Bloqer (10)
- 02 İyul 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9
Niyazi Mehdi
Dördüncü fəsil. Dərsini vermək üçün hazırlanmış plan
Bunlar ortalama 23-25 yaş arasında üç gənc idi. Üçünün də saqqalı vardı. Üç saqqalı oğlan bir yerdə üç uniformalı militant kimi görünür. Düzdür, o da var ki, bu eynilikdə fərqləri az deyildi. Mustafanın bədəni elə bil dəmirdən tökülmüşdü, ancaq bodi-bildinqçi bədəni deyildi, çiyin, döş, bəzən qarın əzələləri köynəkdən qabarsa da normal bədənli gənclərdən əyin-baş ölçüsünə görə heç də ayrılmırdı. Boyu 175-177, paltar ölçüsü 50-52 olardı. Gözlərinin saqqalından da qara iri gilələri qıraqdan baxanı onlarla göz-gözə durmağa zorunlayırdı. Bu üzdən şarj, karikatur çəkən üçün Mustafanın üzünün xarakterik göstəricilərini tapmaq çətin deyildi – saqqalla qara saçın verdiyi kvadratsayaq çərçivəyə düz qaşlar çəksəydi, altlarına iri qara gilanar kimi nöqtə qoysaydı, həməncə Mustafanın oxşartısı alınardı.
Bu oğlan ciddi idmanla güləşdən başlayaraq məşğul olmuşdu. İndi nə təmiz karateçi, nə də uşu-sandaçı idi. Döyüş texnikalarının hərəsindən bəyəndiyini götürüb öz fəndlər paketini düzəltmişdi – uşaqlıqda vuruşanda vahimə salmaq üçün Bryus Li kimi əcaib səslər çıxarıb evdə, qonum-qonşuda hamını bezdirsə də indi daha elə yüngüllük etmirdi. O, türlü trayektoriyalarda yumruq vuranda, təpik atanda yalnız odun doğrayanlar kimi sinəsinin dərinliklərindən gələn «hı!» səsini eşidərdin. Yalandan orqazm naləsini çıxaran qadınlar kimi bəzi uşu-karateçilər də vuruşda ah-uf edirdilər. Tenis çempionu Mariya Şarapova isə bu orqazm ah-ofundan öz brəndini yaratmışdı. Bu anlamda Mariya öz motor uğultusunu müəlliflik hüququna bağlamış avtomomil markaları ilə bir sırada dururdu. Mustafa isə onlara baxanda olsa-olsa hərdən Koroğlusayaq nərə çəkərdi və bilmək olmurdu, bunu milli kolorit üçün edir, yoxsa rəqibini sındırmaq, ya da texnikasına parodik şənlik qatmaq üçün edir. Əsas məsələ isə o idi ki, Mustafa bu döyüşlərin dini-fəlsəfi tərəfindən danışanda Çin U-şusunda müsəlmanlarının (görünür, uyğurların) böyük payını söyləməyi çox sevirdi.
Yerdə qalan o biri dostlara gələndə, çox da iri əzələli deyildilər, hərçənd hamısı xeyli yalın əlli döyüş fəndini Mustafa ilə məşqlərdə yaxşıca mənimsəmişdilər. Döyüşdə onun kimi «əjdaha» olmasalar da yumruq-təpik atmalarında orta bacarıq göstərirdilər. Bütün Qafqaz oğlanları kimi onlar da TV-də güləşi, boksu, karateni, qaydasız savaşları göstərən kanalları daha çox xoşlayırdılaır. Bu üzdən evdə bir yerdə olanda tez-tez döyüş kanallarına baxıb vəcdə gəlirdilər. Hətta Sumo-nu güləş növü kimi qanmaq qafqazlılara çətin olsa da hərdən ona da baxırdılar.
Bu oğlanlar həftənin 2-3 günündə 1-2 saatı ya evdə, ya Zabitlər bağında bir-biri ilə məşqdə olurdular. Asan dildə yazılmış dini-fəlsəfi kitabları oxumaq onları «bilikli, bəlkə də bir az intellektual uşaqlara» çevirmişdi, məşqlər isə qıvraq-sağlam oğlanlar etmişdi.
Mustafa dizi üstə oturmuşdu, görünürdü ki, bütün namaz qılanlar kimi buna öyrəncəlidir, dizinin dərisi belə oturuşlardan qartlamışdı. Ancaq alnında çox namaz əhlində olan möhür izi yox idi, çünki möhürlə namaz qılmırdı ki, namazını başqalarının gözünə soxan müsəlmanlara oxşamasın. Üçü də sünnəni yerinə yetirdiklərini qabartmağı sevmirdilər.
Anar adında həkim balasının saçı-saqqalı kürən idi. Saqqalı seyrək olduğundan üzünün tüklülüyü «a-lya fransız vecsizliyində” görünürdü. O, danışanda bəzi ərəb-fars sözlərini elə orijinaldakı kimi səsləndirirdi, ona görə də peyğəmbərin adını «Muhammad», islamın qutsal kitabını «Qur-an» kimi söyləyirdi (o biriləri isə tez-tez bu autentikliyi unudub «Məhəmməd», «Quran» deyirdilər). Anar bardaşqurma oturmuşdu, pəncərədən düşən gün işığında seyrək saqqalı arasından üzünün dərisi görünüdü.
O birisi – Natiq də bardaşqurma oturmuşdu. Üzdən yaraşıqlı olan bu oğlan danışanda dizləri avazına uyğun azca tərpənirdi. Onların üçünün də başlarında müstəqillik dönəmində Azərbaycan dindarları arasında yayılmış ağ ajur naxışlı araqçın vardı (yalnız bu otaqda, bir də məsciddə başlarına qoyurdular). Yəhudi kipasından fərqli olaraq ərəblərdən gəlmə müsəlman araqçını yalnız təpəni yox, başın bütün üstünü örtürdü.
Bu oğlanlar xalçanın üstündə oturub çay içirdilər. Hərəsinin öz adı, öz geyimi olsa da üzlərində bir ortaq him, mimika vardı, söhbətdəki düşüncəli sözlərin, deyimlərin arasından tez-tez iman aurası işarırdı. O da vardı ki, katolik rahiblərdə iman həlimlikə çulğaşırdı, ancaq həlimlik helm kimi Quranda buyurulsa da hərdən bu oğlanlarda, daha çox isə Mustafada iman birdən dalaşqan, müqəddəs qəzəb çalarlaranda geyda olurdu. Bu üzdən oğlanların üçü də çox yaxşı, ancaq azca dalaşqan gənclər təəssüratını bağışlayırdılar.
Burada otağın əsas divarında Kəbənin böyük şəkli asılmışdı. Bu «qara kubun» sadəliyi ilə çevrəsindəki meydanın çil-çırağı yoxsul/varlı qarşıdurumunda bir nəsnəni gizlədirdi: islamı fəlsəfənin, təsəvvüfün dili ilə ilginc açacaq «yoxdur/vardır» qarşıdurumunu gizlədirdi ki, açımı bu oğlanlarlıq deyildi. O biri divarlara plastilinlə Kərbəla, Nəcəf şəkilləri, bir də həzrət Əlinin, imam Hüseynin portretləri yapışdırılmışdı.
Əslində, bu oğlanlar mehriban olmağa tezcə hazır olan üzlərinə görə bir az o portretdəkilərə oxşayırdılar. Onlar o kəslərdən idilər ki, ağıllı dini söhbətlərə bayğın idilər, əxlaq məsələsinə, yəni vicdan, düzlük məsələsinə ciddi yanaşırdılar, Avropaya pozğun dünya kimi baxan müsəlmanların düşüncəsi ilə tam razı olmasalar da bəzi ciddi məsələlərdə onlarla bölüşürdülər. İslama keçmiş Rene Qinon kimi fransızlardan, Məhəmməd Əli, Mayk Tayson kimi amerikalılardan ləzzətlə danışırdılar (islamı qəbul edib İŞİD sıralarında vuruşan ingilis, alman, fransız gəncləri isə onlar pis yola düşüb korlanmış cavanlar sayırdılar). Onların bəzən söhbətlərində sözləri arasından narazı, ya acıqlı səslə eşidilən «vəhhabilər», «sünnilər» kəlmələrindən sezilirdi ki, islamın o biri təriqətlərinə nəsə incik baxırlar, onlara nifrət etməsələr də onlara soyuq qalırlar (qəribədir ki, islama keçən tanınmış estrada, idman ulduzlarının, alimlərin çoxunun sünniliyi qəbul etməsi onlarda şiə qısqanclığı oyatmırdı, bu məsələdə islamda təriqət ayrılığı yadlarına düşmürdü).
