Bloqer (11)
- 09 İyul 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10
Niyazi Mehdi
Natiq Anarın sözünə güc vermək istədi, niyəsini isə aydın bilmədi, Mustafanın xasiyyətini bəyəndiyini göstərmək üçünmü, yoxsa yaxşı adamın təpərini xoş sözlərlə artımağı düz saydığı üçünmü, bilmədi. Ancaq onlarda hərdən bir-birinə dosluq mehribançılığını bildirən sözlərə gərək olduğundan Anarın dedikləri o ehtiyacdan doğan sözlərdən biri kimi göründü:
– Mənim bir axmaq xasiyyətim var, bilirəm ki, içki məclisində oturmaq olmaz, di gəl “yox” deyəmmirəm. Sənsə, – Mustafa, qohum-qardaşa “yox” deyib getmirsən.
Onların söhbətində bu konu qabaqlar da olurdu, çünki köhnə mövzulara, söhbətlərə dəfən-dəfən qayıdırdılar ki, başlarında həkk olsun, ya da təkrarlanan söhbətlərdə informasiya alıb-vermək arxa plana keçirdi, ön planda isə bir yerdə bulunmağın ləzzəti dururdu.
Natiq davam etdi:
– İndi, sənin “yox”unu hamı bilir, ona görə içki olan toya çağırmırlar. Məni «yox» deyə bilmədiyimdən üzümü yumşaq görüblər, dostlarım yeyib-içmələrinə yalvarıb aparırlar. Görürsən qızlar olan məclislərinə də çağırırlar, hərdən də əcaib eksponat kimi qızlara göstərirlər ki, məclisləri maraqlı keçsin.
Mustafa:
– Yəqin elə məclislərdən azcana özün də ləzzət alırsan (Natiq suçlu-suçlu başını tərpətdi). Amma, görürsən, sən sınmayan, əyilməyən olanda, yəni prinsipini saxlayanda özünü axmaq variantlardan qurtara bilirsən. Ona görə «yox» deməyi bacarın! Min dəfə demişəm, mənə, atanıza deməyi bacarırsınız, uşaqlıq dostlarınıza, əsgərlik dostlarınıza niyə bacarmırsınız?!
Natiq araya söz qatmaq kimi dedi:
– Ancaq yaxşı ki, səndə həzrət Əlinin dediyi xasiyyət var. – Bu, yenə Natiqin qılığı idi? – Həzrət Əli deyərdi ki, günaha batmış adamın dərsini verəndən sonra yumşalmalısan, – Mustafa xasiyyətinin həzrət Əlinin buyruğuna düz gəldiyini dostunun dilindən eşidəndə kövrəldi, o heç bilməzdi ki, dostları onun kinli görünsə də kinli olmamasının fərqindədirlər, nəinki fərqindədilər, hətta bu xasiyyətdə İmam Əliyə oxşarlıq görürlər. Şiələrin Əliyə, imamlara zəifliyi Mustafada da vardı.
Anar söhbəti informativ edib Mustafanın narsistik ləzzətinə “odun atmaq” amacıyla soruşdu:
– Həzrət Əli nə demişdi ki?
Natiq:
– «Düşmənə qalib gələndən sonra bu qələbəyə görə onu bağışla ki, Allaha şükrün bağışlamağın olsun!» – demişdi həzrət Əli. Bilirsən ki, o, (çənəsi ilə Mustafanı göstərdi) əclaf birisinin dərsini verəndən sonra bağışlamağı bacarır. Ürəyi daş olur lazım olanacan, sonra yumşalır. Mən, məsələn, kinimi çətin dayandırıram. – O biriləri bildi ki, burada Natiq özünü “qaraldır ki, Mustafa ağ görünsün”.
Anar bu söhbətdə Erkinin yaxşı oğlan olsa da cəzasını verməyin lazım gəldiyi fikrinə, – fikir bərkdən səsləndirilməsə də ürəklərində gəzirdi, – öz naxışını vurmaq istədi:
– Razıyam, biz islama görə nəyi düz sayırıqsa, onu qorumaqda möhkəm olmalıyıq. Bunda sənsən, – Mustafaya baxdı, – bizi dalınca aparan. Ancaq başqa məsələlərdə mənə, – Natiqə baxdı, – sənə də? – ağa-zad lazım deyil.
