Bloqer (13)
- 24 İyul 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 12
Niyazi Mehdi
Bakıda 2-5-10 qəpiklər sovet dönəmində işləməzdi. Deyəsən, bircə Naxçıvanda işləyərdi. İndi isə topdansatış bazarında işləyirdi, çünki kiloya 2 qəpik artıranda 50 kiloluq kisədə 1 manat, 10 kisədə 10 manat artırdı. Ancaq Azərbaycana super-marketlər gələndən sonra adamların cibləri xırda pullarla dolmuşdu. Bütün bunları Rüstəm qədeşi ləhcədə uşaqlıq dostuna deyəndə Erkin onun sözlərinə güc vermək üçün öz örnəyini söylədi ki, o, gələcək söhbətlərində istifadə etsin:
– Sovetlərdə atam bir ara 3-4 ay Kiyevdə universitetdə dərs demişdi. Deyirdi ki, qəpiyinəcən pulun qalığını qaytarırdılar, ona görə də cibim qəpiklərlə dolu olardı. Naxçıvanda da görmüşdü ki, xırda pulları qaytarırlar. İndi, mənə bax, 20 qəpik artırmaqdan utanma. 10 adamın başını qırxsan bu, əlavə 2 manat edəcək, 100 adamın başını qırxsan…
– Alə, sən nə danışırsan?! Gündə heç beş nəfər bura gəlmir…
– Bunu qanmadığınızdan bu günə qalmısız də. «Dama-dama göl olar» atalar sözü var, ancaq bu söz milli mentalitetinizə girməyib. Bu mentalitetiniz guya anti-xırdaçıdır. – Erkinin dostu ilə qədeşi söhbəti, adətən, tezcə belə «savadlı» söhbətə keçirdi. Dəllək Rüstəm özü düşüncəli oğlan idi, qədeş rolunu aralarındakı oyun qaydasına görə oynasa da yavaş-yavaş roldan çıxırdı.
Erkin davam etdi:
– Amerikanı yaratmış kişilər olub. Onlara Amerikanın ataları deyirdilər. Bilirsən niyə?
– Yəni atalıq ediblər də.
– Təkcə ona görə yox, çünki xristianlığın fəlsəfəsini yaratmış kişilərə də xristian, ya kilsə ataları deyirdilər. Məsələn, Müqəddəs Avqustin vardı, kilsə atası idi. Xristianlar öz keşişlərinə nə deyirlər? Müqəddəs ata. Bax, bu ənənədən «Amerika ataları» yaranmışdı. Həmin atalardan biri Franklin idi. O, amerikanlara biznes mədəniyyətini qandırmaq, pulun qədrini bilməyin simiclik olmadığını göstərmək üçün demişdi: sən 20 dolları boşuna xərcləyəndə təkcə 20 dolları xərcləmirsən! Onun gətirə biləcəyi 50 dolları, bu 50 dolların gətirə biləcəyi 100 dolları xərcləyirsən.
– Lap belə-belə 20 dolları boşuna xərcləməkdən gedib çıxmaq olar milyon dolları boşuna xərcləməyə.
Erkin gördü ki, Rüstəm istəyir Franklinin sözlərini ilğım nəsnələrlə spekulyasiya yapan fırıldaq kimi ifşa eləsin. Tezcə onun absurda çevirmək cəhdini durdurdu, – bütün dartışanlar kimi onun da qarşı tərəfə, əgər yeni bir nəsnə demirdisə, qulaq asmaq hövsələsi az idi, bu eyibli ilə vuruşsa da.
– Dövlətin büdcəsi elə qəpik-quruşdan yığılır də. Maaşdan alınan aylıq vergini günlərə bölsən, qəpik-quruş alınacaq. Bircə böyük maaş alanlarda bu, qəpik-quruş olmur, ancaq onlar millətin çox az faizidir. Di gəl, qəpik-quruşdan yığılan pulların pis nəticələri də var. Məsələn, dövlət elan edir ki, pensiyalar və ya maaşlar 10 manat artacaq. Adamlar üçün bu, heç nədir. Məmurlar, deputatlar, elə prezident üçünsə çox böyük yaxşılıqdır. Çünki, tutalım, 10 milyon manatı adamların sayına böləndə 10 manat alınır. Bu 10 manatın azlığını dövlətin başında duranlar anlamırlar, onlar 10 milyona baxıb hesab edirlər ki, böyük iş görüblər. Ancaq hakimiyyət özünə daha gərəkli bildiyi polislərin, hakimlərin, deputatların maaşını 10 manat artırmaz, kəskin artırar, tutalım, 100%, ya 50% artırar. Təsəvvür edirsən? Deputatlar hakimin maaşını 10 manat artırsalar özlərini gülmək tutar.