Mustafa armudu stəkandan qurtum götürməyə ara verib bayaq apardıqları söhbətin davamı kimi, ancaq öz-özünə danışırmış kimi elə bil havaya söylədi:
– Erkinin adından görünür ki, atası üçün əsas məsələ millət olub, ümmət olmayıb.
Natiq heç vaxt istəmirdi ki, onların baxışları, sevmədikləri ideyalarla, adamlarla bağlı söylədikləri sözlər dayaz olsun, çoxyönlü, tutumlu olmasın.
– Onda, – Anara göz vurdu, – dostunun «Anar» adı da ümmətçiliyə sığmır.
Anar başını «elə deyil» anlamında atdı:
– Atam bilirsiniz niyə bu adı mənə verib? Azərbaycanı, türk ümmətini sevdiyindən verib. Onun başında ümmətçilik millətçiliklə elə qovuşub ki, aralarından qıl da keçirə bilməzsən. O, işində neçə-neçə möcüzə görmüşdü. Mömin adamın dualarla özünü, ya başqasını necə Əzrailin caynağından qurtardığını görmüşdü. Ona görə də deyirdi ki, Azərbaycanda sovet illərində Allaha ən inanan təbəqə həkimlər olub (öz dindarlığını belə izah edirdi). Ümmət məsələsinə gələndə, atam İranı bizim kimi uzaqdan-uzağa bilmirdi axı…
Bu yerdə dostlarının başında Anarın dediyinə onun öncələr söylədikləri qoşulub kontekst yaradırdu: atası Tehrana tibbi əməkdaşlıq proqramında həkimlik etməyə çağrıldığında bir neçə il orada işləmişdi. Oradakı dostlarının arasında çoxlu farslar da vardı, Azərbaycan türkləri də vardı. Vəzifəsindən, millətindən asılı olmayaraq hamısının iman adamı olması onların yaxınlığının kökündə durmuşdu. Onun İrandan aldığı təəssürat bu idi ki, fars və türk millətçiləri bilmədən, ya bilərəkdən etnik gərginlik yaradırlar. Əsl iman adamlarında isə milli mənsubiyyət ümmət birliyini pozmur. Belə məsələdə Məmməd Əminin «Əsrimizin Siyavuşu»na söykəniş etmək Anarın atasının sevimli ritorik gedişi idi: İran-Turan birliyi azəri mentalitetinin təməlidir.
Natiqin başından Anarın atasından söylədiyi sözlər keçəndə onların oyatdığı düşüncələri söylədi:
– İnsan belədir də… tez-tez yüz cür tələynən üzləşir. Millətçiliyi ağına-bozuna baxmayanda nifrət tələsinə düşür, ya da dindarlığı avamlıq tələsinə düşdüyündən islamdan başqalarını hürküdür. Əxlaq məsələsində də belə tələlər var. Ona görə ehtiyatnan, elə bil qıl körpüsü ilə yeriyirmiş kimi yeriməliyik ki, “cəhənnəmə” düşməyək – Natiq düşüncəsini “qıl körpüsü” metaforası ilə güclü formaya sala bilməsindən aldığı məmnunluğu gizlətmədi, çünki din söhbətlərində bəlağət hamısının qırımı idi.
Mustafa başını narazılıqla tərpətdi:
– «Tələlərə düşmə!» deməyə nə var ki?! Ancaq suyu üfürə-üfürə içirmiş kimi hər addımı atmaq da asan deyil. Şeyx Şamil nə demişdi?! Demişdi, düşmənə qarşı cihada gedəndə başına nələr gələcəyini fikirləşsən, səndən igid çıxmaz. – Mustafa ilk tanışlıqlarından dostlarına söylədiyi bu «qətiyyət fəlsəfəsinin» düzlüyünü hər tərəddüd hallarında nümayiş etməyi sevirdi. İndi də nümayiş etmək fürsətini əldən vermədi. – Erkin deyirlər yaxşı oğlandır. Əməlində sünnəyə, şəriətə baxmasa da, əsl müsəlmanların yanındadır. Noolsun?! Əsl yəhudi, xaçpərəstin də yanındadır. Nəticədə nolur? Əsl müsəlmanların yanında ola-ola onların saqqızını oğurlayır, ürəyinə girir, bununla onların kafirlərə qarşı… – Sözünün kobudluğunu səsi-üzü ilə yumşaltmağa çalışdı, ancaq bir şey alınmadı. – …Yaxşı «kafir» deməyim, missionerlərə qarşı müqavimət gücünü qırır. Dünya belə mürəkkəblikdədir… bu dəfə yaxşı olanın sabah zibili çıxır, burada yerinə düşən orada işləri korlayar… İndi neyləyəsən bu Erkinlə? Yaxşı oğlan olsa da, əməlli-başlı islama atılmış təsir agentinə oxşayır.