Bu oğlanların bu yarıteoloji söhbətləri dostluqlarının ilk günlərindən başlamışdı. Onlar bir-biri ilə uşu-sanda döyüş məşqlərində tanış olub yaxınlaşmışdırlar. Məşqçiləri – 40 yaşlı Hacı Cəfər Avropa çempionu olmuşdu, həm də namaz qılırdı, oruc tuturdu. Onun etgisi altında bu üç dostun ailədən gələn kor-koranə imanı, yəni ciddi suallardan xəbərsiz dindarlıqları, kitab oxumaqdan, quşqulu suallara cavab axtarışından dərinləşmiş, bir az da fəlsəfiləşmişdi.
Hacı Cəfər konservativ şiə kimi sufi yolunu bir elə bəyənməsə də tez-tez təsəvvüf kəlamlarını dilinə gətirirdi (Mustafa bunu ondan götürmüşdü). Bir dəfə söyləmişdi ki, əsl iman küfrlə yan-yanadır. Küfr nədir, – ibranilərdə də bu söz varmış, – söyüş, təhqir. Dində bu, Allaha təhqirdir. Sufi deyiminin açımı isə belə idi: əsl iman şübhə doğuran, zahirən Allaha təhqir kimi görünən suallardan qaçmayıb da onlara cavab tapanda bərkişir. Siz də çox oxuyun, Avropanı oxuyun, şübhə toxumu səpələyən suallardan qorxmayın, onların cavabını axtarın ki, imanınız bərkişsin.
Hacı Cəfərin «Avropanı oxuyun» dedisinin anlamı xristian teolojisi haqqında, özəlliklə katolik teolojisi haqqında bilgilənmək idi. Sözsüz, buna onların tam gücü çatmazdı, çünki fəlsəfi hazırlıqları populyarlaşdırıcı ədəbiyyatdan o yana getmirdi. Ancaq Hacı Cəfərin Avropa fəlsəfəsi haqqında uşu-sandaçı öyrəncilərinə keçdiyi (indi də keçir) moizəyə oxşar «qısa kurs» onları yetərincə bələdləndirirdi. Bu kursdan aydın olurdu ki, Akvinalı Fomanın Aristotelə gözü açılıb İbn Rüşdü (Averrosu) oxuyandan sonra, Fərabi, İbn Sina (Avisenna), əl-Ərəbi yunan fəlsəfəsini bilməsəydilər öz fəlsəfələrini qura bilməzdilər, ancaq onlarsız Avropa fəlsəfəsi də tapdıqlarının çoxunu tapammazdı.
Mustafagil Hacı Cəfərin tapşırığı ilə Montqomerinin parlaq kitabını oxuyanda görmüşdülər ki, müsəlman mədəniyyətinin ortaçağda Avropaya qlamur məsələlərdə, geyimdə, təmizkarlıqda, elmdə, tibdə verdikləri elə olub ki, bu mədəniyyəti aşağılayanların gözünə soxmaq olar. Rus dilini pis bilmədiklərindən onun araçılığı ilə dünya ədəbiyyatından da (tutalım, Balzakdan, Tolstoydan da) nəyisə oxuyurdular. Anadolu türkcəsini danışıq yox, oxu səviyyəsində bildiklərindən bilikləri islam dini ədəbiyyatı haqqında da pis deyildi, o anlamda ki, dinşünas, şərqşünas səviyyəsində olmasa da gənc savadlılar səviyyəsində pis deyildi. Onlar Hollivud filmlərinə nə qədər baxsalar da, bu filmlərin mənəvi etgisinə düşməmişdilər – islama, müsəlman Doğusuna sevgi onlarda bu etgiyə qarşı immunitet yaratmışdı. Müsəlman terroristlərinə, cihadçılarına qarşı Hollivudun parlaq filmlərinə baxanda pərt olmurdular, çünki Hacı Cəfər «immunitet» üçün bir fəndi onlara başa salmışdı: yaxşı Hollivud filmlərində islamçılarla ilgili pis görüntülər olanda həməncə yadınıza salın ki, Hollivudun axmaq, terrorist xristianlarla bağlı da belə filmləri var. Əsl müsəlman və müsəlman alimi Misirdə də, Suriyada da, İndoneziyada da terroristlərə, dini nifrətdən mənəviyyatını quranlara günaha batmış adamlar kimi baxır. Söz var, meşə çaqqalsız olmaz! Bu aforizm bütün mədəniyyətlərə, dinlərə aiddir.