Rüstəm «yaxşı yadıma düşdü» səsi ilə birdən soruşdu:
– Sən neçə vaxtdı, bir ildi dəlləyə gəlmrsən? – Başını qırxdığı müştərinin üzünə güzgüdə baxıb davam etdi: – Bu, saçı-saqqalı lap uzananda əlinə qayçı alıb ordan-burdan necə gəldi kəsir. Bunun kimilərinin simicliyi, elə pintiliyi də bizim bazarı öldürür. – Davamında pintilik məsələsini Erkinlə bağlı dəqiqləşdirdi: pintilik təkcə çirk deyil ha. Pintilik həm də tükün adamı basmasıdır.
Erkin əlində tutduğu, ancaq söhbətə görə FB-yə baxmağı dayandırdığı mobili pencək cibinə qoyub ayağını ayağı üstünə asırdı:
– İndən belə bura gəlməyə başlayacam. Saçımı bir santimetrəcən saxlayarsan, amma yox, dibindən qrxarsan. Üzümü də dibimdən qırxarsan. Sonralar üzümü özüm evdə qırxaram, saçımı isə sən. Deməli, ayda sənə məndən 10 manat gələcək.
Erkin qoltuqdan duran müştərinin yerində oturanda söylədi:
– İndi də keçirəm qələndər sifətinə.
Dəllək Rüstəm onun sinəsinə ağ sərib ucunu boğazına bağlayanda soruşdu:
– «Qələndər» nədir, alə? – Həmişə belə sorular verib dostundan terminlərlə, ideyalarla bağlı bilgi alırdı ki, işləyə-işləyə müştərilərlə danışanda isifadə edib servisi super etsin. Bu üzdən o, Sovetskidə filosof dəllək kimi ad çıxarmışdı. Erkin də onunla danışığını həmişə elə qurardı ki, onda sual doğurub bilgiləndirsin:
– Qələndərlər Xorasında, Hindistanda, Anadoluda, elə bizdə də geniş yayılmışdı. Onlar sufilərin bir qolu idi. Camaatın fikrini veclərinə almazdılar, Epikür kimi hesab edirdilər ki, insana çörək-su bəs edər. Dərvişlər kimi gəzərgi yaşayardılar. Onlar şəriəti də veclərinə almırdılar. Başqalarının nə düşündüyünü saymadıqlarından saç-saqqallarını, bığlarını, qaşlarını dibindən qırxırdılar.
Rüstəm eşitdiyindən peşəsi üçün nəticə çıxardı:
– Qələndərlik dəbə minsəydi, bazarımız ölərdi ki! Bə niyə tükə belə pis baxırdılar?
Erkin çalışdı elə danışsın ki, uşaqlıq dostu eşitdiyini yadında saxlaya bilsin:
– Orta əsrlərdə qadının başındakı tükə zülf deyirdilər. Şeirlərdə zülfün bir mənası da günah idi. Bilirsən niyə?
– Hardan bilim, bildiyim odur ki, yarın zülfünə qəzəllər qoşurdular.
Bu zaman Erkinin cibindəki telefonun zəngi onu söhbətdən ayırdı. Üstünü ağ soruğ bürüsə də əlini atıb cibindən mobili çıxara bilərdi. Ancaq qulağına aparmaq üçün gərək Rüstəm işini dayandırıb ağı açmalıydı. Bunu istəmədiyindən əlini cibinə salıb telefonu qapatdı. Əlini çıxara-çıxara davam etdi:
– Axı, gözəllər qalın hörükləri ilə, alınlarındakı, birçəklərindəki tel qıvırcıqları ilə kişilərin ağlını alırdılar (deməli, o zamanlar hicab elə də geniş yayılmamşdı). Zülf beləcə adamları yoldan çıxarırdı. Ona görə də sufilərdə zülf küfrün simvolu idi. Ancaq maraqlısı o idi ki, qəzəllərdə, sufi fəlsəfəsində bu küfrü bildirən zülfə nifrət etməzdilər. Ona qorxu qarışıq heyranlıq vardı. Qələndərlər isə, – bu mənim yozumumdur, – qaşlarını, saqqal-bığlarını, başlarının tüklərini dibindən qırxırdılar ki, üzlərini «küfrdən» təmizləsinlər və sifətləri ay kimi aydın görünsün.
