Bloqer (14)
- 30 İyul 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 12 13
Niyazi Mehdi
Altıncı fəsil. Erkingildə günorta yeməyi
Erkin “Azdram” sarıdan yeraltı ticarət mərkəzindən çıxan keçidin çıxacağı qarşısında durub Damlanı gözləyirdi. Öncə yavaş-yavaş onun alnı, üzü, sonra sinəsi ilə çiyinləri, sonra gövdəsi və axırda qısa donun ətəkləri altından uzanan ayaqları göründü. Erkin özünə təəccüb etdi ki, niyə ürəyi bir az bərkdən döyünür?! O neçə illərdir özünə yalan-başdan danışmağı, mədəni insanlardan gözlənən elə-belə söhbət aparmağı qadağan etmişdi. Sözsüz, o qədər quru adam deyildi ki, buna tam əməl etsin. Ancaq yenə də, mədəni və nəzakətli olmaqdan ötrü ikiüzlülüyü minimuma endirmişdi. Bəs indi neyləməliydi, pillələrlə qalxdıqca qarşısında addım-adım peyda olan qızla seksual gözəlliyi görmürmüş kimi özünü aparmalıydı, yoxsa bütün bədəni ilə duyduğu bu gözəlliyə heyranlığını sözdə bildirib özünü şit görünmək riskinə salmalı idi?!
Damla ona adamın ürəyini alan bir baxışla yaxınlaşırdı: gözlərində, parıldayan dişlərində sayğı, doğuran bir gülümsəmə vardı, bir də öz dəyərini bilən gözəl xatının arxayınçılığı. Onun üz-gözündə naz-qəmzə yox idi. Elə ona görə də sonrakı söhbətdə Erkin görəndə ki, bu qızın üzü güzgü qarşısında olan məşqlərə görəmi, ya Allah verən istedadamı görəmi sözlərinin verdiyi anlamları şirinləşdirir, acılaşdırır, turşməzə edir, soyudur, ya isidir, lap tar-mar oldu. Damlanın üzündəki himlərdə, başının dönüşündə, gözlərinin oyununda Doğu və Batı gözəllərində özünü çox göstərən ifadələr vardı. Bunları o tam olaraq sonra görəcəkdi, indi isə yaxınlaşanda hansısa ərəb-yəhudi, hind gözəlinin içindən biclik qığılcımları sıçrayan baxışları ilə: “Nə yaxşı, burdasan!” dedi və güldü.
Əslində, pilləkəndən çıxanda Erkinin bığsız-saqqalsız, saçsız üzünü görüb diksindiyindən əsəbi güləcəkdi, ancaq özünü saxlamışdı. Yaxınlaşa-yaxınlaşa düşünürdü ki, yox, üzü belə yaxşıdır, öyrəşmək olar. Qafası balaca, üzü yekə olsaydı, pis görünərdi. Onda isə qafa qutusu düzgün formada idi, üzünün eni də normal. Qaşları ilə gözləri ağıl və ərdəmlik yağdırırdı. Burnu azacıq ətlidir, üzündən qırağa qoysaydın yaraşıqlı olmazdı, üzündə isə pis görünmürdü. Boy-buxunu əla idi, üzü isə pis deyildi… hətta maraqlı idi. Beləsi tanınmış olanda elə bilirsən ki, bu maraqlı adamın görünüşü elə belə də olmalıdır. Tanınmış olmayanda isə düşünürsən ki, beləsinə adlı-sanlı olmaq yaraşır. Damla yaxınlaşanda «nə yaxşı burdasan?» sözlərindən qabaq saxladığı gülüşü boş buraxıb Erkinin tüksüz başına, üzünə bu dəfə doyunca gülümsədi.
Erkin bu gülümsəmənin saçsız-tüksüz üz-başının alışılmazlıqdan doğduğunu yaxşı bilsə də, vecinə almayıb yumorla cavab verdi:
– Təsəvvür edirsən? Çörək almağa çıxmışdım, gördüm gəlirsən. Gözəl və seksual olduğunu özün… yox özün bilsən də məndən yaxşı bilməzsən. Ancaq nə əcəb mil kimi dik daban geyinməmisən ki, adama son öldürücü zərbəni vurasan?! Amma yaxşı ki, geyinməmisən. Şpilka daban qadın durub poz alanda, azca yeriyəndə əladır. Sovtetskinin kələ-kötür küçələri ilə yeriyəndə isə adamın ürəyini ağrıdan mənzərə alınar.