Anar onun sözlərinə güc verdi:
– Özünə, tay-tuşlarında hörmət oyadır, sonra bundan istifadə edib islamın həqiqiliyinə, Allahın nazil etdiyi son din olmasına əmmalar toxumu səpir. Düz deyirsən, biz belələrinə islam qətiyyətini göstərməliyik. Niççe bilirsiniz islam haqqında nə demişdi? Demişdi islam kişi dinidir, ya da kişi dindir!
Natiq iki əlini də dizləri üstündən Mustafaya uzatdı. Jesti ondan nəsə almaq deyildi, sanki sözlərini əlləri ilə ona yollamaq idi:
– Baax, bir yandan islam bizim üçün Cəfəri yoludur.
Anar:
– Yoox, bizim üçün islam Cəfəri yolunda tam dərinliyini, düzlüyünü açır.
Natiq:
– Olsun. Amma, o biri yandan, hamısına, – bütün təriqətlərə, ən çox da sünnülərə pis baxırıq. Eşidəndə ki, İsraildə yəhudilər müsəlmanlara zülm edir, onlar sünni olsalar da elə hesab edirik ki, qardaşlarımızdır. Ancaq eşidəndə ki İraqda sünnilər şiələrə düşmən kəsilib, biz də onlara düşmən kəsilirik. Bax, belə qarmaqarışıqlıqda necə qətiyyət göstərən?! Qətiyyət üçün, sözsüz, mərdlik lazımdır. Ancaq kimin düşmən olmasıyla bağlı aydınlıq olmayanda çaş qalırsan. Bizdə islamla bağlı aydınlıq yoxdur. Amma, məsəl üçün, vəhhabilərdə var – bizim hamımızı müsəlman saymadıqlarından malımızı, qadınlarımızı özlərinə halal bilirlər.
Anar:
– Beş-altı yüz il qabaq bizim şiələrdə də sünnilərin malını, arvadını halal sayanlar olub… Hətta sünnilərə baxanda xaçpərəstləri yaxşı sayanlar da olub.
Natiq:
– Görürsən, hamımızda günah olub. İndi bu vəziyyətdə necə qətiyyətli olasan? Bəlkə başqa arqumentlərnən cəfəriliyi güclü etmək yolunu tapmalıyıq?! Bəlkə Erkinin söylədiklərindən bu məsələdə xeyir götürmək olar?!
Əslində, bu oğlanların söbətlərində konu menyüsü elə də zəngin deyildi. Əxlaqdan, siyasətdən, İrandan, Türkiyədən və necə-necə acı, şirin məsələlərdən idmandan olduğu qədər danışmazdılar. Ona görə bu tip söhbətlər onlar arasında dəfələrlə peyda olurddu, elə bil bir mahnını təzədən qoyb qulaq asırdılar. Sadəcə, bu dəfə söhbətə yeniliyi Erkinin adı gətirmişdi (hərçənd son bir ayda Erkinin adı başqa kontekstdə birinci dəfə deyildi yada düşürdü).
Mustafa Erkinin adı gələndə bir az qızırdı, indi də qızdı:
– Həzrət Əli də deyib: Acizlik dərd, cəbrsə cəsarətdir. Erkin kimisinin işi aranı qarışdırıb acizlik yaratmaqdır. Hətta məqsədləri bu olmasa da, işlərinin axırı bu olur. – Mustafa həzrət Əlidən sitat gətirdi ki, ittihamı göz götürməzliyin törəməsi kimi yox, dərin mənəviyyatdan çıxarış kimi təzahür etsin. O da müqəddəs qəzəbə haqqının olduğunu desə də hər halda çalışırdı ki, bu qəzəbi islam ideyaları ilə ağıllandırsın.