Bir dəfə Hacı Cəfər Avropanı anlatmaq üçün söyləmişdi ki, Hollivud kinoda yenilik dəlisi olduğundan bütün variantlarda gəzir. Müsəlman terrorçulardan serial çəkəndə, məsələn, bu terrorçularla savaşın başında duranlardan olan Mərkəzi Kəşfiyyatın bir yüksək zabitini kabinetində namaz qılan göstərir, – özü də görünür ki, bu zabit ərəb-filan deyil, anqlosaksondur, yəni sonradan islamı qəbul edəndir. Müsəlman terroristlərinə adamlarda qəzəb oyadan filmlərə biz baxanda istədik-istəmədik bəzən elə hala düşürük ki, sanki onlar müsəlmanların hamısına qəzəb yaratmaq məqsədini güdürlər. Ancaq bu ağlınıza gələndə yadınıza salın ki, müsəlman dünyasına heyranlıq yaradan gözəl Qərb filmləri də var, Koelya da var. Dedim ki, onlar sənətdə bütün variantlarda gəzirlər, bir filmdə dramatik hadisə sualtı qayıqda gedir, o birisində kosmosda, üçüncüsündə yerin dərinliklərində baş verir. Hacı Cəfər bunu deyəndə Anar söyləmişdi ki, Ceyms Bond filmləri arasında Azərbaycanda baş verəni də var. Hacı Cəfər başını tərpətmişdi, sonra əmma qoymuşdu: ancaq bu film o birilərinə baxanda çox zəifidir.
Hacı Cəfərin Hollivud filmlərinin dəlisi olmamaq üçün söylədikləri bu oğlanların başında özünə möhkəm yer eləmişdi. O təxminən bu sözlərlə Hollivud kinosunu ideallaşdırmaq xəstəliyindən idmançılarını sağaldırdı: bu nə dekadansdır (həməncə termini açmışdı)? Hollivud mütləq filmlərdəki personajlar sırasına qeyləri, lezbiləri salır, mütləq qadını unitazda oturdub kiçik ehtiyacını ödəyən göstərir (40-cı illərdə isə Hollivud filmlərində hətta unitazı göstərmək də yasaq idi). Mütləq adam çöldə geyindiyi ayaqqabılarını çıxarmayıb yorğan-döşəkdə eşələnir. «Mütləq» o mənada yox ki, bütün filmlərdə belə olur, ancaq son on illər tez-tez olur. Amerikan filmlərində olan pintilik, yəni əlini unitaza, əlüzyuyana vurandan sonra yumamaq, ayaqqabı ilə evdə gəzmək, çarpayıda uzanmaq idmançıları xeyli güldürmüşdü və Qərb mədəniyyətinə aşağıdan yuxarı baxmaq təhlükəsini heçə çevirmişdi. İdmançılardan biri isə soruşmuşdu:
– Hacı, doğrudan, adam qeydirsə, buna görə onu hoydu-hoyduya basmaq ayıbdır. Hələ onu demirəm ki, Sultan Səncərin Ayazı da qey idi. Ancaq Hollivud elə bil rejissorlarına, ssenaristlərinə belə bir məqsəd qoyub, sən müasir film eləmək istəyirsənsə, orada qeylər, lezbilər olmalıdır. Bu nə axmaq modernlik şərtidir?!
Hacı Cəfərin bu ritorik sual xoşuna gəldiyindən gülümsəmişdi.
Məşqçiləri Mustfagili peşə məsələsində də doğru-düzgün yönəltmişdi. Hacı Cəfər görəndə ki bu uşaqlar yaxşı, düzgün oğlanlardır, demişdi ki, sizdə alim olmağa həvəs görmürəm. Həkim, mühəndis olmağa da maraq görmürəm. Kəlamla (ilahiyyatşünaslıqla) alimlik yox, söhbət səviyyəsində maraqlanırsınız. Dini gedib Qumda oxuyub axund olmağa da həvəs görmürəm.Tibbə lazım olan kimya, mühəndisliyə lazım olan riyaziyyat sizə yaddır (dostlara elə gəlmişdi ki, hacının sözlərində qınaq var, ona görə də suçlu üzlə başlarını tərpətmişdilər).