– Bunu bildiyimdən geyinməmişəm (Erkinin “nə yaxşı burdasan” sorusuna guya təsadüfən bura gəldiyini deməsi qızı bir az əyləndirdi).
– Heç Sovetski məhlələrində, evlərində olmusan?
– Olmamışam. Deyəsən, evlərinin çoxu adam yeriyəndə titrəyir. Cavanlarının çoxu qədeş, qızlarının çoxu ayzədirlər.
Erkin boynuna aldı:
– Mən uşaqlığımda, universitetəcən evdə yox, bayırda qədeş olmuşam, atamsa olmayıb. Anam da ayzə olmayıb.
Damla pilləkənlə Erkinin qolundan tutub ikinci mərtəbəyə qalxanda dodaqaltı: “Görürsən, döşəmə titrəyir” dedi. Qapıdan evə girəndə isə elə bil balaca muzeyə girdi. Divarlarda realist-modernist-postmodernist tabloların türlü formatda örnəkləri vardı. Erkin qızın üzündəki təəccüb və heyranlığı görüb:
– Onları pulla almamışam, çəkənlər bağışlayıblar, – dedi.
– Naşı adam fikirləşərdi ki, sən yəqin məni Hollivudun banklar yaran, nə bilim daş-qaş əkişdirən qızlarına oxşadırsan, ona görə xəbərdarlıq edirsən ki, evimdə pul axtarma. O biri otaqlara da baxmaq olar? Bura yataq otağıdır, kamera musiqisinin həzinliyi var. Bəs nə əcəb televizor yoxdur, uzana-uzana baxmağı xoşlamırsan? Bura, başa düşdüm, sənin kabinetindir, hə, burada televizor var. Ay nə zəngin kitabxanadır?! – Damla kabinetin bütün divarlarını tutmuş Azərbaycan, türk, rus, ingilis dillərində olan kitabların üzəri ilə baxışlarını sürüşdürdü. Erkindən açıqlama gəldi ki, çoxu ata-anasından qalıb.
Damla çoxdilli kitabları göstərib:
– Onlar da poliqlot idilər? – soruşdu. Qız kitab dolu taxçalara baxa-baxa mehriban səslə danışırdı, Erkinsə şagird kimi sorulara qısa cavab verirdi. Bura qonaq otağıdır, – Damla elə bil özü-özünə danışırdı: – Əlbəttə, burada televizor böyük olmalıdır ki, hamı futbola baxsın. Deyəsən, ora da qonaq otağıdır. Erkin, otaqların yaman tər-təmizdir, heç subay evinə oxşamır. Qonşudan arvad gəlib yığışdırır? – Qız Erkinin sözlərini sual şəklində təkrar etdi.
– Təftişi qurtardın? – Erkin bir az hövsələsiz soruşdu.
– Hə, bilməliydim, axı, necə adamsan. Adamın yaşadığı ev onun haqqında çox şey deyir. Məsələn, sən minimalizmi sevirsən, otaqlarında şey-şüy basırığı yoxdur, şəkillərin arasında boşluq böyükdür. Ay, gərək ayaqabılarımı çıxaraydım, yox, evdə xalçanın üstündə belə gəzmək olmaz. Ala ayaqqabılarımı, zəhmət olmasa dəhlizə apar, mən isə bir az da ora-bura baxım.
Antikvar şeyləri də yaxşı düzmüsən. Məkanı yükləyib ağırlaşdırmamısan – mən indi lap falçı kimi danışacam (niyə, Şerlok Holmz kimi də danışa bilərsən). Erkin, sənin evindən görünür ki, «talantlı adam pinti olar, dağınıq olar» stereotipii sənlik deyil. Yaxşı sənət zövqün var, ancaq əzab çəkirsən ki, niyə dahi yaradıcı deyilsən, dahi tamaşaçı, oxucusan (Yaxşı dinləyicisən də). Milli palaza, dolçaya, səhəngə ekzistensional bağlısan. Mən Haydaqanı (Haydaqeri) oxumamışam, ancaq oxuyandan bir şey eşitmişdim, o, alman kəndlisinin məişətdə bağlandığı əşyalarla bu kəndlinin ekzistansını «dasayn» kimi anladırdı. Bilirsən? Nə yaxşı! Onda mənə daha geniş anladarsan «dasayn» nədir. Bəs, barında nə içkilər var?
