Rövşən Ağayev
Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin Azərbaycana səfəri ilə bağlı xəbərləri izləyə-izləyə gözümün önündən son 30 ilin müstəqillik dövrü keçdi.
Meydan hərəkatı dövründə əhali arasında sorğu keçirilsəydi, böyük əksəriyyət Avroatlantik məkana inteqrasiyaya, ölkədə demokratik dəyərlərin hakim olmasına səs verərdi. Amma bu 30 ildə ölkədə insan azadlığı da, demokratik dəyərlər də, Avrointeqrasiya da çox gözdən düşdü. Ən böyük səbəb məhz həmin Avropanın Azərbaycanda demokratiya uğrunda hər cür mücadiləyə hazır insanları ağır repressiya maşının qarşısında müdafiəsiz buraxması oldu. Hər saxta seçkidən sonra “demokratiya yolunda irəliyə bir addım” deyib seçki institutunun tamamilə sıradan çıxmasına seyrçi qaldılar.
Azad media, vətəndaş cəmiyyəti, alternativ siyasi qüvvələr nə qədər çox əzildisə, avtoritar idarəçiliklə onlar daha sıx birləşdilər. Onların demokratik dəyərlər uğrunda mübarizə aparanlara qarşı etdiklərinin bir adı vardı: alova bürünmüş binada öz yaxınlarını yana-yana qoyub qaçdılar, hətta yanğınsöndürən maşın çağırmadılar.
1990-cı illərin başında Avrointeqasiya tərəfdarı olan böyük çoxluq əridi, onun yerinə isə Rusiyaya, İrana, hətta Ərəbistan yarımadasına inteqrasiyanı daha önəmli sayan yeni bir toplum yetişdi.
Siyasi məhbus kimi həbsdə, ya da məhbəsdə aldığı zərbələrdən bayırda ölmüş, məşəqqətli həyata dözməyərək, demokratiya mücadiləsindən bezərək ürəyi partlamış, Tofiq Qasımov kimi ömrünün ahıl çağlarını qürbətdə keçirərək həyatını itirmiş, mübarizədən yorularaq öz pozitiv enerjisini ölkəsinin rifahına deyil, şəxsi məişət qayğılarına sərf etməyə məhkum buraxılmış minlərlə insanımız adından sizə bəlkə də bunu demək olar: əlvida Avropa, əlvida Mişel. Toplum bəlkə də Rusiyanın bir vilayətinin rəhbərinin Azərbaycana səfərini sizin səfərinizdən daha diqqətlə izləyir indi…
Nə qədər qəribə olsa da, Rusiya indi bizdən çox arxayındır: Avrointeqrasiyadan imtina etmiş qonşu kimi. Halbuki 1990-cı illərin başında bizə vurduğu ağır zərbələr məhz demokratik dəyərlər uğrunda mübarizədə bölgənin ən fəal toplumu olduğumuz üçün idi…
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar