Bloqer (9)
- 25 İyun 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8
Niyazi Mehdi
Altıya on dəqiqə qalırdı və səhərdən Damlanın bir gözü, bir qulağı mobil telefonda idi ki, görəsən, Erkin zəng vuracaq? Demək olmazdı ki, hələ ondan zəng gəlməməsini özünə dərd etmişdi, ancaq yenə də «bu niyə belə edir» sorusu ondan əl çəkmirdi və bu da bir az öfkələndirirdi. İstəsəydi özü Erkinə telefon edərdi. Damla kompleksi olmayan qız idi və qürur, naz oyunlarını sevməzdi. Zəng vura bilərdi və heç belə düşüncəni yaxına da buraxmazdı ki, birdən Erkinin ayağı yer alar, elə bilər ki, ondan ötrü ölən var və s. Ancaq nəsə onu saxlayırdı: «Belə də dərd olar, bir yandan problem yoxdur, belə mənə lazımdırsa, özüm zəng vura bilərəm. O biri yandan bu oğlanın üstündə əsmirəmsə, niyə onun fikri məndən əl çəkmir? Teymur gəlsin, bu tapmacanı ondan soruşaram».
18:15-də qapının zəngi çalındı, Fatma bacı qapıya daha yaxın olduğundan özü açdı və Damla dördünün də səsini eşitdi. Arada olan divar-qapı səslərin aydınlığını itirsə də nə dediklərini seçmək olurdu. Teymur Fatma bacının əla görünməsindən xoş sözlər deyirdi və cavabında xoş sözlər alırdı, Selcan, Çingiz, Aqşin də arvada bir-birini təkrar etməməyə çalışaraq nəsə mehriban sözlər deyirdilər. Onlar əgər ad günü-filan tipində məclis deyildisə bir-birinin evinə gələndə ayaqqabılarını çıxarırdılar, heç şəp-şəp də geyinməyib corabda gəzərdilər – Teymur bir dəfə Damlaya demişdi ki, Het dilinə türklərin bu sözü «şeb-şeb» formasında keçib, deməli, sözün yaşı Miladdan qabaq, ən azı 14-cü yüzilə çatır. Bu üzdən Damla hər dəfə başmaq yerinə onu işlədirdi və bu zaman sanki ortada antikvar bir nəsnə peyda olurdu.
Olduğu otaqdan dəhlizə çıxanda Damla onların hamısını bir kompozisyonda başdan-ayağa, corablarınacan süzüb güldü, yaxınlaşıb hamısını bir-bir öpdü. Divan və qoltuqlarda hərənin öz yeri vardı, gedib oturdular. Fatma bacı furşet arabasında çayları gətirdi, şirniyyat isə günortadan divanla qoltuqlar arasındakı jurnal masasında açılmış süfrəyə düzülmüşdü. Selcan şokolad yeyən olduğundan birini ağzına atıb çayı içmədən Damladan soruşdu:
– Niyə bir-birimizdən dincəlməyə qoymursan, dünən bir yerdəydik, bəs deyildi?!
Teymur hər nəsnəyə açıqlama verməyi sevdiyindən Selcanın bu yalançı narazılığını belə açdı:
– Bilirsiniz azərbaycanlıların zarafatı necə olur? Kəndlərdə də, şəhərlərdə də. Başlayırlar elə rola girib onun maskasında danışmağa ki, guya bu rolların onların gerçək kimliyinə dəxli yoxdur. Məsələn, kişi (və ya oğlan) simic kimi danışır. Qarşı tərəf isə onun simicliyini ifşa edən sözlər deyəndə zarafat alınır. Bu oyunun altında o mənalar gedir ki, simic kimi danışan simic deyil. Bunun üçün hətta söz də var, «yalandan elə etmək». Başqa zarafatda igid olan adam rola girib qorxaq kimi danışır. Bizim millətin zarafatlarında yalandan elə danışmaq, belə etmək çox yayılıb – bunu mən ruslarda görməmişəm. Son 20-30 ildə qloballaşmadan, modernləmədən sonra arvadını qısqanan kişi, ərinə xəyanət edən qadın danışığı bu məişət teatrosunun repertuarına düşüb.