Damla qadın sezgisi ilə anlayırdı ki, bu oğlanla söhbətdə flört çalarları olmasa söhbət kişi-qadın fərqi olmayan quru intellektual söhbətə çevriləcək. Belə söhbətlərəsə ikisinin də gərəyi yox idi, çünki belə söhbətləri YouTube-dan istənilən qədər tapmaq olardı. Bütün bunları Erkin də anladı və deyilməmiş mənalarda necə bir-birinin başa düşmələrindən ləzzət aldı. Bu ləzzətin içində dedi:
– Nə içki desən, var, – əlini atıb, siqareti çıxartdı, jurnal masasının arxasında divanda oturub yandırdı. – Siqaret çəkən deyiləm, bu söhbət üçün almışam.
Damla onunla üz-üzə qarşı kresloda oturdu. Ayaqlarını ayaqları üstünə aşıranda seksual ayaqları təmiz estetik, yəni şəkil kimi insanda umacaqsız ləzzət yaradan cizgilərdə göründü:
– Mən də çəkən deyiləm, ancaq hindilər kimi səninlə barış qəlyanını çəkməyə hazıram.
Erkin bir siqareti çıxarıb yandırdı və ona uzatdı. Bu zaman anti-higenik hərəkət etməsindən narahat olmadı. Damla da çox normal şəkildə Erkinin dodaqlarından araladığı siqareti alıb qullab vurdu və bu zaman oğlandan qəribə sözlər eşitdi:
– Bilirəm, sən məni sınağa çəkirsən ki, görəsən, evində qız qəbul edən şorgöz oğlanların hərəkətini təkrar edəcəm, ya etməyəcəm? Mənim səni içirtmək fikrim yoxdur.
– Heç bir qədəh şampan da olmaz?
– Sənin evində olsaq, olar. Burada olmaz. Burada mən içəcəm, ancaq sənə çay, ya kofe verəcəm.
Damla gülümsəyəndə onun dişləri elə parıldayırdı ki, Sovetskidə buna «adam onu yemək istəyir» deyirdilər. Erkin onun gülümsəyişini bu qastronomik istəklə qavradı, halbuki öncələr heç vaxt qız gözəlliyini bu tamahla qavramazdı. Damla ilə bağlı çox nəsnələr onun üçün psixoloji baxımdan yeni idi. Bakının modern dünyasında mini donlu qızlar o qədər çox idi ki, ağ, qarabuğdayı ayaqların bolluğuna oğlanlar çimərlikdəki kimi alışmışdılar. İrandan gələnləri şaşırdan bu erotik mənzərə Erkin kimiləri üçün adi qadın görünüşü idi. Ancaq indi kreslonun dərininə batmış Damlanın yuxarıda qalmış cüt dizləri elə gözəl idi ki, Erkinin gözlərini maqnit kimi özlərinə çəkirdi. Oğlan nəzakətsiz görünmək qorxusu ilə gözlərini qaçıranda Damlanın gözlərinə rast gəlirdi. Bu gözlər isə açıq-aydın Erkinlə oynayırdı. Damla öz erotik etgisini duyub onunla yüngülcə məzələnirdi, eyni zamanda bilirdi ki, bu, tam qələbə deyil, Erkini flört və erotik gözəlliklə ram etmək olmaz, bununla, sadəcə, intellektual ünsiyyəti dadlı etmək olar:
– Səndə burda nəşə də var?