Hacı Cəfər isə qınamırdı, olan faktlardan itələnib yaşamlarını necə qurmağı anlatmaq istədiyi üçün gerisni demişdi:
– Üç dostsunuz, ən yaxşısı üçünüzün də bir peşənin yiyəsi olub briqada kimi işləməkdir. Bir usta var, onun yanına göndərim sizi, gedin şəyirdi olub kombi təmirini, qurmağını öyrənin. Bu peşəyə həmişə ehtiyac olacaq. Yaxşı sənətkar əməli-saleh olsa (siz eləsiniz), həmişə belələri az olduğndan müştəriləri bol olacaq.
Beləcə, Mustafagil iki ilə usta Vahabın şəyirdi olandan sonra kombi məsələsində əvəzsiz briqada kimi ad çıxardılar. Onlara sifarişlər hətta Gəncədən, Mingəçevirdən gəlirdi. Bu üzdən dolanışıqları qaydasında idi, üçü də kreditlə maşın almışdı, ev almağa pul yığırdılar. İmanları onları insaflı etmişdi, müştəriləri kasıb alimlər, yaxşı insan kimi ad çıxarmış adamlar olanda iş haqqını minimum alırdılar. Bəzən isə almayanda bircə maşınlarının benzin pulunu, bir də kombinin dəyişilən detallarının pulunu götürürdülər.
Bakıda adamları dini bağlarla bir-birinə bağlayan təmir briqadaları az deyildi. Bir sələfi-vahabçı oğlanlar briqadası kondinsioner qoyuluşu, təmiri üzrə işləyirdi, kombi üzrə isə bir sufi briqadası vardı. Hamısı bir-birini tanıyırdı, yaxınlıq etməsələr də dindarlar kimi başqalarından ayrıldıqlarının fərqində idilər.
Bu yaşda oğlanların ciddi seksual problemi olur. Onlar fahişələrə gedə bilməzdilər. Görünüşlərinə görə Anar qarışıq hamısı qadınlar üçün yuxarı-aşağı yaraşıqlı olsa da dindarlıqlarına görə qızla gəzib sonra onu atan oğlanlardan ola bilməzdilər. Ona görə də Mustafa ilə Anar hicablı dini təhsil almış qızlara evlənmişdilər, Natiq isə gözləyirdi haçan beləsi urcahına çıxacaq. Anarın altı aylıq qızı vardı, Mustafa isə hələ də niyə zövcəsinin hamilə qalmaması narahatçılığında idi, həkimlər arxayın eləsələr də ki, ciddi problem yoxdur, gözləyin.
Bütün bunlar keçmişə aid idi. İndi isə Mustafa təzədən bir az qabaq etdikləri söhbətə qayıtdı:
– Erkin görməlidir ki, ağzını Allah yoluna açıb danışmaq olmaz! Bizim hər birimizin ata-anası, xanımı haqqında kimsə belə danışsa atasını yandırarıq. Allah, dinimiz ata-anamızdan da üstündür. Niyə ona qarşı kiminsə axmaq-axmaq danışmasına dözməliyik?! Bəyəm Erkinin özü ata-anası haqqında pis sözlərə dözərdi?!
Natiq:
– Bə nə edək?
Mustafa sınırlı səslə:
– Gedib dərsini verək!
Natiq üzünü qırışdırdı:
– Sənin yadından çıxıb Rafiq Tağının öldürülməsi? Biz nədir, onu öldürən o əclaflara tay olmalıyıq?!
Əslində, bu soru ritorik idi. Bir dəfə Hacı Cəfər onlara «ev tapşırığı» vermişdi: Rafiq Tağının öldürülməsini götür-qoy edib tapın, onu öldürənlər yaxşı ediblər, yoxsa böyük günaha batıblar? Hansı fikrə gəldiyinizi mənə deyərsiniz.
Onlar götür-qoydan sonra razılaşmışdılar ki, Rafiq Tağının öldürülməsi islama yaxşı heç nə vermədi, əvəzində İranın, şiəliyin imicinə ləkə vurdu. Ölüm cəzası elə ağır bir şeydir ki, məhkəmə araşdırmasından sonra ola bilər. Kimsə sənə kafir göründüyündən ona ölüm arzulamaq olmaz.