Damla dodaqlarını büzdü (bilmədən Teymurun dediyi artistliyi etdi):
– Sənin bu sözlərindən sonra adamın zarafat həvəsi ölür. Elə ifşalar var ki, nə qədər düz olsa da deyilməməlidir. Tima, düzünü denən, bu zarafatlardan millət nə ziyan görüb ki?!
Aqşin öz əlavəsini verdi:
– Razıyam, adamların istedadı çatmır hər dəfə dünya yumor xəzinəsinə inci versin. Bütün romanları 5-10 süjet tipinə salmaq olar. Hətta Jvanetskinin hazırcavablığının arxasında da görəcəksən ki, 5-10 sxem durur. Adamlar romanı oxuyanda, Jvanetskiyə qulaq asanda bu sxemləri tutub üstündə dursalar nə oxudan ləzzət alarlar, nə də gülməcələrə gülərlər.
Damla ev yiyəsi kimi barışa çağırdı:
– Yaxşı, Teymuru çox sıxmayaq. Hər halda elm o 5-10 sxemi araşdırandan sonra arıtlayıb isklet kimi mətnlərin «ətindən» çıxarıb ki, kataloqlaşdırsın. Teymur da zarafatlarımızın iskletini göstərdi, onları unudub zarafat etməyi bacarmalıyıq (hərçənd Damla özü rol oyununda zarafat edən qızlardan deyildi).
Selcan:
– Qırxayaq hansı ayağını birinci atdığını bilib yerimək istəsəydi, ayaqları bir-birinə ilişərdi. İndi Timanın sözlərindən sonra biz zarafat edəndə bu sxemlər yadımıza düşən kimi dolaşıb yıxılacağıq.
Teymur:
– Yaxşı, danışdıq, unudaq qırx ayağımızı! – Teymur barmağını fincanın tili ilə yavaşdan fırlada-fırlada dedi: – Yaxşı ki ağlıma gətirdin, Erkinin yazılarına baxdım, doğrudan ləzzət idi. O da qəribə adamdır, bir dəfə də dirəşməmişdi ki, məni oxu. Yazarlar adamı oxumağa dartırlar, bu isə ağzından çıxarmışdı ki, bloq yazılarım var, ancaq bir dəfə də soruşmamışdı, baxdın, necədir? Sən, Damla, soruşursan hardan qazanır? Çox ixtiraçı ağlı var. İki-üç görüşümüzdən sonra mənə bir biznes ideyasını pulsuz-parasız bağışlamışdı. İndi üstündə işləyirəm. Əgər gerçəkləşdirə bilsəm, sözsüz, ona qazancdan faiz kəsəcəm, istəsə-istəməsə də.
Damla:
– O nə ideyadır ki, pul gətirə bilər?