Natiq də bu ağllandırma eyləmində iştirak etmək üçün onun sitatını tamamladı:
– Zahidlik də sərvətdir, yəni acizlik dərd, cəbr cəsarət, zahidliksə sərvətdir – həzrət Əlinin hikmətli sözü belə qurtarır.
Mustafaya bu əlavə lazım deyildi, ancaq onların hamısının bir adəti vardı, hansı söz ilginc dini haşiyələrə ayaq verirdisə, fürsəti buraxmazdılar. Bu üzdən əsas məsələdən uzaqlaşmağı hərləmədən haşiyəyə çıxdı:
– Nə yaxşı yadında qalıb zahidlik məsələsi? Bəs nədən Muhammad salavatullah demişdi ki, islamda zahidlik yoxdur?!
Natiq:
– Məncə, «rahiblik yoxdur» demişdi. Ancaq sonralar əhli-təsəvvüfün üzlətə çəkilməsi özü də nəsə rahibliyə oxşadı. – “Üzlət” sözünü yaman ləzzətlə dedi, çünki göründü ki, «xəlvətə çəkilmə» anlamını verən bu sözü klassik poeziyadan götürüb. – Həm də təkkələr bəyəm monastır kimi bir yer deyildi?! – Bu zaman Natiqi dediyinin ziddiyyəti qayğılandırmadı, yəni qabaqca islamda rahibliyin olmamasını sitat vermişdi, sonrasa təkkəni rahiblərin yaşadığı monastıra oxşatmışdı. Bir-biri ilə danışanda belə uyğunsuzluqları ona görə veclərinə almırdılar ki, əsas məsələ söhbəti hədis və şiələrdəki xəbər diskursları ilə bəzəmək idi.
Anar gözə soxulmaq kimi yox, aralarında oturuşmuş bir-birini bilgiləndirmək qaydası ilə araya söz atdı:
– Monastıra islamda bilirsiniz nə deyirlər? Sövmeə.
Natiq:
– Məncə, o sözü yəhudi məbədlərinə deyirlər…
Anar:
– Hə? Ola bilər. – Anarın fikri peyğəmbərin hədisi ilə təsəvvüf təkkələrinin uyğunsuzluğuna nəsə demək idi, bu üzdən Natiqin dediyinə reaksiya verməyib davam etdi: – Bax, bir yandan peyğəmbər deyir ki, islamda rahiblik yoxdur, o biri yandan sufilər rahiblər kimi zahidlik edib təkkələrə yığışırdılar… Bu ziddiyyəti aradan götürməyin yolu tapılmalıdır. Bir yolu təsəvvüfü bidət elan etməkdir. O mənada ki, əgər açıq-aydın pisləyirsənsə, deməli, təsəvvüfün gətirdiyi ziddiyyəti də isamdan qıraq edirsən. Ancaq onda gərək Mustafa təsəvvüf kəlamlarını söyləməyi tərgitsin. O biri yolu təsəvvüfü islamın bir təriqəti kimi qəbul etməkdir. Qəbul edəndə necə islamla təkkə camaaatını uzlaşdırasan? Belə sualların cavabını müctəhidlər verməlidir.
Natiq fikirli-fikirli dedi:
– Mən Art-kafedə bir dəfə Erkinə qulaq asanda görmüşdüm ki, o öz məqsədini islamda belə suallara cavab tapmaqda görür. Məsələn deyir ki, dinlər haqqında elə bir nəzəriyyə qurulmalıdır ki, üzdə olan uyuşmazlıqların dərində uyuşqanlığı aydın olsun.
Bu dəm Anar Mustafaya üzünü tutdu, elə danışdı, elə bil onu qılığa tutur, elə təriflədi ki, bu tərifə yumor naxışları vurmasan, primitiv heyranlıqmı deyəsən, yoxsa göz-görəsi boynuna qoymaqmı deyəsən:
– Mustafa, bizim aramızda bir səni Allah-taala dönməz adam edib. – Bu yerdə məzə üçün “Səni islamın qılıncı, ya da islamın vuran əli” deyə bilərdi, ancaq demədi. – Sənsən fikrinin düzlüyünə inanandan sonra onnan dönmməyən, nə olur-olsun dönməyən! Necə deyirlər? Bildiyini babasına verməyən. – Burada bir az yumor işıldadı.
(Ardı var)