– Haradasa bir qırnıq var. Ancaq çəkməyə verməyəcəm. Mən özüm nəşə çəkmirəm. Suallarınla məni tanımaq istəyirsənsə, siqaretnən alkoqolu hərdən dadıram. Bir aydan, iki aydan bir yaxın adamla tam dəm olanacan içirəm ki, içimə yığılmış gərginliklər getsin. – Erkin anlayırdı ki, bu nəşə məsələsi ilə Damla onunla yarı ironik-yarı ərkyana oyunu davam edir. Onu bu haldan çıxarmaq üçün ayağa durub əlini qıza uzatdı:
– Dur gedək mətbəxə, günorta yeməyini orda yeyəcəyik.
Erkin kafedən ismarışla gətirtdiyi kababları bir az mikrodalğalı sobada qızdırıb süfrəyə qoydu. Damla ilə köməkləşib salatları, pendirləri, çörəyi, lavaşı da süfrəyə düzdü. Salatın reyhan-nanə qoxusu ikisini də vurdu. Özünə bir qədəh çaxır süzdü:
– Yaxşı, sənə də bir qədəh süzəcm, – deyib minnət elədi.
Çörək yeyəndə Damla fikir verdi ki, oğlan çəngəl-bıçaqla yesə də hərdən pendir dilimlərini əli ilə götürür. Neyçünsə onun yeməyinin bu sərbəstliyi xoşuna gəldi. Erkinsə ağzında tikələri çeynəməyə ara verib soruşdu:
– Mənim yazılarımla bağlı danışmaq istəyirdin…
– Çox xoşuma gəldiyini dedim. Bir yazında sual qoyursan ki, niyə bizim mədəniyyət bizim özümüzə maraqlı deyil? Ancaq bu sualın cavabı üçün bizim mədəniyyəti maraqlı göstərən yazılar yazmırsan.
– Niyə? Elə bir kitab hazrlamışam. Biz «Azərbaycan» deyəndə yaddaşımızda seyrək mənzərə canlanır. Elə bil bir stəkan çaxır bir balon suda əriyib. Ona görə elə bir kitab olmalıdır ki, orda Azərbaycan insanının, mədəniyyətinin, dilinin möcüzəli, qəribə, dəyərli hadisələri bir məkanda cəmlənsin. Bunu mən o kitabda etmişəm. İndi dedin, bəlkə ondan parçaları da bloqumda verdim.
– Məsələn, qadın-kişi geyimləri ilə bağlı nə qəribəliklərimiz var?
– Heredot yazırdı ki, Midiyada yaşayan saklar, yəni iskitlər başlarına şiş papaq qoyurdular. Deməli, Məşədi İbadın vaxtında yaşayan qoçuların şiş papaqlarının tarixi miladdan ən azı dörd yüz il qabağa çatır. Miladdan qabaq Azərbaycanda yaşamış lullubəylər tunik – qolugödək köynək geyirdilər. Bu zaman sol çiyinlərinə sinələrini örtən heyvan dərisinin ucunu bərkidirdilər. Varlı adamlarda bu heyvan bars olurdu. Dyakonov yazırdı ki, bu adət indi də Azərbaycan çobanlarında qalır.
Damla yeməyə ara verib qaş-gözü ilə ləzzət və maraqla qulaq asdığını bildirərək soruşdu:
– Bəs dilimizdə maraqlı nə var?
– İngiliscə «məcik» sözü bilirsən hardan gəlir? Midiyada maqların adından. Muğam da muğların, yəni maqların adından gəlir. Bizim «ər» sözünün 11 min ildən çox yaşı var. Nostratik dillər nəzəriyyəsi var, bu nəzəriyyə xeyli dil ailələrini bir kökdən çıxarır. Sayır ki, «ər» həmin əcdad dildə olub, sonralar Hind-Avropa dil ailəsində «ariya», dravid dillərində, – İranın, Hindistanın ariyalılardan qabaq yaşamış əhalisinin dilidir, – bax, bu dildə oxşar anlamda «eer» sözü olub.
Erkin Damlanın doğrudan-doğruya maraqdan alışıb yandığını görüb davam etməyə stimul aldı.
Yemək yeyəndə Damla çaxırı qədəhin yarısınacan içmişdi. Yeməyi bitirəndən sonra yerdə qalanı içib soruşdu:
– Bəs Bakı haqqında maraqlı nə var?