Teymur:
– Çox sadə. Bütün ideyalar kimi köhnə ideyaların yeni kombinasiyasıdır. Erkin onu belə açmışdı. Minlərlə işsiz-gücsüz adam var ki, əzələlərində enerji var, boş yaşamaqdansa onların enerjisindən pul qazanıb evinə axşam nəsə aparmağa ehtiyacı var. Minlərlə də adam var ki, bağında, evində indicə bu gün, bu saatda ehtiyacı var ki, kimsə gəlsin, nəyisə daşısın, nəyisə hörsün, nəyisə qazsın. Bunun üçün öz-özünə şəhərdə «qul bazarı» yaranıb. Ancaq oradan kimisə işləməyə gətirmək üçün gərək ora gedəsən. Buna isə vaxt lazımdır. Erkin «Uber»lə «Qul bazarı» (ada bax) ideyalarını birləşdirib öz nou-hau-sunu yaradıb: tam kompüterləşdirilmiş mərkəz qurursan, işçi qüvvəsinin telefon nömrələrini toplayırsan. İşçiyə ehtiyacı olanlar o mərkəzə zəng vurur, mərkəzsə sifarişçiyə yaxında olan adamı tapıb yollayır. Çox yaxşı ideyadır, əzələsi pul gətirməyən adamlara dolanışıq verir, nəyisə düzəltdirməyə ehtiyacı olanlarınsa işini asanlaşdırır. İndi fikirləşin, bu şəbəkə bütün Azərbaycana yayılsa, büdcəyə nə qədər pul gələr (işləyənlərdən yox, şəbəkə mərkəzinin qazancından), necə avaraçılıq ortadan gedər. İndi mən İT-çilərə tapşırıq vermişəm mərkəzin kompüter sistemi üçün proqram hazırlasınlar. Erkin də bir-iki ağıllı gənci verib ki, onun ideyasının detallarını işləsinlər. Bir sözlə, iş gedir. Mənimsə xeyrim pul qazanmaqdan çox odur ki, nəsə lazımlı işlə məşğul oluram. Yoxsa marketlər şəbəkəsi çox rutin olduğundan darıxdırır.
Teymurun Erkindən bir il qabaq Damlagillə başlamış ilk görüşləri bütün gənclərin görüşü kimi bir-birinə simpatiyadan yaranmışdı, ilkində söhbətləri baxdıqları filmdən, getdikləri konsertlərdən, sərgilərdən olurdu. Adətən, həftədə bir dəfə kiminsə evində, bağında, ya restoranda, kafedə görüşürdülər. Qızlar içkidən çaxır və ya şampan içirdilər, o da bir bokal, Teymur viski, araq içirdi – maksimum 150 qram. Çingizlə Aqşin isə dozanı 200-250 qramacan qaldıra bilərdilər. Hərdən oğlanlar ayrı olanda qızlarından, seksdən danışardılar. Qızlardan abırlı söhbətləri isə Selcanın, Damlanın yanında da sala bilərdilər, hərçənd ikisi də oğlan dostlarının sevgi sərgüzəştlərinə kinayə ilə qulaq asıb gülümsəyirdilər.
Teymurun sevgi sərgüzəştləri olurdu, ancaq bu haqda danışmağı sevməzdi. Hərçənd olurdu ki, dostları ilə görüşə iki-üç aydan bir yeni qızla gəlirdi.
Son aylar Teymurgilin görüşləri minikonfrans tipində elmə dəxli olan konuların söhbəti üstündə qurulmuşdu. Bunu Teymur belə əsaslandırmışdı: ya bir-birimizdən bezib uzaqlaşacağıq, ya da gərək hərdən ciddi məsələlərdən «gap edək» ki, intellektual elit oyununu oynayaq. Son zamanlar bu oyunu oynadıqları üçün indi Erkinin yazdıqlarından danışmaq yeni janra girib isinişməyi tələb etmədi, çünki bu janrı çoxdan mənimsəmişdilər.
İndiki görüşdə isə Teymur ulduz insanların imicindən qidalanan «parazitlərlə» bağı Erkinin ideyasına «əmma» qoymaq istədi:
– Opponentlik etmək üçün deyirəm. Damla, sənin bəyəndiyin bu ideyanın yenilik dərəcəsi böyük deyil. Burada yenilik uğurlu metaforadır, vəssalam. Yəni Erkin «parazitizm»i metaforaya çevirib onunla adamların yaxşı saydıqlarını yamsılamasını bildirir.
Damla:
– Bayaq özün dedin ki, yeni ideya köhnə ideyaların yeni kombinasiyasıdır. Bir də yaxşı tapılmış metafora ideyalar sırasının yapon dominosu kimi açılmasına təkan verir. Ona qalsa, fizikada «qara dəlik» də metaforadır. Ciddi elmdə istənilən qədər belə metaforalar var.