– Deməli, mən insanları küfrdən təmizləyənəm.
– Hə, sənin sənətində uşaqları sünnət etmək də var. Sünnət də müsəlman etməkdir. «Sünnət» nədir? Allahın qanunları.
Rüstəm:
– Bə niyə duduşun “artıq ətini” kəsməyə sünnət deyirlər?
– Çünki o dərini kəsmək Allahın buyurduğu qanunu yerinə yetirməkdir. Allah İbrahim peyğəmbərə demişdi ki, bizim aramızda olan bağlaşmaya görə sənin nəslinə bərəkətli torpağı verəcəm, – bu torpaq indiki İsrail idi. Bağlaşmanı isə Allah İbrahimə belə anlatmışdı: sən, səndən olanlar bircə məni Allah kimi tanıyacaqlar, əvəzində onlara yaşamağa o yeri verəcəm. Bax, Allahın şərti bu idi və buyurmuşdu ki, bu bağlaşmanın nişanı kimi səndən olan oğlanların artıq əti kəsilmədir. Ona görə İbrahimin oğlu İsaakın nəsli olan yəhudilərin, İsmayılın nəslindən olan ərəblərin uşaqları sünnət olurlar ki, əcdadlarının Allahla müqaviləsinin nişanını daşısınlar.
– Heç mən hansısa oğlanı sünnət etməmişəm.
– Qabaqlar ləzgi dəlləklər sünnət edirdi, indi bu biznes ləzgilərdən həkimlərə keçib.
Erkin duydu ki, uşaqlıq dostuna bir bilgi porsunu da verməlidir ki, müştərinim başını, üzünü qırxanda ağıllı söhbət getsin:
– Maraqlısı bilirsən nədir? Müqavilə iki tərəfin bağlaşmasıdır, ancaq deyirlər «müqavilə kəsmək», «şərt kəsmək». Mərc edəndə də çeçələ barmaqları qarmaq kimi bir-birinə keçirb sonra kəsirlər. Qazax tərəfdə müqaviləyə «kəsmət» deyirlər. Allah da İbrahim peyğəmbərlə şərt kəsəndə buyurmuşdu ki, üçyaşar düyə, qoç, keçi, qumru, göyərçin, amma yox, qumru ilə göyərçini üç yaşlı deməmişdi, «gənc» demişdi, onları götür iki yerə böl, şaqqalları üz-üzə qoy. Görürsən, burada da kəsmək müqavilənin nişanıdır. Bundan sonra Allah İbrahimin artıq dərisini daşla kəsdirir. Sonra ondan olan oğlanların sünnəti Allahın İbrahimlə müqaviləsini yeni nəslin yadına salır.
– Bəs yəhudilərin, ərəblərin sünnətini biz niyə edirik? – Rüstəm sorusunun cavabını təxminən bilirdi, ancaq istədi dəqiq eşitsin.
– Türklərdə, farslarda, malaylarda, albanlarda, sonra kim var? Uyğurlarda sünnət onu bildirdi ki, biz də bir olan Allahı tanıyırıq.
Eşitdikləri Rüstəmi elə duyğulandırdı ki, ağzı açıq qaldı. Müştərilərlə söhbət üçün ləzzətli material almışdı. Azərbaycanda hamı oğlanlarını sünnət edirdi, ancaq adi adamlar bilmirdi nəyə görə sünnət müsəlmanlığı göstərir. Bunu heç Sovetski mollaları da bilmirdi, bəyəm onların Tövratdan xəbəri vardı?! O, işini tam bitirəndən sonra Erkinin üstündən ağı götürüb çırpanda yenə mobilin səsi gəldi. Erkin baxdı ki, ekranda ad yazılmayıb, deməli, kontakt siyahısında olmayan birisidir. Belə zənglərdən hamıda «görəsən, kimdir?» sorusu yaranırdı. Erkin də içindən yüngülcə keçib tez də əriyən bu soru ilə mobilin düyməsini basdı:
– Bəli («Alo» deməyi elə də sevmirdi).
Damla oğlanın «bəlisi»ni eşidəndə incikliyini azacıq dozda sezdirdi:
– Niyə telefonu qulağıma qapatdın?
Erkinin çaşqın, özünü doğruldan səsini eşitdi:
– Dəlləkdəydim, sənin sözünnən bığ-saqqalımı, saçımı (ancaq qaşımı yox) dibindən qırxdırırdım.