– Bilirsən Təzə pir necə peyda olub?
– Yox.
Erkin indicə məzəli olay danışacaqmış kimi gülümsündü:
– İçərişəhərdə təzə ev tikmyə yer qalmayanda başladılar qala divarlarından qıraqda yuxarıya doğru yeni evləri tikməyə. Bu zaman kimsə su quyusu üçün yeri qazanda qəbir çıxdı. Adamlar bu qəbirə «Təzə pir» adı verib ziyarətgaha çevirdilər. Bir az keçdi, mömin və varlı bir adam olan Şeyx Əbusəid adında birisi orada məscid tikdi. Bu məscidin ətrafında evlər tikildikcə «Təzə pir məhləsi» yarandı. O məhlə bizdən yuxarıda soldadır. Görürsən, Damla, necə mən danışdığım hadisələrdən Azərbaycan böyük və maraqlı görünür? Səhv etmirəm ki?
– Yox, mənə də maraqlı gəldi.
– Hələ bir düşün ki, biz Azərbaycan deyəndə çox vaxt Arandan, Quzeydən danışırıq. Ancaq Azərbaycan tarixinin, Qobustanı, Azıx mağarasını çıxsan, ən çox və maraqlı hadisələri Güneydə, bir də Naxçıvanda olub.
Damla indi bir az ciddiləşmişdi, baxışlarından, danışığından flört çəkilmişdi:
– Bir az da atandan-anandan, uşaqlığından danış.
– Onlar ikisi də tarix, etnoqrafiya üzrə tanınmış alim olublar. Mən bircə uşaqları idim. Sovetski məhləsinin məni tam udmaması üçün böyük mücadilə aparırdılar. Çətinlik onda idi ki, mən ev, ana uşağı heç cürə ola bilmirdim. Axırda bu mücadilə kompromislə qurtardı: mən evdə, qohumların gözündə tərbiyəli, ədəbi dildə danışan uşaq oldum, məhləyə çıxanda isə dəcəl küçə uşağı, cayıl.
– Yəqin dalaşqan idin?
– Elə də yox. Sözsüz, məhlə dünyasında sənə ilişənin dərsini verməliydin ki, səni saysınlar. Boksla məşğul olduğumdan bu, asan idi. Ancaq deyəmmərəm ki, boksda usta idim. Məktəbdə oxuyanda bir-iki tay-tuşum mənimlə yekə-yekə danışmışdılar ki, zondaj aparıb görsünlər, hansı nöqtədə məni sındıra bilərlər. Elə bir nöqtə tapmayıb status-kvoya razı oldular, yəni onlar məhlə uşaqlarının atamanı idilər, ancaq mən onların tabeliyində olan uşaqların arasında deyildim…
– Yalquzaq idin? – Damla bu uşaq, yeniyetmə dünyasının əhvalatına maraqlı qulaq assa da, o dünyanın primitivliynə gülümsməkdən özünü saxlaya bilmirdi.
Erkin bu gülümsəməni və bu marağı yaxşı başa düşürdü:
– Gül-gül, indi sən özündən danışacaqsan. Ancaq bir məsələni, nəzəri əhəmiyyəti olduğu üçün deyim. Məhlədə heç kim mənimlə yekə-yekə danışa bilməzdi, bircə məndən iki yaş balaca olan Rüstəmdən başqa. O bizim evin həyətindən idi ona görə. Ancaq özüm əvvəldən söhbəti-zarafatı elə qurmuşdum ki, o yavaş-yavaş duydu ki, mənimlə bağlı ağzına gələni deyə bilər, sadiq dost olsa. Axırda o, belə ərklə danışırdı. Mən bundan ləzzət alırdım, görünür, hamının mənimlə ehtiyatla danışması bezdirirdi…
Damla evrika sevinci ilə reaksiya verdi:
– «Padşah və təlxək» fenomeni döyül bu?