Aqşin söhbətə qoşuldu:
– Bizim bir rəhmətlik filosof Həsən Quliyev də, – qohumu ilə dostam, ondan eşitmişəm, – elmdə metaforaların rolundan kitab çap etdirmişdi.
Teymur neyçünsə opponent mövqeyini təhvil verib dedi:
– Düzdür. Metafora poeziyaya aiddir. Qafiyə də şeirə aiddir. Mən bizim bir jurnalda elmdə qafiyənin rolunu oxumuşdum. Deyəsən, misallar, tutalım, belə idi: bilməkdə silməyin rolu. Bilmək üçün hansısa əngəlləri, hansısa stereotipləri silməkdən danışırdı. Beləcə, «bilmək/silmək» qafiyələrindən bir məqalə boyu fəlsəfi esse düzəldilmişdi, – Teymur davam etdi: – Erkinin konspirologiya haqqında dediyi çox maraqlıdır. Bütün dünyada konspiroloji düşüncənin ziyanından danışırlar. Fikir vermişəm, hətta Rusiyada da ciddi politoloqlar bir şeyi quranda qorxurlar ki, birdən konspiroloji nəzəriyyə quran adama oxşasınlar…
Aqşin üzünü Damlaya tutub soruşdu:
– Bəs sən «dostunun» fallarla, öncəgörümlə bağlı yazısına baxmısan?
Damla «dostun» sözünün danışığa məzə gətirən söz olduğundan üstündə durmayıb «yox» dedi:
– Əsas fikrini aç görək.
Aqşin:
– Falla bağlı dünyanın hər yerində min şey yazıblar, min ağıllı adam inanıb, mini də inanmayıb. Erkin isə demir ki, inanmıram. Deyir ki, inanmağım üçün bu sualın cavabını tapmalıyam, hələ ki, tapmamışam. Öncədən görüm deyir ki, – Sibir türkləri belə görən adamlara «görücü» deyirdilər, – bax, bu görümün əsasında o durur ki, gələcəkdə olacaq, ancaq indi heç yerdə olmayan hadisəni irəlicədən görmək o zaman ola bilər ki, gələcəkdə olacaq olay, tutalım, Tanrının, ya kosmik Ağılın yazdığı ssenaridə var. Bizlər onu görüb oxuyammırıq, görücü isə oxuyub nə olacağını qabaqcadan bilir. Ancaq o oxuyub xəbər verirsə, adam bilib həmin olayın təhlükəsindən qurtula bilər.
Damla:
– Bir az aydın de.
– Tutalım, falçı sənə deyir ki, filan adama ərə gedəcəksən və bunun axırı sənə pis olacaq. Həmin adamı nə qədər bəyənsən də ona ərə getmirsən. Ancaq iş burasındadır ki, bu dünyada bütün seçimlər arxalarınca hadisələr zəncirini gətirir. Ona ərə gedirsən, uşaqların olur, nə bilim, yeni dostların olur. Ancaq falçının sözündən sonra ərə getmədiyindən başqa uşaqların, dostların olur – dünya dəyişir. Erkin deyir ki, falçıya, görücüyə inanmaqdan öncə gərək bu suala cavab tapasan: onlar düzünü deyə bilirlərsə, adamlar təhlükədən yayınırlar və deməli, Tanrı ssenarisini pozurlar. Falçılar düz deyirsə, Tanrı hər an insanların pozduğu ssenariyə düzəliş etməlidir. Hər an düzəliş edilən ssenarinin nəyi ssenaridir?! Yəni belə başa düşdüm ki, Erkin məsələni belə çevirir: dünyada hadisələr Tanrı ssenarisi ilə gedirsə, falçı o ssenarini bilmək bəsirəti qazananda irəlicədən nəyin olmasını bilir. Ancaq bunu kiməsə deyəndə o adam təhlükədən qaçırsa, deməli, ssenari pozulur. Dünyada saysız falçılar var və onlar saysız adamları ssenarinin təhlükəsindən qurtarırsa, deməli, Tanrı ssenarisi də pozulur. Hər an dəyişdirilən ssenari isə ssenari olammaz. Yox, dünya ssenari ilə baş vermirsə, falçı da irəlicədən olanı bilə bilməz. Erkinin açdığı paradoks budur. Fala inananlara deyir ki, bu müşkülü çözün, bilək falçılara inanmaq olar, ya yox.
