marişa zaldan boyu 180 sm olan nazik boy-buxunlu, qara gur şəlalə saçlı qızı çağırdı. Görünürdü ki, onun nazı-qəmzəsi normadan da çoxdur. Nazla yeriyə-yeriyə, sağa-sola süzgün gözləri axıda-axıda gəldi. Səhnədə Marişanın sol yanında, ancaq bir addım arxada durdu. Bir əlini belinə qoyub duruşuna gül sapının əyrisini verdi. Sağ qolunda bint sarığı vardı, istər-istəməz soru yaradırdı, qoluna noolub? Marişa onu göstərib davam etdi:
– Tanış olun, Pakizə, proyektdə xaricə onu mən surdo-tərcüməçi kimi aparmışdım. Kim bilmirsə, bilsin, surdo-tərcüməçiləri televizorda görmüsünüz, onlar çıxış edən nazirlərin, nə bilim deputatların dediklərini jestləri ilə lal-kor auditoriyaya tərcümə edirlər. Yadınızda qaldı, surdo-tərcüməçi?
Səhnəyə yaxın yerdə oturmuş bir qız çaşqın səslə (bəlkə də çaşqınlığı oynayırdı) soruşdu:
– Sizin nə böyük auditoriyanız vardı ki, orada çoxlu lal-kar olaydı?
– Zalda 50 nəfər vardı, 70 faizi oğlan idi, qalanı qız, hamısı ya Şərqşünaslıqda, ya Qafqazşünaslıqda oxuyurdu. Mən danışdıqca Pakizə bütün fiquru, – Marişa geriyə addım atıb əlini onun bədənində gəzdirdi, – yəni burasını burcuda-burcuda, profili ilə anfasını oynada-oynada, qaş-gözü, dodaqları, dişləri ilə mənim azəri gözəlləri haqqında söylədiklərimi əyani göstərirdi. Məsələn, «mən» deyəndə əlini qrasia ilə aparıb döşləri üstünə qoyurdu.
Pakizə doğrudan da nazla əllərini döşləri üstünə apardı və mənası bilinmədiyindən daha da effektli olan şəkildə göz vurdu. Göz vurandan sonra kirpiklərini bir neçə dəfə qapadıb-açdı ki, məsum sifət alsın.
Hamı pıqqıldadı. Naşı tamaşaçılarda isə bir çaşqınlıq vardı, bu qızlar onları uydurma ilə dolayırlar, yoxsa doğru danışırlar?! Bəlkə bunlar o qədər primitivdirlər ki, etdiklərini doğrudan da Azərbaycan uğrunda igidlik, diribaşlıq sayırlar? Ancaq bu sualları verənlər bir az dərinə getsəydilər, Marişanın işlətdiyi anlayış və terminlərdən, Pakizənin qrotesk jestlərindən kültür yükü daşıyan parodiyanı sezməyə bilməzdilər.
Yerdən yenə sual gəldi:
– Daha nəylə «azəri gözəli»nin mifolojisini yaratdınız orada?
Marişanın soru ürəyindən oldu, çünki çıxışının bilgiləndirmə dərəcəsini artırmaq üçün fürsət buldu. Hamı, bəziləri ciddi, bəziləri yüngül ironiya ilə dinməzcə ona baxıb diqqətlə qulaq asdıqlarından danışmaq üçün ortam yaranmışdı. Marişanın özünə diqqətlə baxanlar da, kinayə ilə baxanlar da xoş idi, çünki Stand up-ın auditoriyası elə belə olmalıydı. Belə olmalıydı, ancaq həm də qaqqıldayıb uğunmağa hazır olmalıydı. Di gəl, zalda axırıncı reaksiya, yəni qaqqıltı zəif idi, qımışıqlar və aktiv reaksiyalar pis olmasa da. Marişa davam etdi:
– Dedim ki, Strabon «Coğrafiya»sında yazıb ki, Amazon qızlar qarqarlarla qonşu idilər. Qarqar çayı dedim ki, arandadır, Ağdamın yanında. Auditoriyada Rusiyadan (bəlkə də Qazaxıstandan) köçmüş alman kişinin oğlu vardı, bilirsiniz «Ağdam» sözünə necə reaksiya verdi? O-o, Ağdam-Ağdam… Atam deyərdi dünyada ən ucuz, amma yaxşı şirin şərabdır.
Pakizə «şirin və şərab» sözlərini nırç-nırçla, hülqumuna çırtma vurmaqla, «Ağdam»ı, almanın Rusiyadan gəlməsini isə Allah bilir necəsə, göstərdi ki, Marişanı orada neçə tərcümə etməsi camaata aydın olsun. Gözəl üzlü, şəlalə saçlı, incə belli, sərv boy-buxunlu Pakizənin üz-gözünü bu əcaib him-cimlərə salması surdo-tərcümədə gözəlliyin necə pis kökə düşdüyünü adamlara əyani göstərib surdo peşəsinə yaxşı baxanları da peşman etdi.
Marişa zalın gözünün onun soluna yönəldiyini görüb azca başını sola çevirdi. Pakizənin çıxardığı surdo-həngaməni görəndə bütün qarın-boğaz əzələlərini gərdi ki, gülüşünü boğsun və bu vəziyyətdə, yəni rahat danışıq tonunun onu tərk etdiyi vəziyyətdə davam edə bilsin:
– Dedim ki, Strabon rəvayət edir ki, bu qızlar ox ata bilmək üçün bir döşlərini kəsib yandırırdılar. Sonra onların igidliyindən danışanda Pakizə qıyya çəkib yerindəcə salto vurdu. – Marişa qıza baxıb çənəsi ilə bir dəfə də «olar» dedi. Pakizə yenə qıyya çəkib yuxarı tullandı, havada dönüb əlləri üstdə yerə düşən kimi də fırlanıb ayaqları üstə durdu. Ayaqları yuxarı qalxanda ətəyi uzun, dekoltesi də uzun olan donu aşağı düşdü, ipək üçbucaq tumanı görünəndə beş-on nəfərdən «ah» çıxdı.