Erkinin içində qızın ağlının doğurduğu yeni sayğı dalğası baxışlarına keçdi:
– Nə yaxşı bunu tapdın. Ona oxşayan bir şey. Niyə padşah öz təlxəyinə icazə verir ki, ona qarşı tərbiyəsizlik etsin? Görünür, başqalarının qorxudan hüzurunda boyun əymələrindən bezdiyindən ehtiyacı vardı ki, kimsə bir nəfərlə belə məzələnsin. Sözsüz, mən padşah deyildim, Rüstəm də təlxəyim deyildi, uşaqlıq dostum idi, «şah/təlxək» münasibətlərinin psixoloji çalarları dünyamızda çox yerdə özünü göstərir. Tutalım, bəzi müdirlərin ərk etməyə icazə verdiyi bir müridi olur…
– Qızların da buna icazə verdiyi rəfiqəsi olur.
– Oğlan dostu olmur?
– Olur. Məsələn, Teymur mənim üçün elədir. Ancaq atam üçün mən də eləyəm.
– Doğrudan atandan danış.
– Atam da, anam da naxçıvanlıdırlar. Atam tikinti biznesi ilə məşğuldur.
– Deməli, tikinti baronudur.
– «Baron» aristokrat titulu deyil?
– Qrafa, Hersoqa baxanda aşağı tituldur. Ancaq Rusiyada biznes adamlarına da bu titulu verirdilər, görünür, ona görə də «tikinti baronu» demək olar…
– Deməli, onda mənim anam baronessa olacaq. Anam kənddə dünya gözəli olub, atam isə cüssəli, hündür, qara oğlan. Ata-anaları yaxın olduqlarından onları evləndiriblər. Atam həmişə gözəl anamın ona ərə gəlməsinə razı olduğundan ona minnətdar olub, əzizləyib. Bakıya gələndə naxçıvanlı qohumlarının (anamın və özünün qohumlarının) köməyi ilə işini qurub. Ancaq sən bilirsən, özünün super bacarığı olmasaydı, belə biznesi qurammazdı. Onun şirkəti Qazaxıstanda da, Tibilisidə də, Batumda da binalar tikir. Özü İnşaat İnstitutunu qurtardığından tikintini yaxşı bilir. Ancaq intellektual deyil. İki məndən böyük qardaşlarım var, hamımız yaraşıqda anama, qarayanızlıqda atama oxşamışıq. Qardaşlarım indiyənəcən onunla «siz» deyib danışırlar, yanında siqaret çəkmirlər, içki içmirlər. Bircə mən atama «sən» deyirəm, bir də qardaşlarımdan olan nəvələri «sən» deyir. Hərdən qardaşlarım yarı zarafat məni sancırlar ki, niyə sənə bu imtiyazı verib? Görürsən, atam haradasa mənə də təlxək imtiyazı verib.
İkisi də gülümsədi. Damla saata baxdı:
– Üç saatımız var. Bu üç saatı danışsaq, bir-birimizdən bezib nifrət edəcəyik. Gələn dəfə görüşəndə bir-birimizə allergiya yaradacağıq.
– Niyə danışmalıyıq. Sənə qonaq otağını verirəm, get orada təp-təzə qadın pijaması var, geyin, uzan, dincəl. – Damlanın iynə kimi sancan baxışlarını görüb, sözlərinə aydınlıq gətirdi: – Gəl birdəfəlik anlaşaq. Mən qız ovuna çıxan adam deyiləm. Ömrümdə qızlarla bir-iki sevgiyə oxşar əlaqəm olub, üç-dörd təsadüfi əlaqə… Təzə oğlan-qız pijamalarını isə ona görə saxlayıram ki, birdən evimdə qalası olan xarici qonağım olar.
Damla bütün bu söhbətə «mənə nə dəxli» himində guya birtəhər qulaq asdı, ancaq içində onları eşitməkdən razı qalsa da sancmaq fürsətini əldən vermədi:
– Sənin 30 yaşın üçün çox böyük təcrübədir. 60 yaşın olsaydı, deyərdin 2-3 qız nədir? Ancaq haqqüçünə daha çox sevgi romanlarına imkanın olduğunu fikirləşəndə deyirsən, əməlli başlı asketik həyat yaşamısan. – Damla Erkini sancan sözləri gözündə cin kimi oynayan işıqla söylədi. Gedək pijamanı ver, kompyuteri yandır, bir az sənin yazılarından oxuyum…
(Ardı var)