Aqşinin üzündən göründü ki, öz yozumundan razıdır. Yerində qurcalanıb, bic-bic barmağı ilə Çingizi göstərdi:
– Ancaq nəzəri qırıldamadan keçək praktiki mırıldamağa. Art-kafedə Çingiz bir qıza vurulub. Siz gedəndən sonra biz rəqs edirdik, sonra Çingiz oynadığı qızı stolumuza gətirdi…
Damladan və Teymurdan xorla səs çıxdı:
– Ba-bam!
Çingiz güldü, heç Aqşinə acıqlanmadı da ki, niyə məni satırsan?
Teymur aydınlaşdırmaq üçün soruşdu:
– A Çingiz, bu sənin neçənci vurulmağındır? Kim siyahı tutub?
Selcan:
– Mən! 6-cı vurulmağıdır, bizdən qabaq da vurulubsa, onları bilmirəm.
Çingiz üzündə qımışıq dedi:
– Yox, bu dəfəki əsl vurulmaqdır. Əgər bir neçə saatın içində vurulub şirin saatlar yaşamışamsa, əgər o dünya gözəli olmaya-olmaya məni belə özünə bağlayıbsa… Demə, qızda əsas nə üz, nə bədənmiş, üz, bədən babatdırsa, o da bəs edir. Deməynən qızda əsas necə gülməsi, nəyə gülməsi imiş. Əsas səni buna çalışmadan, ya da çalışmağı göstərmədən özünə necə bağlaması imiş. Çimnazın (hamı anladı ki, qızın adıdır) səsi bilirsiniz necə idi? Qadın iradəsini bildirirdi, bu iradə nə daşa, nə dəmirə oxşayırdı. Oxşayırdı Füzuli şeirlərindəki afətlərin cazibəsinə. O danışanda, zarafat edəndə Məhsətinin, Natəvanın gözəlliyi gəlirdi ürəyimə, əslində, bəlkə də onlar gerçəkdə gözəl olmayıblar, ancaq bizim tarixi yaddaş elə edib ki, adları özləri ilə gözəllik gətirir. Ba-a, Çimnazın səsinin, danışığının gətirdiyi gözəllik bu idi. – Çingiz lap cəh-cəh vurur, – bunu ürəyində hamı dedi. O isə davam etdi: – Siz qızları bilmirəm, biz oğlanlar həmişə başqa millətdən olan qızları – ermənidən, ləzgidən, gürcüdən, italyanlardan olan qızları evlənmə məsələsində yox, kefdə, sevişməkdə bizim qızlardan birinci yerə qoyuruq. Bildiyimə görə, çox millətin kişiləri də elədir.
Teymur:
– Düzdür. Oğuzlar rum övrətini, daha deyəmmərəm harasını, dadlı sayırdılar.
Damla:
– Şeyx Sənan rum qızını sevdiyindən onun atasının donuzlarını otarmağa razı olmuşdu. «Əsli və Kərəm»dəki Əsli bəlkə də ermənidir. Siz kişilərin başqa millətin qızlarına tamah salmasından əbləh şey olmasa da bu faktları deməyə bilmirəm.
Teymur:
– Bu xəttin davamıdır «Əli və Nino». Bəs gürcülərdə, ermənilərdə, yunanlarda niyə türk qızına sevgidən heç nə yoxdur? Bilirsiniz niyə? Çünki inandırıcı olmazdı. Müsəlman qızının xristiana sevişib ərə getməsi heç kimi inandırmazdı.