Marişa davam etdi:
– Əslində, bu salto deyil, akrobatlarda belə tullanmağa nə deyirlər? Əli üstdə düşüb fırlanmaq? Bilmirəm. Burada Pakizənin tullanışı ideal oldu, orada isə tullananda qol sümüyü bir az əzilmişdi, – hamı qızın qolundakı bint sarığına baxdı, – ancaq biz bundan da istifadə etdik. Almanlar Pakizəyə elə bir ürək yanğısı ilə baxdılar ki, onun gözəlliyi yeni çalarlarda açıldı. Bizə də bu lazım idi, azəri gözəlini cürbəcür mənalarda cilvələndirmək.
Beləcə, mən bu saltoda bizim gözəllərin imicinə Amazon mifini «yüklədim» (kompyuter terminində dedi). Qarqar çayınısa ona görə dedim ki, osetinlərlin sözü olmasın. Onlar, axı, car çəkir ki, Amazon qızları onlara aiddi. Ancaq bir qədim eyiblimizi gizlətməli oldum.
Birdən Selcan da zalı fəallaşdırmaqda iştirak etmək istədi. Bayaqdan onlar oturduğu tərəfdən suallar verilməmişdi, ona görə də bərkdən soruşdu:
– Hansı eybimizi?
– Strabon yazırdı ki, o vaxtlar albanlar yüzəcən saya bilmədiklərindən pul işlətmirdilər, onlarda natural alver vardı.
Ötən dəfə Damla ilə tanqo oynamış oğlan yerindən söz atdı:
– Hə, indi daha biz yüzəcən saya bilirik. Ancaq çoxmu adam, tutalım, 8×7-nin cavabını bilir? Azərbaycanlılar 30 yaşından sonra vurma cədvəlini unudurlar. Bəs sonra sən nələri daunloud elədin azərbaycanlı gözəllərinə?
– Proyektin çərçivəsində Avropaya səfərin hazırlıq mərhələsi də vardı. Məsələn, Azərbaycanlı gözəllərinə «Min bir gecə» nağıllarından Şəhrizadın imicini yükləmək üçün «Min bir gecə»ni öyrəndik. Siz deyin, gürcü, ya erməni gözəlinə «Min bir gecə» aurasını vermək olar? Yox. Bunu elə orada da soruşdum. Dedilər yox (guya onlar gürcü gözəli ilə azəri gözəlinin fərqini bilirdilər).
Marişanın bu çıxışını hazırlamaqda Erkinin əli vardı, ancaq elə soruşdu, elə bil söhbəti indi eşidir:
– Bəs orada Nizamının Fitnəsindən nəyisə «yüklədin» bizim gözəllərə?
– Yox. Qorxdum çiynində inək qaldıran qız onları qorxudar. Elə məni də qorxudur. Göz qabağına gətirin incə bel qız, çiynində də yekə çəllək boyda inək, ya da camış. Adam qorxmaz?! Ancaq əvəzində Nizami Gəncəvinin «Yeddi gözəl»ini qısaca danışıb başa saldım ki, bu poema indiki gözəllik yarışlarının prototpini verir. Başqa hansı qədim, ya orta əsr mədəniyyətində ayrı-ayrı xalqların gözəlləri bir qalereyada yığılıblar?! Və başqa harada bu gözəllərin bir-birindən fərqi verilib?! Almanlara dedim hind gözəli, Rum gözəli, nə bilim, Çin gözəli, Xorəzm, İran gözəlləri – hamısını bizim şairdir etnik pa-ra-diq-ma-da verən. Odur türk qızlarının gözlərini gözəllik kimi göstərən. Özü də odur bu gözəllərin hər birini söylədiyi rəvayətlə mənalı-məzmunlu edən. «Min bir gecə»də Şəhrizad rəvayət edir, Nizamidə yeddi gözəl. İndiki gözəllik yarışlarında qızlar təkcə üzlərini, bədənlərini göstərmirlər, axı. Həm də intellekt yarışına girirlər. Ancaq bu, birinci dəfə «Yeddi gözəl»də olub.
Hitler bığı qoymuş oğlan soruşdu:
– Bə, nə əcəb soruşmadılar, o gözəllər arasında Azərbaycan gözəli var?
Marişa:
– Yaxşı ki, soruşmadılar. Ancaq soruşsaydılar türk gözəllərinin gözlərindən danışardım. Hər halda, dediklərim almanlara xeyli ləzzət verdi.
Həmin oğlan əl çəkmədi:
– Bəs Vaqifin gözəllərindən danışmadın? Şamama məmələrdən, ağ buxaqdan?
– İstədim surda-tərcüməçi kimi Pakizəni yox, – əlini zala uzadıb bir qızı göstərdi, – Qəməri aparım. Çatma qaşlarına, buxağına görə. Dedilər, alman nədir, qızda buxağın qədrini bilmək nədir?! Zərin qədrini zərgər bilər. Avropa belə gözəlliyi qanmaz, ona görə fikrimdən daşındım.
(Ardı var)