Mustafagilin bu razılaşması Hacı Cəfərin xoşuna gəlmişdi. Onların o biri fikrinə qarşı isə bir şey deməmişdi. Fikir isə bu idi: adam Allahla, islamla bağlı pis danışırsa, yolunu tapıb onu qandırmaq lazımdır ki, özünü yığışdır, bu danışıq sənə baha başa gələcək. Sözlər ona çatmasa, başqa yollarla dərsi verilməlidir, tutalım, onu biabır etmək olar, fikirlərinin səviyyəsizliyini göstərib pərt etmək olar. Bunların xeyri olmasa, camaatın qabağında bir az əzişdirmək də olar ki, alçaldığından dili gödək olsun.
Rafiq Tağı məsələsini müzakirə edəndən sonra artıq dinə sataşanlarla necə davranmağı onlar tapıb razılığa gəlmişdilər. Ona görə Erkin məsələsində necə davranmaqla bağlı sual verəndə daha çox bir-birinə təkrar etmək üçün verirdilər. İndi də təkrardan sonra sözü bir yerə qoydular ki, ya Anar, ya Natiq arada olan tanış-bilişdən Erkinin haçan Art-kafeyə gələcəyini öyrəncəklər ki, orada olsunlar.
Namaz vaxtı yaxınlaşırdı. Bir az da yarızarafat-yarıciddi söhbətdən sonra dəstəmaz alıb birlikdə məğri namazını qıldılar. Üçü bir yerdə namaz qılanda olurdu ki, özlərini İlahi dərgahda duymalarına küçədən gələn qışqırıq da, maşın səsi də əngəl olurdu. Çox vaxtsa heç nə əngəl olmurdu. Üçü də təkcə özünü yox, bir-birini qənşərdən tökülən işığa (yayda isti olmayan, qışda isti olan) işığa tutulmuş duyurdular. Namazdan sonra bir-birindən soruşurdular ki, bilsinlər, doğrudur ki, o biriləri də bu işıqda olublar? Maraqlıdır ki, nadir hallarda duyğuları onları aldadırdı.
Hacı Cəfər namaz və Allaha yalvarışla bağlı onlara bir ağıllı nəsnə anlatmışdı: siz Allahın qarşısında özünüzü biləndə təsəvvür etməyin ki, dilənçi kimi Ona əlinizi açıb hədiyyə gözləyirsiniz. Hacı Cəfər məsləhətini elmi dildə desəydi, belə deyərdi: namazı, duanı Allahdan hədiyyə almağa ümid edənlərin davranışında, psixolojisində modelləşdirməyin.
Səbəbini isə belə açardı: namaza, duaya belə baxsan, onda axmaq vəziyyət alınacaq, guya Allah-taala insanların yalvarışına, xahişinə baxıb planını dəyişir. Dünyada milyonlarla adam min xahiş edir, O, yazığı, rəhmi gəlib planını min dəfə dəyişsə, belə planmı olar?! Bu üzdən, – siz, ağıllı oğlanlarsınız, axı, – Allaha namazda, duada nəyisə almaq üçün yalvarmayın. Yalvarın ki, sizin ruhunuzu, düşüncənizi elə etsin ki, özünüz arzuladığınızı əldə edə biləsiniz. Biri var, ağır xəstəsən, yalvarırsan ki, ya Allah, nolar məni sağalt! Biri də var, sən ağır xəstəsən, Allaha onun üçün yalvarırsan ki, dərinin bütün deşikləri səni bürümüş havadan gələn sağaldıcı enerjiyə açılsın. Yəni səndə çakran açılsın. Hindus dinində «çakra» sözü var, insanda elə nöqtəni bildirir ki, odur ilahi enerjini alıb bədənə yayan. Biz müsəlmanlar bu dini düz saymasaq da onun bəzi terminlərindən metafora kimi istifadə edə bilərik. Siz Allaha nəyisə almaq üçün dua edəndə içinizdə belə təsəvvür yaradın ki, çakranızın açılması üçün, onunla enerji, bilgi alıb arzuladığınızı necə əldə etməyin yolunu tapmanız üçün dua edirsiniz.
Axşam namazında üç dostun üçünün də çakrası İlahi enerjiyə açılmış oldu.
(Ardı var)