Bugünlərdə Azərbaycan jurnalistikasında özünəməxsus dəst-xətti, yazı manerası, üslubu olan yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qvami Məhəbbətoğlunun “Alpan etüdləri” kitabı nəşr olunub.
Bəri başdan qeyd edək ki, “Alpan etüdləri” mövzu baxımından müəllifin “Hərdən gülməyim gəlir”, “Bu mənim alın yazımdır”, “Bibimin madonna servisi” kitablarından fərqlənir. Ayrı-ayrı oçerklər toplusundan ibarət olan bu kitabında Qvami Məhəbbətoğlu tarixlə publisistikanı bir araya gətirməklə doğulduğu kəndin, o yurdun, o ocağın tarixi keçmişinin və bu gününün epopeyasını parlaq şəkildə yarada bilib. Yazıçı-publisist oxucunun əlindən tutub qədim Alpan kəndinin (Quba rayonu) tarixi keçmişinə aparır. Tarixin qaranlıq cığırlarına, keşməkeşli yollarına, ixtisasca tarixçi olmasa da, bir tarixçi kimi çıraq tutur. Bu da onun ən təqdirəlayiq uğurlarındandır.
Kitabda Alpan bəylərinin 1905-1918-ci illərdə erməni daşnaklarına qarşı apardıqları mübarizə də maraqlı faktlarla əksini tapıb. Kitabda diqqəti çəkən məqamlardan biri də “Şərqin Şekspiri”, ölməz ustad dramaturqumuz Hüseyn Cavidin bir müddət Alpanda yaşaması və yaradıcılığının şah əsəri olan “İblis” dramını bu kənddə tamamlamasıdır. “Alpan etüdləri”ndə bu və ya digər şəxslərin, o cümlədən Səməd Vurğun, Əli Fəhmi kimi tanınmışların Alpanla bağlılığından da bəhs edilir.
Bu məqamda bir məsələyə də toxunmaq istərdik. Müəllif kitabdakı yazılarında, araşdırmalarında yalnız tarixi məxəzlərlə kifayətlənməyib. Alpan kəndinin qədim tarixinə, mədəniyyətinə bu yurdun ziyalılarının, tanınmışlarımızın simalarında bəzi faktlarla işıq tutmağa, daha doğrusu, yurdunun kiçik ensiklopediyasını yaratmağa cəhd göstərib. Bütün bunları üzə çıxaran müəllif kəndin tarixinə, mədəniyyətinə, həm də tanınmışların fəaliyyətinə yeni çalarlar əlavə etməyə sözün həqiqi mənasında müvəffəq olub.
Bir sözlə, Qvami Məhəbbətoğlunun bu kitabındakı hansı oçerkinə baş vurursan vur, hansını oxuyursan oxu, orada Alpan kəndindən olan bir Vətən övladının könül duyğularının, xoş əməllərinin ayrı-ayrı çeşidlərini, ayrı-ayrı boyalarını görürsən. Və bu boyaların əlvanlığına sevinməyə bilmirsən. Hər bir Vətən oğlunun, Vətən qızının həyat salnaməsini kiçik ştrixlərlə olsa da, dolğun görürsən. Bu yerdə yazar qardaşımızın qələminin gücünə qibtə etməyə bilmirsən.
İstedadlı yazar kitabının bir bölümünü belə adlandırıb: “İkinci Qarabağ savaşı və yaxud Vətən müharibəsi”. O, bu bölümdə otuz illik işğaldan sonra Vətən övladlarımızın zəfərlə tamamlanan 44 günlük savaşını və bu savaşda Azərbaycanımızın hər yerindən olduğu kimi alpanlıların da mərdliklə apardığı döyüşləri qələmə almağı özünə bir vətəndaşlıq borcu bilib. İstər birinci, istərsə də ikinci Qarabağ savaşında işğalçı erməni faşistlərinə qarşı mübarizədə ön sıralarda olan yüzlərlə alpanlının iştirak etdiyini və onlardan iyirmi nəfərdən çoxunun şəhid olduğunu və ya itkin düşdüyünü qeyd edib.
Qvami Məhəbbətoğlu “Alpan etüdləri” adlandırdığı bu oçerklər toplusunda orijinal bir üslubdan istifadə edib. Bir çox oçerklərini proloq, haşiyə, epiloq deyə bölmələrə ayırıb. Bununla da Azərbaycan ədəbiyyatı tarixində bəlkə də bir ilkə imza atıb, bu da bizi son dərəcə sevindirir. Bir məsələyə də toxunmaq istərdik. Bizim bildiyimizə görə, “etüd” naturadan çəkilən təsviri incəsənət əsərinin ilkin nümunəsi anlamındadır. Bu baxımdan Qvami Məhəbbətoğlu Alpanın bir çox şəxslərinin simasında Alpanın etüdlərini “çəkməyə” cəhd göstərib. İnsafən, buna nail olub.
Bir daha vurğulamaq yerinə düşərdi ki, “Alpan etüdləri” Qvami Məhəbbətoğlu yaradıcılığında son dərəcə orijinal, bundan əvvəl yazdıqlarından çox fərqli, hətta sadəcə üslub deyil, eyni zamanda mövzu baxımından da ənənəvi yaradıcılıq hüdudlarını aşan, tarix və publisistikanı bir araya gətirən uğurlu bir kitabdır. Zənnimizcə, bu kitabı tarixçilərimiz də maraqla qarşılayacaqlar. Bəlkə də onların yeni axtarışlarına stimul verəcək.
“Alpan etüdləri” kitabı yaddaşımıza bu sözləri həkk etmiş oldu: “Alpan qədim möhtəşəm bir qaladır. Bu qalada Azərbaycanın tarixi uyuyur. Alpanlılar isə bu qalanın unudulmaz yaradıcıları və qoruyucuları…”
Ələsgər Talıboğlu
Şair-publisist, Məmməd Araz
mükafatı laureatı
Qəhrəman Qasımov
“Şəfəq” qəzetinin redaktoru,
Əməkdar jurnalist