İmdad Əlizadə
Avqustun 20-də əzizimiz Əfqan Həsənovun doğum günü idi, “Facebook”da kiçik bir təbrik də yazmışdım. Tanıyanlar bilir, Əfqan müəllim həm də gözəl əhvalat ustasıdır. Buyurun, onun bir neçə əhvalatı ilə tanış olun.
Bir gün Əfqan müəllim bacısı oğlunun avtomobili ilə rayondan yas yerindən qayıdır. Yeni Yasamal istiqamətindən paytaxta daxil olanda yanlarından keçən avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozur. Bacıoğlu buna etiraz olaraq iki dəfə ucadan siqnal verir və özündən razı halda deyir:
– O sürücü başa düşdü mən ona nə demək istəyirəm…
Elə bu an bacıoğlu özü yol hərəkəti qaydasını pozur. Yanlarından keçən avtomobillərdən birinin sürücüsü iki dəfə siqnal verərək yoluna davam edir.
Araya dərin bir səssizlik çökür. Sükutu Əfqan müəllim pozur:
– Yəqin siqnal verənin nə demək istədiyini bildin də…
***
Əfqan müəllim Gəmi Təmiri Zavodunun metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən yataqxanasının komendantı işləyirdi. O dövrdə Bakıda təhsil alan qohumların, simsar tələbələrin əksəriyyəti bu yataqxanada yaşayırdı. Nə vaxt gedirdim Əfqan müəllimin darısqal kabinetini dolu görürdüm, qohum tələbələr dərsdən sonra, boş vaxtlarında burada toplanırdılar. Təbii ki, əsas həmsöhbət Əfqan müəllim idi.
Təfəkkür Universitetində oxuyan mamam oğlu Şahlar da (bizim yerlərdə atanın bacısına mama deyirlər) Gəmi Təmiri Zavodunun yataqxanasında qalırdı. Bir gün Əfqan müəllimin kabinetində söhbət edirmişlər, Şahlar müəllimlərin zəif dərs keçməsindən, tələbələri yaxşı öyrətməmələrindən, yüksək səviyyəli mütəxəssis kimi yetişdirməmələrindən, dərsləri yola vermələrindən şikayətlənir, bir xeyli giley-güzar edir. Elə söhbətin bu yerində Əfqan müəllim Şahlardan soruşur:
– Görən, mən orada müəllim işləyə bilərəm?
Şahların cavabı unikal olur:
– Əşi, orada o qədər savadsızlar işləyir, sən niyə işləyə bilməyəsən?!
P.S. Əslində “savadsız” da yox, başqa ifadə işlədib, mən mədəni formasını yazdım.
***
Əfqan müəllimlə birlikdə Qaxın Cəlayir kəndində məskunlaşan qohumumuz Əşrəf İlyasovun oğlunun toyuna getmişdik. Şənlik həyətdə qurulan çadırda keçirilirdi. Görənlər bilir, kənd yerlərində toylar, xüsusən də mağar toyları səhər saatlarından başlanır, gecəyə qədər davam edir.
Günortadan xeyli keçmişdi, Əfqan müəllimə dedim ki, gedirəm bacımgildə bir az dincəlim, gələcəm.
Birlikdə gedəsi olduq.
Əfqan müəllim iştaha ilə yemək yeyən adamdır, bu da mənə ləzzət edir. Dedi ki, möhkəm susamışam, çay olsaydı, içərdik. Çaydan qaynadı, xoruzquyruğu çay dəmlədim.
Əfqan müəllim yerdə, döşəyin üstündə yastığa dirsəklənib oturmuşdu, əziyyət olmasın deyə çayı özüm süzürdüm. Bir stəkan, üç stəkan, beş stəkan, yeddi stəkan… Gözləyirəm görüm bu söhbətin axırı hara gedəcək. Səkkizincini süzəndə Əfqan müəllim dilləndi:
– Adama deyərlər ki, axı nə yemisən ciyərin belə yanır, acqarına bu qədər çayı niyə içirsən?!
***
Əfqan müəllim Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində oxuyanda, yay tətili dövründə doğulduğu Laçın rayonunun Oğuldərə kəndinə gedir. Qohumlardan biri görüşüb hal-əhval tutandan sonra soruşur:
– Əfqan, oxuyub nə olacaqsan?
Əfqanın cavabı belə olur:
– Oxuyub Məstan oğlu Əfqan olacam.
***
Əfqan müəllim Bakıda tanıdığı gənclərdən biri ilə rastlaşır. Görür ki, bu oğlanın alnında iri bir qara nöqtə var. Təbii ki, gəncin dindar olduğunu, namaz qaldığını və alnındakı qara nöqtənin möhür yeri olduğunu dərhal anlayır və deyir:
– Bala, sənin əmilərinin gecələr oğurluq üçün mal-qoyun arxaclarına sürünməkdən dizləri qabar olurdu, sən də alnını möhürə döyməkdən qabar eləmisən.
***
Cəlayirdə Əyri çaya çimməyə getmişdik. Əfqan müəllim çaya girəndə dedim ki, indi görün çayın suyu necə artacaq. Elə bu vaxt oğlu Sənan atasının köklüyünə işarə edərək dilləndi:
– Hələ çayda daşqın olmasa yaxşıdır…