“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.
Anton Çexov, “Qağayı”
Anton Çexovun 1896-cı ildə yazılmış dördpərdəli “Qağayı” komediyasının personajları əsasən ziyalılar, yazıçılar, həkimlər və digər ailələrdən olan savadlı qızlardır. Burada fövqəladə ideal insan olmadığı kimi, mənfi tiplər də yoxdur. Hərənin özünə görə həm müsbət, həm də mənfi cəhətləri var. Hərə də bir cür bədbəxtdir.
Bu kitaba böyük rus yazıçısı Lev Tolstoyun təbiət, heyvanlar, quşlar haqqında yazdığı hekayələr daxil edilib.
Əsəri K.Ziya tərcümə edib.
Kitabın satış qiyməti 4.49 manatdır.
Ceyn Ostin, “Ledi Suzan”
Məktublar əsasında yazılmış “Ledi Süzen” romanı XVIII əsr ədəbiyyatının ruhuna, əxlaqi təsəvvürlərinə çox uyğundur. Romanın epistolyar formada olması personajların özlərini açmaları, bir növ özlərini faş etmələri ilə əlamətdardır.
Əsərin 35 yaşlı qəddar və işvəkar dul qadın olan qəhrəmanı kimi obrazlara da sonralar heç yer verməyib. Qəhrəmanlar arasındakı gərginlik insanı cəlb edir, onların cəlb olunduğu münaqişələrin gedişinə maraq yaranır. Bu nəfis miniatür Ostinin sirri ilə yaradıcılığının tədqiqatçılarını çaşdıran, zaman keçdikcə pərəstişkarlarını artıran izaholunmaz istedadını bir daha sübut edir.
Əsəri Zülfiyyə Abdulla tərcümə edib.
Kitabın satış qiyməti 4.49 manatdır.
Aleksandr Puşkin, “Kapitan qızı”
Əsərin əsas obrazı olan Qrinyov Aleksandr Puşkinin XIX əsr Rusiyası üçün ideal olaraq bildiyi kişi obrazıdır. Qrinyov obrazı bizlərə bir düşünən və yaradan insan kimi öz ictimai mövqeyini nümayiş etdirir.
Kapitan qızı Marya da elə bu səbəbdən Qrinyovu sevmir, onu tamamlayır və beləliklə də, Puşkinin təfəkküründə olan ideal ailə, sağlam cəmiyyət və çiçəklənən dövlət ideyaları reallaşır.
Əsəri Ənvər Məmmədxanlı tərcümə edib.
Kitabın satış qiyməti 4.49 manatdır.
Əkrəm Əylisli, “Dağlar deyir ki, soyuqdur”
Kitaba yazıçının son illərdə yazdığı “Dağlar deyir ki soyuqdur” povesti və iki yeni hekayəsi daxil edilib.
Bu əsərlərdə yaşadığımız çətin zamanda insanın ruhi ağrıları, mənəvi sarsıntıları qələmə alınıb.
Kitabın satış qiyməti 3.49 manatdır.
Ərəstu Mücərrədi, “İtən kölgələr”
Güney Azərbaycanda tarixdə ilk dəfə 1945-1946-cı illərdə şahlıq rejimindən təcrid edilmiş, mərkəzi Təbriz olan milli demokratik hökumət yaranıb. “21 Azər hərəkatı” adı ilə tarixə düşən milli-demokratik hərəkatın nəticəsində bir çox nailiyyətlər – ana dilində təhsil, qadınların səsvermə hüququ və digər milli-mədəni və insani haqlar əldə edilib.
Cəmi bir il mövcud olmasına baxmayaraq, böyük nailiyyətlər əldə etmiş milli müasir dövlətçilik cəhdi daxili və xarici irticanın silahlı basqını nəticəsində məğlubiyyətə uğrayıb.
Bu romanın hadisələri həmin bir il sürən milli hökumətin son aylarında Təbrizdə və Muğan bölgəsinin ucqar bir kəndində cərəyan edir. Bu əsər milli-mədəni və demokratik nailiyyətləri qorumaq naminə canlarından belə keçməyə hazır olan oğlanlı-qızlı gənclərin mübarizə səhnəsidir.
Köçürən: Solmaz Cəmali.
Kitabın satış qiyməti 6.99 manatdır.
Nəzakət Cavadova, “London saatı” (Uzaq keçmişdə bir dəfə)
Kitabın girişində deyilir: “Son dövrlər yazılan ədəbi nümunələrdən ən çoxu nəsr əsərləridir. Bəlkə də bu ictimai əsaslardan, sosial yüklü cəmiyyətdə baş verən eybəcərliklərdən, yaxud haqsızlığın girdabında bulunan problemlərdən irəli gəlir, deyə bilmərəm. Əsas odur ki, əsərlərdə klassikliyin, müasirliyin baxışı olmaqla, fikir-düşüncə genişliyi, mövzu gözəlliyi yetərincə olsun. Və bu mövzu xalqın, millətin bu gününü və sabahını özündə işıqlandıran güzgü kimi parlaq olaraq gələcək nəsillərə ötürülsün.
Vaxtilə əsərlərin məna yükü, ölçüsü və çəkisi olduqca dəyərli və ölçüyəgəlməz idi. Bu əsərlərin içində böyüdük, ondan qaynaqlandıq, bəhrələndik. Onları oxuduqca həyati biliklərimiz zənginləşdi, baxışlarımız dəyişdi. Bir sözlə, bizim həyata vəsiqə almağımızda bizə yardımçı oldu.
Belə əsərlərdən biri də oxucuların ixtiyarına verilən və ədəbiyyatımıza yeni nəfəs olan Nəzakət Cavadovanın “London saatı” əsəridir”.
Kitabın satış qiyməti 10 manatdır.