Aqşin:
– «Sakit Don»da Qriqorinin anası türkdür, atası onu oğurlayıb Don yaxasındakı evinə gətirir. Bu əhvalatda türk qanı və türk qızı Qriqorini başqalarına baxanda seçilmiş edir.
Çingiz bu kulturoloji gəvəzələmələrdən söhbəti özünə qaytarmaq istədi. Bunun üçün fincanı nəlbəkiyə vurdu ki, keçidi səslə vurğulasın, lap hakimlərin çəkic vurması kimi:
– Mən Çimnazını səsinin necə təsir etməsini aça bilmədim. Bu səsdə incə-mincəlik yox idi, əzilib-büzülmə də yox idi, ancaq axmaqlıq-dayazlıq qarşısında gücü göstərən yüngül kinayə vardı. Kinayə ilə ləyaqətin qarışığı olan səs. Həm də birinci dəfə idi xoşuma gələn qızla öz dilimizdə söhbətləşməkdən belə ləzzət alırdım.
Damla Çingizə göz vurdu:
– Aranızda intim oldu?
– Elə istəyirdim ki, ancaq evimə qonaq getməyə razı olmadı, o kinayəli-ləyaqətli səsi ilə. Olsaydı da bunu ona ayıb saymazdım. Bu nə axmaq söhbətdir, oğlana birinci görüşdə qızla intim ayıb sayılmır, qıza sayılır, ona görə də uzatmalıdır. Ancaq bu Azərbaycanda belə axmaq söhbətlər olur.
Selcan:
– Axmaq söhbət deyil. Avropada da normal qızlar birinci görüşdən intimə razı olmurlar. Sən, axı, qızların fiziologiyasını, onunla bağlı psixologiyasını bilmirsən.
Çingiz:
– Nədir ki, onu bilmirəm?
– Qızlar sizdən fərqli olaraq yaxşı bədən görəndə qızışmırlar, hər halda çox vaxt qızışmırlar. Oğlanlar isə qızışırlar. Ona görə kişilərlə bağlı «heyvandır» deyirlər. Qızlara romantik duyğuların oyanması da lazımdır. Sizə də bu duyğular oyananda daha xoş olur. Ancaq siz elə adamlarsınız ki, acanda necə görünməsinə baxmayıb hər yeməyi «bəh-bəhlə» yeyirsiniz.
Məclisdə bozbaşa oxşayan, plova oxşayan qızlar metaforasında zarafata fürsət açıldı, ancaq Aqşin bu yöndə bir atmaca atanda heç kim davamını tutub çəkmək istəmədiyindən konu çəngəl-bıçağın, xırda-mırda, kəsik-küsük dedilərin arasında itib-batdı. Damla çörək yeyəndə adda-budda sözlərin, dedilərin arasında istəyirdi bir sorunu səsləndirib Teymurdan cavab alsın ki, bu Erkin niyə indiyənəcən ona zəng vurmayıb? Axı, qız sənə öz nömrəsini verirsə, sən də götürürsənsə, bir zəng vurub «nə var-nə yox» soruşmalısan. Ancaq Teymurla nə qədər açıq-saçıq olsa da belə çıxırdı ki, utancaqlıq Damlaya yad deyilmiş. Damla azəri qızlarının maska kimi göstərdikləri çox utancaqlıqdan uzaq xanım idi, ancaq görünür, oğlan-qız ilişgilərinin bəzi məqamları ilə bağlı utancaqlıq onda da varmış: Damla heç cürə istəməzdi hər hansı oğlanla çox maraqlanan, həyəcan keçirən, fikir çəkən görünsün. Ona görə də düşüncələri süfrədə yeməklə bağlı qaçılmaz ağız-dodaq, çəngəl-bıçaq, bokal-stəkan səslərinin arasından kolluğun arasından keçirmiş kimi ilişə-ilişə irəliləyəndə son qərarını verdi: bir neçə gün gözləyim.
(Ardı var)