Əslində, o, görünüşünü Damlanın sözünə görə yox, Barış Manço maskasından bezdiyindən dəyişmişdi. Çünki qızın sözləri elə də huşunda qalmamışdı və indicə yadına düşmüşdü. Sadəcə, əlüstü düşünmüşdü ki, indi ki tüklərdən təmizlənib, niyə də bundan Damlada xoş hal yaratmaq üçün istifadə etməsin?! Duyurdu ki, Damlanın xətrinə dəyib, bu üzdən könlünü almalıdır.
Qız telefon danışığının bu başından Erkinin ürəyindən keçənləri bilməzdi, ancaq ha eləyirdi göz qabağına gətirsin Erkinin saçsız-saqqalsız üzünü, aydın portret alammırdı:
– Nə yaxşı sözümü yerə salmamısan?! Ancaq sən təzə tanış olduğun qızın sözü ilə başını dibdən qırxdıran oğlana oxşamırsan. Yaxşı, bu qalsın bir yana, bəs niyə mənə indiyənəcən zəng vurmamısan? Axı, nömrəmi vermişəmsə, deməli, zəng vura bilərsən, yəni vurmağını istəyirəm və ya vurmağına etiraz etmirəm. – Damla bilirdi ki, Azərbaycanda qız-oğlan ilişgiləri ən azı ilkin aşamada elədir ki, qız belə danışanda «nə üzlü qızdır?!» və ya «yaman qırsaqqız olan qızdır» düşüncəsi yaranır. Ancaq bunu da bilirdi ki, onu nə Erkinin, nə başqalarının yanında belə danışıq əskiltməz. Gözəlliyi və ağlı elədir ki, bütün hallarda onu Xatun kimi göstərir.
Erkin deyə bilməzdi ki, onun vizit kartını hara dürtdüyünü unudub və niyə zəng vurmalı olmasını heç bilmir. Deyə bilməzdi, ancaq indi duyurdu ki, bu sərt gözəlliyi, – amma yox, sərt deyil, yumşaq cizgilərin yaratdığı gözəllikdən ayrılan başqa və nadir tip gözəlliyi olan qızın səsi onun ruhunu bürüyür. Ona görə ürəyini də havaya bənzər nəsə xoş bir yumşaqlığa bürüyür. Damlanın üzünü, bədənini, səsini demək olar ki, unutmuşdu. İndi qızın ağıllı gözəlliyi duyduran səsi-danışığı unutduqlarını qaytarırdı. Baxdı ki, Rüstəm onu marıtlayır, elə bil deşikdən xəlvət qulaq asır, barmaqlarının ucu ilə «bir az aralı dur» anlamında onu yüngülcə itələdi. Bu zaman dedikləri itələməsinə paralel oldu:
– Telefon etməyi planlaşdırırdım, sən məni qabaqladın. Ancaq xoş-beş üçün zəng vura bilməzdim, axı. Necə vuraydım? Salam, necəsən? Əgər Teymur heç nə deməmişdisə, deməli, yaxşısan ki deməyib. – Ardını bir az ehtiyatla söylədi: – Sən Allah bağışla, bəlkə nəyləsə bağlı dansımağı sözləşmişdik?
Damla yüngülcə güldü:
– Qorxma, heç bir sözləşmə olmamışdı. Ancaq ağıllı oğlan qız nömrəsini verəndən sonra söhbət provakasiya etmək üçün həmişə bir şey tapa bilər. Bağışla ki, qadının imtiyazını vurğulayan danışıq tərzini təkrar edirəm. Əslində, sevmirəm belə dediləri: «xanımın yanında nəzakətli danışmalısan», nə bilim «belə danışma, burada xanım var». Bu da qızların seksizmidir. Çünki ona qalsa, hamının yanında nəzakətli danışmaq lazımdır. Ona qalsa, axmaq yox, hər hansı ciddi adam sənə əlaqə üçün nömrə veribsə, zəng vurmalısan.
– Yox, kişi olanda vurmalı deyilsən, – Erkin qıza düzəliş etdi, – lazımdırsa kişi özü vurar. Ancaq qadın veribsə, bu qadının birinci zəng vurmasını problemləşdirən min «ayıbdır» var, ona görə kişi vurmalıdır. Hər halda xoşdur ki, sən özünü o qədər yuxarı tutursan ki, bu ayıbı-zadı saymırsan.
– Görürsən, heç nədən xeyli danışdıq. Mən özüm sənə vurdum ki, görüşək. O mənada yox ki, mən bilirəm bu görüş hara aparacaq. O mənada ki, bu dünyada başı və hərəkəti ilə seçilən adam elə də çox deyil. Onun üçün də istərdim görüşək. Bəlkə xasiyyətimiz tutdu, dost olduq. Daha düz olardı demək ki, bəlkə dünyamız tutdu. Ən əsası isə odur ki, sənin bloq yazıların heyran etdi, ona görə. Fikir verirsən, «heyran etdi» dedim, bizdə isə bəyənmək mənasında «pis deyildi», «babatdır» deyirlər. Çox yersiz söz simicliyidir. Elə bil qorxurlar…
– Elə bil qorxurlar ki, «əladır» desələr, adam qudurar. – Erkin qızın dediyinin davamını özü dedi ki, diqqətlə qulaq asdığını göstərsin.
– Düzdür. Əgər məni heyran etdisə niyə deməyim? Bilirsən? Adi adamın akrobatlıq etməsi mümkünsüzdür. Məşqsiz adi adam bir ayağını qaldırıb baleron kimi dik saxlaya bilərmi? Bilməz! Eləcə də istedadlı yazarların sözlə etdikləri akrobatın, baleronun etdiyi kimi adi adamlar üçün mümkünsüzdür. Biz isə, yəni adi adamlar, istedadın istifadə etdiyi sözlərdən, qrammatikadan istfadə etdiyimizdən elə bilirik ki, bacarığımız eynidir. Mənim isə bir ölçüm var, bu xoşuma gələn məqaləni mən yaza bilərdimmi? Görəndə ki bilmərəm, heyran oluram. Mən sənin Youtube-dakı söhbətlərini edə bilməzdim. Onun üçün vaxt tapıb söhbət üçün görüşsək, xoşbəxt olaram. Görüşdə sənə vurulsam və qarşılıqlı olmasa, sənə nə qorxusu? – Erkinin bu açıq-saçıqlıqdan ürəyi düşdü, qız isə heç nə deməyibmiş kimi davam etdi: – Bəyəm Müslüm Maqamayevi izləyən qız fanatları kimi həyətdə durub evdən çıxmağını gözləyəcəm? Yox, əlbəttə, yox. Nakam məhəbbətin (bunu bir az artistliklə dedi) dərdini özüm çəkəcəm, sənə dəxli olmayacaq.
Damlanın belə danışması Erkini şaşırmıştdı, ancaq eyni zamanda onu da düşünən kimi oldu ki, bu qızın ağlının, gözəlliyinin elə ovsunu var ki, belə sözlərin onu səy danışan göstərməyə gücü çatmaz. Onun bu dedikləri mümkün duruma açıqlama verdiyindən qızın kimliyinə yaraşmaz anlamları yaxın buraxmırdı. Birdən Damla telefon bağlantısının o tayından Erkinin yalançı əsəbilikdə səsini eşitdi:
– Alə, rəfiqəsi yoxdur. – Sonra Damlaya açıqladı: – Mənim bu dəlləyim uşaqlıqdan dostum Rüstəmdir. Bayaqdan əl çəkmir ki, padruqası var?
Damlanı qəfil gülmək tutdu. O taydan Erkinin dostu dəlləyin də gülüşü gəldi. Damla duydu ki, Erkin improvizə edərək «rəfiqəsi var?» məsələsini, deyəsən, «Mimino» filmindən «sitat gətirib».
Damla:
– Yaxşı, necə görüşək?
– Sabah Art-kafeyə gedək? Saat 6-da.
– Gedək. Ancaq 11-12-də görüşüb gəzək, nahar edək, sonra gedək.
– Sən heç Sovetski evlərində olmusan?
– Heç vaxt. – Damla Köhnə Batıdan olan filmləri yadına saldı: – Bircə kinoda görmüşəm.
Onda Erkin təklif etdi:
– Gəl maşınını Qış parkında qaraja qoy, Beşmərtəbə yanındakı yeraltı keçidin ağzında görüşək. Sonra bizə gedək, orada günorta yeməyini yeyərik.
Nə Erkin ehtiyat etdi ki, Damla bu təklifi onu yatağa çəkmək kimi başa düşər, nə Damla ehtiyat etdi ki, onun razılığını Erkin onunla yatmağa razılıq kimi düşünər.
(Ardı var)